Məhkəmə qərarları › İş №2-2(106)-69/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-69/2023

14.06.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-69/2023 14.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəsinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli e-2-2(121)-753/2023 saylı qətnaməsindən (hakim E.Abdullayev) maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlət büdcəsinə 32790.92 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 0 manat, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 32790.92 manat məbləğində (o cümlədən, faizlər üzrə 2743.84 manat, maliyyə sanksiyası üzrə 30047.08 manat) olmaqla, ümumilikdə 32790.92 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğini ödəməmişdirlər. Maraqlı şəxs ərizə qarşı yazılı etiraz təqdim edərək ərizənin təmin olunmamasını xahiş edib bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru deyildir, həmin ASC-də X5 vəzifəsində işləyir və X5nin hərəkətləri ilə bağlı qanunvericilikdə hər hansı məsuliyyət tədbirlərinin görülməsi ilə bağlı norma nəzərdə tutulmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli e-2-2(121)-753/2023 saylı saylı qətnaməsi ilə ərizə təmin olunaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan – xx.xx.1956-cı il tarixdə anadan olmuş, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Maraqlı şəxs (FİN:xxxxxxx) ölkədən getmək hüququ, vergilər üzrə öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən maraqlı şəxs apellyasiya şikayəti verərək ləğv olunmasını, ərizənin təmin edilməməsi bərədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2009-cu tarixdə "xxxx" ASC-yə X5 seçilmişdir və hazırki tarixədək "xxxx" ASC-də X5 vəzifəsini daşıyır. "xxxx" ASC 2019-cu ilin sentyabr ayından istehsal fəaliyyətini dayandırdığı üçün həmin tarixdən etibarən orada işləmir. Hazırda 65 yaşı tamam olduğundan yaşa görə pensiyaya çıxmışdır və heç bir yerdə işləmirəm, pensiya alır. "xxxx" ASC bağlansa da, adı "xxxx" ASC-nin X5 vəzifəsində qalmış və ona məlum olmayan səbəblərdən vəzifəsinə xitam verilməmişdir. Hətta dəfərlələ əmək müqaviləsinə xitam verilməsini xahiş və tələb etsə də, hər dəfə müxtəlif bəhanələrlə "xxxx" ASC ilə arasında bağlanmış müqaviləyə xitam verilməmiş və adı X5 vəzifəsində saxlanılmışdır. "xxxx" ASC uzun müddətdir işləməsə də, aktiv VÖEN-i olduğundan hər ay vergi orqanı tərəfindən borc hesablanmış və hazırda külli miqdarda vergi borcu yaranmışdır. Məhz bu səbəbdən də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi barəsində “ölkədən getmək hüququmun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmiş və vergi ödəyicisi olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 32790.92 manat borcun təmin edilməsi məqsədi ilə mənim ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İstər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, istər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, istər Azərbaycan Respublikasının Vergi Məcəlləsində, istərsə də digər normativ aktlarda “X5” vəzifəli şəxs olaraq hüquqi şəxsin icra orqanının rəhbəri sayılmır və hüquqi şəxsin icra orqanının rəhbəri ilə eyni məsuliyyəti daşımır. “Səhmdar cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərindən də görünür ki, cəmiyyətin X5 cəmiyyətin öhdəliklərinin yerinə yetirilməsinə və borclarına görə heç bir məsuliyyət daşımır. Çünki X5 İdarə Heyətinin üzvləri arasından Ümumi Yığıncaq tərəfindən təyin edilir. X7 vəkalətnamə olmadan cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış edir, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyrikommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil edir, cəmiyyətin adından bütün növ müqavilələr bağlayır, vəkalətnamələr verir, cəmiyyətin cari və başqa bank hesablarını açır və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarını aparır, cəmiyyətin işçilərini işə qəbul edib işdən azad edir, işçilərə həvəsləndirmə tədbirləri tətbiq edir, cəmiyyətin daxili əmək intizamı qaydalarına və qanunvericiliyə müvafiq olaraq onları intizam məsuliyyətinə cəlb edir, cəmiyyətin daxili fəaliyyət məsələləri üzrə qərar qəbul edir və əmrlər (sərəncamlar) verir. Bir daha təkrar olaraq vurğulayır ki, "xxxx" ASC-nin direktoru vəzifəsində deyil, X5 vəzifəsində işləmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz təqdim edilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış ərizəçi məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamış, maraqlı şəxs iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin iştirakı olmadan apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda maraqlı şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin maraqlı şəxsə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlət büdcəsinə ümumilikdə 32790.92 manat məbləğində vergi borcu vardır. İş materiallarından görünür ki, Maraqlı şəxs dövlət büdcəsinə və digər məcburi dövlət ödənişləri üzrə borcu yoxdur. İşdən görünür ki, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildirişlər göndərilmişdir. İş materiallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Maraqlı şəxsdur. İşdən görünür ki, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilmədiyi halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə qanunvercilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi barədə vergi ödəyicisinə xəbərdarlıq edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3 və 355-7.4-cü maddələrinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Qeyd edilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 17.1.6-1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsi müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Kommersiya hüququ şəxslərin rəsmi reyestr məlumatlarına əsasən maraqlı şəxs borclu hüquqi şəxs "xxxx" ASC-nin icra orqanının rəhbəri olduğundan, cəmiyyətin fəaliyyətinin olmaması, yaxud maraqlı şəxsin pensiya yaşına çataraq, pensiyaya çıxması, icra orqanının rəbhəri olaraq onun ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə ərizənin rədd olunması üçün birmənalı olaraq əsas deyildir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli e-2-2(121)-753/2023 saylı qətnaməsi Maraqlı şəxs apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kasasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Samir Həsənov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar