Məhkəmə qərarları › İş №2-2(106)-75/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-75/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-75/2023 25.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Ələkbərzadə Nicat Vaqif oğlunun iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2-2(121)-44/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: Şirvan Kommersiya Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2-2(121)-44/2023 saylı qətnaməsi ilə (hakim Elşən Abdullayev) iddia qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-dən 145095,73 manat, mediasiya xərci olaraq ödənilmiş 400 manat və dövlət rüsumuna görə 35 manat olmaqla, ümumilikdə 145530,73 (bir yüz qırx beş min beş yüz otuz manat yetmiş üç qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" QSCnə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-44/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı "xxxx" QSC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli 05/208 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 145095.73 manat qalıq borcun, mediasiya üçün ödənilmiş 400 manat iş üzrə dövlət rüsumuna, ödənilmiş 235 manat, cəmi 145730.73 pul vəsaitinin tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC-nin Baş direktorunun əməliyyat məsələləri üzrə müavini Mülayim Ərəstun oğlu Səfərovun şəxsində "xxxx" MMC-nin direktoru Fizuli Yəhya oğlu Rüstəmovun şəxsində xx.xx.2020-ci il tarixdə 05/208 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin ümumi məbləği (ƏDV ilə birlikdə) 21381 000 (iyirmi bir milyon üç yüz səksən bir min) manat məbləğ təşkil etmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə və lazımınca yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyənləşdirilir. "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirmədiyindən 145095.73 manat (yüz qırx beş min doxsan beş manat 73 qəpik) qalıq borcu yaranmışdır. Müqavilənin 7.1-ci bəndinə əsasən tərəflər mübahisəli məsələləri qarşılıqlı razılıqla həll edir. Yaranmış mübahisəli məsələ barədə tərəflər ümumi razılığa gəlməzsə, mübahisəyə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılır. Bununla bağlı tərəflər arasında yaranmış mübahisənin danışıqlar yolu ilə həll olunmasına təşəbbüs göstərilsə də, qarşı tərəf bu təşəbbüsü düzgün dəyərləndirməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh "xxxx" MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin həqiqi halları ondan ibarətdir ki, iddiaçı "xxxx" QSC ilə cavabdeh "xxxx" MMC arasında imzalanmış 01 yanvar 2020-ci il tarixli 05/208 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" QSC-dən alınacaq yanacağın dəyəri əvvəlcədən ödənilməli, daha sonra isə ödənişi təsdiq edən sənədlər hazırlandıqdan sonra yanacaq "xxxx" QSC-dən buraxıla bilərdi və qayda müqavilənin əsas şərtlərindən biri olmaqla alqı-satqı bu qayda üzrə aparılmışdır. Eyni zamanda iddia olunan borc məbləğinin yaranma tarixindən uzun müddət keçməsinə baxmayaraq, cavabdehə qarşı iddia tələbi yeni verilmişdir. Həmçinin iddiaçı tərəf özü də etiraf etmişdir ki, bu kimi hallar bir neçə müştərilərə münasibətdə aşkar edilmişdir ki, bu halların yaranmasında "xxxx" QSC-nin əvvəlki direktorunun rolu olmuşdur. Şərh olunanlar təsdiq edir ki, hazırkı kommersiya işi üzrə iş üçün əhəmiyyəti olan hallar aydınlaşdırılmamış, nəticədə məhkəmə tərəfindən işin halları tam tədqiq edilməmişdir. Bu halda isə iş üzrə obyektiv, tam, hərtərəfli araşdırmanın aparılması mümkün deyildir. Bu cür baxılmış kommersiya işi üzrə isə qanuni və əsaslı qətnamənin qəbul edilməsi mümkün deyildir. Nəticədə kommersiya işi üzrə aparılmış araşdırma natamam, qeyri-obyektiv və hətta cavabdehə münasibətdə qərəzli olmuşdur. Odur ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, işə apellyasiya qaydasında baxılarkən obektiv, tam və hərtərəfli araşdırma aparıldıqdan sonra yeni qətnamə qəbul edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi tərəflərin müqavilənin şərtlərini düzgün əməl edibetməməsini yoxlamamış, faktiki olaraq cavabdehin hər hansı borcunun olmadığına əhəmiyyət verməmişdir. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi Ələkbərzadə Nicat Vaqif oğlu məhkəmədə apellyasiya şikayətini qəbul etməyərək göstərmişdir ki, tərəflər arasında müqavilə neft məhsullarının alışı ilə bağlı olmuşdur. Müqavilədə malın verilməsi və ödənişin aparılması nəzərdə tutulsa da, cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Tərəflər arasında əvvəllər də etibarlı işgüzar münasibətlər olmuşdur ki, bunun əsasında da iddiaçı öz öhdəliyini icra etməsinə rəğmən cavabdeh öhdəliyi pozaraq ödəniş etməmiş və bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh "xxxx" MMC iş üzrə şikayətlər verməklə və dəfələrlə məhkəmə proseslərinin təxirə salınmasını xahiş etməklə yekun məhkəmə qərarının yubadılmasına və nəticədə ödənişin gecikdirilməsinə nail olmaq məqsədini güdür. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2- 2(121)-44/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan 01 yanvar 2020-ci il tarixli, 05/208 saylı alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" QSC ilə "xxxx" MMC arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqaviləyə əlavə edilmiş təsnifatda göstərilən miqdarda və keyfiyyətdə neft məhsullarını alıcıya satmağı, alıcı isə həmin neft məhsullarını keyfiyyətinə, kəmiyyətinə uyğun olaraq, təsnifatda göstərilən miqdarda, qiymətə və müddətə qəbul edib, malın dəyərini əvvəlcədən satıcıya ödəməiyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilənin ümumi məbləği təsnifata müvafiq olara (ƏDV ilə birlikdə) 21381.000 (iyirmi bir milyon üç yüz səksən bir min) manta təşkil edir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən alıcı məhsulun dəyərini, satıcının təqdim etdiyi hesab-fakturaya əsasən əvvəlcədən köçürmə yolu ilə satıcıya ödəyir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən “Alıcı” müəyyən olunmuş miqdarda neft məhsullarını “Satıcı”nın Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir Neft Terminalı Bazasından öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıyır. İşdə olan 01 yanvar 2020-ci il tarixli 05/28 saylı müqavilənin təsnifatından görünür ki, tərəflər 2020-ci il üçün ümumi dəyəri 21381.000 manat neft məhsullarının satışı barədə razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2020 – xx.xx.2020-ci il tarix aralığını əks etdirən “Müştərinin cari hesabı haqqında hesabat”dan görünür ki, "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 16 mart 2020-ci il tarixə qədər ƏDV daxil olmaqla, ümumilikdə 5939.632,13 manat məbləğində mallar təhvil verilmiş, "xxxx" MMC tərəfindən isə 01 yanvar 2020-ci il tarixdən 29 mart 2020-ci il tarixə qədər ƏDV daxil olmaqla, ümumilikdə 5794.533 manat ödənilmişdir. Cavabdeh tərəfindən sonuncu ödəniş 29 mart 2020-ci il tarixində 601070 manat məbləğində olmuşdur. İş materiallarında olan ƏZY seriyalı 014728 nömrəli 01 yanvar 2020-ci il tarixli “Malların alınması üçün vəkalətnamə”nin surətindən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" QSC-də olan malları (Aİ-92, dizel) təhvil alması üçün Kərimov Fərid Rəfail oğluna 31 yanvar 2020-ci ilədək vəkalətnamə verilmişdir. İş materiallarında olan ƏZY seriyalı, 014727 nömrəli 02 yanvar 2020-ci il tarixli “Malların alınması üçün vəkalətnamə”nin surətindən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" QSC-də olan malları (Aİ-92, dizel, premium) təhvil alması üçün Heydərov Ramiz Qadir oğluna 31 yanvar 2020-ci ilədək vəkalətnamə verilmişdir. İş materiallarında olan ƏZY seriyalı, 014730 nömrəli 01 fevral 2020-ci il tarixli “Malların alınması üçün vəkalətnamə”nin surətindən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" QSC-də olan malları (Aİ-92, dizel) təhvil alması üçün Kərimov Fərid Rəfail oğluna 29 fevral 2020-ci ilədək vəkalətnamə verilmişdir. İş materiallarında olan ƏZY seriyalı, 014729 nömrəli 01 fevral 2020-ci il tarixli “Malların alınması üçün vəkalətnamə”nin surətindən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" QSC-də olan malları (Aİ-92, dizel) təhvil alması üçün Heydərov Ramiz Qadir oğluna 29 fevral 2020-ci ilədək vəkalətnamə verilmişdir. İş materiallarında olan ƏZY seriyalı, 016641 nömrəli 02 mart 2020-ci il tarixli “Malların alınması üçün vəkalətnamə”nin surətindən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" QSC-də olan malları (Aİ-92, dizel) təhvil alması üçün Kərimov Fərid Rəfail oğluna 31 mart 2020-ci ilədək vəkalətnamə verilmişdir. İş materiallarında olan ƏZY seriyalı, 016642 nömrəli 02 mart 2020-ci il tarixli “Malların alınması üçün vəkalətnamə”nin surətindən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" QSC-də olan malları (Aİ-92, dizel) təhvil alması üçün Heydərov Ramiz Qadir oğluna 31 mart 2020-ci ilədək vəkalətnamə verilmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə təqdim edilmiş elektron qaimələrdən və qaimə-fakturaya əlavələrdən görünür ki, "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixdən 16 mart 2020-ci il tarixədək ümumilikdə 5939.632,13 manat məbləğində neft məhsulları təqdim edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 07 sentyabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, "xxxx" QSC tərəfindən 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Beləliklə, birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, tərəflər arasında neft məhsullarına dair 01 yanvar 2020-ci il tarixli 05/208 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən cavabdehə 5939632,13 manat məbləğində neft məhsulları satılmışdır. İddiaçı tərəfindən həm qaimə fakturalara, həm də elektron qaimələrə əsasən təhvil verilən mallar cavabdeh tərəfindən təhvil alınsa da, cavabdeh ƏDV daxil olmaqla ******* manat məbləğində ödəniş etmiş, nəticədə malların dəyərini tam ödəməmişdir. Sonuncu dəfə cavabdeh tərəfindən 29 mart 2020-ci il tarixində 601070 manat məbləğində ödəniş həyata keçirilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Tətbiq edilməli hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı halda apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam şəkildə mübahisələndirilmişdir. Buna görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə bütövlükdə yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası məhkəməyə təqdim edilmiş və tədqiq edilmiş bütün mötəbər sübutlar üzrə tam və hərtərəfli araşdırma aparaq hesab edir ki, cavabdehin apellyasiya şikayətinin heç bir mötəbər sübuta əsaslanmayan və hal-hazırda qüvvədə qanunvericiliyin imperativ normalarına söykənməyən formal xarakter daşıyan dəlilləri hazırkı mübahisələndirilən qətnamənin ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsas deyildir. Belə ki, apellyasiya şikayətində hazırkı iddianın borc məbləğinin yaranma tarixindən uzun müddət keçdikdən sonra verilməsi, habelə hazırkı mübahisənin yaranmasında iddiaçının əvvəlki direktorunun rolunun olması barədə göstərilmiş dəlillərə dair ətraflı araşdırma aparılması yekunda iş üzrə hər hansı hüquqi əhəmiyyət kəsb etmir. Bundan əlavə, apellyasiya şikayətində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə əsasən "xxxx" QSC-dən alınacaq yanacağın dəyəri "xxxx" MMC tərəfindən əvvəlcədən ödənilməli, daha sonra isə ödənişi təsdiq edən sənədlər hazırlandıqdan sonra yanacaq "xxxx" QSC-dən buraxıla bilərdi və qayda müqavilənin əsas şərtlərindən biri olmaqla alqısatqı bu qayda üzrə aparılmışdır. Ancaq məhkəmədə iddiaçı "xxxx" QSC-nin nümayəndəsi Ələkbərzadə Nicat Vaqif oğlu apellyasiya şikayətinin bu dəlili ilə razılaşmayaraq bildirmişdir ki, tərəflər arasında hazırkı müqavilə neft məhsullarının alışı ilə bağlı olmuş, müqavilədə malın verilməsi və ödənişin aparılması nəzərdə tutulsa da, ancaq cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Tərəflər arasında əvvələr də etibarlı işgüzar münasibətlər olmuşdur ki, bunun əsasında da iddiaçı öz öhdəliyini icra etməsinə rəğmən cavabdeh müqavilənin iddiaçı tərəfindən icra edildiyini inkar etmədən öz öhdəliyi pozaraq ödəniş etməmiş və bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Kollegiya nəzərə çatdırır ki, MM-in 10-cu maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır; Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. Ancaq hazırkı halda iş materiallarına əsasən tərəflər arasında işgüzar adətlər təşəkkül tapmış və bu da göründüyü kimi hal-hazırkı münasibətlərdə də tətbiq edilmişdir. Habelə, buna etiraz edən cavabdeh "xxxx" MMC öz etirazının əsaslarını sübut etməmiş və tələb edilən ödənişə dair məhkəməyə heç bir sənəd (ödənişə dair) təqdim etməmişdir. Qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə, nəzərə alınmalıdır ki, MM-in 404.1 və 404.2-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Beləcə, iş materiallarından da göründüyü kimi, tərəflər arasında əvvəllki dövrlərdə də işgüzar münasibətlər olmuş və eyni qaydada altı-satqı müqaviləsi üzrə müvafiq qaydada cavabdehə mal verilmiş və cavabdeh tərəfindən isə müəyyən edilmiş məbləğdə ödənişlər edilmişdir. Bununla da, tərəflər arasında həqiqətən də işgüzar adətlər mövcud olmuşdur. Cavabdeh isə hazırkı işdən görünür ki, bu münasibətləri danmır, iddiaçı tərəfindən ona malın verilməsini inkar etmir, sadəcə formal olaraq müqavilədə ödənişin öncədən həyata keçirilməsi şərtini qabartmaqla və bunda iddiaçının hər hansı əməkdaşının təqsirli olduğunu diqqətə çatdırmaqla ödənişdən yayınmaq istəyir. Bu baxımdan, məhkəmə kollegiyası hazırkı iş üzrə diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarına görə mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Qeyd edilməlidir ki, MM-in 560.3.4-cü maddəsinə görə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “B.Qasımovun şikayəti üzrə” 09 dekabr 2019-cu il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Bundan əlavə, kollegiya diqqətə çatdırır ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmçinin 16.1-ci madəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Habelə MM-in 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. MM-in 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, apellyasiya şikayətinin təmin edilərək, hazırkı qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Belə ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qənaətə gəlməsini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası apellyasiya şikayətinin heç bir mötəbər sübutla öz təsdiqini tapmayan dəlillərini formal mülahizə hesab edir. Belə ki, apellyasiya şikayətinin dəlilləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla hazırkı məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlir. Ona görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2-2(121)-44/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2-2(121)-44/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar