Məhkəmə qərarları › İş №2-2(106)-84/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-84/2025

03.04.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-84/2025 03.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-1398/2025 saylı qərardadından ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası, müəyyənetdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxsin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Elçinoğlu Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-1398/2025 saylı qərardadı ilə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi geri qaytarılmışdır. Ərizəçi şikayət verərək, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2-2(121)-1398/2025 saylı qərardadının ləğv edilməsini və ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. X1 Məhkəməsi ərizəni qeyd olunan əsaslarla geri qaytarmaqla vergi orqanını yuxarıda qeyd olunan hüquqdan məhrum edir. Belə ki şikayətə əlavə olunmuş ekran görüntülərindən də göründüyü kimi maraqlı şəxsin şəxsiyyət vəsiqəsi məlumatlarında maraqlı şəxsin adı Maraqlı şəxs, soyadı XXX, ata adı ElÇİN OĞLU qeyd olunmuşdur. Vergi orqanı da ilk dəfə məhkəməyə müraciət edərkən ərizədə maraqlı şəxs kimi Maraqlı şəxs qeyd etmişdir və Elektron Məhkəmə Sisteminə də maraqlı şəxsi bu adla əlavə etmişdir. Elektron Məhkəmə Sistemində tərəf kimi fiziki şəxs əlavə edərkən tələb olunan məlumatlar kimi (doldurulması mütləq olan ulduzlu xanalar) “Tərəf növü”, “Şəxs növü”,“Ş/V seriya və №-si, “Adı”,“Soyadı” xanaları mövcuddur. Elektron Məhkəmə Sisteminə Məhkəmənin qeyd etdiyi kimi soyad kimi ELÇİN OĞLU, ad olaraq da Maraqlı şəxs yazıb, “əlavə et”seçiminə kiliklədikdə tərəf kimi Maraqlı şəxs XXX ELÇİN OĞLU ( AA4872255) əlavə olunur (şikayətə əlavə olunur). Məhkəmə əvvəlki qərardadlarında maraqlı şəxsin Elçinoğlu Maraqlı şəxs olması səbəbindən ərizədə də bu qaydada qeyd olunmasını bildirdiyindən, iddiaçı tərəfindən ərizədə müvafiq düzəliş edilərək, maraqlı şəxsin adı məhkəmənin qərardadında qeyd olunan formaya uyğunlaşdırılmışdır. Lakin yuxarıda da qeyd olunduğu kimi Elektron Məhkəmə Sisteminə əlavə etdikdən sonra maraqlı şəxsin adı Maraqlı şəxs XXX ELÇİN OĞLU kimi qeyd olunur. Şəxsin hazırda şikayətə əlavə edilən şəxsiyyət vəsiqəsindən də göründüyü kimi məhkəmə ərizəçini əvvəlki qərardadlarında səhv yönləndirərək, maraqlı şəxsin adı Maraqlı şəxs, Soyadı XXX, ata adı Elçin olduğu halda, Elçinoğlu Maraqlı şəxs olduğunu qeyd etmiş, bununla da vergi orqanının ərizəsini əsassız olaraq geri qaytarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5ci maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Həmin Məcəllənin 10-1.9-cu maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir. Yuxarıda qeyd olunanlardaan da göründüyü kimi maraqlı şəxsin adını məhz məhkəmənin qeyd etdiyinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sisteminə əlavə edilməsi mümkün deyil. Belə olan halda ərizəçinin bir imkanı qalır ki, ərizəni kağız daşıyıcıda ya poçt, ya da əlbəəl məhkəməyə təqdim etsin. Bu da yuxarıda qeyd olunan prosessual normalara ziddir. Belə ki, hazırda ərizə ilə məhkəməyə müraciət edilən mübahisə kommersiya mübahisəsidir. Bu halda da hazırkı ərizə yalnız “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə təqdim oluna bilər. Yuxarıda qeyd olunan normalar və işin faktiki hallarından da göründüyü kimi ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizənin Şirvan Kommersiya Məhkəməsi tərəfindən geri qaytarılması qanunvericiliyə uyğun olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-1398/2025 saylı qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin 28.02.205-ci il tarixli, e-2-2(121)- 1398/2025 saylı qərardadından verilmiş şikayətə baxılaraq, şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materillarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli, e-2-2(121)-1398/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qərardad qanuni və əsaslıdır. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, ərizəçi tərəfindən “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilən ərizədə maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilmişdir. Həmin ərizənin xahiş edirəm hissəsində isə Elçinoğlu Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Birinci instansiya məhkəməsi də məhz “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilən ərizədə maraqlı şəxs kimi “Maraqlı şəxs”, həmin ərizənin xahiş edirəm hissəsində isə ölkədən getmək hüququnun məhdudlaşdırılması tələb edilən şəxsin adı isə “Elçinoğlu Maraqlı şəxs” olması qeyd edildiyindən ərizəni geri qaytarmışdır. Göründüyü kimi elektron qaydada göndərilmiş ərizədə maraqlı şəxs kimi Elçinoğlu Maraqlı şəxs adı qeyd olunmalı olduğu halda Maraqlı şəxs qeyd edilmişdir. Həmçinin maraqlı şəxsin şəxsiyyət vəsiqəsində onun adı Maraqlı şəxs XXX Elçin oğlu kimi qeyd edilib. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli, e-2-2(121)-1398/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar