Məhkəmə qərarları › İş №2-2(106)-70/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-70/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-70/2025 13.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər – X1 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, e-2-2(121)-54/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-54/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməklə, 42.281 manat əsas borc, 205 manat mediasiya xərci, 20,84 manat dövlət rüsumu, cəmi 42.506,84 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, 205 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 138 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən xx.xx.2025-ci il tarixdə şikayət vermiş və şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə dövründə əməliyyat keçirdiyinə görə müvəqqəti olaraq fəaliyyət qabiliyyətini itirmiş və məhkəmə gedişatından xəbəri olmamışdır. Bu səbəbdən də qətnamədən apellyasiya şikayəti vermək üçün fürsəti olmamışdır. Bu səbəbdən də yazaraq ötürülmüş müddətin bərpa olunaraq işə yenidən Şirvan Apellyasiya Məhkəməsində baxılmasından ötrü qərardad qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qətnamənin surətini iş üzrə icra məmurundan əldə etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-54/2024 nömrəli qərardadı ilə Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 54/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən şikayət verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsi rədd edilmiş, Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-54/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh şikayət verərək, qərardadın ləğv olunmasını, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-54/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddəti üzürlü hesab edərək, müddəti bərpa edib, mülki işi apellyasiya qaydasında baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, e-2-2(121)-54/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, e-2- 2(121)-54/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qəradad qanuni və əsaslıdır. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, işin materiallarından görünür ki, iş üzrə qəbul edilən qətnamə Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydaya və həmin Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş müddətə riayət edilməklə tərtib edilərək xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. İş materiallarından görünür ki, iş üzrə qəbul edilən qətnamə tərtib edildikdən sonra poçt xidməti vasitəsi ilə Cavabdeh ünvanına göndərilmiş, poçt xidməti tərəfindən xx.xx.2024cü il tarixdə cavabdehə çatdırılmışdır. İş materiallarından həmçinin görünür ki, tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bilidiriş və xx.xx.2024-cü il tarixli məktub Lənkəran rayon İcra və Probasiya Şöbəsi tərəfindən cavabdehə (nümayəndəsi (oğlu) Mirəziz Mirizadəyə) təqdim edilmişdir. İşdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 8(049)-319/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 54/2024 saylı icra sənədinin icrasının təmin edilməsi istiqamətində Cavabdeh mülkiyyətində olan Lənkəran şəhəri, Bakı-Astara magistralı 0,0250 ha torpaq sahəsində qeyri-yaşayış binasının üzərinə həbs qoyulması qərara alınmışdır. Göründüyü kimi, Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-54/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tanış olmaq imkanı xx.xx.2024-cü il tarixdən mövcud olmuş, Cavabdeh tərəfindən isə 6 ay 9 gün sonra yəni, xx.xx.2025-ci il tarixində apellyasiya şikayəti verilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, cavabdehin şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 265-ci, 157-159-cu, 397.2-ci, 398.0.1-ci, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, e-2-2(121)-54/2024 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar