Məhkəmə qərarları › İş №2-2(107)-106/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-106/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-106/2023 05.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-751/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 01 noyabr 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC(bundan sonra –iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 923 manat əsas borc, 92 manat məbləğində cərimə borcu və 60 manat mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır və orada yaşayır. Balakən rayon icra və probasiya şöbəsi tərəfindən onun barəsində çağırış verilmiş və onunla əlaqə saxlanılaraq bildirilmişdir ki, Şəki Kommersiya Məhkəməsinin qərarının icrası ilə bağlı icra və probasiya şöbəsinə yaxınlaşmalıdır. İcra və probasiya şöbəsinə yaxınlaşan zaman məlumatı olmuşdur ki, Şəki Kommersiya Məhkəməsinin icraatında İddiaçı MMC-nin ona qarşı pul tələbinə dair mülki işi olmuşdur. Məhkəmə qətnaməsindən məlumatı olmamışdır. Bunun üçün xx.xx.2023-cü il tarixdə asan imza almaq üçün müraciət etmiş və asan imza xx.xx.2023-cü il tarixdə aktivləşmişdir. Bundan sonra elektron kabinetə daxil olaraq qətnaməni əldə etmişdir. Məhkəmənin qətnaməsini rəsmi şəkildə xx.xx.2023-cü il tarixdə almışdır. Bu səbəbdən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı ərizəyə etiraz edərək etirazını onunla əsaslandırmışdır ki, cavabdehin qeyd edilən arqumentləri əsassızdır. Belə ki, Cavabdeh ilə aralarında olan hazırki mübahisə ilə paralel olaraq işgüzar nüfuzun müdafiəsi ilə bağlı kommersiya mübahisəsi də olmuş, həmin mübahisə e-2-2(117)-882/2023 nömrəli iş üzrə Şəki Kommersiya Məhkəməsinin başqa hakiminin icraatında olmuş, müvafiq iş üzrə cari ilin avqust-oktyabr aylarında cavabdehin və iddiaçının iştirakı ilə bir neçə dəfə məhkəmə iclası keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə elektron məhkəmə sistemi vasitəsilə məlumat verilmiş, buna müvafiq olaraq tərəflər iclaslarda iştirak etmişdir. Göründüyü kimi cavabdeh elektron məhkəmə sisteminə çıxışının olmadığını bildirsə də, qeyd olunan dövrdə elektron məhkəmə sistemindən istifadə etmiş, eləcə də elektron kabinetin aktiv olmamasına dair hər hansısa sübut təqdim etməmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş və apellyasiya şikayəti onu verən şəxsə geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan birinci instansiya məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Şəki Kommersiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şəki Kommersiya Məhkəməsi “buraxılmış prosessual müddətin bərpasından imtina” barədə mövqeyini onunla əsaslandırmışdır ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatla müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabineti mövcuddur. Cavabdehə münasibətdə məhkəmə bildirişi və sənədləri xx.xx.2023-cü il tarixdə, qəbul edilmiş məhkəmə qətnaməsi isə xx.xx.2023-cü il tarixdə sonuncunun elektron kabinetində yerləşdirilmişdir. Cavabdeh tərəfindən asan imzanın gec aktivləşməsi və qətnamənin alınmasının bu səbəbdən gecikməsi hazırki iş üzrə qətnamədən şikayət verilməsi üçün ötürülmüş müddətin bərpası üçün üzrlü səbəb deyildir. Belə ki, göründüyü kimi istər məhkəmə bildirişi, istərsə də məhkəmə qətnaməsi cavabdehin kabinetində yerləşdirilmiş və sonuncu qətnaməni rəsmi olaraq xx.xx.2023-cü il tarixdə aldığını bildirsə də, qətnamə qəbul edildiyi gün (xx.xx.2023-cü il tarixdə) cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh asan imzanın xx.xx.2023-cü il tarixdə aktivləşdiyini və bu səbəbdən qətnaməni rəsmi qaydada oktyabr ayının 19-da aldığını bildirir, lakin bu halların mövcudluğu həqiqət olsa belə müddətin ötürülməsi üçün üzrlü səbəb deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi, Elektron Məhkəmə İnformasiya sistemində elektron kabineti mövcud olan prosess iştirakçılarına məhkəmə sənədləri, o cümlədən digər sənədlər həmin kabinet vasitəsi ilə təqdim edilir. Proses iştirakçısı Elektron Məhkəmə İnformasiya sistemində elektron kabinet yaratdığı zaman kabinetdən istifadə qaydaları ilə tanış olmuş və razılaşmışdır. Bəlli olduğu kimi, “asan imza” mobil operatorlar tərəfindən aktivləşdirilir, bunun aktıvləşməsi üçün uzun vaxt tələb olunmur və aylıq ödənişlər edildiyi təqdirdə daim işlək vəziyyətdə olur. Sertifikat müddətinin bitməsi və yenisinin vaxtında əldə edilməsi ilə bağlı məsuliyyəti isə imza sahibi özü daşıyır və bu hal üzrlü səbəb deyildir. Göründüyü kimi, ərizənin qiymət verilən dəlili əsaslı deyildir və həmin halların hətta mövcud olması belə müddətin ötürülməsi üçün üzrlü səbəb deyildir. Bundan başqa ərizəçi atasının ölümü ilə əlaqədar məhkəmə işləri ilə maraqlana bilmədiyini, ona qarşı yönəlmiş tələbə dair məhkəmənin icraatında olan işlə bağlı elektron kabinet vasitəsilə məlumatı olmadığını bildirir. Təqdim edilmiş “ölüm haqqında” şəhadətnamədən görünür ki, X1 məhkəmə qətnaməsinin qəbul edildiyi və proses iştirakçısının kabinetinə yerləşdirildiyi xx.xx.2023-cü il tarixdən əvvəl xx.xx.2023-cü il tarixdə ölmüşdür. Məhkəmə qeyd edir ki, o hal üzrlü hesab edilə və müddət bərpa edilə bilər ki, üzrlü hesab edilən hal hansısa hərəkətin edilməsi üçün qanunla müəyyən edilmiş müddət dövründə baş vermiş olsun və müddət bitdikdən sonra davam etsin. Hazırki vəziyyətdə isə ərizəçinin atası, ərizəçinin barəsində mübahisə predmeti olan qətnamə qəbul edilməzdən öncə ölmüş və bu hal müddətin bitməsinədək davam etməmişdir. Ərizəçi qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti üzrsüz səbəbdən buraxmış və sonuncunun dəlilləri prosessual müddətin bərpası üçün əsas deyildir. İş üzrə İddiaçı MMC müddətin bərpasına etirazında göstərdiyi halların araşdırılması zamanı Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumatla müəyyən edilmişdir ki, İddiaçı MMC Cavabdeh qarşı işgüzar nüfuzun müdafiəsi ilə bağlı iddia tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmiş və mübahisəyə e-2-2(117)- 882/2023 nömrəli iş kimi qeydiyyata alınaraq baxılmışdr. Həmin iş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli məhkəmə bildirişi və digər sənədlər Cavabdeh elektron kabinetinə yerləşdirilmiş və məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilən və bundan sonra keçirilən məhkəmə iclaslarında iştirak etmişdir ki, bu hal sonuncunun elektron kabinetindən istifadə edə bildiyini və bununla bağlı hər hansı maneənin olmadığını təsdiq edir. Bundan başqa buraxılmış prosesual müddətin bərpa edilməsi barədə cavabdehin ərizəsinə baxılmasına dair məhkəmə iclası xx.xx.2023cü il tarixə təyin edilmiş, lakin keçirilən məhkəmə iclasında cavabdeh iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir ki, cavabdeh özünün təqdim etdiyi ərizə əsasında öz dəlillərini müdafiə etmək arzusunda olmamışdır. Göründüyü kimi, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət hər hansı üzrlü səbəbdən deyil iddiaçının buna ehtinasız yanaşması nəticəsində baş vermişdir. Şəki Kommersiya Məhkəməsinin mövqeyi ilə razılaşmayan cavabdeh isə qərardaddan verdiyi şikayətdə bildirir ki, həmin dövrdə atası vəfat etmiş və eyni zamanda digər mübahisə ilə əlaqədar elektron kabinetdən istifadə edə bilməmişdir. Onun etdiyi şikayət əsaslıdır və yetərincə sübutlar təqdim etmişdir. "X3" MMC-yə onun heç bir borcu yoxdur. Bunu apellyasiya şikayətində qeyd etmişdir. Ondan əsassız olaraq 923 manat əsas, 50 manat cərimə, 60 manat mediasiya borcunun tutulması ilə bağlı müraciət edilib. Məhkəmə araşdırmadan qarşı tərəfin iddiasının təmin olunması barədə qərar qəbul etmişdir. Onu da qeyd edir ki, o, məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçiriləcəyini zənn etmişdir. Eyni zamanda qarşı tərəf də məhkəmə iclasında iştirak etməyib. Halbuki həmin məhkəmə iclasında iştirak edərək sübutlarını şəxsən məhkəməyə təqdim etmək istəyir. Bunun üçün qərardadın ləğv edilməsini və şikayətinin təmin olunması zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, işin 44-cü vərəqəsində olan məktubdan görünür ki, Şəki Kommersiya Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, e-2- 2(117)-751/2023 saylı qətnaməsi 01 avqust 2023-cü il tarixdə Cavabdeh “elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir. Apellyasiya şikayəti isə 19 oktyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 01 sentyabr 2023-cü il tarixdə bitdiyi halda, apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək 19 oktyabr 2023-cü il tarixdə verilmişdir. Bununla yanaşı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin Məhkəmə hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, cavabdeh apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasını onunla əsaslandırır ki, elektron kabinetə daxil ola bilməsi üçün asan imzası olmamışdır və asan imzanı gec əldə etmişdir. Məhkəmə bildirir ki, qeyd olunan hal qətnamədən şikayət verilməsi üçün ötürülmüş müddətin bərpası üçün üzrlü səbəb deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi, Elektron Məhkəmə İnformasiya sistemində elektron kabineti mövcud olan prosess iştirakçılarına məhkəmə sənədləri, o cümlədən digər sənədlər həmin kabinet vasitəsi ilə təqdim edilir. Proses iştirakçısı Elektron Məhkəmə İnformasiya sistemində elektron kabinet yaratdığı zaman kabinetdən istifadə qaydaları ilə tanış olmuş və razılaşmışdır. Elektron kabinetin işlək vəziyyətdə saxlanılması və ya asan imzanın vaxtında əldə edilməsi ilə bağlı məsuliyyəti isə imza sahibi özü daşıyır və bu hal üzrlü səbəb deyildir. Bundan başqa ərizəçi atasının ölümü ilə əlaqədar məhkəmə işləri ilə maraqlana bilmədiyini, ona qarşı yönəlmiş tələbə dair məhkəmənin icraatında olan işlə bağlı elektron kabinet vasitəsilə məlumatı olmadığını bildirmişdir. Təqdim edilmiş “ölüm haqqında” şəhadətnamədən görünür ki, X1 məhkəmə qətnaməsinin qəbul edildiyi və proses iştirakçısının kabinetinə yerləşdirildiyi xx.xx.2023-cü il tarixdən əvvəl, xx.xx.2023-cü il tarixdə ölmüşdür. Məhkəmə qeyd edir ki, o hal üzrlü hesab edilə və müddət bərpa edilə bilər ki, üzrlü hesab edilən hal hansısa hərəkətin edilməsi üçün qanunla müəyyən edilmiş müddət dövründə baş vermiş olsun və müddət bitdikdən sonra davam etsin. Hazırki vəziyyətdə isə ərizəçinin atası, ərizəçinin barəsində mübahisə predmeti olan qətnamə qəbul edilməzdən öncə ölmüş və bu hal müddətin bitməsinədək davam etməmişdir. Məhkəmə hesab edir ki, müzkirə olunan hissədə də cavabdehin dəlilləri prosessual müddətin bərpası üçün əsas deyildir. Belə olan halda hesab edilməlidir ki, Şəki Kommersiya Məhkəməsi “buraxılmış prosessual müddətin bərpasından imtina” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan cavabdehin verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh tərəfindən tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 01 noyabr 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar