Məhkəmə qərarları › İş №2-2(106)-86/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-86/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-86/2023 11.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və İsmayılov Orxan Nadir oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli e-2-2(121)-2375/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh ərizəsinin rədd edilməsinə dair Şirvan Kommersiya Məhkəməsinin 26 may 2023-cü il tarixli 2-2(121)-2375/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏNETDİ: Şirvan Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli e-2-2(121)-2375/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 32035,27 manat əsas borc, 410 manat məbləğində cərimə borcu, 205 manat məbləğində mediasiya xərci və ödənilmiş 5.30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 32655,57 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən 03 may 2023-cü il tarixdə apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməmiş hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 26 may 2023-cü il tarixli e-2-2(121)-2375/2022 saylı qərardadına əsasən Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli e-2-2(121)-2375/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin rədd edilməsi, Şirvan Kommersiya Məhkəməsinin e-2- 21 dekabr 2022-ci il tarixli 2(121)- 2375/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh qərardaddan şikayət verərək, Şirvan Kommersiya Məhkəməsinin 26 may 2023-cü il tarixli e-2-2(121)-2375/2022 saylı qərardadının ləğv edilərək, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, müddətin ötürülməsinin səbəbi kimi qətnamənin ona poçt vasitəsi ilə göndəriləcəyini zənn etməyi olmuşdur. Amma əslində kommersiya məhkəmələrində isə bu belə deyilmiş. Sonradan yəni qətnamənin ünvanına gəlmədiyini görüb Şirvan Kommersiya Məhkəməsinə ərizə ilə müraciət etdikdən sonra ona məlum olub ki, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərə sənədlər onların elektron kabinetinlərinə göndərilir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında məhkəmə bildirişləri isə ona poçt vasitəsi ilə göndərilmişdir. O da məhkəmə iclaslarında iştirak edən vaxtlarda ona sənədlərin elektron qaydada məhkəməyə göndərilməsi və məhkəmə sənədlərinin elektron kabinetlərə göndərilməsi haqqda heç bir məlumat izahat verilməmişdir. O sadə bir əkinçidir. Qanunlarda olan dəyişiklikdən xəbərsizdir. İşdə də vəkili olmayıb, məhkəmə də ona bu elektron qaydalar haqqda heç bir bilgi verməyib və üstəgəl məhkəmə bildirişləri poçt vasitəsi ilə göndərilib. Belə olan halda o hardan bilərdi ki, bəs elektron kabineti məhkəmədən sonra izləmək lazımdır. Onun adına elektron kabinet vardır. Bunu o torpaq icarədarı olduğu üçün açıblar. O bilmirdi ki, məhkəmə də həmin kabinetdən istifadə edəcək. Bu haqqda tamamailə məlumatı olmayıb. Həmin elektron kabinetdən də ildə bir və ya iki dəfə istifadə edir ki, vergiyə icarə haqqı ödəsin. Onu da yaşadığı kənddə evində deyil rayon mərkəzində internet mərkəzlərinə gedib orada işləyən şəxslərin vasitəsi ilə icra edir. Yaşadığı kənddə əvvəla internet yox dərəcəsindədir. Hazırda 3 ay olar ümumiyyətlə söküblər deyirlər ki, təzə müasir xətt çəkəcəyik sürətli olacaq. İkinci isə onun bu elektron kabinet işlərindən o qədər də başı çıxmır. Üçüncüsü onun heç kompyüteri yoxdur. Ancaq elektron kabinet açarkən ona o kabinetin kodunu yazıb veriblər ki. bu kodla daxil olmaq olar. Göründüyü kimi apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının səbəbləri ondan asılı olmamışdır. Qətnamənin ona verilməsi üçün Şirvan kommersiya Məhkəməsinə müraciət etdikdən sonra ona məlum olub ki, qanular dəyişib və o bundan sonra həmin qətnaməni elekrton kabinetdən əldə etməklə apellyasiya şikayətini elektron qaydada vermişdir. Lakin məhkəmə bütün bu halları üzrlü hesab etməmiş və sonda qeyd oluna qəradadı qəbul etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 09 iyun 2023-cü il tarixli 2-2(121)-2375/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, İddiaçı MMCnin şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 26 may 2023-cü il tarixli 2-2(121)-2375/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. MPM-in 135.5-ci maddəsinin tələbinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. MPM-in 135.8-ci maddəsinə görə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Habelə, MPM-in 227.4-cü maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materialları ilə müəyyən edilir ki, Şirvan Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli e-2-2(121)-2375/2022 saylı qətnaməsi qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edildikdən sonra 06 yanvar 2023-cü il tarixdə Cavabdeh “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilmişdir. Ancaq cavabdeh həmin qətnamədən apellyasiya şikayətini elektron kabinetində yerləşdirməklə 03 may 2023-cü il tarixdə vermişdir. İşdə olan Biləsuvar rayon İcra və Probasiya şöbəsinin Tələbin könüllü icrası haqqında 21 fevral 2023-cü il tarixli Bildirişindən və Cavabdeh izahatından görünür ki, o, adıçəkilən qətnamədən 27 fevral 2023-cü il tarixdə məlumatlı olmuş, icra sənədi üzrə borcunu tam ödəməyə imkanı yoxdur, evində xəstəsi var və hissə-hissə ödəyəcəkdir. Həmin qətnamədən apellyasiya şikayəti verəcəkdir. İşdən görünür ki, iddiaçı qeyd edilən qətnamədən vermiş olduğu apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizəsi 03 may 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə müddəti ötürülməklə göndərilmişdir. MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İş materiallarından görünür ki, Cavabdeh məhkəmənin mübahisə olunan qətnaməsindən apellyasiya şikayəti müddətini üzrlü səbəbdən ötürməsini göstərsə də, bu halı təsdiq edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, məhkəmə tərəfindən çıxarılmış hər hansı qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir. Kollegiya eyni zamanda, diqqətə çatdırmağı zəruri hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair Şirvan Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli e-2- 2(121)-2375/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə Cavabdeh ərizəsinin rədd edilməsinə dair Şirvan Kommersiya Məhkəməsinin 26 may 2023-cü il tarixli 2-2(121)-2375/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 26 may 2023-cü il tarixli 2-2(121)-2375/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şirvan Kommersiya Məhkəməsinin 26 may 2023-cü il tarixli 2-2(121)-2375/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 26 may 2023-cü il tarixli 2-2(121)-2375/2022 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar