Məhkəmə qərarları › İş №2-2(107)-101/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-101/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-101/2023 05.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Malların nisyə alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cаvаdоvа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “2700 manat məbləğində pul vəsaiti, 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiyа Məhkəməsinin 12 iyun 2023-cü il tаrixli, e-2-2(117)- 498/2023 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə yazılı icraat qaydasında baxılmışdır. I. İşin halları

1. Hazırkı kommersiya mübahisəsi İddiaçı MMC (bundan sonra - iddiaçı) ilə fərdi sahibkar Cavabdeh (bundan sonra - cavabdeh) arasında malların nisyə alqı-satqısı ilə bağlı müqavilə münasibətlərinin olub olmadığı, müsbət halda öhdəliyin icra vəziyyəti ilə bağlıdır.

2. Tərəflər arasında bağlanmış məhsulların nisyə alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli 014/2020 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC ümumi dəyəri 2800 manat olan müxtəlif çeşidli məhsulları alıcı Cavabdeh satmağı, alıcı isə həmin malları almağı və dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin imzaları ilə təsdiq edilmiş eyni tarixli təhvil-təslim aktı ilə mallar cavabdehə təhvil verilmişdir.

3. xx.xx.2020-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə ilə də cavabdeh iddiaçıya 2800 manat məbləğində borcununun olduğunu etiraf etmiş və 3 ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh borc məbləğini bu müqavilə bağlandıqdan sonra hər ay 933,33 manat olmaqla xx.xx.2020-ci il tarixinədək tam olaraq iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.

4. Eyni zamanda cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2020-ci il tarixli ərizə ilə borcunu etiraf etmiş və 3 ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 2700 manat ödənilməmiş borcu yaranmışdır.

5. Borcun ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilmiş, buna baxmayaraq tərəflər arasında mübahisə həllini tapmamışdır.

II. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə Şəki kommersiya Məhkəməsinə müraciət edərək müqavilə üzrə ödənilməmiş 2700 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləgində pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini işin yuxarıda göstərilən hallarla əsaslandırmışdır.

8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

9. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 12 iyun 2023-cü il tаrixli, e-2-2(117)-498/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 2700 manat borc, 60 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməsi, ödənilməmiş 47 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 386.1, 389.1, 406.1, 442, 445.2, 448, 567-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600-cu maddəsinin 1-ci və 3-cü bəndlərinə istinad etməklə əsaslandırılmışdır.

11. Cavabdehin nümayəndəsi və vəkili Vəkil Şəki Kommersiya Məhkəməsinin 12 iyun 2023-cü il tаrixli, e-2-2(117)-498/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

12. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətində göstərilmişdir ki, o, Şəki Kommersiya Məhkəməsinin 12 iyun 2023-cü il tаrixli, e-2-2(117)-498/2023 saylı qənaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə işə birtərəfli və səhti yanaşımış, işin halları hərtərəfli araşdırılmamış, tərəflərin arasında olan hüquq münasibətlərinə düzgün hüquqi qiymət verilməmişdir. Əslində, onunla "xxxx" MMC arasında müqavilələr bağlanmışdır, lakin o, 2800 manat məbləğ təşkil edən müqavilə bağlamamışdır. Onunla bağlanmış müqavilələr təxminən 200-300 manat arası olmuşdur. 2800 manatlıq dəyərə malik mallarla bağlı onunla "xxxx" MMC arasında təhvil-təslim aktı olmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar həqiqəti əks etdirmir. xx.xx.2020-ci il tarixdə 014/2020 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC ilə onun arasında müxtəlif çeşidli, o cümlədən 2800 manat dəyərə malik mallara dair onunla "xxxx" MMC arasında müqavilə, o cümlədən təhvil-təslim aktı olmamışdır. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 12 iyun 2023-cü il tаrixli, e-2- 2(117)-498/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

14. Apellyasiya instansiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq qətnamədən verilən apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

18. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

19. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

23. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

24. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır;

25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

26. 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

27. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

28. 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

29. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

37. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

38. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir.

39. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər.

40. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

41. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

44. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 12 iyun 2023-cü il tаrixli, e-2-2(117)- 498/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

47. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

48. Müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış məhsulların nisyə alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli 014/2020 nömrəli müqaviləyə əsasən satıcı İddiaçı MMC ümumi dəyəri 2800 manat olan müxtəlif çeşidli məhsulları alıcı Cavabdeh satmağı, alıcı isə həmin malları almağı və dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin imzaları ilə təsdiq edilmiş eyni tarixli təhvil-təslim aktı ilə mallar cavabdehə təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə ilə də cavabdeh 2800 manat məbləğində borcunun olduğunu etiraf etmiş və 3 ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən borclu borc məbləğini bu müqavilə bağlandıqdan sonra hər ay 933,33 manat olmaqla xx.xx.2020-ci il tarixinədək tam olaraq kreditora ödəməyi öhdəsinə götürmüşdür.

49. Bundan başqa cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2020-ci il tarixli ərizə ilə də cavabdeh borcunu etiraf etmiş və 3 ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 2700 manat ödənilməmiş borcu yaranmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, təhviltəslim aktı və borcun etirafı üzrə ərizə ilə öz təsdiqini tapır.

50. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan iddia təmin edilməlidir.

51. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

52. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

53. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

54. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır.

55. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

56. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

57. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

58. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

59. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 12 iyun 2023-cü il tаrixli, e-2-2(117)-498/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

60. Hazırkı kommersiya mübahisəsinə dair iş üzrə mübahisələndirilən məbləğ on min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. (44-cü bənd) Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 12 iyun 2023-cü il tаrixli, e-2-2(117)-498/2023 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar