Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-99/2025 30.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Əliyev Qasım Vəli oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 19 fevral 2025-ci il tarixli e-2-2(121)-342/2025 saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 23/0151 ERT-UPS saylı alqı-satqı müqaviləsinə əsasən ümumilikdə ƏDV daxil olmaqla 14525.68 manat məbləğində əsas borc və 133.58 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (VÖEN: **********) ilə aralarında xx.xx.2023-cü il tarixli 23/0151 ERT-UPS saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə İddiaçı MMC satıcı, Cavabdeh MMC isə alıcı qismində müqavilə tərəfləridir. xx.xx.2023-cü il tarixli 23/0151 ERT-UPS saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC üzərinə düşən öhdəlikləri pozaraq, satıcı olan İddiaçı MMC-nin satdığı mallara dair Cavabdeh MMC-yə təqdim edilmiş və Cavabdeh MMC tərəfindən qəbul olunmuş elektron qaimələr üzrə ödənişlər hayata keçməmişdir. Halbuki, sözügedən müqavilənin şərtlərinə əsasən alıcı satıcı tərəfindən təqdim edilmiş elektron qaimələri qəbul edən gündən 15 gün müddətində həmin məbləği ödəməli idi. Beləliklə, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2023-cü ildə satılan malların dəyərinin ödənilməsinə dair elektron qaimələrin alıcıya təqdim edilməsinə baxmayaraq, həmin elektron qaimələr üzrə Cavabdeh MMC tərəfindən ödəmələr edilməyib. Bu hal Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixli 23/0151 ERT-UPS saylı alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və həmin müqavilə üzrə xx.xx.2024-cü il tarixli 01 nömrəli maliyyə arayışına əsasən hazırda Cavabdeh MMC-nin qalıq borcu ƏDV daxil olmaqla 14525.68 manat təşkil edir. Bildirilir ki, xx.xx.2024-cü il tarixində tərəflərindən 5 gün müddətində borcu ödəməyi üçün pretenziya məktubu göndərilmişdir, lakin cavabdeh bu günkü tarixə qədər heç bir ödəniş etməmişdir. Cavabdeh nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək bildirmişdir ki, "xxxx" MMC ilə bağlanmış müqavilə və göstərilmiş xidmətlər işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı "xxxx" MMC-nin icra etdiyi dövlət layihəsi ilə əlaqəli olmuşdur. Həmin layihə üzrə "xxxx" MMC-yə edilməli olan ödənişlər edilmədiyindən "xxxx" MMC-nin də həmin layihə üzrə alınmış xidmətlərin dəyərini ödəməsi mümkün olmamışdır. Həmin layihə üzrə "xxxx" MMC-yə yaxın bir ay ərzində ödənişlərin edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı "xxxx" MMC ilə olan mülki mübahisənin barışıq yolu ilə həll edilməsinin mümkünlüyü, məhkəmənin iş yükünün lüzumsuz artırılmamasını nəzərə alınaraq, iş üzrə baxışın 1 ay müddətinə təxirə salınması xahiş olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 19 fevral 2025-ci il tarixli e-2-2(121)-342/2025 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdehndən 14525.68 manat əsas borc və 133.58 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi qət edimişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli 23/0151 ERT-UPS nömrəli alqı-satqı müqaviləsi Cavabdeh MMC-nin qalib gəldiyi tender nəticəsində həvalə edilmiş dövlət layihəsinin icrası ilə əlaqəli olmuşdur. Həmin dövlət layihəsinin reallaşdırılması üçün Cavabdeh MMC müxtəlif şəxslərlə müqavilələr bağlamış və layihənin icrasını davam etdirmişdir. Lakin İddiaçı MMC ilə bağlanmış müqaviləyə əsasən təhvil verilməli olan məhsullar müxtəlif epizodlarda razılaşdırılmış tarixlərdə çatdırılmamışdır. Buna görə də, layihənin icrası ləngimələrlə üzləşmiş, layihənin icrasında növbəti mərhələlərə keçid vaxtında mümkün olmamışdır. Bununla da, zəncirvari şəkildə ümumi layihənin icrasında, təhvil verilməli olduğu tarixdə, layihə üzrə çalışan işçilərin əmək haqları olmaqla bir çox məsələlərdə problemlər yaranmışdır. Cavabdeh MMC tərəfindən icra olunan layihənin gecikmələrlə üzləşməsi şirkətin maddi ziyana məruz qalmasına səbəb olmuşdur. Göründüyü kimi, İddiaçı MMC tərəfindən müqavilə öhdəlikləri qüsurlu icra olunmuşdur, bununla da Cavabdeh MMC-yə zərər dəymişdir. Bu səbəbdən Cavabdeh MMC ilə İddiaçı MMC arasında şifahi danışıqlar aparılmış və müqavilə üzrə ödənilməli olan vəsait dəymiş zərərə mütənasib olaraq azaldılaraq edilmişdir. Lakin Cavabdeh MMC-yə İddiaçıMMC-nin təqsiri nəticəsində dəymiş zərərə baxmayaraq, tam ödənişi tələb etməkdədir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə və ona əlavəyə qarşı yazılı etiraz təqdim edilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflər məhkəmədə üzürlü səbəblər olmadan nümayəndələri vasitəsi ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin nümayəndələrinin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, iddianın isə rəddini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2023-cü iltarixli 23/0151 ERT-UPS nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, “satıcı” “alıcı”ya tikinti sahəsində istifadə ounan malları (bundan sonra “mal”) satır, “alıcı” isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini qabaqcadan “satıcı”nın bank hesabına köçürmə yolu ilə ödəyir. Müqavilənin 1.2-ci bəndinə əsasən malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri əlavə razılaşma ilə müəyyən olunur. “Maliyyə arayışı”ndan görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 23/0151 ERT-UPS nömrəli müqaviləyə əsasən, Cavabdeh MMC-yə 30101.68 manat dəyərində mal təhvil verilmiş, borcdan 15576 manat ödəniş edilmiş, qalıq borc 14525.68 manat təşkil etmişdir. Elektron qaimələrin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş və dəyəri ödənilməmiş malların ümumi dəyəri 14525.68 manat təşkil etmişdir. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 23/0151 ERT-UPS nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 14525.68 manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC-yə xəbərdarlıq edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir; 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarına əlavə olunan sənədlərlə tərəflər arasında xx.xx.2023-cü iltarixli 23/0151 ERT-UPS nömrəli alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin formalaşdığı, alıcı qismində çıxış edən Cavabdeh MMC-nin satıcı qismində çıxış edən İddiaçı MMC qarşısında almış olduğu mallara görə, malların dəyərinin tam olaraq ödənilməsi formasında icra edilməmiş pul öhdəliyinin yarandığı müəyyən olunur. Bu iş materiallarına əlavə edilən elektron qaimə fakturalar, cavabdeh tərəfindən edilən ödənişlər, verilən malların dəyərindən edilən ödəniş məbləği çıxılarkən 14525.68 manat borcun qalması, cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsinə borc məbləğinin mübahisələndirilməməsinə dair verdiyi ərizə ilə tam təsdiqini tapır. Əşyanı təhvil almış alıcı (cavabdeh) onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən, satıcı (iddiaçı) verilmiş əşyanın ödənilməsini tələb etməkdə tam haqlı olmuşdur. İddiaçı MMC ilə bağlanmış müqaviləyə əsasən təhvil verilməli olan məhsulların müxtəlif epizodlarda razılaşdırılmış tarixlərdə çatdırılmamasından dolayı Cavabdeh MMC-nin zərərə məruz qalmasından ibarət apellyasiya şikayətinin dəlilinə qiymət verən kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının verilən malların dəyərinin zamanında ödənilməməsi ilə bağlı cavabdehə ünvanladığı pretenziyalar cavablandırılmamış, şikayətdə qeyd olunan arqumentlərlə bağlı əks pretenziyalar verilməmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı da, cavabdeh tərəf bununla bağlı hər hansı bir dəlilini rəsmi bildirməmiş, qarşılıqlı iddia verməmişdir. Tam əksinə cavabdeh birinci instansiya məhkəməsinə verdiyi vəsatətdə bildirmişdir ki, layihə üzrə Cavabdeh MMC-yə bir ay ərzində ödənişlərin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı MMC ilə olan mübahisənin barışıq yolu ilə həllinin mümkünlüyünü nəzərə alaraq iş üzrə məhkəmə baxışının bir ay müddətinə təxirə salınması xahiş olunur. Bunlardan da savayı, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlilləri təsdiq edəcək hər hansı bir sübut birinci instansiya məhkəməsinə verilməmiş, apellyasiya şikayətinə əlavəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2., 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 19 fevral 2025-ci il tarixli e-2-2(121)-342/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev Cahid İmanov
Məhkəmə qərarları › İş №2-2(106)-99/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-99/2025
30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver