Məhkəmə qərarları › İş №2-2(106)-71/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-71/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-71/2023 12.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X3 ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin 1 may 2023-cü il tarixli e-2-2(121)-884/2023 saylı qərardadından (hakim E.Abdullayev) Cavabdeh ASC-in nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı "xxxx" QSC Cavabdeh ASC-yə qarşı "satılan elektrik enerjisinə görə yaranmış borcun tutulması" tələbinə dlair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi elektron qaydada verilməklə 6 aprel 2023-cü il tarixdə birinci instansiya məhkəməsində qeydiyyatdan keçmiş, məhkəmənin 11 aprel 2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilərək, məhkəmə baxışına hazırlıq iclası 16 may 2023-cü il tarixinə təyin olunmaqla, tərəflərə rəsmi qaydada məlumat verilmişdir. 26 aprel 2023-cü il tarixdə saat 20:00-da elektron kabinetə yüklənməklə Cavabdeh ASC tərəfindən “müqavilənin dəyişdirilməsi və elektrik enerjisinin verilişinin bərpası” tələbi ilə qarşılıqlı iddia ərizəsi verilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 1 may 2023-cü il tarixli e-2-2(121)-884/2023 saylı qərardadı ilə Cavabdeh ASC tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi Mülki Prosessual Məcəllənin 152.1.4 və 152.1.2-ci maddələrinə istinadla icraata qəbul edilmədən geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. İş materiallarından qarşılıqlı iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin elektron qaydada qarşılıqlı iddia ərizəsi üzrə cavabdehə göndərilməsi müəyyən edilmir. Həmçinin, qarşılıqlı iddia ərizəsindən görünür ki, ərizə X4 tərəfindən imzalansa da həmin şəxsin ərizəni imzalamaq səlahiyyətinin olması barədə sənədlər ərizəyə əlavə edilməmişdir. Qərardaddan Cavabdeh ASC-in nümayəndəsi X2 şikayət verərək ləğv olunmasını, qarşılıqlı iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. MPM-in 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Həmçinin MPM-in 10-1.9-cu maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir. Normaların tələblərindən göründüyü kimi, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə iddiaçı və ya cavadeh tərəfindən deyil, məhz işə baxan məhkəmə tərəfindən təmin edilir. Bu isə onunla əlaqədardır ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin elektron qaydada (elektron poçt və SMS vasitəsilə) tərəfə göndərilməsinə texniki imkan digər tərəfdə yoxdur, həmin texniki imkan yalnız məhkəmə üçün təmin edilmişdir. Odur ki, məhkəmənin 1-ci dəlili tamamilə əsassız və qanunsuzdur. Bundan başqa, məhkəmə tərəfindən X4 tərəfindən imzalanmış ərizəyə onun imza səlahiyyətini təsdiq edən sənədlərin əlavə edilməməsi dəlili irəli sürülmüşdür. Halbuki, X4 05 may 2023-cü il tarixədək cavabdehin qanuni təmsilçisi olmuşdur (kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti əlavə edilir) və onun qanuni təmsilçi olması faktının təsdiqi üçün “ASAN İMZA” Sim kartı vasitəsilə ərizənin imzalanması kifayətdir. Çünki “ASAN İMZA” Dövlət Vergi Xidməti və mobil operator tərəfindən verilən və elektron xidmət istifadəçisinin autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir (https://www.taxes.gov.az/az/page/asan-imza). Bu baxımdan “ASAN İMZA” Sim kartı vasitəsilə ərizə elektron qaydada imzalandıqda, həmin imzalanma faktı imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsinə (identifikasiyasına) kifayət edir. Şirvan Kommersiya Məhkəməsinin 12 may 2023-cü il tarixli e-2-2(121)-884/2023 saylı qərardadı ilə Cavabdeh ASC-in nümayəndəsi X1 təmin olunmamış, iş materialları şikayətə baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, şikayət əsaslıdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə qarşılıqlı iddia ərizəsinin iki əsasla icraata qəbul etmədən geri qaytarmışdır: 1) Mülki Prosessual Məcəllənin 155.3, 150.0.4 və 152.1.4-cü maddələrinə istinadla qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməzdən əvvəl qarşılıqlı iddia ərizəsinin cavabdehə göndərilməməsi və qarşılıqlı iddia ərizəsinin həmin cavabdeh tərəfindən alınmasına dair sübut təqdim edilməməsi, 2) Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə istinadla iddia ərizəsinin imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Şəxsin məhkəməyə müraciət etdiyi andan məhkəmə müdafiəsi hüququ başlanır. Ədalətli məhkəmə araşdırılması, şəxsin sonradan əsassız məhkəmə çəkişməsinə cəlb edilməsinin qarşısının alınmasından ötrü iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını, hüquqi müəyyənlik prinsipi baxımından qaçılmaz edir. Belə ki, hakim iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə geri qaytarır (Mülki Prosessual Məcəllənin 152.1., 152.1.1, 152.1.2, 152.1.3, 152.1.4, 152.1.5, 152.1.6, 162.1.6-1, 152.1.7, 152.1.8, 152.1.9 və 152.10-cu maddələri). Göründüyü kimi prosessual qanunvericilikdə iddia ərizəsinin hansı hallarda geri qaytarıla bilməsi tam və müfəssəl göstərilmişdir. Həmin halların konkret göstərilməsi iddia ərizəsinin geri qaytarılmasının əsaslarının geniş təfsir edilməsini də məhdudlaşdırmaqla, yalnız həmin əsaslardan biri olduğu halda geri qaytarılmanının mümkünlüyünü təsbit edir. Həmin əsaslardan hər hansı birinə deyil, digər bir əsasa görə iddia ərizəsinin geri qaytarılması yol verilməzdir. Həmin halların olmaması iddia ərizəsinin icraata qəbul edilməsini qaçılmaz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin ; 155.1-ci maddəsineə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir, 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir, 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir, 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir, 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, kommersiya mübahisəsi üzrə iddia ərizəsi 11 aprel 2023-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, məhkəmə baxışına hazırlıq iclası 16 may 2023-cü il tarixinə saat 11:00-a təyin olunaraq bildiriş elektron məhkəmə informasiya sistemi üzərindən tərəflərin elektron kabinetlərinə yerləşdirilmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə 26 aprel 2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemi üzərindən müraciət etmiş, bununla Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinin pozuntusuna yol verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-10-1.3-cü maddələrinə sasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübutun təqdim edilməməsi ərizənin qaytarılması əsaslarından biri kimi müəyyən edilmişdir. Bununla belə nəzərə alınmalıdır ki, prosessual qanunvericilik həmdə qarşılıqlı iddia ərizəsinin verilməsinə vaxt məhdudyyəti müəyyən etmişdir ki, bu müddət Mülki Prosessual Məcəllənin 155.1 və 154.1-ci maddələrinə müvafiq olaraq 20 gündür. Mübahisə üzrə icraata qəbul edilmədən qaytarılmış qarşılıqlı iddia ərizəsi həmin müddət ərzində verilmişdir. Məhz bu baxımdan cavabdeh tərəfindən "elektron məhkəmə informasiya sistemi" üzərindən verilən qarşılıqlı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin təqdim edilməsi işə baxan məhkəmə tərəfindən təmin olunmalı olduğundan, kollegiya şikayətin dəlilləri ilə razılaşır və qarşılıqlı iddia ərizəsinin qaytarılmasının birinci əsasını qanunsuz və əsassız hesab edir. Qarşılıqlı iddia ərizəsinin qaytarılmasının ikinci əsası isə iddia ərizəsinin onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması olmuşdur. İş materiallarına əlavə edilmiş qarşılıqlı iddia ərizəsindən görünür ki, ərizə "xxxx" ASC-in idarə heyətinin sədri X4 tərəfindən 26 aprel 2023-cü il tarixdə 20:00-da imzalanmışdır. Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayətə əlavə olunan kommersiya hüquqi şəxsinin rəsmi reyestrindən 05 may 2023-cü il tarixdə verilmiş çıxarışdan görünür ki, həmin tarixədək hüquqi şəxsin qanuni təmsilçisi X4 olmuş, sonradan isə qanuni təmsilçinin X1 olması ilə bağlı reyestr məlumatlarında dəyişiklik edilmişdir. Qarşılıqlı iddia ərizəsi verilərkən ərizəyə kommersiya hüquqi şəxsinin rəsmi reyestrindən çıxarış əlavə edilməsə də, onu icraata götürmək məsələsinə baxan birinci instansiya məhkəməsinin ərizənin səlahiyyətli şəxs tərəfindən imzalanmasını yoxlamaq üçün texniki imkanları mövcud olmuşdur. Kollegiya qarşılıqlı iddianı yuxarıda qeyd edilən əsaslarla icraata qəbul etmədən qaytaran birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunması məsələsinə baxılmasında yuxarıda qeyd olunan prosessual pozuntulara yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Kollegiya hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilmədən qaytarılmasına dair birinci instansiya məhkəməsinin 1 may 2023-cü il tarixli e-2-2(121)-844/2023 saylı qərardadı ləğv olunmalı, qarşılıqlı iddia ərizəsi icraata qəbul olunmuş hesab edilməli və iş materialları hər iki iddia ərizəsinə birlikdə baxılması ilə bağlı sonrakı prosessual hərəkətlər yerinə yetirilməsindən ötrü birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh ASC-in nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 1 may 2023-cü il tarixli e-2-2(121)-844/2023 saylı qərardadı ləğv olunsun, qarşılıqlı iddia ərizəsi icraata qəbul olunmuş hesab edilsin və iş materialları hər iki iddia ərizəsinə birlikdə baxılması ilə bağlı sonrakı prosessual hərəkətlər yerinə yetirilməsindən ötrü Şirvan Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Samir Həsənov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar