Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-79/2024 22.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 5 mart 2024-cü il tarixli e-2-2(121)-146/2024 saylı qətnaməsindən (hakim N.Misirzadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh X7 oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 967-GL/17 nömrəli, xx.xx.2017-ci il tarixli müqavilə üzrə 6850 manat gecikdirilmiş əsas borc, 6650.12 manat cərimə, 500 manat hüquqi yardımla bağlı xərc, 200 manat mediasiya xərcinin, cəmi 14200 manat pul vəsaitinin cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 967-GL/17 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2017-ci il tarixli 967-GL/17 nömrəli müqavilə üzrə yaranmış 6850 manat gecikdirilmiş borcu və hesablanmış 6650.12 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilk mediasiya sessiyasında iştirak edilməməsi barədə mediatorun MŞS/MT023/2023-02277 saylı xx.xx.2023-ci il taixli arayışı təqdim edilmişdir. Eyni zamanda hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən vəkilə xidmət haqqı ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci intansiya məhkəməsində iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhəməsində Cavabdeh iddiaya etiraz edərək izahatında göstərmişdir ki, mübahisə olan texnika əvvəllər onun istifadəsində olmuşdur. 2017-ci ildə "xxxx" ASC həmin texnikanı ondan alaraq “Azər” adlı şəxsə vermişdir. "xxxx" ASC tərəfindən verilmiş etibarnamədə olan “Bu lizinq alan Cavabdeh "xxxx" ASC ilə bağladığı müqavilə üzrə öhdəliklərindən azad etmir” qeydindən məhkəmə iclasında xəbəri olmuşdur. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 05 mart 2024-cü il tarixli e-2-2(121)-146/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 967-GL/17 nömrəli xx.xx.2017-ci il tarixli müqavilə üzrə 6850 manat əsas borc, 465 manat cərimə, 150 manat mediasiya xərci olmaqla cəmi 7465 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə, 93.15 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək hüquqi yardımla bağlı təmin edilməyən, habelə mediasiya xərci ilə bağlı qismən təmin edilən hissələrdə ləğv edilərək, iddia tələbinin hüquqi yardım və mediasiya xərci ilə bağlı hissələrdə tam həcmdə təmin olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 500 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab etmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, hüquqi xidmətlə bağlı 500 manat məbləğində pul vəsaiti hazırki iş üzrə iddiaçı tərəfindən deyil, "xxxx" MMC tərəfindən ödənildiyindən, iddiaçı ilə vəkil (və ya vəkil bürosu) arasında, və ya "xxxx" MMC ilə vəkil (və ya vəkil bürosu) arasında hər hansı bir müqavilənin bağlanmasını təsdiq edən sübut isə təqdim edilmədiyindən, iddia bu hissədə əsassızdır. Buna görə də, iddia həmin hissədə rədd edilməlidir. Məhkəmənin mövqeyi tamamilə əsassızdır və ona görə də məhkəmənin qətnaməsi həmin hissədə ləğv edilərək hüquqi yardıma görə ödənilmiş vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş vəkil orderi, ödəniş qəbzi, habelə “Məhkəmə-hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsinin təşkili barədə” Saziş hüquqi xidmətin Agentliyə göstərilməsini açıq-aşkar təsdiq edən sübutlardır. Eyni zamanda məhkəmə prosesindən və təqdim olunmuş digər sənədlərdən də hüquqi xidmətin Agentliyə göstərilməsi məhkəmə üçün tam aydın olduğu halda, məhkəmə əsassız qətnamə qəbul etmişdir. Məhz vəkillə bağlanmış müqavilənin sübut kimi təqdim edilməməsi ilə bağlı bildiririk ki, müqavilədə vəkil sirrinə dair məlumatların olması səbəbindən həmin müqavilə iş materiallarına əlavə edilməmişdir. Hüquqi yardıma görə ödənişin iddiaçı deyil, "xxxx" MMC tərəfindən ödənilməsi ilə bağlı məhkəmənin dəlilinə gəldikdə isə nəzərə alınmalıdır ki, iş materiallarında olan 1 nömrəli Sazişdən də göründüyü kimi "xxxx" MMC Agentliyin hüquqlarını müdafiə etmək üçün onun adından çıxış etmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş xx.xx.2023 tarixli 000İPX123321239A nömrəli qəbzdən göründüyü kimi hüquqi yardım haqqı kimi 500 manat məbləğində vəsait "xxxx" MMC tərəfindən Xırdalan Şəhər Vəkil Bürosuna ödənilmiş və ödənişin təyinatı kimi Agentlik ilə "xxxx" MMC arasında hüquq xidməti ilə bağlı olduğu və cavabdeh kimi Cavabdeh göstərilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş vəkil orderində də hüquqi yardım göstərilən şəxs qismində Agentlik göstərilmişdir. Əlavə olunmuş bütün sənədlərdən, o cümlədən iddia tələbindən də hüquqi yardımın iddiaçı Agentliyə göstərilməsi müəyyən olunmuş və məhkəmənin hüquqi yardımın cavabdehdən tutulması ilə bağlı gəldiyi nəticə tam əsassızdır. Məsələ ilə bağlı məhkəmənin heç bir qanunvericilik normasına istinad etməməsi və əlavə heç bir hüquqi əsaslandırma aparmaması məhkəmənin düzgün olmayan qətnamə çıxarması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Eyni zamanda qətnamənin Agentliyin xeyrinə çıxarılmasına uyğun olaraq Məcəllənin 121.1-ci maddəsindən də göründüyü kimi məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara almasına görə 500 manat hüquqi yardım haqqını təmin etməli olduğu halda, əsassız olaraq həmin hissədə düzgün olmayan qətnamə qəbul etmişdir. Digər tərəfdən, məhkəmə həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəmişdir. Odur ki, mediasiya xərci də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Lakin, məhkəmə hesab etmişdir ki, cavabdeh(lər)dən mediasiya xərcinin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iddia tələbi qismən təmin edilməli olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilərək cavabdehdən 150 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Göründüyü kimi, məhkəmə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsaslansa da, düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə tərəfindən qanunun analogiyasına istinad edilmişdir. İş materiallarına əlavə edilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il taixli MŞS/MT023/2023-02277 saylı arayışdan da, göründüyü kimi Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarına əsasən iddianın qiyməti 10001 manatdan 50000 manatadək olduqda ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq 200 manat təşkil edir. Qeyd edilən arayışa əsasən Agentlik tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə görə, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qeyd olunan maddələrin dispozisiyasından göründüyü kimi, məhkəmə o halda qanunun analogiyasına müraciət edə bilər ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən konkret hüquq norması olmasın. Lakin, mediasiya xərcinin hansı halda digər tərəfdən tam tələb edilməsi, hansı halda isə tərəflər arasında bölüşdürülməsi halları qanunvericilikdə açıq-aydın tənzimləndiyi halda, qanunun analogiyasının tətbiqi mümkün deyildir. “Dövlət rüsumu haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Həmin Qanunun 1.3-cü maddəsinə əsasən, bu Qanunun 17.6-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında dövlət rüsumunun məbləğləri və ödənilməsi qaydası ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Sadalanan maddələrin məzmunundan göründüyü kimi, dövlət rüsumu dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən xidmətlərə görə ödənilən haqdır və bu ancaq “Dövlət rüsumu haqqında” Qanunda müəyyən edilə bilər. Aydındır ki, nə mediator hakimiyyət səlahiyyətini icra edən vəzifəli şəxsdir, nədəki, mediasiya xərci rüsum olaraq sözügedən qanunda müəyyənləşdirilmişdir. Bu da o deməkdir ki, dövlət rüsumu və mediasiya xərci tamamilə fərqli anlayışlar olmaqla, onların eyniləşdirilməsi “Dövlət rüsumu haqqında” Qanunun tələbləri baxımından yolverilməzdir. Digər tərəfdən, iddiaçının dövlət orqanı - büdcə təşkilatı olduğunu nəzərə alaraq vəkilin göstərdiyi hüquqi yardıma və mediasiya xərcinə görə ödənilən vəsaitin cavabdehdən tutularaq büdcəyə ödənilməsi nəzərdə tutulur. Məhkəmə tərəfindən vəkilə ödənilən hüquqi yardıma görə cavabdehdən tələb olunan vəsaitin ödənilməsinin rədd edilməsi, habelə mediasiya xərcini qismən tutulması əsassız olduğuna görə ləğv edilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmiş, iddiaçı nümayəndəsi vasitəsilə təmsil olunmamışdır və tərəflər bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin hüquqi yardım və mediasiya xərci ilə bağlı təmin olunmayan hissədəvə ləğv edilərək, iddia tələbinin həmin hissələrdə tam həcmdə təmin olunmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissələrdə yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə mübahisələndirilən hissədə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: xx.xx.2013-cü il tarixli "xxxx" ASC-yə məxsus texnikaların təhvil qəbulu barədə” aktın surətindən görünür ki, iddiaçı tərəffindən kənd təsərrüfatı texnikası (Traktor Belarus-892, Kotan 4 gövdəli AG-14-4) cavabdehə təhvil verilmişdir; İddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, "xxxx" ASC ilə bağlanmış 967-GL/17 nömrəli, xx.xx.2017-ci il tarixli müqavilə üzrə 6850 manat gecikdirilmiş əsas borc və hesablanmış 6650,12 manat cərimə borcu yaranmışdır. Həmin vəsaitin qısa zaman ərzində ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında AqrarKredit və İnkişaf Agentliyinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir; Maliyyə arayışının surətindən görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 967-GL/17 nömrəli, xx.xx.2017-ci il tarixli müqavilə üzrə cavabdehin xx.xx.2023-cü il tarixə 6850 manat gecikdirilmiş əsas borc və hesablanmış 6650.12 manat cərimə borcu mövcuddur; Cavabdeh səlahiyyətli orqanlara ünvanladığı xx.xx.2017-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, 967-GL/17 nömrəli, xx.xx.2017-ci il tarixli müqavilə üzrə "xxxx" ASC-dən lizinq yolu ilə “Belarus 89.2” markalı şum traktor əldə etmişdir. Hal-hazırda yaşı ilə və xəstəliyi ilə əlaqədar olaraq həmin texnikadan istifadə edə bilmir. Bu texnikanın onun adından çıxarılaraq X5 adına rəsmiləşdirilməsinə, gələcəkdə onun mülkiyyətinə verilməsinə etiraz etmir. Gələcəkdə "xxxx" ASC-yə və X6 qarşı bu texnika ilə bağlı ödədiyi vəsaitə görə və “Belarus 89.2” ilə bağlı heç bir iddia və tələbi olmayacaqdır; "xxxx" ASC tərəfindən xx.xx.2017-ci il tarixdə 1 il müddətinə verilmiş etibarnamənin surətindən görünür ki, lizinq alan Cəlilabad rayonu, Əsədli kənd sakini Cavabdeh "xxxx" ASC ilə bağladığı 967-GL/17 nömrəli, xx.xx.2017-ci il tarixli lizinq müqaviləsi üzrə lizinqə götürdüyü 1 ədəd MTZ-89.2 markalı traktorun idarə olunmasını, müvafiq sürücülük vəsiqəsi olan Neftçala rayonu, Mürsəqulu kənd sakini X6 həvalə etmək səlahiyyəti verilir. Bu lizinq alan Cavabdeh "xxxx" ASC ilə bağladığı müqavilə üzrə öhdəliklərindən azad etmir; xx.xx.2017-ci il qəbzin surətindən görünür ki, 30 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il tarixli qəbzlərin surətlərindən görünür ki, həmin qəbzlər üzrə ödənişlər Cavabdeh adından X9 tərəfindən "xxxx" ASC-yə ödənilmişdir; xx.xx.2019-cü il tarixli qəbzin surətindən görünür ki, 2000 manat məbləğində pul vəsaiti Cavabdeh adından X1 tərəfindən "xxxx" ASC-yə ödənilmişdir; Birinci instansiya məhkəməsinə iş üzrə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdehə verilmiş kənd təsərrüfatı texnikası daha sonra cavabdehdən alınaraq ona təhvil verilmişdir və kredit ödənişini cavabdeh deyil, "xxxx" ASC-yə o özü icra edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 365-ci maddəsinə əsasən, apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur; 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı agentliklə "xxxx" MMC arasında bağlanmış "Məhkəmə-hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yrdım haqqının ödənilməsinin təşkili barədə" 27 may2021-ci il tarixli 1 nömrəli sazişin şərtlərinə əsasən sonuncu Agentliyin hüquqlarını müdafiə etmək üçün onun adından çıxış etmiş, xx.xx.2023 tarixli 000İPX123321239A nömrəli qəbzlə hüquqi yardım haqqı kimi 500 manat məbləğində vəsaiti Xırdalan Şəhər Vəkil Bürosuna ödəmişdir. Ödənişin təyinatı isə agentliklə "xxxx" MMC arasında bağlanmış hüquq xidməti ilə bağlı Cavabdeh münasibətdə göstərilən hüquqi yardımın haqqı göstərilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş vəkil orderində də hüquqi yardım göstərilən şəxs qismində agentlik göstərilmişdir. Qeyd olunanlar hazırki mübahisə üzrə hüquqi yardım xidmətinə görə haqqın agentlik tərəfindən vəkil bürosunun hesabına ödənilməsinin birbaşa sübutudur. Odur ki, hüquqi xidmətlə bağlı 500 manat məbləğində pul vəsaitinin hazırki iş üzrə iddiaçı tərəfindən deyil, "xxxx" MMC tərəfindən ödənilməsi, iddiaçı ilə vəkil (və ya vəkil bürosu) arasında və ya "xxxx" MMC ilə vəkil (və ya vəkil bürosu) arasında hər hansı bir müqavilənin bağlanmasını təsdiq edən sübutun olmaması əsasları ilə iddianı təmin etməyən birinci instaniya məhkəməsinin mövqeyini kollegiya əsaslı hesab etmir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə qeyd olunan hissədə razılaşaraq belə nəticəyə gəlir ki, qeyd olunan hissədə prosessual hüquq norması birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmədiyindən, qətnamə göstərilmiş hüquqi yardımla bağlı tələbin təmin olunmaması hissədə ləğv olunaraq, tələb həmin hissədə tam təmin olunmalıdır. Apellyasiya şikayətinin dəlillərini ödənilmiş mediasiya xərcinə münasibətdə iddianın qismən təmin olunması hissədə tədqiq edən kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarına əsasən iddianın qiyməti 10001 manatdan 50000 manatadək olduqda ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq 200 manat təşkil edir. "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarına əlavə edilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il taixli MŞS/MT023/2023-02277 saylı arayışdan da, göründüyü kimi Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Kollegiya hesab edir ki, ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf olaraq cavabdeh mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ödəmək vəzifəsini daşıdığından, birinci instiansiya məhkəməsi qeyd olunan hissədə iddianı qismən təmin etməklə maddi hüquq normasının pozuntusuna yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iddia həmin hissələrdə tam təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1., 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 5 mart 2024-cü il tarixli e-2-2(121)-146/2024 saylı qətnaməsi göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilən xidmət haqqı tələbinin təmin olunmaması və çəkilmiş mediasiya xərcinin qismən tutulması hissələrdə ləğv edilsin, iddia tələbi həmin hissələrdə tam təmin edilsin. Göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilmiş 500 manat, ilkin mediasiya sissiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat xidmət haqqları cavabdeh X2 tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2-2(106)-79/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-79/2024
22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver