Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-10/2024 16.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (bundan sonra - iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “lizinq müqaviləsi üzrə əsas borcun və cərimənin tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 07 noyabr 2023-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti (lizinq verən) ilə cavabdeh arasında bağlanılmış 04 oktyabr 2016-cı il tarixli, 2427-GL/16 nömrəli müqaviləyə (bundan sonra -Müqavilə) əsasən lizinq verən ümumi dəyəri 10.549 manat məbləğində olan kənd təsərrüfatı texnikalarını(Traktor Belarus-892 və Kotan 4 gövdəli AG-14-4) qalıq dəyəri tam ödənildikdən sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli, 1137 nömrəli Fərmanı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Müqavilənin məbləği 10.594 manat, cavabdehin ödədiyi məbləğ 3562 manat, gecikdirilmiş borc 7032 manat, hesablanmış cərimə 10.020,60 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli, 2427-GL/16 nömrəli müqavilə üzrə yaranmış 7032 manat gecikdirilmiş borcun və hesablanmış 10.020,60 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat çəkilmiş mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməmişdir və nəticədə tələb olunan məbləğdə borcu yaranmışdır. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-1072/2023 nömrəli iş üzrə qəbul etdiyi 07 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Hüseynov) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2016-cı il tarixli, 2427- GL/16 nömrəli müqavilə üzrə 32 manat əsas borc, 50 manat cərimə borcu, 100 manat hüquqi yardımla bağlı xərc və 1 manat mediasiya xərcinin tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun Agentliyə ödənilməmiş, həmin müqavilə üzrə 7032 manat əsas borc yaranmış və iddiaçı həmin borca 10.020,6 manat cərimə borcu hesablamışdır. Məhkəmə iclasında cavabdeh ödəniş qəbzi təqdim etmiş və müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 6000 manat, xx.xx.2023-cü il tarixdə isə 1000 manat, cəmi 7000 manat məbləğində vəsait “texnika ödənişi” olaraq pul iddiaçının hesabına köçürülmüşdür. Ona görə də cavabdehin 7000 manat əsas borcu ödənilmiş, onun 32 manat əsas borcu qalmışdır. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndlərində tərəflər razılaşmışlar ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Məhkəmə tərəflərin qanuni və əmlak mənafelərini, cavabdehin əsas borcun demək olar ki, ödəməsini, həmçinin qanunveiciliyin tələblərini nəzərə alaraq cərimə məbləğinin 50 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, ödənilməmiş 140,16 manat dövlət rüsumunun 139,72 manat hissəsi dövlət büdcəsinə aid edilməli, 1 manatı isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda 200 manat mediasiya xərcinin 199 manat hissəsi iddiaçıya aid edilməli, 1 manat hissəsi isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, iddiaçı hüquqi xidmətlərə görə 500 manat vəsaitin də cavabdehdən tutulmasını xahiş edir. MPMin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə vəkilin məhkəmə iclaslarında iştirak etməməsini, yalnız iddia tələbinin hazırlayıb məhkəməyə təqdim etməsini, həmçinin cavabdeh tərəfindən əsas borcun ödənilməsini və digər halları nəzərə almaqla cavabdehdən həmin xidmətə görə haqqın 100 manat həddində tutulmasını ağlabatan hesab edir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 462.1, 462.3, 467, 747.1, 747-4.3, 747-4.4, 748.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və cərimə borcu, hüquqi yardım və mediasiya xərci ilə bağlı qismən təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin cərimə borcu, hüquqi yardım və mediasiya xərci ilə bağlı hissədə tam həcmdə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Lakinhesablanmış 10.020,60 manat cərimə borcu Məhkəmə tərəfindən azaldılaraq 50 manat məbləğində müəyyən edilmişdir. Bununla da Məhkəmə tərəfindən cərimə məbləğinin azaldılması zamanı tənasüb müəyyənləşdirilərkən əsassız və ədalətsiz şəkildə 200 dəfəyədək azalmaya yol verilmişdir. Məhkəmə qətnaməsində göstərmişdir ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə vəkilin məhkəmə iclaslarında iştirak etməməsini, yalnız iddia tələbinin hazırlayıb məhkəməyə təqdim etməsini, həmçinin cavabdeh tərəfindən əsas borcun ödənilməsini və digər halları nəzərə almaqla cavabdehdən həmin xidmətə görə haqqın 100 manat həddində tutulmasını ağlabatan hesab etmişdir. Vəkilin hüquqi yardımla bağlı əsas öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olmuş və ona görə də işə görə 500 manat pul ödənilmişdir. İşdən də görünür ki, hüquqi yardıma dair öhdəliklər vəkil tərəfindən tam icra edilmişdir. Əlavə olaraq 17.752,6 manat pul tələbinə dair iddianın məhkəməyə təqdim edilməsi üçün 500 manat pulun vəkilə ödənilməsinin məhkəmə tərəfindən ağlabatan hesab edilməməsi tam əsassızdır. Məhz kommersiya işlərində məhkəməyə qədər işlərin hazırlanması kifayət qədər zəhmət tələb edir ki, bu da vəkil tərəfindən tam şəkildə həyata keçirilmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli Qanununa əsasən 121.1-ci maddədə “çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla” sözləri “təqdim edilmiş məlumatlar qiymətləndirilməklə” sözləri ilə əvəz edilmişdir. Şəki Kommersiya Məhkəməsi xx.xx.2023-cü il tarixli qətnamədə sözü gedən maddədə olunan dəyişikliyi nəzərə almamış və normanı düzgün tətbiq etməmişdir. Həmin maddədən də göründüyü kimi hüquqi yardımla bağlı məbləğin ağlabatanlılığı müəyyən edilərkən “çıxış üçün təqdim olunmuş hesabın nəzərə alınması” tamamilə əsassızdır. Eyni zamanda bildiririk ki, iddiaçının büdcə təşkilatı olduğunu nəzərə alaraq vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilən vəsaitin cavabdehdən tutularaq büdcəyə ödənilməsi nəzərdə tutulur. Bundan başqa, məhkəmə iddiaçı tərəfindən tələb olunan mediasiya xərcini də qismən təmin etmiş ( 200 manat mediasiya xərcinin 199 manat hissəsinin iddiaçıya aid edilməsi, 1 manat hissəsinin isə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi göstərilmişdir) və bu zaman qanunun analogiyasına istinad edərək mübahisəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsini tətbiq etmişdir. Bununla məhkəmə yenə də səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası NazirlərKabinetinin “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə” 2019cu il 15 iyul tarixli 308 nömrəli Qərarına əsasən iddianın qiyməti 10001 manatdan 50000 manatadək olduqda ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq 200 manat təşkil edir. İş materiallarına əlavə edilmiş “ilk mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2023-cü il taixli MŞŞ/MT018/2023-02228 saylı arayışa əsasən Agentlik tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə görə, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qeyd olunan maddələrin dispozisiyasından göründüyü kimi, məhkəmə o halda qanunun analogiyasına müraciət edə bilər ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən konkret hüquq norması olmasın. Halbuki, “Mediasiya haqqında” AzərbaycanRespublikası Qanununun 36.5-ci maddəsində göstərilmişdir ki, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi, mediasiya xərcinin hansı halda digər tərəfdən tam tələb edilməsi, hansı halda isə tərəflər arasında bölüşdürülməsi halları qanunvericilikdə açıq-aydın tənzimlənmişdir. Ona görə də hazırkı halda, qanunun analogiyasının tətbiqi mümkün deyildir. Digər tərəfdən, məhkəmə analogiyanı tətbiq edərkən qanunvericiliyin dövlət rüsumu ilə mediasiya xərcini eyniləşdirməsi barədə gəldiyi qənaət də düzgün olmamışdır. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Həmin Qanunun 1.3-cü maddəsinə əsasən,bu Qanunun 17.6-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında dövlət rüsumunun məbləğləri və ödənilməsi qaydası ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Sadalanan maddələrin məzmunundangöründüyü kimi, dövlət rüsumu dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən xidmətlərə görə ödənilən haqdır və bu ancaq “Dövlət rüsumu haqqında” Qanunda müəyyən edilə bilər. Aydındır ki, nə mediator hakimiyyət səlahiyyətini icra edən vəzifəli şəxsdir, nə də ki, mediasiya xərci rüsum olaraq sözügedən Qanunda müəyyənləşdirilmişdir. Bu da o deməkdir ki, dövlət rüsumu və mediasiya xərci tamamilə fərqli anlayışlar olmaqla onların eyniləşdirilməsi “Dövlət rüsumu haqqında” Qanunun tələbləri baxımından yolverilməzdir. Qeyd olunanlara əsasən, ilkin mediasiya sessiyası zamanı ödənilmiş 200 manat məbləğində mediasiya xərci tərəflər arasında bərabər şəkildə bölüşdürülməklə 100 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, o, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə ilə müəyyən edilmiş pul məbləğini tamamilə ödəmişdir. Bundan artıq məbləğdə pul ödəməyə maddi imkanı yoxdur. Maddi vəziyyətini nəzərə alaraq ona köməklik edilməsini Məhkəmədən xahiş etmişdir. İddiaçı apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, lakin cavabdeh qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir. İddiaçının apellyasiya şikayətində qətnamənin bir hissəsi, yəni iddianın cərimə borcunun, hüquqi yardım və mediasiya xərcinin tutulmasına aid hissəsinin həll edilməsi ilə bağlı hissəsi mübahisələndirilir. Ona görə də Məhkəmə birinci instansiyası məhkəməsinin aktın yalnız mübahisələndirilən hissədə yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 10.549 manat məbləğində olan kənd təsərrüfatı texnikalarını(Traktor Belarus-892 və Kotan 4 gövdəli AG-14-4) lizinqə verilmişdir. İş materiallarından görünür ki, cavabdeh lizinq müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, iş üzrə cavabdehin iddiaçıya 7032 manat əsas borcu yaranmış, həmin borcun ödənilməsinin gecikdirilməsinə görə iddiaçı tərəfindən cavabdehə cərimə (dəbbə) tətbiq edilmişdir ki, həmin cərimənin məbləği 10.020,60 manat təşkil edir. İş materiallarından görünür ki, cavabdeh, öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir və qətnamə onun tərəfindən ümumiyyətlə mübahisləndirilmir. Göründüyü kimi, cavabdehin lizinq müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasını gecikdirməsi aşkardır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi lizinq müqaviləsi üzrə 10.020,60 manat cərimənin (dəbbənin) tutulması barədə tələb olunan məbləğini azaltmaqda haqlı olmuşdur. Çünki cərimə borcunun həmin məbləğdə müəyyən edən birinci instansiya məhkəməsi kreditorun bütün əsaslı mənafelərini nəzərə almışdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bunlardan başqa, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin hüquqi yardım və mediasiya xərcinin tutulması ilə bağlı gəldiyi nəticəni də mübahisələndirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etdiyindən hüquqi yardımla bağlı ödənilməli olan 500 manat dövlət rüsumunun 100 manatının, mediasiya xərcinin isə 1 manatının cavabdehdən iddiaçının xeyrinə ödənilməsi qənaətinə gəlmişdir. Məhkəmə MPM-nin 119.1-ci maddəsinin tələbindən çıxış edərək bildirir ki, Bankın apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə də əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 07 noyabr 2023cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-10/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-10/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver