Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-97/2023 24.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X1, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, e-2-2(121)-1224/2023 saylı qətnaməsindən (hakim Z.Abbasov) maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1.626,2 manat, İcbari Tibbi Sığorta Fonduna 479,95 manat, İşsizlikdən Sığorta Fonduna 28,03 manat olmaqla, ümumilikdə 2.134,18 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Maraqlı şəxs öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 1626,2 manat, İcbari Tibbi Sığorta Fonduna 479,95 manat, İşsizlikdən Sığorta Fonduna 28,03 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə maraqlı şəxsə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş göndərilmiş, lakin vergi ödəyicisi olan maraqlı şəxs yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi, vergi ödəyicisi olan Maraqlı şəxs vergi üzrə yaranmış cəmi 2.134,18 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, e-2-2(121)-1224/2023 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, vergi ödəyicisi olan, xx.xx.1984-cü il tarixdə Azərbaycan Respublikası, Saatlı rayonu, Leninkənd kəndində anadan olmuş və Saatlı rayonu, Qıraqlı kəndində qeydiyyatda olan Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 1.626,2 manat, İcbari Tibbi Sığorta Fonduna 479,95 manat, İşsizlikdən Sığorta Fonduna 28,03 manat olmaqla, ümumilikdə 2.134,18 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququnun vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəməsinin qətnaməsində qeyd olunanlar işin faktiki hallarına uyğun deyildir. Birinci instansiya məhkəməsi ərizəyə baxarkən maraqlı şəxsi məhkəmə prosesinə cəlb etməmiş məhkəmə iclasında iştirak edən şəxs kimi maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verməmiş, daha doğrusu etmək istəməmiş, nəticə etibarı ilə AR Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinin tələblərini kobudcasına pozmuşdur. Qeyd etdiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsini əsassız və qanunsuz hesab edir və hesab edir ki, qətnamədə göstərilənlər işin faktiki hallarına uyğun deyildir. Ərizəçi AR İqtisadiyyat Nazirliyi Yanında Dövlət vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə təqdim olunan ərizədə göstərilənlərin maraqlı şəxsə heç bir aidiyyəti yoxdur. Bu səbəbdən də qəsdən yaradılmış süni borc tələbinə görə maraqlı şəxsin ölkədən çıxmaq hüququnun müvəqqəti olsada məhdudlaşdırıla bilməz. Apellyasiya şikayətinə əlavə etdiyi Vergi Xidməti tərəfindən ona təqdim olunan arayışdan görünür ki, ona məxsus olan VÖEN ********** saylı vergi ödəyicisinin 20 aprel 2020-ci il tarixdə fəaliyyəti və digər vergi tutulan əməliyyatlar dayandırılmışdır. Digər bir fakt bundan ibarətdir ki, Azərbaycanda Koronovirus pandemiyası -2020-ci ilin fevralında qeydə alınan ilk hal ilə COVİD-19 koronavirus pandemiyasının Azərbaycana yayıldığı təsdiqlənmişdir. 2020-ci ilin fevral ayının 27-də koronovirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısın almaq, proflaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün AR Nazirlər Kabinetində operativ gərargah yaradılmışdır. AR Nazirlər Kabineti yanında Əməliyyat Qərargahını 2020-ci ilin mart ayının 14-dən etibarən ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirləri həyata keçirilmişdir. xx.xx.2020-ci il tarixdən etibarən isə ölkədə bütün mallar və böyük ticarət mərkəzləri bağlanmışdır. Kiçik sahibkar olaraq maraqlı şəxsində fəaliyyəti xx.xx.2020-ci il tarixdən dayanmışdır. Heç bir gəliri olmamışdır. Fəaliyyəti və gəliri olmayan sahibkarın DSMF-yə 1626,20 manat, İcbari Tibbi Sığorta Fonduna 479,95 manat, işsizlikdən sığorta Fonduna 28,03 manat ümumilikdə 2134,18 manat borcu yarana və ola bilməz. Bu səbəbdən də məhkəmə maraqlı şəxsi qəsdən prosesə cəlb etməməklə və işə birtərəfli baxmaqla, maraqlı şəxsi dinləmədən üzərinə hərəkət məhdudiyyəti qoyan qətnamə çıxara bilməzdi. Ona görə də həmin qətnamə əsassız və qanunsuz olduğu üçün apellyasiya qaydasında ləğv edilməlidir. Əlavə olaraq qeyd edir ki, o, İİ dərəcəli əlildir, MSS-nin üzvü xəstəliyi nəticəsində şəxsiyyətin dəyişkənliklərin qüsur halı, kəskin ifadəli psixopatabənzər davranış və tez-tez baş verən dekompensasiyalar, həmçinin bronxial astma, nəzarət olunmayan, kəskinləşmə mərhələsi qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu xəstəliyindən əziyyət çəkir. Bu barədə Apellyasiya şikayətinə tibbi xəstəlik sənədlərin kserosurətlərini əlavə etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış ərizəçi və maraqlı şəxs məhkəmədə iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda maraqlı şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin maraqlı şəxsə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3 və 355-7.4-cü maddələrinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Qeyd edilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 17.1.6-1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsi müvəqqəti məhdudlaşdırıla bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs xx.xx.2008-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN (**********) verilmişdir. O, xx.xx.1984-cü il tarixdə Azərbaycan Respublikası, Saatlı rayonu, Leninkənd kəndində doğulmuşdur (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) və hazırda, Saatlı rayonu, Qıraqlı kəndində qeydiyyatdadır. Apellyasiya şikayətinin dəlillərindən biri maraqlı şəxsin deməsinə görə onun hər hansı borcunun olmamasıdır. Lakin maraqlı şəxsin şəxsi hesab vərəqəsindən görünür ki, onun Dövlət Sosial Müdafiə Fonduna borcu 1.626,2 manat, İcbari Tibbi Sığorta Fonduna borcu 479,95 manat, İşsizlikdən Sığorta Fonduna borcu 28,03 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Maraqlı şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişlərin surətindən görünür ki, maraqlı şəxsə borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Apellyasiya şikayətinin növbəti dəlili onun məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməməsidir. Lakin işdən görünür ki, məhkəmə iclasının yeri və vaxtı barədə bildirişlər Maraqlı şəxs elektron kabinetinə yerləşdirilmişdir. Bu isə MPM-nin 135.6cı maddəsinin tələblərinə uyğundur. Belə ki, MPM-nin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-nin135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, e-2-2(121)-1224/2023 saylı qətnaməsi Maraqlı şəxs apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-97/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-97/2023
24.08.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver