Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-93/2023 09.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommerasiya Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra - MMC) nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə Şirvan Kommersiya Məhkəməsinin 20 iyun 2023-cü il tarixli e-2-2(121)-1443/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 37125 ABŞ dolları məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 20 iyun 2023-cü il tarixli e-2-2(121)-1443/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmiş və İddiaçı MMC-yə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Birinci instansiya məhkəməsi ərizəyə əlavə olunmuş sənədlərə əsasən hesab etmişdir ki, İddiaçı, cavabdeh isə Braziliya Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsdir. Bununla yanaşı, iddia ərizəsində malın sonuncu limandan “X3” limanına (place of delivery) çatdırılması qeyd edilmişdir. Göründüyü kimi, Cavabdeh Azərbaycan Respublikasında hər hansı bir əmlakı və yaxud filial və ya nümayəndəliyinin qeydə alındığı ünvan yoxdur. Eyni zamanda, hazırki iş üzrə iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlmir, o cümlədən cavabdehin Azərbaycan Respublikası ilə hər hansı əlaqəsi mövcud deyildir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş sənəd (müqavilə və ya akt) xarici dildə olduğundan tərəflərin hazırki mübahisənin Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmalı olmasına dair razılığının olması da müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, Braziliya Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsə qarşı iddiaya baxılmasında Azərbaycan Respublikasının məhkəmələri səlahiyyətli deyildir. Məhkəmə aşağıdakı prosessual normalara istinad etmişdir: Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (MPM) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. MPM-in 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. MPM-in 440.0.3-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda işlərə baxmağa haqlıdır. MPM-in 443.0.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə işlərə baxmağa haqlıdır. İddiaçı MMC həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, hazırkı qərar qanunsuz və əsassızdır. Ona görə də, ləğv olunmalıdır. Belə ki, iddia ərizəsindən də görünür ki, iddiaçının hüququ pozulmuşdur. Yəni cavabdehlə razılaşmaya əsasən onun bank hesabına malın əvəzi olaraq pul köçürülmüş lakin cavabdeh tərəfindən mal göndərilməmiş və həmin pul da geri qaytarılmamışdır. Bu vəziyyətdə iddiaçının iddia qaldırarkən məhkəmə aidiyyətini seçməsini “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu tənzimləyir. Həmin Qanunun 12-ci maddəsinə əsasən hüquqi şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad etdiyi qanun hesab olunur. 27.0 və 27.1-ci maddələrinə əsasən isə malın alınması və ya xidmətin göstərilməsi ilə əlaqədar istehlakçıya dəyən ziyanın ödənilməsi haqqında tələbə istehlakçının seçimi əsasında, istehlakçının yaşadığı və ya adətən olduğu ölkənin hüququ tətbiq olunur. Şirvan Kommersiya Məhkəməsinin iş üzrə 23 iyun 2023-cü il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş və iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM-in 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Şirvan Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 23 iyun 2023-cü il tarixli 2-2(106)-1443/2023 saylı qərardadına əsasən şikayətə tərəflərin iştirakı ilə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmədə izahatında İddiaçı nümayəndəsi Vəkil şikayəti müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermişdir. O, əlavə olaraq göstərmişdir ki, tərəflər arasında mübahisə yarandığı təqdirdə ona baxacaq məhkəmə barədə müqavilə aidiyyəti müəyyən edilməmişdir. Habelə, Azərbaycan Respublikası və Braziliya hər ikisi mövcud münasibətləri tənzimləyən vahid Konvensiyaya üzv deyildirlər. Bu barədə Xarici İşlər Nazirliyindən və Braziliyanın Azərbaycan Respublikasındakı səfirliyindən lazımi cavab ala bilməmişlər. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçının şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin adıçəkilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Məhkəmə kollegiyası, eyni zamanda, diqqətə çatdırır ki, hər bir şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Şəxsin məhkəməyə müraciət etdiyi andan məhkəmə müdafiəsi hüququ başlanır. Ədalətli məhkəmə araşdırılması, şəxsin sonradan əsassız məhkəmə çəkişməsinə cəlb edilməsinin qarşısının alınmasından ötrü iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını, hüquqi müəyyənlik prinsipi baxımından qaçılmaz edir. Eyni zamanda, kollegiya diqqətə çatdırır ki, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin qanunla müəyyən edilən beynəlxalq səlahiyyətinin prosessual əsasları yalnız MPM-lə tənzimlənir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu xarici elementli münasibətlərdə tətbiq edilən maddi hüquq normasını müəyyən etdiyindən, məhkəmələrin beynəlxalq səlahiyyətinin qiymətlənirilməsi zamanı həmin Qanuna istinad edilə bilməz. Hazırkı iş üzrə mübahisəyə baxmaq üçün məhkəmənin beynəlxalq səlahiyyətinin mövcudluğu müəyyən edilmir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Habelə birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının hər hansı pozuntusuna yol verilməsi aşkar edilmir. MPM-in 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 20 iyun 2023-cü il tarixli e-2-2(121)-1443/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-93/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-93/2023
09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver