Məhkəmə qərarları › İş №2-2(106)-80/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-80/2025

02.04.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-80/2025 02.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 7 fevral 2025-ci il tarixli e-2-2(121)-1047/2025 saylı qətnaməsindən (hakim Z.Abbasov) ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, icra orqanının rəhbəri olduğu "X6" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 7679.19 manat məbləğində (o cümlədən, vergilər üzrə 6739.73 manat, faizlər üzrə 939.46 manat), Dövlət Sosial Müdafiə Fonduna 7296.8 manat, İşsizlikdən sığorta fonduna 292.2 manat, İcbari Tibbi Sığorta Fonduna 1163.27 manat olmaqla, ümumilikdə 16431.46 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "X6" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 7679,19 manat məbləğində (o cümlədən, vergilər üzrə 6739,73 manat, faizlər üzrə 939,46 manat), Dövlət Sosial Müdafiə Fonduna 7296,8 manat, İşsizlikdən sığorta fonduna 292,2 manat, İcbari Tibbi Sığorta Fonduna 1163,27 manat olmaqla, ümumilikdə 16431,46 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********570200, xx.xx.2024-cü il tarixli **********256300, xx.xx.2024-cü il tarixli **********684500, xx.xx.2024-cü il tarixli **********005500nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 7 fevral 2025-ci il tarixli e-2-2(121)-1047/2025 saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ərizəçi apellyasiya şikayəti verərək ləğv edilməsi və ərizənin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(121)-1047/2025 nömrəli qətnaməsi ilə ərizə, Maraqlı şəxs ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin xx.xx.2025-ci il tarixdə sistemə daxil edilərək qeydiyyata alınması, yəni maraqlı şəxsin artıq "X6"MMC-nin icra orqanının rəhbəri olmaması səbəbindən təmin edilməmişdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Göründüyü kimi, dəyişiklik faktlarının dövlət reystrində qeydə alınması mütləqdir. Qeydiyyata alınmamış dəyişiklik faktlarına istinad olunması qanunsuzdur. Odur ki, məhkəmə tərəfindən qeydiyyata alınmamış dəyişiklik faktlarına istinad olunması nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən hüquqi şəxslərin reyestrində qeydə alınmamış fakt nəzərə alınmışdır. Həmin faktın təqdim edilməsi ilə bağlı hər hansı bir sübut təqdim edilməmiş, o cümlədən cəmiyyətin icra orqanının rəhbərinin dəyişdirilməsi ilə bağlı vergi orqanına müraciət edilməmişdir. Bütün bunlarla yanaşı, reyestrdə müvafiq dəyişiklik edilməmişdir. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən işdə olan sübutlara düzgün qiymət verilməmiş, o cümlədən maddi hüquq normaları pozulmuşdur. Belə ki, hər hansı dəyişiklik faktının təsdiq edən sübut olmadan məhkəmə Maraqlı şəxs cəmiyyətin rəhbəri kimi tanımamışdır. Halbuki reyestrdə xx.xx.2025-ci il tarixə olan fakta əsasən "X6" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) rəhbəri Maraqlı şəxsdır (reyestr şikayətə əlavə olunur). Vergi Məcəlləsinin 23.1.15-3 - cü maddəsinə görə vergi ödəyicisinin borcuna görə hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması nəzərdə tutulsa da, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə Cəmiyyətin icra orqanının rəhbəri Maraqlı şəxs səlahiyyətlərinə xitam vermək "X6" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətinə aid olsa da, ümumi yığıncağın belə bir qərarı təqdim edilməmiş, məhkəmə isə qətnamə qəbul edərkən bu faktı nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsində Maraqlı şəxs "X6" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri olmadığı, “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən Maraqlı şəxs ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin xx.xx.2025-ci il tarixdə sistemə daxil edilərək qeydiyyata alındığının göründüyü göstərilsə də, bu barədə reyestrdə heç bir dəyişiklik olmamış və məhkəmə qətnaməsi reyestrdə olmayan dəyişikliyə əsasən çıxarılmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz təqdim edilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış ərizəçi məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamış, maraqlı şəxs hər hansı bir üzürlü səbəb olmadan iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda ərizəçi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, ərizənin isə təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilşən qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından ərizəçinin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərdən aşağıdakılar müəyyən olunur : Hüquqi şəxs haqqında məlumata əsasən "X6" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2023-cü il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir. Hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxsdır. O, xx.xx.1966-cı il tarixdə Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində doğulmuşdur (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) və hazırda Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatdadır; Hüquqi şəxsin şəxsi hesab vərəqəsindən görünür ki, "X6" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə borcu 7679.19 manat məbləğində (o cümlədən, vergilər üzrə 6739.73 manat, faizlər üzrə 939.46 manat), Dövlət Sosial Müdafiə Fonduna borcu 7296.8 manat, İşsizlikdən sığorta fonduna borcu 292.2 manat, İcbari Tibbi Sığorta Fonduna borcu 1163.27 manat məbləğində təşkil edir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli tarixli bildirişlərin surətindən görünür ki, maraqlı şəxsə borcun 5 gün müddətində ödənilməsi təklif edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir; Borclu hüquqi şəxs "X6" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisinin 3 fevral 2025-ci il tarixli qərarından görünür ki, Maraqlı şəxs cəmiyyətin direktoru vəzifəsindən azad edilmiş, həmin vəzifəyə X2 təyin edilmişdir; "X6" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 3 fevral 2025-ci ildə ərizə ilə müraciət edərək, cəmiyyətə X1 qanuni təmsilçi təyin olunması barədə məlumat vermişdir; “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, Maraqlı şəxs ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş xx.xx.2025-ci il tarixdə sistemə daxil edilərək qeydiyyata alınmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3 və 355-7.4-cü maddələrinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Qeyd edilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 17.1.6-1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsi müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 83-cü maddəsinə 1 və 2-ci bəndlərinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, vergi ödəyicisi “X6” MMC ilə iş üzrə Maraqlı şəxs arasında münasibətlər əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsi bağlanması yolu ilə yaranmış və həmin münasibətlərə yenə əmək qanunvericiliyinə əsasən xitam verilmişdir. Kollegiya vergi borcu olan hüquqi şəxsin icra orqanının rəhbəri olmayan fiziki şəxsin, həmin hüquqi şəxsin borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ölkədən getmək hüququnun məhdudlaşdırılmasının yolverilməz olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Kollegiya həmçinin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, vergi ödəyicisinin icra orqanının rəhbərinin dəyişməsinin kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydə alınmaması, həmin dəyişikliyin olmaması anlamına gəlmir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 7 fevral 2025-ci il tarixli e-2-2(121)-1047/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Cahid İmanov Tale Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar