Məhkəmə qərarları › İş №2-2(106)-87/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-87/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-87/2023 26.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 04 may 2023-cü il tarixli 2(121)-419/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: Şirvan Kommersiya Məhkəməsinin 04 may 2023-cü il tarixli 2-2(121)-419/2023 saylı qətnaməsi ilə (hakim Zaur Abbasov) iddia təmin edilərək, Cavabdeh tərəflər arasında bağlanmış 28 sentyabr 2021-ci il tarixli müqavilə üzrə yaranmış 15712,50 manat borc və mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 200 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 137,14 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-419/2023 saylı 04 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 28 sentyabr 2021-ci il tarixli müqavilə üzrə yaranmış 15712,50 manat borcun və mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 200 manat haqqın Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 28 sentyabr 2021-ci il tarixində 124 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən iddiaçı sifariş edilmiş malları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malları qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 3.1.1-ci bəndinə əsasən “Satıcı” tərəfindən təhvil verilmiş malı qəbul etmək və malın dəyərini 2.2-ci maddədə nəzərdə tutulmuş qaydada ödəmək “Alıcı”nın vəzifəsidir. Lakin cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Maliyyə arayışına görə Cavabdeh İddiaçı MMC-yə 15712,50 manat borcu qalmışdır. Cavabdeh tərəfindən ödənilməmiş borc öhdəliyinin icra edilməsi barədə ona dəfələrlə şifahi və 03 iyun 2022-ci il tarixində APC-68/2022 nömrəli bildirişlə isə yazılı müraciət edilmişdir. 21 iyul 2022-ci il tarixində mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh öhdəliyin icrasından qərəzli olaraq yayınaraq iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini kobud surətdə pozmağa davam etmişdir. Cavabdeh 15 avqust 2022-ci il tarixində keçirilmiş ilkin mediasiya sessiyasında da iştirak etməmişdir. Ona görə də, cavabdeh tərəfindən borc öhdəliyinin icra edilməsi barədə məhkəməyə müraciət edilməsinə zərurət yaranmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin tələbinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etmək hüququ vardır. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən onun bu halı mübahisələndirmək və sübutlarını təqdim etmək üçün prosessual imkanım olmamışdır. Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzrlü hesab etdikdə işə baxılmasını təxirə salır. Məhkəmə iclasını təxirə salaraq ona məhkəmə iclasının vaxtı barədə məlumat verməmişdir. İddiaçının iddiasının təmin olunması zamanı məhkəmə iddiaçının mənafeyinə uyğun şəkildə müqavilənin şərtlərinə mənim tərəfimdən riayət edilməməsini müəyyən etmişdir. Halbuki, satıcının verdiyi mal lazımi keyfiyyətdə olmamışdır. Buna dair Akt da tərtib olunmuşdur. Həmin məqamı tam araşdırmayan məhkəmə mövcud olan sübutlara münasibətdə yalnış hüquqi nəticəyə gəldiyindən məhkəmənin sözügedən qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddiaçı nümayəndəsi X4 məhkəmədə cavabdehin apellyasiya şikayətini qəbul etməyərək göstərmişdir ki, cavabdeh müxtəlif bəhanələrlə işin uzadılmasına çalışır. Belə ki, Cavabdeh birinci instansiya məhkəməsində də heç vaxt məhkəmə proseslərində iştirak etməmişdir. Qeyd edilməlidir ki, tərəflər arasında əvvəlki dövrlərdə də bu cür işgüzar münasibətlər olmuş və eyni qaydada altı-satqı müqavilələri üzrə müvafiq qaydada cavabdehə mal verilmiş və cavabdeh tərəfindən isə müəyyən edilmiş məbləğdə ödənişlər edilmişdir. Bununla da, tərəflər arasında həqiqətən də etibarlı işgüzar münasibətlər mövcud olmuşdur. Cavabdeh isə hazırkı işdən və apellyasiya şikayətindən görünür ki, bu münasibətləri danmır, iddiaçı tərəfindən ona malın verilməsini inkar etmir, sadəcə olaraq iddiaçıdan aldığı məsulun keyfiyyətsiz olması barədə formal dəlillər göstərməklə ödənişin həyata keçirilməsindən yayınmaq istəyir. Buna görə də, o, iş üzrə apellyasiya şikayətinin təmin olunmaması və qətnamənin dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış apellyasiya şikayətini vermiş Cavabdeh məhkəmədə iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxslərin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 04 may 2023-cü il tarixli 2-2(121)-419/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında imzalanmış 1 saylı Əlavəyə əsasən, 1 kq “sümük unu”nun qiyməti 0,30 manat, 2 saylı Əlavəyə əsasən isə, 1 kq “2-ci növ sümük unu”nun qiyməti 0,20 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 423613 nömrəli “malların təhvil-qəbul aktı”ndan görünür ki, dəyəri 1.161 manat olan 7.740 kq “ət sümük unu”, xx.xx.2022-ci il tarixli 423616 nömrəli “malların təhvil-qəbul aktı”ndan görünür ki, dəyəri 1.841 manat olan 5.260 kq “ət sümük unu”, xx.xx.2022-ci il tarixli 423617 nömrəli “malların təhvil-qəbul aktı”ndan görünür ki, dəyəri 1.038 manat olan 6.920 kq “ət sümük unu”, xx.xx.2022-ci il tarixli 423620 nömrəli “malların təhvil-qəbul aktı”ndan görünür ki, dəyəri 1.386 manat olan 3.960 kq “ət sümük unu”, xx.xx.2022-ci il tarixli 423621 nömrəli “malların təhvil-qəbul aktı”ndan görünür ki, dəyəri 1.284 manat olan 8.560 kq “ət sümük unu”, xx.xx.2022-ci il tarixli 423624 nömrəli “malların təhvil-qəbul aktı”ndan görünür ki, dəyəri 3.871 manat olan 11.060 kq “ət sümük unu”, xx.xx.2022-ci il tarixli 423630 nömrəli “malların təhvil-qəbul aktı”ndan görünür ki, 1.134 manat olan 3.240 kq “ət sümük unu”, xx.xx.2022-ci il tarixli 423631 nömrəli “malların təhvil-qəbul aktı”ndan görünür ki, dəyəri 876 manat olan 5.840 kq “ət sümük unu”, xx.xx.2022-ci il tarixli 423635 nömrəli “malların təhvil-qəbul aktı”ndan görünür ki, dəyəri 558 manat olan 3.720 kq “ət sümük unu”, xx.xx.2022-ci il tarixli 423449 nömrəli “malların təhvil-qəbul aktı”ndan görünür ki, dəyəri 2.856 manat olan 8.160 kq “ət sümük unu” “Təhvil verən” (iddiaçının nümayəndəsi) tərəfindən “Təhvil alan”a (cavabdehin nümayəndəsinə) təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 531616 nömrəli elektron qaiməyə əsasən 1.161 manat; xx.xx.2022-ci il tarixli 730709 nömrəli elektron qaiməyə əsasən 1.038 manat; xx.xx.2022-ci il tarixli 730710 nömrəli elektron qaiməyə əsasən 1.841 manat; xx.xx.2022-ci il tarixli 098346 nömrəli elektron qaiməyə əsasən 1.284 manat; xx.xx.2022-ci il tarixli 098349 nömrəli elektron qaiməyə əsasən 1.386 manat; xx.xx.2022ci il tarixli 235427 nömrəli elektron qaiməyə əsasən 3.871 manat; xx.xx.2022-ci il tarixli 537251 nömrəli elektron qaiməyə əsasən 1.134 manat; xx.xx.2022-ci il tarixli 537249 nömrəli elektron qaiməyə əsasən 876 manat; xx.xx.2022-ci il tarixli 622708 nömrəli elektron qaiməyə əsasən 558 manat; xx.xx.2022-ci il tarixli 926042 nömrəli elektron qaiməyə əsasən 2.856 manat məbləğində mal İddiaçı tərəfindən Cavabdeh təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh borcu 15712,50 manat məbləğ təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinə əsasən yaranmış 20.712,50 manat məbləğində borcun xx.xx.2022-ci il tarixinədək tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2022-ci il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “Ödəniş tapşırığı”nın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına 200 manat məbləğdə vəsait ödəmişdir. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçının müqavilənin obyekti olan malları bir neçə partiyalarla cavabdehə təhvil verməsi işin mübahisəsiz hallarını təşkil edir. İddiaçı cavabdehin müqavilə üzrə öhdəliyini lazımınca icra etməyərək aldığı malların qiymətini tam ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqaviləyə, malların təhvil-qəbul aktlarına, cavabdehə göndərilmiş elektron qaimələrə, maliyyə arayışına, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər həm pretenziya qaydasında, həm də mediasiya prosesində tələblə çıxış etməsinə istinad edir. Cavabdeh tərəfindən iddiaçının qeyd olunan tələbinə etiraz, tələbin tam və ya qismən əsassızlığına dair sübut məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, təhvil-təslim aktlarını, elektron qaimələri və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 15712,50 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Tələb olunan 15712,50 manat məbləğində borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh iddiaya qarşı etiraz verməmiş və ya iddia tələbinin əsassızlığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə əsas borc qalığı kimi tələb olunan 15712,50 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alqı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası haqlı və qanunidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Tətbiq edilməli hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı halda apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam şəkildə mübahisələndirilmişdir. Buna görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə bütövlükdə yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası məhkəməyə təqdim edilmiş və tədqiq edilmiş bütün mötəbər sübutlar üzrə tam və hərtərəfli araşdırma aparaq hesab edir ki, cavabdehin apellyasiya şikayətinin heç bir mötəbər sübuta əsaslanmayan və hal-hazırda qüvvədə qanunvericiliyin imperativ normalarına söykənməyən formal xarakter daşıyan dəlilləri hazırkı mübahisələndirilən qətnamənin ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsas deyildir. Belə ki, apellyasiya şikayətində qətnamə qəbul edilərkən onun bu halı mübahisələndirmək və sübutlarını təqdim etmək üçün prosessual imkanının olmaması, satıcının verdiyi malın lazımi keyfiyyətdə olmaması və buna dair Aktın da tərtib olunması barədə göstərilmiş dəlillərə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi, Cavabdeh öz apellyasiya şikayətində müqavilədə göstərilmiş malları qəbul etməsini inkar etmir və bu hal mübahisəsiz haldır. Bu baxımdan hazırkı halda tərəfindən qəbul edilmiş iddiaçıya məxsus malların dəyərini ödəməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh hər iki məhkəmə instansiyasında sadəcə əsassız dəlillər gətirməklə kifayətlənmişdir. Qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə, nəzərə alınmalıdır ki, MM-in 404.1 və 404.2-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Habelə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarına görə mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Bundan əlavə, kollegiya diqqətə çatdırır ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, apellyasiya şikayətinin təmin edilərək, hazırkı qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Belə ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı qənaətini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası apellyasiya şikayətinin heç bir mötəbər sübutla öz təsdiqini tapmayan dəlillərini formal mülahizə hesab edir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlir. Ona görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 04 may 2023-cü il tarixli 2-2(121)-419/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 04 may 2023-cü il tarixli 2-2(121)-419/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar