Məhkəmə qərarları › İş №2-2(106)-85/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-85/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-85/2025 23.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Vəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 30 yanvar 2025-ci iltarixli e-2-2(121)-249/2025 saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 62145.88 manat məbləğində pulun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdеh Cavabdeh MMC arasında 4 yanvar 2024-cü il tariхdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin İİ-ci hissəsinin 2-ci bəndinə bəndinə əsasən, bu müqavilə üzrə malların kеyfiyyətini yoхladıqdan sonra onların dəyərini müqavilə və X1 uyğun olaraq malların təhvil-qəbul aktı əsasında göstərilən müddətdə və məbləğdə satıcıya ödəmək alıcı Cavabdeh MMC-nin öhdəliyi kimi nəzərdə tutulmuşdur. Həmin müqavilə üzrə alqı-satqı müqaviləsinin prеdmеti olmuş avadanlıqlar xx.xx.2024-cü il tarixli seriya SH nömrə 001/2024 saylı, xx.xx.2024-cü il tarixli seriya SH nömrə 002/2024 saylı, xx.xx.2024-cü il tarixli seriya SH nömrə 003/2024 saylı, xx.xx.2024-cü il tarixli seriya SH nömrə 004/2024 saylı, xx.xx.2024-cü il tarixli seriya SH nömrə 005/2024 saylı, xx.xx.2024-cü il tarixli seriya SH nömrə 006/2024 saylı və xx.xx.2024-cü il tarixli seriya SH nömrə 007/2024 saylı təhvil-qəbul aktı əsasında tam şəkildə Cavabdeh MMC-yə təhvil vеrilmişdir. Lakin, həmin avadanlıqlara görə cavabdеh Cavabdeh MMC tərəfindən ödənilməli olan ƏDV daxil 62145.88 manat məbləğində pul İddiaçı MMC-yə ödənilməmişdir. Buna görə də İddiaçı MMC tərəfindən prеtеnziya məktubu ilə Cavabdeh MMC-nə müraciət olunmuş, lakin nəticəsi olmamışdır. Odur ki, mövcud iddia tələbi ilə məhkəməyə müraciət еtmək zərurəti yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı MMC-nin vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, izahatında tələb edilən borc məbləğinin tərəflərindən səhv hesablandığını bildirmiş və iddianın 58545.87 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində təmin olunmasını xahiş etmişdir. Cavabdeh MMC-nin vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 izahatında iddianı qismən qəbul etdiklərini, iddiaçıya 58545.87 manat məbləğində borclarının qaldığını bildirmişdir. Şirvan Kommersiya Məhkəməsinin 30 yanvar 2025-ci iltarixli e-2-2(121)-249/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh MMC-dən 58545.87 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını, apellyasiya şikayətində qeyd olunanlar nəzərə alınmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi Cavabdeh MMC-nin qalib gəldiyi tender nəticəsində həvalə edilmiş dövlət layihəsinin icrası ilə əlaqəli olmuşdur. Həmin dövlət layihəsinin reallaşdırılması üçün Cavabdeh MMC müxtəlif şəxslərlə müqavilələr bağlamış və layihənin icrasını davam etdirmişdir. Lakin İddiaçı MMC ilə bağlanmış müqaviləyə əsasən təhvil verilməli olan məhsullar müxtəlif epizodlarda razılaşdırılmış tarixlərdə çatdırılmamışdır. Buna görə də, layihənin icrası ləngimələrlə üzləşmiş, layihənin icrasında növbəti mərhələlər keçid vaxtında mümkün olmamışdır. Cavabdeh MMC tərəfindən icra olunan layihənin gecikmələrlə üzləşməsi şirkətin maddi ziyana məruz qalmasına səbəb olmuşdur. Göründüyü kimi, İddiaçı MMC tərəfindən müqavilə öhdəlikləri qüsurlu icra olunmuşdur, bununla da Cavabdeh MMC-yə zərər dəymişdir. Bu səbəbdən Cavabdeh MMC-nin müqavilə üzrə ödəməli olduğu vəsait dəymiş zərərə mütənasib olaraq azaldılmalı idi. Birinci instansiya məhkəməsi tərəfindən Mülki məcəllənin 445.1 və 445.2-ci maddələri mübahisə üzrə tətbiq edilməmiş, bununla da iş üzrə əsassız qətnamə çıxarılmışdır. Sonradan cavabdeh apellyasiya şikayətinə əlavə verərək qətnamənin 58545.87 manat əsas borc hissəsinin 11709.17 manat (20%) məbləğində azaldılaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli müqavilə Cavabdeh MMC-nin qalib gəldiyi tender nəticəsində həvalə edilmiş dövlət layihəsinin icrası ilə əlaqəli olmuşdur. Həmin dövlət layihəsinin reallaşdırılması üçün Cavabdeh MMC müxtəlif şəxslərlə müqavilələr bağlamış və layihənin icrasını davam etdirmişdir. Lakin İddiaçı MMC ilə bağlanmış müqaviləyə əsasən təhvil verilməli olan məhsullar müxtəlif epizodlarda razılaşdırılmış tarixlərdə çatdırılmamışdır. Buna görə də, layihənin icrası ləngimələrlə üzləşmiş, layihənin icrasında növbəti mərhələlərə keçid vaxtında mümkün olmamışdır. Bu barədə şirkətlə şifahi danışıqlar aparılmışdır. Bununla da, zəncirvari şəkildə ümumi layihənin icrasında, təhvil verilməli olduğu tarixdə, layihə üzrə çalışan işçilərin əmək haqları olmaqla bir çox məsələlərdə problemlər yaranmışdır. Cavabdeh MMC tərəfindən icra olunan layihənin gecikmələrlə üzləşməsi şirkətin maddi ziyana məruz qalmasına səbəb olmuşdur. Göründüyü kimi, İddiaçı MMC tərəfindən müqavilə öhdəlikləri qüsurlu icra olunmuşdur, bununla da Cavabdeh MMC-yə zərər dəymişdir. Bu səbəbdən Cavabdeh MMC ilə İddiaçı MMC arasında şifahi danışıqlar aparılmış və müqavilə üzrə ödənilməli olan vəsait dəymiş zərərə mütənasib olaraq azaldılaraq edilmişdir. Lakin Cavabdeh MMC-yə İddiaçı MMC-nin təqsiri nəticəsində dəymiş zərərə baxmayaraq tam ödənişi tələb etməkdədir. Birinci İnstansiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1 və 445.2-ci maddələri tətbiq edilməmiş, bununla da iş üzrə əsassız qətnamə çıxarılmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə və ona əlavəyə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdeh hər hansı bir üzürlü səbəb olmadan məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamışdır və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən olunan borc məbləğinin 20% azaldılmasını xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinliyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materillarında olan sənədlərlə aşağıdakılar məyyən olunur: Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 4 yanvar 2024-cü il tarixli 001/2024 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı" tərəfindən ona məxsus malların “Alıcı”ya satılması, “Alıcı” tərəfindən isə satılan malların dəyərinin “Satıcı”ya ödənilməsi müqavilənin predmetini təşkil etmişdir. Müqavilənin 1-ci bəndinə əsasən hər partiya satılan malların adları, çeşidi, miqdarı, qiymət və məbləği bu müqavilənin ayrılmaz hissəsi olan “X2”na əsasən müəyyən ediləcəkdir. Müqavilənin 2-ci bəndinə əsasən, satılan malların dəyəri satıcının bank hesabına ödənildikdən sonra mallar qanunvericilikdə nəzərdə tutulmuş sənədlərlə birlikdə satıcı tərəfindən 5 bank günü müddətində alıcıya təhvil verilir. Təhvil-qəbul aktları və qiymət razılaşdırma protokollarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 76252.18 manat olan mallar təhvil verilmişdir. Elektron qaimə-fakturaların surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş malların ümumi dəyəri 76252.18 manat təşkil etmişdir. Ödəniş tapşırıqlarının surətindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMCnin bank hesabına ümumilkdə cəmi 17706.31 manat məbləğində pul vəsaiti köçürülmüçdür. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 4 yanvar 2024-cü il tarixli 001/2024 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 62145.88 manat məbləğində borcunun 5 iş günü ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC-nə xəbərdarlıq edilmişdir Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir; 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarına əlavə olunan sənədlərlə tərəflər arasında xx.xx.2024-cü il tariхdə bağlanmış 001/2024 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin formalaşdığı, alıcı qismində çıxış edən Cavabdeh MMC-nin satıcı qismində çıxış edən İddiaçı MMC qarşısında almış olduğu mallara görə, malların dəyərinin tam olaraq ödənilməsi formasında icra edilməmiş pul öhdəliyinin yarandığı müəyyən olunur. Bu iş materiallarına əlavə edilən elektron qaimə fakturalar, cavabdeh tərəfindən köçürmə yolu ilə edilən ödənişlər, verilən malların dəyərindən edilən ödəniş məbləği çıxılarkən 58545.87 manat borcun qalması, cavabdehin vəkili və nümayəndəsinin birinci instansiya məhkəməsində 58545.87 manat borcun mövcudluğunu etiraf etməsi ilə tam təsdiqini tapır. Əşyanı təhvil almış alıcı (cavabdeh) onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən, satıcı (iddiaçı) verilmiş əşyanın ödənilməsini tələb etməkdə tam haqlı olmuşdur. İddiaçı MMC ilə bağlanmış müqaviləyə əsasən təhvil verilməli olan məhsulların müxtəlif epizodlarda razılaşdırılmış tarixlərdə çatdırılmamasından dolayı CavabdehMMC-nin zərərə məruz qalmasından, bundan irəli gələrək borc məbləğinin 20% azaldılmalı olmasından ibarət apellyasiya şikayətinin dəlilinə qiymət verən kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının verilən malların dəyərinin zamanında ödənilməməsi ilə bağlı cavabdehə ünvanladığı pretenziyalar cavablandırılmamış, şikayətdə qeyd olunan arqumentlərlə bağlı əks pretenziyalar verilməmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı da, cavabdeh tərəf bununla bağlı hər hansı bir dəlilini rəsmi bildirməmiş, qarşılıqlı iddia verməmişdir. Bunlardan da savayı, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlilləri təsdiq edəcək hər hansı bir sübut birinci instansiya məhkəməsinə verilməmiş, apellyasiya şikayətinə əlavəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında mübahisələndirilən hissədə ləğvi, yaxud da dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 30 yanvar 2025-ci iltarixli e-2-2(121)-249/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar