Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-83/2025 23.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Əliyev Qasım Vəli oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 6 fevral 2025-ci il tarixli e-2-2(121)-287/2025 saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2024- cü il tarixli, SPARK-033/2024 saylı alqı-satqı müqaviləsi üzrə 50267.41 manat əsas borc, 10000 manat cərimə, 523.33 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, 272.37 manat ödənilmiiş dövlət rüsumu olmaqla, cəmi 61063.11 manat məbləğində pulun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında xx.xx.2024-cü il tarixli, SPARK-033/2024 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə üzrə cavabdehin mülkiyyətinə ümumi dəyəri 50267.41 manat olan müxtəlif markalı beton məhlulu və pompa xidməti təhvil verilmişdir. Təhvil verilən malın və xidmətin dəyəri ödənilməmişdir. Cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Müqavilənin 9.4-cü bəndinə əsasən cavabdehə 10000 manat cərimə, MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə 523 (50267.41x5%=2513.37/365=6.85x76 gün) manat faiz məbləği hesablanmışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa, alıcı hər ay üzrə ona təhvil verilmiş malın dəyərini, mallar təhvil verildikdən sonra 28 gün ərzində ödəməyi öhdəsinə götürür. Müqavilənin 9.4-cü bəndinə əsasən alıcı malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0.01% faiz məbləğində cərimə ödəyir. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı MMC ilə bağlanmış müqavilə və göstərilmiş xidmətlər azad edilmiş ərazilərin bərpası ilə bağlı Cavabdeh MMC-nin icra etdiyi dövlət layihəsi ilə əlaqəli olmuşdur. Həmin layihə üzrə CavabdehMMC-yə edilməli olan ödənişlər edilmədiyindən, MMC-nin də həmin layihə üzrə alınmış xidmətləri ödəməsi mümkün olmamışdır. Həmin layihə üzrə Cavabdeh MMC-yə bir ay ərzində ödənişlərin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı MMC ilə olan mübahisənin barışıq yolu ilə həllinin mümkünlüyünü nəzərə alaraq iş üzrə məhkəmə baxışının bir ay müddətinə təxirə salınması xahiş olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 6 fevral 2025-ci il tarixli e-2-2(121)-287/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdehndən 50267.41 manat (42599.50 manat əsas məbləğ, 7667.91 manat ƏDV məbləği olmaqla) əsas borc, 700 manat cərimə, 523.33 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 51490.74 manat məbləğində pul vəsaiti və 244.47 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edimişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin 700 manatlıq cərimə və 523.33 manat faiz borcu hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, müqavilə üzrə ödənişlərin gecikdirilməsi Cavabdeh MMC-dən asılı olan və ya əvvəlcədən baş verməsini görə biləcəyi səbəblərdən olmamışdır. Belə ki, gecikdirmə Cavabdeh MMC-nin icra etdiyi əsas layihə üzrə ödənişləri vaxtında almaması nəticəsində baş vermişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında olan müqavilə üzrə gecikmələr cavabdehdin təqsiri olmadan baş vermişdir. Buna görə də, cavabdeh icranı gecikdirmiş hesab edilməməli və gecikdirmə səbəbindən 700 manat cərimə və 523.33 manat faiz borcu tətbiq edilməməliidir. Sonradan cavabdeh apellyasiya şikayətinə əlavə verərək qətnamənin 50267.41 manat əsas borc hissəsində 12566.85 manat məbləğində azaldılaraq (25%) və 700 manat məbləğində cərimə, 523.33 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu hissələrində ləğv olunaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, SPARK-033/2024 saylı müqavilə Cavabdeh MMCnin qalib gəldiyi tender nəticəsində həvalə edilmiş dövlət layihəsinin icrası ilə əlaqəli olmuşdur. Həmin dövlət layihəsinin reallaşdırılması üçün Cavabdeh MMC müxtəlif şəxslərlə müqavilələr bağlamış və layihənin icrasını davam etdirmişdir. Lakin İddiaçı MMC ilə bağlanmış müqaviləyə əsasən təhvil verilməli olan məhsullar müxtəlif epizodlarda razılaşdırılmış tarixlərdə çatdırılmamışdır. Buna görə də, layihənin icrası ləngimələrlə üzləşmiş, layihənin icrasında növbəti mərhələlərə keçid vaxtında mümkün olmamışdır. Bu barədə şirkətlə şifahi danışıqlar aparılmışdır. Bununla da, zəncirvari şəkildə ümumi layihənin icrasında, təhvil verilməli olduğu tarixdə, layihə üzrə çalışan işçilərin əmək haqları olmaqla bir çox məsələlərdə problemlər yaranmışdır. Cavabdeh MMC tərəfindən icra olunan layihənin gecikmələrlə üzləşməsi şirkətin maddi ziyana məruz qalmasına səbəb olmuşdur. Göründüyü kimi, İddiaçı MMC tərəfindən müqavilə öhdəlikləri qüsurlu icra olunmuşdur, bununla da Cavabdeh MMC-yə zərər dəymişdir. Bu səbəbdən Cavabdeh MMC ilə İddiaçı MMC arasında şifahi danışıqlar aparılmış və müqavilə üzrə ödənilməli olan vəsait dəymiş zərərə mütənasib olaraq azaldılaraq edilmişdir. Lakin Cavabdeh MMCyə İddiaçı MMC-nin təqsiri nəticəsində dəymiş zərərə baxmayaraq tam ödənişi tələb etməkdədir. Birinci instansiya məhkəməsi tərəfindən yekun məhkəmə aktı çıxarılarkən Mülki Məcəllənin 445.1, 445.2-ci maddəsinin tələbləri nəzərə alınmamış, bununla da iş üzrə əsassız qətnamə çıxarılmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə və ona əlavəyə qarşı yazılı etiraz təqdim edilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflər məhkəmədə üzürlü səbəblər olmadan nümayəndələri vasitəsi ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin nümayəndələrinin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini əsas borcun azaldılmasını tələb etdiyi 12566.85 manat (25%) hissəsində, iddianın qismən təmin olunan dəbbə pulu və gecikdirilmiş vaxt üçün hesablanan faiz pulunun tutulması hissələrdə mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissələrdə yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissələrdə apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında SPARK- 033/2024 nömrəli, xx.xx.2024-cü il tarixli malların alğı-satqısı haqqında müqavilə bağlanmışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa, alıcı hər ay üzrə ona təhvil verilmiş malın dəyərini, mallar təhvil verildikdən sonra 28 gün ərzində ödəməyi öhdəsinə götürür. Müqavilənin 9.4-cü bəndinə əsasən alıcı malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0.01% faiz məbləğində cərimə ödəyir. İş materiallarında olan sənədlərdən (qiymətlərin razılaşma protokolları və elektron qaimələrin surətlərindən) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə mallar satmışdır. Həmin sənədlərdən həmçinin görünür ki, cavabdehin 42599.5 manat məbləğində əsas borc, 7667.91 manat məbləğində ƏDV borcu mövcuddur. İş materialında olan xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktının surətindən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 42599.5 manat məbləğində əsas və 7667.91 manat ƏDV borcu olmaqla, cəmi 50267.41 manat məbləğində borcu vardır. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, cavabdehə ödənilməmiş borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir, 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər, 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından tələb etməkdə haqlıdır. Bununla belə kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil. Bu baxımdan kollegiya cərimə məbləğinin azaldılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı sayır. Apellyasiya şikayətinin dəlillərini illik 5 faizlə hesablanan 523.33 manat məbləğində pulun tutulmasının əsassız olması hissədə tədqiq edən kollegiya həmin dəlilləri də əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Kollegiya hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərinin icrasını gecikdirdiyindən və kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan, iddianı 523.33 manat məbləğində faiz borcunun tutulması hissədə təmin edən birinci insiansiya məhkəməsi maddi hüquq normalarının pozuntusuna yol verməmişdir. İddiaçı MMC ilə bağlanmış müqaviləyə əsasən təhvil verilməli olan məhsulların müxtəlif epizodlarda razılaşdırılmış tarixlərdə çatdırılmamasından dolayı Cavabdeh MMC-nin zərərə məruz qalmasından, bundan irəli gələrək əsas borc məbləğinin 25% azaldılmalı olmasından ibarət apellyasiya şikayətinin dəlilinə qiymət verən kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının verilən malların dəyərinin zamanında ödənilməməsi ilə bağlı cavabdehə ünvanladığı pretenziyalar cavablandırılmamış, şikayətdə qeyd olunan arqumentlərlə bağlı əks pretenziyalar verilməmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı da, cavabdeh tərəf bununla bağlı hər hansı bir dəlilini rəsmi bildirməmiş, qarşılıqlı iddia verməmişdir. Tam əksinə cavabdeh birinci instansiya məhkəməsi nə verdiyi vəsatətdə bildirmişdir ki, layihə üzrə Cavabdeh MMC-yə bir ay ərzində ödənişlərin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı MMC ilə olan mübahisənin barışıq yolu ilə həllinin mümkünlüyünü nəzərə alaraq iş üzrə məhkəmə baxışının bir ay müddətinə təxirə salınması xahiş olunur. Bunlardan da savayı, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlilləri təsdiq edəcək hər hansı bir sübut birinci instansiya məhkəməsinə verilməmiş, apellyasiya şikayətinə əlavəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında mübahisələndirilən hissələrdə ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissələrdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2., 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 6 fevral 2025-ci il tarixli e-2-2(121)-287/2025 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev Cahid İmanov
Məhkəmə qərarları › İş №2-2(106)-83/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-83/2025
23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver