Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-73/2024 22.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli e-2-2(121)-243/2024 saylı qətnaməsindən (hakim E.Abdullayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli 1425-GL/15 nömrəli müqavilə üzrə yaranmış 7912 manat gecikdirilmiş borc, 5942.62 manat hesablanmış cərimə, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat çəkilmiş mediasiya xərcinin, cəmi 14554.62 manat pul vəsaitinin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Tələb onunla əsaslandırılmışdır ki, "Aqroservis” ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 1425-GL/15 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2015-ci il tarixli 1425-GL/15 nömrəli müqavilə üzrə yaranmış 7912.00 manat gecikdirilmiş borcu və hesablanmış 5942.62 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilk mediasiya sessiyasında iştirak edilməməsi barədə mediatorun MŞC/1/ 01734 saylı xx.xx.2023-ci il taixli arayışı təqdim edilmişdi. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Sonradan iddiaçının nümayəndəsi Şirvan Kommersiya Məhkəməsinə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək xx.xx.2015-ci il tarixli 1425-GL/15 nömrəli müqavilə üzrə yaranmış 5329 (beş min üç yüz iyirmi doqquz) manat gecikdirilmiş borcun və hesablanmış 5942.62 manat cərimənin, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat çəkilmiş mediasiya xərcinin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin azaldılması barədə ərizə onunla əsaslandırılmışdır ki, maliyyə arayışının tərtib edildiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixində sonra cavabdeh müxtəlif vaxtlarda olmaqla ümumilikdə 3000 manat ödəniş etmişdir. Həmin ödənilmiş vəsait cavabdehin əsas borc öhdəliklərinə (417 manat hissəsi 2023-cü ilin 4-cü rübünə (maliyyə arayışı isə 2023-cü ilin 3-cü rübü daxil olmaqla hesablanmışdır), 2583 manat isə əvvəli dövrlərə olan borc məbləğinə) yönəldilmişdir. Hazırkı tarixə, yəni xx.xx.2024-cü il tarixə cavabdehin 5329 manat gecikdirilmiş əsas borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, iddia tələbinə dair bütün sübutları təqdim etdiklərini bildirmiş, məhkəmə iclasının onların iştirakı olmadan kecirilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhəməsində Cavabdeh izahat verərək müxtəlif vaxtlarda 3000 manat ödəniş etdiyini bildirərək xx.xx.2015-ci il tarixli 1425-GL/15 nömrəli müqavilə üzrə hesablanmış 5329 manat məbləğində əsas borcu qəbul etdiyini, lakin iddia tələbini cərimə borcuna münasibətdə qəbul etmədiyini bildirərək qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli e-2-2(121)-243/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh xx.xx.2015-ci il tarixli 1425- GL/15 saylı müqavilə üzrə 5329 manat əsas borc, 300 manat cərimə, hüquqi yardımla bağlı çəkilmiş xərcin 300 manat hissəsi və mediasiya xərci olaraq ödənilmiş 200 manat olmaqla, ümumilikdə 6129 manat məbləğində pulun tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək hüquqi yardımla bağlı qismən təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin həmin hissədə tam təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin “hüquqi yardımla bağlı ödənilmiş 500 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 000İPX1233613D1C saylı ödəniş tapşırığının surətindən görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə hüquqi yardıma görə haqq 500 manat müəyyən olunmaqla Xırdalan şəhər Vəkil Bürosunun hesabına ödənilmişdir. Qeyd edilənlərə əsasən, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, o cümlədən hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 300 manat məbləğində cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin mövqeyi tamamilə əsassızdır və ona görə də məhkəmənin qətnaməsi ləğv edilərək hüquqi yardıma görə ödənilmiş vəsait tam həcmdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, məhkəmə 500 manat məbləğində hüquqi yardımla bağlı ödənilmiş vəsaitin tutulmasına münasibətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara almışdır. Lakin nəzərə almaq lazımdır ki, 9 iyun 2023-cü il tarixli “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 121.1-ci maddədə “çıxış çün təqdim olunmuş hesab nəzərə alınmaqla” sözləri “təqdim edilmiş məlumatlar qiymətləndirilməklə” sözləri ilə əvəz edilmişdir. Odur ki, məhkəmə sözü gedən maddədə olunan dəyişikliyi nəzərə almamış və normanı düzgün tətbiq etməmişdir. Həmin maddədən də göründüyü kimi hüquqi yardımla bağlı məbləğin ağlabatanlılığı müəyyən edilərkən “çıxış üçün təqdim olunmuş hesab nəzərə alınması” tamamilə əsassızdır. Maddədən göründüyü kimi mülki prosessual qanunvericilikdə kommersiya mübahisəsinə dair işlərdə vəkilin və ya iddiaçının məhkəmədə mütləq iştirak etməsi barədə hər hansı məcburedici norma mövcud deyildir. Əksinə, qanunvericilik iddiaçının və ya onun vəkilinin məhkəmə iclasına gəlmədən işə onun iştirakı olmadan baxılmasının tələb etməklə işin mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsinin mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı, məhkəmə hüquq islahatı çərçivəsində iş yükünün azaldılması və prosessual qənaət prinsipinin təmin edilməsi baxımından işlərə tərəflərin və onların vəkillərinin iştirakı olmadan yazılı icraat qaydasında baxılması hallarının qanunvericilikdə müəyyən edilməsi də işlərin məhkəmədə deyil, məhkəməyə qədər hazırlanmasını zəruri edir. Ona görə də vəkilin əsas öhdəliyi işi məhkəməyə qədər düzgün hazırlamaq və məhkəməyə təqdim etməkdir. İşdən də görünür ki, vəkil ilə bağlanmış müqaviləyə əsasən vəkil müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların həyata keçirilməsi ilə, hüquqi yardımla bağlı öhdəlik tam şəkildə icra edilmişdir. Digər tərəfdən 7912 manat gecikdirilmiş borcu və hesablanmış 5942.62 manat cərimə borcu cəmi 13854.62 manat pula münasibətdə 500 manatın vəkilə ödənilməsinin məhkəmə tərəfindən ağlabatan hesab edilməməsi tam əsassızdır. Məhz kommersiya işlərində məhkəməyə qədər işlərin hazırlanması kifayət qədər zəhmət tələb edir ki, bu da vəkil tərəfindən həyata keçirilmişdir. Qeyd olunanlardan əlavə, eyni hakimin icraatında olan başqa kommersiya işində (e-2-2(121)-211/2024 saylı işdə) eyni hallar mövcud olduğu halda, yəni vəkil məhkəmə iclasında iştirak etmədiyi halda hüquqi yardıma görə ödənilən vəsait cavabdehdən 200 manat məbləğində tutulmuşdur. Eyni mühüm faktiki hallara malik işlər üzrə eyni hakim tərəfindən fərqli qərarların çıxarılması məhkəmə hakimiyyətinə qarşı etimadı zədələyən haldır. Eyni zamanda, iddiaçının büdcə təşkilatı olduğunu nəzərə alaraq vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilən vəsaitin cavabdehdən tutularaq büdcəyə ödənilməsi nəzərdə tutulur. Məhkəmə tərəfindən vəkilin məhkəmədə iştirak etməməsi əsasına görə ona ödənilən hüquqi yardıma görə cavabdehdən tələb olunan vəsaitin azaldılması əsassız olduğuna görə ləğv edilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmiş, iddiaçı nümayəndəsi vasitəsilə təmsil olunmamışdır və tərəflər bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin hüquqi yardımla bağlı qismən təmin olunan hissədə ləğv edilərək, iddia tələbinin həmin hissədə tam həcmdə təmin olunmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə mübahisələndirilən hissədə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: "xxxx" ASC-nin 06 avqust 2015-ci il tarixli 3531 nömrəli “Texnikaların yenidən lizinqə verilməsi barədə” əmrinə əsasən, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 23 iyul 2015-ci il tarixli 1284-L/15 və 3257ü/7/23/2015 nömrəli müqaviləsinə xitam verilməsi və əmrlərin qüvvədən düşmüş hesab edilməsi, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2015-ci il tarixli 1425-GL/15 nömrəli lizinq müqaviləsinə əsasən Kotan 5 gövdəli asma AG-MP 14-5, Traktor Belarus-1221 kənd təsərrüfatı texnikalarının güzəşt tətbiq edildikən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilməsi qərara alınmışdır; 01 avqust 2015-ci il tarixli 1425-GL/15 nömrəli lizinq müqaviləsinin 4.1 bəndinin ödəniş qrafikindən görünür ki, sonuncu ödəniş tarixi 31 iyul 2025-ci il kimi göstərilmişdir; 01 avqust 2015-ci il tarixli 1425-GL/15 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, 2023-cü il tarixə yekun cərimə borcu 5942.62 manat təşkil edir; "xxxx" ASC-nə məxsus texnikaların təhvil qəbulu barədə 24 iyul 2015-ci il tarixli “Akt”dan görünür ki, Traktor Belarus 1221, Kotan 5 gövdəli AG-MP 14-5 texnikaları "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli 3257/ü nömrəli əmri əsasında saz, nizamlanmış və komplekt halda nümayəndəlikdən lizinq alana təhvil verilmişdir; Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə bağlanmış xx.xx.2015-ci il tarixli 1425-GL/15 nömrəli müqaviləyə əsasən lizinqə götürdüyü müqavilə məbləği 16160 manat olan kənd təsərrüfatı texnikası üçün cəmiyyətin hesabına 5200 manat ödəniş edilmişdir, 7912 manat gecikdirilmiş borc, 5942.62 manat cərimə borcu hesablanmışdır, qalıq borcu cərimə ilə birlikdə 13854.62 manat təşkil edir; Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X2 Çingiz Mamed oğluna ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə bağlanmış xx.xx.2015-ci il tarixli 1425-GL/15 nömrəli müqaviləyə əsasən yaranmış əsas borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir; “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir; “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X3 Təşkilatının hesabına 400 manat ödəniş etmişdir; 13 dekabr 2023-cü il tarixli vəkil orderindən görünür ki, həmin order Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ilə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə arasında xx.xx.2023 tarixdə bağlanmış 1318 nömrəli müqavilə əsasında verilmişdir, tapşırığın məzmunu Cavabdeh qarşı Şirvan Kommersiya Məhkəməsinə müraciət edilməsindən ötrü hüquqi yardımın göstərilməsi olmuşdur; 27 dekabr 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, xx.xx.2023 tarixli 1318 nömrəli müqavilə əsasında Xırdalan şəhər Vəkil Bürosunun hesabına 500 manat xidmət haqqı ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 365-ci maddəsinə əsasən, apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur; 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, göstərilmiş hüquqi yardıma görə çəkilən xərc tam olaraq cavabdehdən tutulmalıdır. Belə ki, vəkilin göstərdiyi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən xərcin məbləği işin konkret hallarına və təqdim edilmiş məlumatlara uyğundur, real olmaqla ağlabatandır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 385.1., 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli e-2-2(121)-243/2024 saylı qətnaməsi göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilən xidmət haqqının 300 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissədə dəyişdirilsin və iddia tələbi həmin hissədə tam təmin edilsin. Göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilmiş 500 manat xidmət haqqı Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2-2(106)-73/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-73/2024
22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver