Məhkəmə qərarları › İş №2-2(107)-106/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-106/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-106/2021 02.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiаçı İddiaçı MMC-nin cаvаbdeh "xxxx" MMC-yə qаrşı «1072,87 mаnаt məbləğində аbunə və xidmət hаqqı borcunun və ödənilmiş 30 mаnаt dövlət rüsumunun cаvаbdehdən tutulаrаq iddiаçıyа ödənilməsi» tələbinə dаir kommersiyа mübаhisəsi üzrə Şəki Kommersiyа Məhkəməsinin 11 avqust 2021-ci il tаrixli, e-2-2(117)-510/2021 saylı qətnаməsi və 01 sentyabr 2021-ci il tаrixli, e-2-2(117)-510/2021 saylı əlаvə qətnаməsindən cаvаbdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 11 avqust 2021-ci il tаrixli, e-2-2(117)-510/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 1072,87 (bir min yetmiş iki manat səksən yeddi qəpik) manat məbləğində abunə və xidmət haqqı borcu və 30 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 01 sentyabr 2021-ci il tаrixli, e-2-2(117)-510/2021 saylı əlаvə qətnаməsi ilə İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “1072,87 manat məbləğində abunə və xidmət haqqı borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair” iddiası üzrə iddia müddəti keçmədiyindən tətbiq edilə bilməməsi qət edilmişdir. İşin halları: Tərəflər arasında bağlanmış 19.07.2007-ci il tarixli 274447, 274435 saylı “Mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqqında” müqavilələrə əsasən "xxxx" MMC ********* telefon nömrəsi üzrə GSM qoşulma xidmətlərindən istifadə etmişdir. Cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə 1072,87 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan 29.07.2019-cu və 31.03.2021-ci il tarixli cari hesab arayışlarından görünür ki, ********* telefon nömrəsi üzrə 1072,87 manat məbləğində borcu mövcuddur. İddiaçı pretenziya ilə məktubu ilə cavabdehdən 1072,87 manat məbləğində ödənilməmiş borcunun ödənilməsini tələb etmiş, əks təqdirdə onu məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 284- 5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, 22.07.2021-ci il tarixdə təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış qoşulma müqavilələri, cari hesab arayışları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Şəki Kommersiyа Məhkəməsinin 11 avqust 2021-ci il tаrixli, e-2-2(117)-510/2021 saylı qətnаməsi və 01 sentyabr 2021-ci il tаrixli, e-2-2(117)-510/2021 saylı əlаvə qətnаməsindən cаvаbdeh "xxxx" MMC tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Şəki Kommersiya Məhkəməsinin 11.08.2021-ci il tarixli, e-2-2(117)-510/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnamə əsassız və qanunsuzdur. Belə ki, cavabdeh kimi məhkəmə bildirişini 22.07.2021-ci il tarixdə aldıqdan sonra 10 günlük müddətə əməl edərək 31.07.2021-ci il tarixdə iddia ərizəsinə yazılı şəkildə münasibətimizi bildirmişik. Məhkəmə iddia edilən borcun yaranma vaxtını araşdırmamış, mühüm əhəmiyyət kəsb edən bu halı müəyyən etmədən qərar qəbul etmişdir. Halbu ki, cavabdeh kimi 31.07.2021-ci il tarixli ərizələrində iddia tələbi üzrə iddia müddətinin üzrlü səbəb olmadan buraxılmasını göstərməklə iddia tələbinə iddia müddətini tətbiq etməklə iddia icraatına xitam verilməsini xahiş etmişlər. X1 Məhkəməsi işə birtərəfli, qeyri-obyektiv baxaraq, işin hallarını tam və hərtərəfli araşdırmadan, işdə olan sənədlərə obyektiv hüquqi qiymət vermədən əsassız qətnamə qəbul etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən 19.07.2007-ci il tarixli müqavilə öhdəliyindən yaranmış borc tələb edilir. Bu müqavilədən 14 il müddət keçmişdir. Qanunvericiliklə müqavilə öhdəliklərinə iddia müddəti tətbiq edilir. Qeyd etdiyikləri kimi məhkəmə borcun yaranma müddətini müəyyən etməmiş və cavabdeh kimi iddiaçıya borcları olmadığından hesab edirlər ki, əgər belə bir borc qalmışdırsa, bu da çox keçmiş, tələbetmə müddəti keçmiş borcdur, buna da müddət tətbiq edilməlidir. Ona görə də hesab edirlər ki, Şəki Kommersiya Məhkəməsinin 11.08.2021-ci il tarixli, e-2-2(117)-510/2021 saylı qətnaməsi əsassız və qanunsuz olduğundan ləğv edilməli və qanunvericiliyin tələblərinə əməl edilərək iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Şəki Kommersiya Məhkəməsinin 01 sentyabr 2021-ci il tаrixli, e-2-2(117)-510/2021 saylı əlаvə qətnaməsindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1072,87 manat məbləgində xidmət haqqının tutulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının rabitə xidmətindən istifadə etmiş, lakin istifadə etdiyi danışıq xidmətinin haqqını ödəməmişdir. İddia ərizəsində cavabdehin hansı danışıq xidmətindən və nə vaxt istifadə etməsi, borcun yaranma əsassları göstərilməmiş, mücərrəd iddia tələbi irəli sürülmüşdür, yəni iddia ərizəsi qanunvericiliyin tələblərinə müvafiq tətrib edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh arasında iddiaçıya məxsus rabitə xidmətindən istifadə edilməsinə dair 19.07.2007-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdehin istifadəsinə 10 ədəd telefon rabitə vasitəsi verilmişdir. Cavabdeh tərəfindən bir müddət həmin rabitə vasitəsi ilə rabitə xidmətindən istifadə edilmiş və xidmət haqqı da vaxtında ödənilmişdir. İddia ərizəsində qeyd olunan 1072,87 manat borcun yaranmasına dair iddiaçı tərəfindən heç bir sənəd, sübut təqdim edilməmişdir. Bundan başqa, həmin xidmət müqaviləsinin bağlanmasından 14 il müddət keçmişdir. Şəki Kommersiya Məhkəməsinin 01.09.2021-ci il tarixli, e-2-2(117)-510/2021 saylı qətnaməsində əsas sübut kimi 29.07.2019-cu il və 31.03.2021-ci il tarixli cari hesab arayışları götürmüşdür. Bununla məhkəmə sübut etməyə çalışmışdır ki, borc məbləği həmin tarixə yaranmışdır. Bu tam yanlışdır. Məhkəmə borcun yaranma əsasını araşdırmamış, iddiaçının formal arayışını möhtəbər sübut kimi qəbul etmişdir. Hesab edirlər ki, məhkəmə iddia tələbi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, iş üzrə qeyri-obyektiv qətnamə qəbul etmişdir. Əsassız və qanunsuz olaraq iddia tələbinə müddətin tətbiqi ilə bağlı qanunvericilik normalarını tətbiq etməmişdir. Bununla həm maddi, həm də prossesual hüquq normalarını pozmuşdur. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 01 sentyabr 2021-ci il tаrixli, e-2-2(117)-510/2021 saylı əlаvə qətnaməsini əsassız və qanunsuz olduğundan ləğv edilməsini və iddia tələbi üzrə qanunvericiliklə müəyyən edilmiş tələb etmə müddəti keçdiyindən iddiaçı "xxxx" MMC-nin iddia tələbini rədd etməklə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. İddiаçı İddiaçı MMC məktubla məhkəməyə müraciət edərək işə, onların iştirakı olmadan baxılmasını və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Şəki Kommersiyа Məhkəməsinin 11 avqust 2021-ci il tаrixli, e-2-2(117)-510/2021 saylı qətnаməsi və 01 sentyabr 2021-ci il tаrixli, e-2-2(117)- 510/2021 saylı əlаvə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsində göstərilmişdir ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinin tələblərinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş materialları ilə müəyyən edildiyi kimi, "xxxx" MMC ***-***-**-** telefon nömrəsindən istifadəyə görə 1072,87 manat ödənilməmiş borcu qalmışdır. Həmin borc hər ay üçün hesablanmış GSM qoşulma xidmətlərindən istifadə nəticəsində yaranmışdır. Cavabdeh öz borcunu ödəməsini xeyli müddət gecikdirmiş, müqavilənin qeyd olunan şərtlərini pozaraq borcun ödənilməsini təmin etməmişdir. Ona görə də, işə baxan məhkəmə haqlı olaraq hesab etmişdir ki, 1072,87 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa cavabdehin Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 01 sentyabr 2021-ci il tаrixli, e-2-2(117)-510/2021 saylı əlаvə qətnаməsindən verdiyi apellyasiya şikayətinə münasibətdə qeyd edilməldir ki, həmin məhkəmənin 11 avqust 2021-ci il tarixli qətnaməsi qəbul edilən zaman əsas sübut kimi 29.07.2019-cu və 31.03.2021-ci il tarixli cari hesab arayışları (invoice) götürülmüşdür. Tərəflər arasında müqavilə 2007-ci il tarixdə bağlansa da, uzun müddət həmin xidmətdən istifadə olunmuş və qeyd edilən arayışlardakı tarixlərə borc məbləği yaranmışdır. Qanunvericilikdə müqavilə tələbləri və vaxtaşırı icra edilməli öhdəliklər üzrə iddia müddəti 3 il müəyyən olunmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “1072,87 manat məbləğində abunə və xidmət haqqı borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair” iddiası üzrə iddia müddəti keçmədiyindən tətbiq edilə bilməməsi qət etməklə gəldiyi nəticəsi qanuni və əsaslıdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin 11 avqust 2021-ci il tаrixli, e-2-2(117)-510/2021 saylı qətnаməsi və 01 sentyabr 2021-ci il tаrixli, e-2-2(117)-510/2021 saylı əlаvə qətnaməsinin ləğv edilməsi barədə dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətləri tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayətlər əsaslandırılmamışdır. Apellyasiya şikayətləri ancaq formal mülahizələrdən ibarət olduğundan, məhkəmə kollegiyası hesab edir ki, şikayətlərin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnamə və əlavə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli və iş üzrə Şəki Kommersiyа Məhkəməsinin 11 avqust 2021-ci il tаrixli, e-2-2(117)-510/2021 saylı qətnаməsi və 01 sentyabr 2021-ci il tаrixli, e-2-2(117)-510/2021 saylı əlаvə qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cаvаbdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki Kommersiyа Məhkəməsinin 11 avqust 2021-ci il tаrixli, e-2-2(117)-510/2021 saylı qətnаməsi və 01 sentyabr 2021-ci il tаrixli, e-2-2(117)-510/2021 saylı əlаvə qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar