Məhkəmə qərarları › İş №2-2(106)-82/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-82/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-82/2023 01.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Komersiya Kollegiyasının hakimləri Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2-2(121)-202/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 3235,42 manat, hesablanmış cəriməyə görə 912,38 manat, ödənilmiş mediasiya rüsumuna görə 60 manat və ödənilmiş dövlət rüsumuna görə 1.50 manat olmaqla, cəmi 4209,30 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2-2(121)-202/2023 saylı qətnaməsi ilə (hakim Elşən Abdullayev) iddia qismən təmin edilmiş, Cavabdeh 3235,42 manat əsas borc, 45 manat cərimə borcu, 60 manat məbləğində mediasiya xərci və 1 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 3341,42 manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2-2(121)- 202/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin “MKT-İmişli” filialı və Cavabdeh arasında bağlanmış 21376132 saylı 2021-ci il mövsümü üzrə xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh 16,4 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 16473 manat 53 qəpik məbləğində avans vəsaiti verilmiş filial dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə cavabdeh tərəfindən 18983,70 kq, 13238 manat 11 qəpik dəyərində xam-pambıq təhvil verilmişdir ki, bu da həm müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur. Bununla da, iddiaçıdan təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Son nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 3235 manat 42 qəpik əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən “MKT-İmişli” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda, müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1 faizi məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 912 manat 38 qəpik təşkil edir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, müqaviləyə tam əməl edilməməsinin təqsiri iddiaçıdadır. Belə ki, pambıq əkin sahəsinə ziyanverici həşərat düşərək əkini və mehsulu mehv edirdi. O, iddiaçıya məlumat verib, mütəxəssis göndərib aqrotexniki qaydada bitkilərin mühafizəsi üçün tədbirlər görülməsini dəfələrlə xahiş etmiş, hətta şirkətin qaynar xəttinə də zeng etmişdir. Lakin iddiaçı müqavilə öhdəliklərinə əməl etməmiş və ona heç bir kömeklik etmemişdir. Əkinə ziyan dəydiyi halda ona heç bir yardım edilmedi. Ona görə də iddia əsassızdır. Bundan başqa, hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Lakin məhkəmə onu dinləsə də, sübutlarını nəzərə almadan qətnamə qebul edib. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsinə səbəbdir. İddiaçının əsassız varlanmaq istəyinə məhkəmə hüquqi qiymət verməyib. Öz hüquqlarını həyata keçirərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir. İddiaçının öz təqsiri olduğu halda, ondan yüksək məbləğdə vəsait tələb etməsinə məhkəmə tərəfindən münasibət bildirilməyib. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə bərabərlik prinsipini pozub. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı va onlardan istifadə etməlidir. Məhkəmə prosesdə onun iştirakını təmin etməyib. Bir neçə dəfə məhkəmənin çağırışına gələrək tələb etmişdir ki, iddiaçı təşkilatın nümayəndəsi gəlsin, ona niyə kömək etmədiklərini aydınlaşdırsın. Buna baxmayaraq, məhkəmə onun iştirakı olmadan işə baxıb əleyhinə qətnamə çıxarıb ki, bunu ədalətli hesab etmək olmaz. Mənim prosesdə iştirakı təmin edilmədiyinə görə sübutlarını təqdim edə bilməmiş, maddənin tələbləri üzrə hüquqları pozulub. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının sübutları saxta olsa da, məhkəmə tərəfindən qiymətləndirilməyib. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki işə obyektiv, qərəzsiz və hərtərəfli məhkəmə baxışı təmin edilməyib. İddiaçı MMC-nin nümayəndəsi X5 izahatında apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, ona görə də, apellyasiya şikayətinin təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2-2(121)-202/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2-2(121)-202/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, işdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 dekabr 2020-ci il tarixli 21376132 saylı 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh 16,40 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan işlərin görülməsi barədə cədvəldən, işlərin görülməsinə dair aktlardan və qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 10169,53 manat məbləğində aqrotexniki xidmətlər göstərilmişdir. İş materiallarında olan bank hesabından çıxarışdan görünür ki, iddia tərəfindən cavabdehin "xxxx" ASC-də olan bank hesabına ümumilikdə 6304 manat məbləğində avans vəsait köçürülmüşdür. İş materiallarında olan 2021-ci il mövsümü üzrə pambıq qəbulu qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 18983,70 kq olmaqla, ümumilikdə 13238,11 manat dəyərində xam pambıq təhvil verilmişdir. İş materiallarında olan Cərimə məbləğinin hesablanması barədə xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 3235,42 manat əsas, 912,38 manat cərimə borcu hesablanmışdır. İşdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh pretenziya məktubu ünvanlanaraq, borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” 16 noyabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 567-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflər arasında öhdəliyin əmələ gəlməsi əsaslarındandır. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. Belə ki, müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Beləcə, qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı, uzlaşmırsa əsassız hesab edilir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC-nin “MKT-İmişli” filialı və Cavabdeh arasında bağlanmış 21376132 saylı 2021-ci il mövsümü üzrə xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh 16,4 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 16473 manat 53 qəpik məbləğində avans vəsaiti verilmiş filial dəyərində zəruri vəsaitlər verilmiş və müxtəlif xidmətlər göstərilmişdir. Lakin Cavabdeh 13238,11 manat dəyərində xam-pambıq təhvil vermişdir. Nəticədə, cavabdehin iddiaçıya 3235,42 manat əsas borcu yaranmışdır. Beləliklə də, Cavabdeh iddiaçı MKT İstehsalat Kommersiya” MMC-nin “MKT- İmişli” filialı ilə aralarında bağlanmış qeyd edilən müqavilə üzrə öz üzərinə götürdüyü bütün öhdəlikləri lazımınca yerinə yetirməmiş və hazırkı dövr üçün onun iddiaçının qarşısında icra edilməmiş borc öhdəliyi vardır. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. Belə ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterlidir və məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərin tam əsassız olduğu qənaətinə gəlir. MM-in 389 və 399-cu maddələrinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, hazırkı iddianın təmin edilməsi üzrə iddiaçı tərəfindən məhkəməyə kifayət qədər mötəbər sübut təqdim edilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. Qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayətində sadalanan dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2-2(121)-202/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2-2(121)-202/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar