Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-1/2020 23.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibаrət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı “cavabdehdən xx.xx.2012-ci il tarixli xxxx/R3/D-05 nömrəli müqavilə üzrə yaranmış 2544.54 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2574.54 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli2-2(084)-134/2019 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli2-2(084)-134/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh xx.xx.2012-ci il tarixli xxxx/R3/D-05 nömrəli müqavilə üzrə yaranmış 2544.54 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 2574.54 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi qərara alınmışdır. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı elektron ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2012-ci il tarixli xxxx/R3/D-05 nömrəli müqavilə üzrə yaranmış 2544.54 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2574.54 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2012-ci il tarixli xxxx/R3/D-05 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı müqavilə və onun əlavəsində müəyyən dilən “Gobustone” markalı məsaməli beton blokları və onun yapışdırıcı maddəsini cavabdehə satmağı, cavabdeh isə həmin məhsulların Zaqatala- Balakən-Qax bölgəsində satışını təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü bəndinə əsasən həmin malların təhvil verildiyi malların satışından 7 (yeddi) gün ərzində iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2012-ci il tarixli Qaimə-faktura adlı sənədə əsasən cavabdehə beton və onun yapışdırıcısı təhvil verilmiş, lakin qeyd edilən malların qiyməti olan 2544,54 amnat vəsait ödənilməmişdir. Cavabdehə xx.xx.2017ci il tarixdə pretenziya məktubu da göndərilmiş, lakin cavabdeh tərəfindən həmin vəsait ödənilməmişdir. İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh işə birinci instansiya məhkəməsində sadələşşdirilmiş icraat qaydasında baxılarkən iddiaya hər hansı münasibət bildirməmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd edilən qətnamə qəbul edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə cavabdehin iştirakı olmadan çıxarılmışdır. Məhkəmədə iştirak etmədikləri üçün qarşı tərəfin tələbinə etiraz etmək imkanları olmamışır. Məhkəmə isə ancaq iddiaçının təqdim etdiyi sübutları araşırmaqla kifayətlənmişdir, bu da cavabdehin hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Həmin hüquqlardan istifadə etmək imanları olmamış, nəticədə hazırki qanunsuz qətnamə qəbul olunmuşdur. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil hazırkı iddia tələbi üzrə iddia müddətinin ötürüldüyü səbəbindən müqavilələr üçün nəzərdə tutulmuş iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə ona xəbər verilmədiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 birinci instanisya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsinin etibarnaməsinin müddəti isə bitmişdir. Məhkəmə bu səbəbdən tərəflərin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmiş və həmin sənədlərin məzmununa istinad edilir: İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli xxxx/R3/D-05 nömrəli müqavilə və həmin müqavilənin 1 saylı Əlavəsi, Qitmətlərin razılaşdırlması protokolu, xx.xx.2019-cu il tarixli pretenziya məktubu, elektron hesab-faktura, maliyyə arayışı, xx.xx.2018-ci il tarixli 50 manat borcun ödənilməsinə dait “xxxx” ASC-nin Yeni Həyat filialının qəbzi daxildir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli xxxx/R3/D-05 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı öz istehsalı olan beton blokları məhsullarını və onun yapışdırıcı maddəsini dilerə (cavabdehə) satmağı, cavabdeh isə həmin malları Zaqatala-Qax-Balakən regionunda satışını təmin etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən diler ödənişi bu müqavilə üzrə ona təhvil verilən malların satışından sonra 7 gün ərzində şirkətin hesabına nağd və ya köçürmə yolu ilə həyata keçirir. xx.xx.2012-ci il tarixli 477605 nömrəli qaiməfakturadan görünür ki, 3595,06 manat dəyəri olan mal cavabdehə təhvil verilmişdir. Tərəflər arasında tapşırıq müqaviləsi bağlanmış, iddiaçı tərəfindən göndərilmiş mallar cavabdeh tərəfindən qəbul edilmiş, lakin onun dəyəri iddiaçıya ödənilməmişdir. Tərəflər arasında qiymətlərin razılaşdırlması haqqında protokolda hər məhsul üzrə ayrılıqda qiymətlər göstərilmiş, hər iki tərf həmin protokolu imzalamışdır. İddiaçının təqdim etdiyi maliyyə arayışında cavabdehin xx.xx.2019-cu il tarixə 2544,54 manat borcunun olması görünür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 780.2. Əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır. 780.3. Əgər o, əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çataraq vermişdirsə, yalnız üçüncü şəxsin seçilməsi və təlimatlandırılması zamanı lazımi vicdanlılıq üçün məsuliyyət daşıyır, bu şərtlə ki, müqavilədə ayrı şərt qoyulmasın və işin hallarından ayrı şərt irəli gəlməsin. 780.4. Hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər. Məhkəmə kollegiyasında cavabdeh tərəfin etirazına əsasən iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 29872 nömrəli ekspert rəyindən müəyyən edilmişdir ki,ekspertizaya təqdim edilmiş, iqtisadi işin 34-cü səhifəsində Cavabdeh adına olan xx.xx.2019-cu il tarixli poçt göndərişinin verilməsi haqqında xəbərnamədə “Şəxsən” qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 153 manat təşkil etmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək hazırkı iddia tələbi üzrə üç illik iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında olan hazırkı müqavilə xx.xx.2012ci il tarixdə bağlanmış, xx.xx.2012-ci il tarixdə borc yaranmışdır. MM-in: 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli qərarında qeyd edilir ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinin apelyasiya instansiyasına təqdim etməsində qanuni mane yoxdur. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində gedən icraatdan xəbəri olmamış, ona göndərilmiş bildiriş onun tərəfindən deyil, başqa şəxs tərəfindən qəbul edilmişdir (iş üzrə ekspert rəyinə əsasən). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehin ərizəsinə etirazını onunla əsaslandırmışdır ki, cavabdeh tərəf xx.xx.2018-ci il tarixdə iddiaçının Ata Bank ASC-nin X4 hesabına 50 manat məbləğində ödəniş etmişdir. Bu səbəbdən də cavabdeh borcu etiraf etməsini göstərən hərəkətlər etdiyindən, yəni borcundan 50 manat məbləğində vəsait ödədiyindən iddia müddətinin axımı kəsilmiş və üç illik iddia müddəti isə həmin ödəniş tarixindən yenidən başlanmışdır. Qeyd edilən ödəniş tarixindən isə 3 illik müddət keçməmişdir. Qeyd edilən səbəblərdən cavabdehin apelyasiya şikayəti əsaslı deyildir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmalı, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməlidir. MPM-in 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza xərci tərəflər arasında bərabər bölüşdürülməlidir. MPM-in 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iddia tələbi cəmi 2574.54 manat təşkil etdiyindən hazırkı iş üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh və onun vəkili Vəkil tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli 2-2(084)-134/2019 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlansın. Ekspertiza tədqiqatının dəyəri olan 153 (yüz əlli üç) manat pul tərəflər arasında bərabər bölünərək iddiaçı və cavabdehin hər birindən 76,5 (yetmiş altı manat əlli qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(107)-1/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-1/2020
23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver