Məhkəmə qərarları › İş №2-2(106)-92/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-92/2024

25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-92/2024 25.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Mayılov Samir İlham oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2-2(121)-198/2024 saylı qətnaməsindən (hakim Zaur Abbasov) iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli 154-GL/17 nömrəli müqavilə üzrə yaranmış 7670 (yeddi min altı yüz yetmiş) manat gecikdirilmiş borcu və hesablanmış 5 890,82 (beş min səkkiz yüz doxsan manat 82 qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz ) manat və 200 ( iki yüz) manat çəkilmiş mediasiya xərcinin, cəmi: 14.260,82 (on dörd min iki yüz altmış dörd manat 82 qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Aqroservis” ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 154-GL/17 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2016-cı il tarixli 154-GL/17 nömrəli nömrəli müqavilə üzrə yaranmış 7670,0(yeddi min altı yüz yetmiş) manat gecikdirilmiş borcu və hesablanmış 5 890,82 (beş min səkkiz yüz doxsan manat 82 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilk mediasiya sessiyasında iştirak edilməməsi barədə mediatorun MŞS/MT023/2023-02631saylı, xx.xx.2023-ci il taixli arayışı təqdim edilmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2-2(121)-198/2024 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2016-cı il tarixli 154-GL/17 nömrəli müqavilə üzrə 7670 manat əsas borc, 500 manat məbləğində cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 250 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat olmaqla, ümumilikdə 8620 manat məbləğində pulun tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 101.7 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin hüquqi yardımla bağlı hissəsinin qismən təmin edilməsi hissədə ləğv edilərək, iddia tələbinin hüquqi yardım ilə bağlı hissədə tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir və vəkilin məhkəmə prosesində iştirakıməcbur deyildir. Məhkəmənin vəkilə ödənilən hüquqi yardıma görə cavabdehdən tələb olunan vəsaiti azaltması əsassızdır. Məhkəmə, vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 500 manat vəsaitin 250 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan RespublikasıMPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Lakin məhkəmə qətnaməsində Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə istinad etsə də, həmin maddəni əsaslandırmaması düzgün olmayan qətnamə çıxarması ilə nəticələnmişdir. Göründüyü kimi, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin ağlabatanlılığımüəyyən edilən zaman nəzərə alınan “konkret hallar və təqdim edilmiş məlumatlar” vəkil tərəfdən tam şəkildə təqdim edilərək, hüquqi yardım üçün nəzərdə tutulan xidmətlər vəkil tərəfindən tam icra edilmişdir. Beləliklə, məhkəmənin mövqeyi tamamilə əsassızdır və ona görə də məhkəmənin qətnaməsi ləğv edilərək hüquqi yardıma görə ödənilmiş vəsait tam həcmdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən kommersiya işi üzrə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin hüquqi yardımla bağlı qismən təmin olunan hissədə ləğv edilərək, iddia tələbinin həmin hissədə tam həcmdə təmin olunmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də, məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə mübahisələndirilən hissədə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Habelə MPM-in 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş üzrə mövcud olan sübutlar: İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli 4889/ü nömrəli "Texnikaların yenidən lizinqə verilməsi barədə” əmrinə əsasən, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 154-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən kənd təsərrüfatı texnikasının güzəşt tətbiq edildikən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə bağlanmış xx.xx.2016-cı il tarixli 154-GL/17 nömrəli müqaviləyə əsasən lizinqə götürdüyü müqavilə məbləği 14970 manat olan kənd təsərrüfatı texnikası üçün cəmiyyətin hesabına 7300 manat ödəniş edilmişdir, Cavabdeh qalıq borcu cərimə ilə birlikdə 13560,82 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X1 Adil Cəbrayıl oğluna ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə bağlanmış müqaviləyə əsasən yaranmış əsas borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İşə tətbiq edilən hüquq: MPM-in 107-ci madəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Kollegiya bundan başqa, diqqətə çatdırır ki, işdə olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə görə Cavabdeh qarşı məhkəmə mübahisəsi üzrə hüquqi yardımla əlaqədar Xırdalan şəhər Vəkil Bürosuna 500 manat məbləğində pul vəsaiti ödənilmişdir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, göstərilmiş hüquqi yardıma görə çəkilən xərc tam olaraq cavabdehdən tutulmalıdır. Belə ki, vəkilin göstərdiyi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən xərcin məbləği işin konkret hallarına və təqdim edilmiş məlumatlara uyğun və real olmaqla ağlabatandır. MPM-in 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qətetdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2-2(121)- 198/2024saylı qətnaməsi göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilməli olan xidmət haqqının 250 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissədə dəyişdirilsin və iddia tələbi həmin hissədə tam təmin edilərək hüquqi yardımla bağlı vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar