Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-78/2023 31.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X6 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı 1487,62 manat məbləğində borcun və ilkin mediasiya sessiyasında ödənilən 60 manatın (34,87 manat dövlət rüsumu) cavabdehdən tutulması tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2-2(121)-75/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 1487,62 manat məbləğində borcun və ilkin mediasiya sessiyasında ödənilən 60 manatın (34,87 manat dövlət rüsumu) cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 27 mart 2017-ci il 24 nömrəli alqı-satqı müqaviləsinə əsasən Kürdəmir rayonu Ərəbqubalı kəndi ərazisində yerləşən 15.00 ha sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 9180.28 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 849.00 manat məbləğində çiyid, 640.00 manat məbləğində azot, 361.28 manat məbləğində dərman, 450.00 manat məbləğində dərman çiləmə, 180.00 manat məbləğində səpin, 510.00 manat məbləğində kultivasiya, 600.00 manat məbləğində 1-ci yığım, 810.00 manat məbləğində 2-ci yığım, 4780.00 manat məbləğində avans olaraq verilən nağd vəsait nəzərə alınmaqla, ümumilikdə 9180.28 manat avans verilmiş, işlər görülmüş, xidmət göstərilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsum başa çatsa da, 7692.66 manat məbləğdə xam-pambıq təhvil vermiş, bununla iddiaçıya 1487.62 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, ödəmə tapşırıqları, mühasibat arayışı və digər sənədlər ilə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzrsüz səbəblərdən yayınmışdır. Cavabdeh iddiaya dair Etiraz təqdim edərək göstərmişdir ki, "xxxx" ilə onun arasında bağlanmış xx.xx.2017-ci il tarixli 24 nömrəli alqı-satqı müqaviləsi üzrə Kürdəmir rayonunun Ərəbqubalı kəndində yerləşən 15 ha torpaq sahəsində pambıq məhsulu yetişdirərək iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Lakin iddia ərizəsi ilə tanış olarkən iddia ərizəsində göstərilən halların həqiqətə uyğun olmadığını görmüşdür. Belə ki, o, etirazında ona artıq pul hesablandığını, lakin ərizədə göstərilən məbləğ istisna olmaqla bəzi sənədlərə imza etdiyini qeyd etmişdir. İddiaçı təşkilat onun imzasını saxtalaşdıraraq ona artıq pul hesablamışdır. İmza etdiyi sənədə görə onun heç bir borcu yoxdur. İddiaçı əkin sahəsi üçün pulu ona qeyri-rəsmi vermişdir. Şirvan Kommersiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2-2(121)-75/2023 saylı qətnaməsi (hakim Elşən Abdullayev) ilə iddia təmin edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2-2(121)- 75/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğvini və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə aralarında 27 mart 2017-ci il tarixli 24 nömrəli alqı-satqı müqviləsi bağlanmışdır. Həmin müqavilə üzrə Kürdəmir rayonu Ərəbqubalı kəndində yerləşən 1 ha torpaq sahəsində pambıq məhsulu yetişdirərək iddiaçıya satmağı öhdəsinə götürmüşdü. Lakin iddia ərizəsi ilə tanış olarkən iddia ərizəsində olan halların həqiqətə uyğun olmadığını gördü. İddiaçı ilə hesablaşmalar yekunlaşdıqdan - o, pambığ təhvil verən zaman iddiaçı şirkətin nümayəndələri ona heç bir borcunun qalmadığını dedilər. Qarşılıqlı şəkildə imza etdiyi sənədlərə baxaraq üzərinə düşən öhdəliyi tam şəkildə icra etmişdir. Digər tərəfdən ona məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməmiş, məhkəmə iclasları barədə məlumatsız olmuşdur. Qətnamənin mövcudluğundan isə tanışlarının təkidi ilə elektron kabinet açdıqdan sonra xəbərdar olmuşdur. Məhkəmə isə qətnamə çıxararkən yalnız iddiaçının təqdim etdiyi sübutlara qiymət verərək əsassız qətnamə qəbul etmişdir. Göründüyü kimi, iddiaçı iddiasının əsası kimi aralarında müqavilə(ləri)nin bağlanmasına istinad etmiş olsa da, həmin müqavilə(lər)nin onun tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmasını müəyyən etməmişdir. Cavabdeh məhkəmədə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı ilə aralarında qeyd edilən münasibətlər olmuş, müxtəlif sənədlərə imza edərək pul vəsaitlərini hissə-hissə qəbul etmiş, hətta təxminən 10-12 ton pambıq da təhvil vermişdir. Hazırda isə iddia müddəti ötürüldükdən sonra iddiuaçı pulun istəyir. Bu barədə birinci instansiya məhkəməsində ərizə versə də, nəzərə alınmamışdır. İddiaçı MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və Şirvan Kommersiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2- 2(121)-75/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, cavabdehin pambıq əkini üçün ümumilikdə 4780 manat məbləğdə nağd pul vəsaiti xərclənmişdir. Cavabdehdən hazırkı borcun gec tələb edilməsinə səbəb o olmuşdur ki, cavabdehin növbəti mövsümdə də yenidən iddiaçı ilə müqavilə bağlayaraq pambıq əkməsi və əldə edəcəyi qazanc üzrə borcunu qaytaracağına ümid edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2-2(121)-75/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L ƏL Ə R : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan 27 mart 2017-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC-nin Kürdəmir filialı ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən bu müqavilənin şərtləri daxilində istehsalçı mülkiyyət hüququ özünəməxsus olan və ya icarəyə götürdüyü 15 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “Filiala” təhvil verməyi, “Filial” isə “Fermerin” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan sənədlərdən (aktlar, kassa məxaric orderi, qaimə faktura) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh işlərin görülməsi üçün 9180,28 manat məbləğində avans ayrılmış, xidmətlər göstərilmişdir. İşdə olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 21 avqust 2019-cu il tarixli 01/710 saylı pretenziya məktubundan görünür ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 27 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh məxsus 15 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar işlərin görülməsi nəticəsində yaranan borcun ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə müqavilə üzrə borcun ödənilməsi tələbi ilə qanuna müvafiq tədbirlər görülməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İşdə olan Kürdəmir Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli 2(041)-524/2020 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh iddiaçının xeyrinə 1487,62 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə mülki iş baxılmamış saxlanılmışdır. İşdə olan 01 avqust 2022-ci il tarixli MT-00145 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğdə mediasiyaya dair xərci ödəmişdir. İşdə olan 27 yanvar 2023-cü il tarixli iddia müddətinin tətbiqi barədə ərizədən görünür ki, cavabdeh İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi zamanı araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh (istehsalçı) arasında bağlanmış 27 mart 2017-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ özünəməxsus olan və ya icarəyə götürdüyü 15 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən Cavabdeh işlərin görülməsi üçün 9.180,28 manat məbləğində vəsait xərclənmişdir. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, ümumi öhdəlikdən cəmi 7.692,66 manat ödəniş etməklə, ümumilikdə 1.487,62 manat məbləğində borcu qalmışdır. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 27 mart 2017-ci il tarixli müqavilə təşkil edir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılsa da, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflər arasında öhdəliyin əmələ gəlməsi əsaslarındandır. Mülki hüquqi öhdəliklərin mühüm yaranma əsası kimi müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. Müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Beləcə, qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 6.1.2-ci maddəsinin tələbinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin prinsip mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Ancaq şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Qanunda bəzi əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alqı-satqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. Bundan əlavə, nəzərə alınmalıdır ki, MM-in 404.1 və 404.2-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə kollegiyası hazırkı iş üzrə diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan avans almaq və iddiaçının xidmətlərindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda torpaq sahəsində pambıq əkmək və hər hektardan məhsul əldə etməklə pambıq istehsal edib iddiaçıya satmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə işin mübahisəsiz hallarına əsasən göstərilən müqavilə əsasında avans almasına və iddiaçının xidmətlərindən istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini tam yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə yekun qənaətə gəlmiş və məhkəmə Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə dair bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı hazırki tələbə uyğun, yəni 1487,62 manat məbləğdə borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 18 iyun 2020-ci il tarixində keçirilən iclasında həm iddiaçının nümayəndəsi, həm də cavabdeh iştirak etmişdir. Həmin iclasda iddiaçının nümayəndəsi izahat verərək cavabdehlə razılığa gəldiklərini, mübahisəni məhkəmədən kənar həll etdiklərini bildirərək iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmiş və Cavabdeh iddia tələbinin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Nəticədə Kürdəmir Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(041)-524/2020 saylı qərardadı ilə sözügedən mülki iş baxılmamış saxlanılmışdır. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edilənlərə uyğun olaraq diqqətə çatdırır ki, işdə olan 27 mart 2017-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC-nin Kürdəmir filialı və Cavabdeh arasında müqavilə bağlanmış və müqavilə üzrə borcun 01 dekabr 2017-ci il tarixədək ödənilməsi nəzərdə tutulmuşdur. Sorğu əsasında əldə edilmiş 2(041)-524/2020 saylı mülki işin materiallarından da görünür ki, İddiaçı Cavabdeh qarşı hazırkı tələblə 17 fevral 2020-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 18 iyun 2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Adıçəkilən qərardad tərəflərə rəsmi qaydada göndərilmişdir. 15 oktyabr 2020-ci il tarixdə İddiaçı baş direktoru A.Əlizadə ərizə ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək qərardadın ləğvini, icraatın təzələnməsini xahiş etmiş və məhkəmənin 19 oktyabr 2020-ci il tarixli qərardadına əsasən ərizə təmin edilməmişdir. Adıçəkilən qərardad 10 noyabr 2020-ci il tarixdə iddiaçı tərəfindən rəsmi qaydada alınsa da, ondan şikayət verilməmişdir. Hazırkı iş üzrə iddia ərizəsi isə məhkəməyə 24 oktyabr 2023-cü il tarixdə daxil olmuşdur. MM-in 381-ci maddəsinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Əgər cinayət işində irəli sürülmüş iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı iddianı baxılmamış saxlayan hökm qanuni qüvvəyə minənədək dayandırılır. Müddətin dayandırıldığı vaxt iddia müddətinə daxil edilmir. Bu zaman müddətin qalan hissəsi altı aydan az olduqda altı aya qədər uzadılır. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. MM-in 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. MM-in 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı həmin müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən qərarda eyni zamanda qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli və “L.İ.Binnətovanın şikayəti üzrə” 08 may 2008-ci il tarixli qərarlarının tələblərinə əsasən iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Beləliklə, iddiaçının məhkəməyə təqdim etdiyi sübutların məhkəmədə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı hazırkı iddia tələbini irəli sürərkən iddia müddəti bitmişdir. Göründüyü kimi, MM-in 381-ci maddəsininə tələbinə əsasən Kürdəmir Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli 2(041)-524/2020 saylı qərardadı ilə mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasından sonra həmin iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı 24 oktyabr 2023-cü il tarixədək ümumi qaydada davam etmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixində məhkəmə iclasında həm iddiaçının nümayəndəsi, həm də cavabdeh iştirak etmiş, iddiaçının nümayəndəsi izahat verərək cavabdehlə razılığa gəldiklərini, mübahisəni məhkəmədən kənar həll etdiklərini bildirərək iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmiş və Cavabdeh iddia tələbinin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Nəticədə Kürdəmir Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli 2(041)-524/2020 saylı qərardadı ilə sözügedən mülki iş baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Kollegiya buna dair diqqətə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə” 28 noyabr 2018-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə borclunun borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: 1) borcun qismən ödənilməsi; 2) əsas borc üzrə faizin köçürülməsi; 3) kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; 4) öhdəliyin icrası üçün möhlət istənməsi və 5) digər mühüm hallar aid edilə bilər). Ancaq hazırkı tələb üzrə Kürdəmir Rayon Məhkəməsində işə baxılarkən cavabdeh tərəfindən hər hansı formada, eləcə də onun tərəfindən imzalanmış məlum ərizədən borcun etirafını göstərən hərəkətlərin edilməsi müəyyən edilmir. Hətta, nəzərə alınmalıdır ki, Kürdəmir Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmış, 15 oktyabr 2020-ci il tarixdə İddiaçı baş direktoru A.Əlizadənin qərardadın ləğvi və icraatın təzələnməsi ərizəsi təmin edilməmiş, ondan şikayət verilməmiş və hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə 24 oktyabr 2023-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilməlidir ki, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2-2(121)-75/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı 1487,62 manat məbləğində borcun və ilkin mediasiya sessiyasında ödənilən 60 manatın (34,87 manat dövlət rüsumu) cavabdehdən tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-78/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-78/2023
31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver