Məhkəmə qərarları › İş №2-2(106)-87/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-87/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-87/2024 16.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət məhkəmə tərkibində, Cavabdeh iştirakı ilə, İddiaçı “X6 Kompleksi” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 13 fevral 2024-cü il tarixli e-2-2(121)-129/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı “X6 Kompleksi” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsas borca görə 80703 manat, hesablanmış cərimə borcuna görə 16140,60 manat və ödənilmiş dövlət rüsumuna görə 380,53 manat olmaqla, cəmi 97.224,13 manat məbləğdə pul vəsaitinin cavabdehdən alınaraq “X6 Kompleksi” MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı qismində “X6 Kompleksi” MMC, tədarükçü qismində “X6 Kompleksi” MMC-nin “X7 və Tədarük Məntəqəsi” filialı və fermer Cavabdeh arasında bağlanmış 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli 062 saylı və 2022-ci il mövsümü üzrə xx.xx.2022-ci il tarixli 137 saylı xam pambığın alğı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan ümumilikdə 217732,58 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh 137029,01 manat borcunu xam pambıqla ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli 062 saylı, 2022-ci il mövsümü üzrə xx.xx.2022-ci il tarixli 137 saylı müqavilənin 2.1.1, 2.1.7 və 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 80703,57 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam pambığın 1 tonunun qiyməti 650 manatdır.) 20 faiz həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 16140,60 manat təşkil edir. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, məsələnin məhkəmədən kənar həllinə hec bir təşəbbüs göstərilməmişdir. Beləliklə, cavabdeh müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-129/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 80703 manat borc, 810 manat cərimə borcu və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 380,53 manat olmaqla, ümumilikdə 81893,53 (səksən bir min səkkiz yüz doxsan üç manat əlli üç qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın 15330,60 manat məbləğində cərimə borcunun cavabdehdən tutulması hissəsində təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında bağlanmış xam pambığın alğı-satqısı müqaviləsinə əsasən onun öhdəliyində olan pambıq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambığı alıcıya satmağı öhdəsinə götürmüşdür. Həmin öhdəlik üzrə o iddiaçı MMC-yə 137029,01 manat hissədə xam pambıqla qaytarmışdır. Lakin sonradan su problemi olduğu üçün, pambığı təhvil verərkən zibillik fazinin yüksək olması səbəbindən, habelə pambıq sahəsinə xəstəlik düşməsi səbəbindən qalan borcu qaytara bilməmişdir. Bütün bunlara dair mötəbər sübutlarını məhkəməyə təqdim etsə də, lakin onun sübutları məhkəmə tərəfindən tədqiq edilməmiş və onlara səthi yanaşılmışdır. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iş üzrə kənd təsərrüfatı üzrə mütəxəssis rəyinə ehtiyac var. Birinci müqaviləni xx.xx.2019-cu ildə, ikinci müqaviləni xx.xx.2020-ci ildə, üçüncü müqaviləni xx.xx.2021-ci il tarixdə bağlamışlar. Üzləşmə aktındakı imzalar ona məxsusdur. Həmin aktları imzalayan zaman ona hər hansı bir təsir və ya təzyiq olmamışdır. Borcun yazılmasını qəbul edir. Sadəcə olaraq burada borcun yaranması səbəblərini aydınlaşdırmaq lazımdır. Su probleminin olması, pambığı təhvil verərkən zibillik faizinin 28 faiz olması və pambıq sahəsinə xəstəlik düşməsi səbəbindən borcunu ödəyə bilməmişdir. Müqavilə sentyabr, oktyabr aylarında bağlanmalıdır ki, növbəti ilə hazırlıq görülə bilsin. İddiaçı tutulma faizini yüksək qoyumuşdur deyə, ziyana düşmüşdür. Məhkəməyə fotoşəkillər təqdim etmişdir ki, həmin fotoşəkillər borcun yaranması ilə əlaqədardır. Birinci instansiya məhkəməsi zamanı onları təqdim etmiş, lakin işə baxan hakim fotoşəkilləri qəbul etməmişdir. İddiaçının məqsədi ona müəyyən iqtisadi problemlər yaşatmaqdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin exx.xx.2024-cü il tarixli 2-2(121)-129/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan “X6 Kompleksi” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “2021-ci il mövsümü üzrə xam pambığın alğı-satqısına dair” 062 saylı müqavilədən görünür ki, həmin müqaviləyə əsasən cavabdeh öhdəsində olan 53,10 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam-pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan “X6 Kompleksi” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “2022-ci il mövsümü üzrə xam pambığın alğı-satqısına dair” 137 saylı müqavilədən görünür ki, həmin müqaviləyə əsasən cavabdeh öhdəsində olan 50 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 32 sentnerdən az olmamaqla xam-pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Üzləşmə Aktı”ndan görünür ki, xx.xx.2022-ci il tarixə fermer Cavabdeh "xxxx" MMC-nin X7 və Emalı Zavoduna 97116,03 manat borcu olması müəyyən edilmişdir. Həmin üzləşmə aktı Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan X10 İnkişaf Mərkəzinin və "xxxx" MMC-nin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, fermer Cavabdeh xx.xx.2020-ci il tarixdə axşam saat 19:20 radələrində "xxxx" MMC Saatlı filialına əl ilə yığılmış, İ növ, fiziki çəkidə 3460 kiloqram xam pambıq gətirmişdir. Gətirilmiş xam pambığın qəbuluna dair təlimatın tələblərinə uyğun olaraq gətirilmiş xam pambıqdan keyfiyyət və kəmiyyət göstəricilərini təyin etmək üçün sınaq nümunəsi götürülmüşdür. Nümayəndənin iştirakı ilə laboratoriya təhlilindən keçirilərkən 3460 kq fiziki çəkidi qəbul edilmiş İ növ xam pambığın zibilliyi 37.3 faiz, nəmliyi isə 21.0 faiz olduğu müəyyən edilmişdir. İşdə olan Cavabdeh tərəfindən “X6 Kompleksi” MMC-nin X7 və emalı zavodu filialına ünvanlanmış ərizədən görünür ki, o, 2022-ci il mövsümündə 50 hektar sahədə pambıq əkib və hər hektara görə şirkətə 32 sentnerdən az olmayaraq mövcud standartlara cavab verən xampambıq təhvil vernəyi və 2021-ci il mövsümü üzrə xam pambığın alğı-satqısına dair onunla bağlanılmış müqaviləyə əsasən qalmış 38000 manat borcu 2022-ci ildə yetişdirilib təhvil veriləcək pambıq məhsulu hesabına ödəməyi öz öhdəsinə götürmüşdür. Bunun müqabilində ardıcıl olaraq ona avans və pambıq əkiləcək torpağın şum edilməsindən başlayaraq pambığın yığılmasınadək maksimum 41000 manat dəyərində aqrotexniki tədbirlərin görülməsini xahiş etmişdir. Cavabdeh ərizəsində hər hansı səbəbdən pambıq əkməyəcəyi təqdirdə 2022-ci ildə götürdüyü avansı və 2021-ci il mövsümü üzrə xam pambığın alğı-satqısına dair onunla bağlanılmış müqaviləyə əsasən qalmış borcu avans götürülən tarixdən 60 gün ərzində 2 misli məbləğində qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan “X6 Kompleksi” MMC tərəfindən tərtib edilmiş maliyyə arayışında qeyd edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilələrə əsasən 2021-2022-ci il mövsümü üzrə ümumilikdə 80703,57 manat avans borcu qalmışdır. İş materiallarında olan “X6 Kompleksi” MMC-nin Cavabdeh ünvanladığı pretenziya məktubundan görünür ki, təhvil götürülmüş avans vəsaitlərin dəyərinə görə 80703 manat məbləğində borcunun olması və borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 380,53 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə bildirmişdir ki, tələbin hüquqi əsasını “X6 Kompleksi” MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli “2021-ci il xampambığın alğı-satqısına dair” 062 saylı və xx.xx.2022-ci il tarixli “2022-ci il xam-pambığın alğı-satqısına dair” 137 saylı müqavilələr təşkil edir. xx.xx.2021-ci il tarixli 062 saylı müqaviləyə əsasən istehsalçı mülkiyyətində olan və ya icarə (istifadə) müqaviləsi əsasında istifadə etdliyi 53,10 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla, həmçinin xx.xx.2022-ci il tarixli 137 saylı müqaviləyə əsasən istehsalçı mülkiyyətində olan və ya icarə (istifadə) müqaviləsi əsasında istifadə etdliyi 50 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 32 sentnerdən az olmamaqla xam pambıq istehsal edib “Alıcı”nın mülkiyyətinə verməyi və tədarük edilən xam pambığın dəyərini “Tədarükçü” vasitəsi ilə həyata keçirməyi öhdəsinə götürmüşdür. Bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən Cavabdeh işlərin görülməsi üçün ümumilikdə 217732,58 manat məbləğdə avans ayrılmışdır. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya 137029,01 manat xam pambıq qaytarmaqla nəticədə hər iki müqavilə üzrə cəmi 80703,57 manat borcu qalmışdır. Göründüyü kimi, tərəflər arasında xam pambığın alğı-satqısına dair müqavilələr bağlanmış, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Tərəflər arasında xx.xx.2022-ci il tarixli üzləşmə aktı imzalanmışdır. Həmin akta əsasən xx.xx.2022-ci il tarixə fermer Cavabdeh "xxxx" MMC-nin X7 və Emalı Zavoduna 97116,03 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Həmin üzləşmə aktı Cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli 062 saylı və 2022-ci il mövsümü üzrə xx.xx.2022-ci il tarixli 137 saylı xam pambığın alğı-satqı müqavilələrinə əsasən ona ümumilikdə 217732,58 manat məbləğində avans vəsaitlərin verildiyini, aqrotexniki xidmətlərin göstərildiyini, həmin borcun 137029,01 manat hissəsini xam pambıqla qaytardığını, lakin 80703 manat borcunun qaldığını bildirmişdir. Tərəflər arasında alğı-satqı müqavilələrinin bağlanılması və həmin müqavilələr üzrə 80703 manat borcun mövcudluğu işin mübahisəsiz hallarıdır. Belə olan halda, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, iddia əsas borca münasibətdə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. cavabdeh keçirilən məhkəmə iclaslarında verdiyi izahatında su problemi olduğunu, pambığı təhvil verərkən zibillik faizinin yüksək müəyyən edildiyini, habelə pambıq sahəsinə xəstəlik düşdüyü səbəbindən qeyd olunan borcu qaytara bilmədiyini qeyd etmişdir. Məhkəmə, suyun iddiaçı tərəfindən verilməməsi ilə bağlı cavabdehin izahatında qeyd etdiyi halları araşdıraraq müəyyən etdi ki, suyun verilməsi ilə bağlı “X6 Kompleksi” MMC-nin öhdəlik daşıması nə tərəflər arasında bağlanmış müqavilə şərtlərində, nə də ki, işdə olan sənədlərlə öz təsdiqini tapmır. Pambıq təhvil verilərkən zibillik faizinin yüksək müəyyən edildiyi ilə bağlı məhkəmə qeyd edir ki, həmin hal borcun mövcudluğunu təkzib edən hal deyildir. Halbuki, cavabdeh üzləşmə aktını imzalayaraq 80703 manat borcunun olduğunu təsdiq etmişdir. Sonradan üzləşmə aktının cavabdeh tərəfindən mübahisələndirildiyi işdə olan sənədlərlə müəyyən olunmur. Bu halda cavabdeh pambıq təhvil verilərkən zibillik faizinin yüksək müəyyən edilməsi ilə bağlı ona dəymiş ziyanı məhkəməyə müraciət etməklə mübahisələndirə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-in 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 390.4-cü maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. MM-in 599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. MM-in 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. MM-in 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, cavabdeh iddiaçıya olan 80703 manat məbləğdə borcunu xx.xx.2022-ci il tarixli Üzləşmə aktı ilə də etiraf etmişdir. Habelə MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd etdiyi hüquqi mövqeyə görə mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin qərarda qeyd edilən digər hüquqi mövqeyə görə sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. İşin hallarından görünür ki, “X6 Kompleksi” MMC ilə “X6 Kompleksi” MMC-nin “X7 və Tədarük Məntəqəsi” filialı və fermer Cavabdeh arasında 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli 062 saylı və 2022-ci il mövsümü üzrə xx.xx.2022-ci il tarixli 137 saylı “Xam pambığın alğı-satqı müqaviləsi” bağlanmışdır. Hazırkı mübahisə Cavabdeh müqavilə üzrə öhdəliyini icra etmədiyi hissə - 80703 manat borcun və borc hesablanmış cərimənin ödənilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə işdə olan sübutlar əsasında düzgün araşdırılmış və qanuni nəticəyə gəlinmişdir. Belə ki, cavabdeh məhkəmə icraat zamanı izahatlarında borcunu etiraf etdiyinə və tərəflər arasında imzalanması təkzib edilməyən Üzləşmə aktı mövcud olduğuna görə həmin hissədə iddiaçı sübutetmə vəzifəsindən azad olunub. Cavabdeh apellyasiya şikayətində, eləcə də izahatında pambığı təhvil verərkən zibillik fazinin yüksək olmasını, pambıq sahəsinə xəstəlik düşməsi səbəbindən qalan borcu qaytara bilmədiyini bildirmiş, lakin həmin dəlillər üzrə faktların məhz onun təqsirindən kənar baş verməsini əsaslandıra və sübut edə bilməmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir və cavabdehin yuxarıda qeyd edilən və araşdırılan dəlilləri hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-129/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmamalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 13 fevral 2024-cü il tarixli e-2-2(121)-129/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar