Məhkəmə qərarları › İş №2-2(107)-10/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-10/2022

11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-10/2022 11.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X9 oğlunun iclas katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X5, cavabdeh “X3” MMC-nin nümayəndəsi X6 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh “X3” MMC-yə qarşı “23485,90 manat əsas borc, 57114,10 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 80630 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə Şəki Kommersiya Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2- 2(117)-302/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh “X3” MMC-yə qarşı məhkəməyə müraciət edərək “23485,90 manat əsas borc, 57114,10 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 80630 manat pulun cavabdehdən tutularaq ödənilməsi ” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 08.09.2020-ci il tarixli, 2-2(117)-302/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan iş üzrə İddiaçı MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 may tarixli, 2- 2(107)-19/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki Kommersiya Məhkəməsinin 2020-ci il 8 sentyabr tarixli, 2-2(117)-302/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Rövşən Rəfiyev, hakimlər Vəzirxan Məlikov və İmanverdi Şükürov). Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 sentyabr 2021-ci il, 2-2(102)- 408/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 may tarixli, 2-2(107)-19/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İşin halları İddiaçı baş direktor vəzifəsini icra edən E.H.Quliyev şəxsində (alıcı), MKT-Ucar filialının direktoru Ş.V.Səmədov şəxsində (tədarükçü) və xam pambığın istehsalçısı Tanrıöver Can (təsərrüfat) şəxsində 19.04.2016-cı il tarixdə 2016-cı il mövsümü üzrə xam pambığın istehsalı və alqı-satqısı barədə 16 *** **** nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Təsərrüfat (Tanrıöver Can) 500 ha sahədə pambıq əkməyi, hər hektardan 20 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və 27.08.2007-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam pambığın yığılması və tədarükü üzrə Təlimat”ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və tədarükçüdə saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərdə (1 tonun satınalma qiyməti : birinci növ 510 manat, ikinci növ 470 manat, üçüncü növ 440 manat, dördüncü növ 400 manat. Qəbul edilən xam pambığın kondisiya kütləsinin hər kq üçün 13 qəpik yığım pulu) Alıcının (MKT İK MMC) mülkiyyətinə verməyi, Tədarükçü (MKT Ucar filialı) gətirilən xam pambığı mövcud standartların tələblərinə uyğun olmaqla vaxtında qəbul etməyi və onun kondisiya kütləsinin dəyərini Alıcı tərəfindən müqavilədə müəyyən edilmiş qaydada Təsərrüfata ödənilməsini təmin etməyi və Alıcı Tədarükçü vasitəsilə götürülən öhdəliklərin yerinə yetirilməsi üçün lazım olan mal-materialın, pul vəsaitinin Tədarükçünün iştirakı ilə Təsərrüfata verilməsini öhdəsinə götürmüşdür. Müqavilə "xxxx" MMC-nin baş direktoru vəzifəsini icra edən şəxs və “MKT-Ucar” filialının direktoru və Tanrıöver Can tərəfindən imzalarla və möhürlərlə təsdiq edilmişdir. İddiaçı MMC müqavilə şərtlərinin cavabdeh “X3” MMC tərəfindən pozulduğunu əsas gətirərək hazırkı iddia tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 19.04.2016-cı il tarixli müqavilənin icrası olaraq cavabdeh “X3” MMC tərəfindən iddiaçı cəmiyyətdən pambıq əkini üçün 270252,40 manat avans vəsait götürülmuş, əvəzində 213511,20 manat məbləğində 428859,2 kq xam pambıq təhvil verilmiş və 33255 manat vəsait cəmiyyətə qaytarılmışdır. Nəticədə cavabdehin ödənilməmiş 23485,90 manat borcu qalmış və müqavilənin 4.2-ci bəndinə uyğun olaraq 20 % həcmində 57114 manat məbləğində cərimə hesablanmışdır. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən məhkəməyə müraciət etmişlər. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində belə nəticəyə gəlmişdir ki, guya xam pambığın alqı-satqısına dair müqavilə cavabdeh “X3” MMC ilə deyil, bilavasitə cavabdehin rəhbəri Tanrıöver Canla bağlandığı üçün, cavabdehin iddiaçı qarşısında mülki hüquq öhdəlikləri yaranmamış və bu da iddia tələblərinin məhkəmə qaydasında rədd olunması üçün əsas olmuşdur. Halbuki, iş materiallarında mövcud olan 19.04.2016-cı il tarixli xam pambığın alqı satqısına dair müqavilədə tərəf kimi “X3” MMCnin möhürü, həmçinin avans xidmətlərin görülməsi barədə aktlarda hüquqi şəxsin möhürü təsbit olunmuşdur. Eyni zamanda, tərəflər arasında 2016-cı il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilənin imzalanması ilə bağlı, iddiaçıya təqdim olunmuş notarial qaydada təsdiq edilmiş imza nümunlərində Tanrıöver Can “X3” MMC-nin direktoru kimi təqdim edilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Məhkəmə iddiaya cavab verməli şəxsin Tanrıöver Can olması barədə nəticəyə gələrkən, mahiyyəti üzrə işə baxıb qətnamə qəbul etmək əvəzinə, işin aidiyyəti üzrə ümumi məhkəməyə göndərilməsi barədə qərardad çıxarmalı idi. Yuxarıda qeyd olunanlara əsasən Şəki Kommersiya məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2-2(117)-302/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Tərəflərin İzahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə tam və obyektiv araşdırmadan iddia tələbini təmin etməmişdir. Belə ki, 19.04.2016-cı il tarixli “xam pambığın alqı-satqısına dair” müqavilə rəsmiləşdirilərkən, müqavilədə imza etmiş Tanrıöver Can həmin Təsərrüfatın icraçı direktoru olmuşdur. Bununla bağlı iş materiallarında sübut da var. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “X3” MMC-nin nümayəndəsi X8 izahat verərək bildirmişdir ki, 19.04.2016-cı il tarixli “xam pambığın alqı-satqısına dair” müqavilə rəsmiləşdirilərkən, müqavilədə imza etmiş Tanrıöver Can həmin dövrdə Təsərrüfatın icraçı direktoru olmuşdur. Təsərrüfatın bu gün həqiqətən də iddiaçı MKT-yə 23485 manat borcu vardır. Lakin hesab edir ki, cərimə borcu əsassız şəkildə çox şişirdilmişdir. Bu qədər cərimənin hesablanması Təsərrüfatın çökməsinə səbəb olar. Ona görə də əsas borcun və hesablanmış cərimənin 1000-1500 manat civarında azaldılaraq, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməsinə etiraz etmir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, əvvəlki və yeni araşdırılmış hallar üzrə yeni qətnamə qəbul edilməlidir Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: İddiaçı MMC baş direktor vəzifəsini icra edən E.H.Quliyev şəxsində (alıcı), MKT- Ucar filialının direktoru Ş.V.Səmədov şəxsində (tədarükçü) və xam pambığın istehsalçısı Tanrıöver Can (təsərrüfat) şəxsində 2016-cı il 19 aprel tarixdə 2016- cı il mövsümü üzrə xam pambığın istehsalı və alğı-satqısı barədə 16 *** **** nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Təsərrüfat (Tanrıöver Can) 500 ha sahədə pambıq əkməyi, hər hektardan 20 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və 2007-ci il 27 avqust tarixində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam pambığın yığılması və tədarükü üzrə Təlimat”ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və tədarükçüdə saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərdə (1 tonun satınalma qiyməti : birinci növ 510 manat, ikinci növ 470 manat, üçüncü növ 440 manat, dördüncü növ 400 manat. Qəbul edilən xam pambığın kondisiya kütləsinin hər kq üçün 13 qəpik yığım pulu) Alıcının (MKT İK MMC) mülkiyyətinə verməyi, Tədarükçü (MKT Ucar filialı) gətirilən xam pambığı mövcud standartların tələblərinə uyğun olmaqla vaxtında qəbul etməyi və onun kondisiya kütləsinin dəyərini Alıcı tərəfindən müqavilədə müəyyən edilmiş qaydada Təsərrüfata ödənilməsini təmin etməyi və Alıcı Tədarükçü vasitəsilə götürülən öhdəliklərin yerinə yetirilməsi üçün lazım olan mal-materialın, pul vəsaitinin Tədarükçünün iştirakı ilə Təsərrüfata verilməsini öhdəsinə götürmüşdür. Müqavilə "xxxx" MMC-nin baş direktoru vəzifəsini icra edən şəxs və “MKT-Ucar” filialının direktoru və Tanrıöver Can tərəfindən imzalarla və möhürlərlə təsdiq edilmişdir. Ağdaş rayon Qobuüstü bələdiyyəsinin 2016-cı il 14 aprel tarixli arayışına əsasən, Yuxarı Nemətabad kəndi ərazisində olan 110 hektar torpaq sahələri Ağdaş şəhərində yaşayan "xxxx" fermer təsərrüfatı MMC-nin icraçı direktoru Can Tanrıövə 2016-cı il 1 dekabr tarixədək pambıq əkini üçün müvəqqəti olaraq əvəzsiz verilmişdir. Ağdaş rayon Qobuüstü bələdiyyəsinin 2016-cı il 2 mayl tarixli arayışına əsasən, kəndin ərazisində olan 45 hektar torpaq sahələri Ağdaş şəhərində yaşayan "xxxx" fermer təsərrüfatı MMC-nin icraçı direktoru Can Tanrıövə 2016-cı il 1 dekabr tarixədək pambıq əkini üçün müvəqqəti olaraq əvəzsiz verilmişdir. Ağdaş rayon Pirkəkə bələdiyyəsinin 2016-cı il 14 aprel tarixli arayışına əsasən, Ərəbocağı kəndi ərazisində olan 150 hektar torpaq sahələri Ağdaş şəhərində yaşayan "xxxx" fermer təsərrüfatı MMC-nin icraçı direktoru Can Tanrıövə 2016-cı il 1 dekabr tarixədək pambıq əkini üçün müvəqqəti olaraq əvəzsiz verilmişdir. Ağdaş rayon Pirkəkə bələdiyyəsinin 2016-cı il 14 aprel tarixli arayışına əsasən, Pirkəkə kəndi ərazisində olan 140 hektar torpaq sahələri Ağdaş şəhərində yaşayan "xxxx" fermer təsərrüfatı MMC-nin icraçı direktoru Can Tanrıövə 2016-cı il 1 dekabr tarixədək pambıq əkini üçün müvəqqəti olaraq əvəzsiz verilmişdir. Ağdaş rayon Pirkəkə bələdiyyəsinin 2016-cı il 2 may tarixli arayışına əsasən, Pirkəkə kəndi ərazisində olan 25 hektar torpaq sahələri Ağdaş şəhərində yaşayan "xxxx" fermer təsərrüfatı MMC-nin icraçı direktoru Can Tanrıövə 2016-cı il 1 dekabr tarixədək pambıq əkini üçün müvəqqəti olaraq əvəzsiz verilmişdir. 8. Ağdaş rayon Pirkəkə bələdiyyəsinin 2016-cı il 2 may tarixli arayışına əsasən, Ərəbocağı kəndi ərazisində olan 30 hektar torpaq sahələri Ağdaş şəhərində yaşayan "xxxx" fermer təsərrüfatı MMC-nin icraçı direktoru Can Tanrıövə 2016-cı il 1 dekabr tarixədək pambıq əkini üçün müvəqqəti olaraq əvəzsiz verilmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi ilə yanaşı, əvvəlki və sonradan əldə olunmuş sübutlar əsasında iddianın qismən təmin olunması ilə bağlı yeni qətnamənin qəbul edilməsi üçün əsaslıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 sentyabr 2021-ci il, 2-2(102)- 408/2021 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021ci il 6 may tarixli, 2-2(107)-19/2021 saylı qətnaməsi ləğv edilib, kommersiya işi yeni apellyasiya baxışına qaytarılarkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi yuxarıda göstərilən hallarla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu halda xüsusi ilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən yenidən işə baxılarkən apelyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Ali Məhkəmənin göstərişləri baxımından işi yenidən araşdıran kollegiya cavabdeh “X3” MMC-yə sorğu vermiş, sorğuya cavab olaraq Can Tanrıöverin “X3” MMC-nin direktoru olması barədə sənədləri məhkəməyə təqdim etmişdir. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, Can Tanrıöverin “X3” MMC-nin direktoru olmasına dair əmək müqaviləsinə 2019-cu il tarixdə xitam verilməsi müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, birinci instansiya məhkəməsi müqavilədə cavabdeh müəssisənin möhürünün olmasını əhəmiyyətsiz hal kimi qiymətləndirməklə müqavilənin bağlandığı tarixdə cavabdehin qanuni təmsilçi, təsisçi və icraçı direktorunun kim olmasını, müqaviləni imzalayan Tanrıöver Can adlı şəxsin cavabdeh müəssisəylə hər hansı əlaqəsinin olub-olmamasını aydınlaşdırmamış, belə əlaqənin mövcud olmadığı müəyyən edildiyi təqdirdə isə müqavilədə cavabdehin möhürünün hansı əsasla öz əksini tapmasını araşdırmamışdır. Bundan başqa, işin mübahisələndiriləməyən hallarından müəyyən edilir ki, Ağdaş rayon Qobuüstü və Pirkəkə Bələdiyyələrinin ərazisindən pambıq əkini üçün ümumilikdə 500 hektar torpaq sahəsi müvəqqəti olaraq cavabdeh təsərrüfatın icraçı direktoru Can Tanrıöverin əvəzsiz istifadəsinə verilmişdir (Ağdaş rayon Qobuüstü və Pirkəkə Bələdiyyələrinin sədrlərinin imzası ilə təsdiq olunmuş arayışlar). Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin predmeti olan müqavilədə onun tərəfi olan Can Tanrıöver “təsərrüfat” olaraq göstərildiyindən və müqavilədə göstərilən 500 hektar torpaq sahəsi ilə bələdiyyələr tərəfindən cavabdeh müəssisənin icraçı direktoru olaraq Can Tanrıöverə pambıq əkini üçün məhz müqavilənin bağlandığı 2016-cı ildə verilmiş torpaq sahələrinin ölçüləri eyni olduğundan iş üzrə tam, hərtərəfli və obyektiv nəticəyə nail olmaq üçün həmçinin həmin torpaq sahələrinin kimə məxsus olması və cavabdeh tərəfindən istifadə edilib-edilməməsi məsələsi də birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Qeyd olunan məsələlər apellyasiya məhkəməsinin yeni baxışında aydınlaşdırılarkən müəyyən edilmişdir ki, sözügedən müqaviləni imzalamış Tanrıöver Can həmin vaxt “X3” MMC-nin icraçı direktoru olmaqla yanaşı, Ağdaş rayon Qobuüstü və Pirkəkə Bələdiyyələrinin ərazisindən pambıq əkini üçün ümumilikdə 500 hektar torpaq sahəsi müvəqqəti olaraq cavabdeh təsərrüfatın icraçı direktoru Can Tanrıöverin əvəzsiz istifadəsinə verilmiş və “Təsərrüfat” tərəfindən istifadə edilərək, əkilib-becərilmişdir. İşin bu halı cavabdehin nümayəndəsi tərəfindən də mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. - 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin digər şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə müqavilə bağlamış, müqavilə rəsmiləşdirilən zaman tərəflər könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza etmişlər. Lakin, sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət etmişlər. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Ona görə də, məhz bu prizmadan yanaşdıqda, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilməlidir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur Məhkəmə kollegiyası iddiaçı tərəfindən tələb, cavabdehin nümayəndəsi tərəfindən mübahisələndirilən cərimə puluna münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır . Kollegiya iddiaçı tərəfindən hesablanmış cərimə məbləği ilə tam razılaşmır və hesab edir ki, hesablanmış cərimə məbləği tənasübsüz şəkildə yüksək olmaqla, ağlabatan deyildir. Göstərilənləri, həmçinin cərimənin azaldılmasına iddiaçının nümayəndəsinin etirazının olmamasına rəğmən kollegiya belə qənaətə gəlir ki, hesablanmış 57114 manat 10 qəpik işin hallarına münasibətdə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 1500 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; -384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. -385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayətləri qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2-2(117)-302/2020 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir. Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, kollegiya belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2-2(117)-302/2020 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. Cavabdeh “X3” MMC-dən 23485.90 (iyirmi üç min dörd yüz səksən beş manat 90 qəpik) əsas borc, 1500 (min beş yüz) manat cərimə borcu, cəmi 24 985.90 (iyirmi dörd min doqquz yüz səksən beş manat 90 qəpik) və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı İddiaçı MMC-yə ödənilsin. İddia tələbi cərimə pulu ilə bağlı qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar