Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-104/2021 10.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “X1” MMC-yə qarşı “11.03.2020-ci il tarixli ADO-019/20 saylı alqı-satqı müqaviləsinə və ona əlavə edilən qiymət razılaşdırma protokollarına əsasən 36895,70 manat əsas borc və 1789,46 manat dəbbə pulunun tutulması” tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin 11.08.2021-ci il tarixli, e-2-2(117)-470/2021 nömrəli qətnaməsindən cavabdeh “X1” MMC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı MMC-nin cavabdeh “X1” MMC-yə qarşı məhkəmədə iddia qaldıraraq “11.03.2020-ci il tarixli ADO-019/20 saylı alqı-satqı müqaviləsinə və ona əlavə edilən qiymət razılaşdırma protokollarına əsasən 36895,70 manat əsas borc və 1789,46 manat dəbbə pulunun cavabdehdən tutulması” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 11.08.2021-ci il tarixli, e-2-2(117)-470/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “X1” MMC-dən 36895,70 manat əsas borc və 178,9 manat dəbbə pulu borcu, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 28,75 manat məbləğində hissəsi və tutularaq İddiaçı MMC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 1,25 manat hissəsi İddiaçı MMC-yə aid edilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 11.08.2021-ci il tarixli, e-2-2(117)-470/2021 nömrəli qətnaməsindən cavabdeh “X1” MMC apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı MMC və cavabdeh “X1” MMC arasında 11.03.2020-ci il tarixli ADO-019/20 nömrəli alqı-satqı müqaviləsinə və ona əlavə olunan 1 və 2 saylı Protokollarına əsasən, iddiaçı cavabdehə tonunun qiyməti 210 manat hesablanmaqla 500 ton yonca məhsulu və tonu 380 manat hesablanmaqla 300 ton qarğıdalı məhsulunu təqdim edir, cavabdeh isə öz növbəsində yonca məhsuluna görə 105 000 manat 2020-ci ilin mart ayının 31-dək, qarğıdalı məhsuluna görə isə 114 000 manat məbləğini mallar təhvil alınmamışdan öncə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. 07.04.2020-ci il tarixli elektron qaimə ilə “X1” MMC tərəfindən 1 tonunun qiyməti 380 manat olmaqla 19,05 ton qarğıdalı (cəmi 7239 manat) və 1 tonunun çəkisi 210 manat olmaqla 260,27 ton yonca (cəmi 54656,70 manat) olmaqla, ümumilikdə 72805,70 manat məbləğində məhsulun alınması müəyyən olunur. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-470/2021 saylı 11 avqust 2021-ci il tarixli qətnaməsi əsassız və qanunsuzdur və bu səbəbdən ləğv olunmalıdır. Belə ki, məhkəmədə cavabdeh tərəfin iştirakı təmin edilməmişdir. Digər tərəfdən iddiaçı tərəfindən verilmiş materiallar barədə hər hansı qaimə-faktura təqdim edilməmişdir. Belə olan halda iddiaçının həqiqətən tələb etdiyi məbləğdə material verməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Üzləşmə aktına gəldikdə isə bildirilir ki, sözügedən üzləşmə aktı cavabdeh tərəfdən imzalanmamışdır. Bu səbəbdən üzləşmə aktındakı imzaların müəyyən edilməsi və iddiaçının verdiyi materialın və borcun müəyyən edilməsi məqsədi ilə işin obyektiv həlli baxımından ekspertizalar təyin olunmalıdır. Qeyd edilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 11.08.2021-ci il tarixli, e-2- 2(117)-470/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh tərəf heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri: Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib, proses iştirakçısının izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 11.08.2021-ci il tarixli, e-2-2(117)-470/2021 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında İddiaçı MMC və cavabdeh “X1” MMC arasında 11.03.2020-ci il tarixli ADO-019/20 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və müqavilənin icrası olaraq “X1” MMC tərəfindən 1 tonunun qiyməti 380 manat olmaqla 19,05 ton qarğıdalı (cəmi 7239 manat) və 1 tonunun çəkisi 210 manat olmaqla 260,27 ton yonca (cəmi 54656,70 manat) olmaqla, ümumilikdə 72805,70 manat məbləğində məhsul alınmışdır. Lakin cavabdeh tərəfindən qeyd edilən məhsulun dəyəri tam ödənilməmiş və 36895,70 manat borcu qalmışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən borcun yarı hissəsi ödənilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 13-cü mаddəsinin İ hissəsində göstərilir ki, Аzərbаycаn Respublikаsındа mülkiyyət tоxunulmаzdır və dövlət tərəfindən müdаfiə оlunur. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vаrdır. Mülkiyyət hüququ, о cümlədən xüsusi mülkiyyət hüququ qаnunlа qоrunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbаşınа və yа bаşqаlаrı ilə birlikdə əmlаkа sаhib оlmаq, əmlаkdаn istifаdə etmək və оnun bаrəsində sərəncаm vermək hüquqlаrındаn ibаrətdir. Heç kəs məhkəmənin qərаrı оlmаdаn mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, apellyator birinci instanisya məhkəməsində cavabdeh tərəfin iştirakının təmin edilmədiyini bildirsə də, iş materiallarının 28 və 40-cı səhifələrində olan poçt xəbərmələrindən görünür ki, məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdeh tərəfə lazımi məlumatlar verilmişdir. Bundan başqa apellyator üzləşmə aktındaki imzanın cavabdehə məxsus olmadığını bildirsə də, bu dəlilini də əsaslandırmamışdır. Bundan başqa apellyator iddiaçı tərəfindən verilmiş materiallar barədə məhkəməyə hər hansı qaimə-faktura təqdim edilmədiyini bildirsə də, iş materiallarının 53-cü səhifəsinə nəzər yetirdikdə məlum olur ki, iddiaçı tərəf 485346 nömrəli, 07 aprel 2020-ci il tarixli sözügedən qaiməni məhkəməyə təqdim etmişdir və həmin elektron qaimə ciddi mühasibat sənədi olmaqla dövlət qeydiyyatına alınan sənəddir, həmin sənəd müvafiq malın təhvil verilməsini təsdiq etməklə sübut əhəmiyyəti olan sənəd olaraq ona istinad edilməsi qanunidir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-ci maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 11.08.2021-ci il tarixli, e-2-2(117)-470/2021 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh “X1” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 11.08.2021-ci il tarixli, e-2-2(117)-470/2021 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(107)-104/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-104/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver