Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-11/2022 22.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “20.06.2019-cu il tarixli 071 nömrəli lizinq müqaviləsinin ləğv edilməsi, lizinq müqaviləsi üzrə 62737,30 manat məbləğində borcun ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-461/2021 saylı qətnaməsindən İddiaçı QSC və Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 29 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-461/2021 saylı qətnaməsi ilə iddiа qismən təmin edilərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 20.06.2019-cu il tarixli 071 nömrəli lizinq müqaviləsi ləğv edilməsi, Cavabdeh lizinq müqaviləsi üzrə 28.09.2021-ci il tarixə olan 25766,25 manat pul və 12,32 manat ödənilmiş dövlət rüsumunun hissəsi İddiaçı QSC-nin xeyrinə tutulması, iddia qalan hissədə rədd edilməsi və ödənilmiş dövlət rüsumunun 17,68 manat hissəsi iddiaçıya aid edilməsi qət edilmişdir. İşin halları "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20.06.2019-cu il tarixli MK071 nömrəli lizinq müqaviləsinə və həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən cavabdeh 82696,54 manat məbləğində kənd təsərrüfatı texnikasını və onun hissələrini (New Holland T6090 traktor, ot, küləş presləyən BLY-155, 5 gövdəli kotan SPA 145 və taxılsəpənlə birlikdə gübrəsəpən TS24) 60 ay müddətinə lizinqə götürmüş, qeyd edilən texnika və onun hissələri 03.07.2019-cu il tarixdə 192 nömrəli akt əsasında cavabdehə təhvil verilmiş, müqaviləyə uyğun cavabdeh tərəfindən 42049,75 manat məbləğində ilkin ödəniş edilmiş hər ay 1120,33 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüş, 4 ay ödəniş edərək cəmi 4482,66 manat məbləğində ödəniş etmiş, müqavilənin müddəti 28.06.2024cü il tarixədək müəyyən edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və onun 28.09.2021-ci il tarixə 25766,25 manat borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı, həmçinin tərəflər arasında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsi barədə cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. "xxxx" MMC-nin 09.09.2019-cu il tarixdə hüquqi adı dəyişdirilərək İddiaçı QSC adlandırılmış və VÖEN ********** olmaqla dəyişməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 20.06.2019-cu il tarixli MK071 nömrəli lizinq müqaviləsinə və həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən cavabdeh 82696,54 manat məbləğində kənd təsərrüfatı texnikasını və onun hissələrini (New Holland T6090 traktor, ot, küləş presləyən BLY-155, 5 gövdəli kotan SP 145 və taxılsəpənlə birlikdə gübrəsəpən TS24) 60 ay müddətinə lizinqə götürmüş, qeyd edilən texnika və onun hissələri 03.07.2019-cu il tarixdə 192 nömrəli akt əsasında cavabdehə təhvil verilmiş, müqaviləyə uyğun cavabdeh tərəfindən 42049,75 manat məbləğində ilkin ödəniş edilmiş hər ay 1120,33 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüş, 4 ay ödəniş edərək cəmi 4482,66 manat məbləğində ödəniş etmiş lakin, cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək tərəflər arasında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsini və 28.06.2024-cü il tarixədək cavabdehin ödəməli olduğu ümumilikdə 62737,30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qismən qəbul edərək tələb edilən vəsaitin yarı hissəsinin ödənilməsinə razı olduğunu və tələbin qismən təmin edilməsi ilə razı olacaqlarını bildirmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış lizinq müqaviləsi, ödəniş qrafiki, maliyyə arayışı və digər sənədlər toplusu daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-461/2021 saylı qətnaməsindən İddiaçı QSC və Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı tam deyil, qismən təmin etdiyinə görə, məbləğin iddiaçıya ödənilməsindən savayı cavabdehin etməli olduğu hərəkət ondan ibarət olmalıdır ki, cavabdehin istifadəsində olan əmlakı mülkiyyətçiyə geri qaytarsın. Lakin hüquq barədə məsələni həll edərkən cavabdehin etməli olduğu hərəkət nöqteyi-nəzərindən iddiaçının xüsusi mülkiyyətinin lizinq müqaviləsinin ləğv edilməsindən sonra hüquqi müqəddəratı məsələsinə qətnamədə və qətnamənin nəticə hissəsində münasibət bildirilməyib. İstər qətnamə çıxarılması, istərsə də əlavə qətnamə çıxarmaqdan imtina mərhələsində məhkəmə iddia ərizəsini və qanunvericilikdə təsbit olunmuş lizinq müqaviləsinin müddəalarını, Konstitusiya ilə qorunan mülkiyyət hüququnu qətiyyən nəzərə almayıb. Hazırkı iş üzrə iddiaçı bu məsələ ilə əlaqədar əlavə qətnamə çıxarılması ilə bağlı birinci instansiya məhkəməsinə ərizə ilə müraciət etmiş, lakin əlavə qətnamə çıxarmaqda da birinci instansiya məhkəməsi imtina edib. İmtina ilə bağlı qərardadda qeyd edib ki, iş üzrə sonuncu məhkəmə iclasının audio və video yazısı izlənmiş, iclasın video yazısına əsasən iddia tələbində dəqiqləşdirmə aparılması haqqında məhkəmə tərəfindən iddiaçıya təklif verilmiş, iddiaçı isə iddia tələblərinin dəqiqləşdirilməsi istiqamətində təklif irəli sürülməyib. Məhkəmənin bu arqumentini də əsassız və qanunsuz hesab edir. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-461/2021 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilərək apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul ediləcək yeni qətanaməyə əsasən iddia tam təmin olunaraq lizinq müqaviləsi üzrə lizinq ödənişləri qaydasında və ödənilmiş dövlət rüsumu nəzərə alınmaqla cəmi 62.922,70 manat məbləğində borcun cavabdehdən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, lizinq predmeti olan kənd təsərrüfatı təyinatlı texnika Cavabdeh saxlanılması, birinci instansiya məhkəməsinin qətnaməsi qət olunmuş məbləğə aid hissədə dəyişdirilmədən saxlandığı və (və ya) iddia qismən təmin olunduğu təqdirdə isə lizinq predmetini əldə etmək hüququ yaranmadığına və lizinq predmetini əldə etməyə ixtiyarı çatmadığına görə lizinq predmeti olan aşağıda göstərilmiş kənd təsərrüfatı təyinatlı texnikanın Cavabdeh tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə üzrə lizinq alan tərəf kimi üzərinə düşən tələblərini tam və dürüst yerinə yetirmişdir. Müqavilə üzrə lizinq verən tərəf olaraq "xxxx" QSC rəhbərliyi və ətrafında olan bir qrup şəxs müqavilənin onların üzərin düşən öhdəliklərin yerinə yetirmək əvəzinə aldatma və etibardan sui-istifadə yolu ilə cavabdehə külli miqdarda maddi ziyan vurmuşlar. Qeyd edilən kənd təsərrüfatı texnikalarını və aqreqatlarını əldə etmək məqsədi ilə müraciət edərkən "xxxx" QSC-nin bu işdə məsul olan əməkdaşı cavabdehə kənd təsərrüfatı texnikaları və avadanlıqlarının şəkillərini və texniki parametrlərini kompüter vasitəsi ilə nümayiş etdirərək onu texnikaların hamısının 2019-cu il buraxılışı olduğuna əmin etmişdir. Ancaq texnika və avadanlıqlar göstərilən qaydada nümayiş etdirilərkən onların heç birinin buraxılış ili nə fotoşəkillərdə göstərilmiş, nə də kompüterdə görüntüsü olmuşdur. Həmçinin cavabdehlə "xxxx" QSC arasında bağlanmış müqavilə, müqavilə ilə bu texnikanın qəbul edilməsi ilə əlaqədar lizinq verənin lizinq alana verdiyi etibarnamədə nə də ki, texnikaların qəbulu aktında lizinq verən qəsdən texnikaların buraxılış ilini göstərmişdir. Həmin sənədlərdə texnikaların buraxılış illəri göstərilmiş olsaydı, cavabdeh həmin müqaviləni imzalamazdı və texnikaları da qəbul etməzdi. Cavabdeh lizinq verən tərəfindən köhnə illərin texnikaları olduğunu onları dövlət qeydiyyatına alındığı zaman bilmişdir. Gösətərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-461/2021 saylı qətnaməsinin lizinq müqaviləsinin ləğv edilməsi və tutulmalı pulun məbləğinin azaldılması hissəsində qismən ləğv edib, cavabdehdən lizinq müqaviləsi üzrə tutulmalı məbləğin texnikanın köhnə illərin buraxılışı olmasını nəzərə alınmaqla azaldılmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X2 özləri tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətinin təmin olunmasını, cavabdeh tərəfin verdiyi apellyasiya şikayətinə isə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə özləri tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, İddiaçı QSC-nin verdiyi apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətləri üzrə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin izahatını dinləyib, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, İddiaçı QSC və Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-461/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci mаddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsi hesаb etmişdir ki, iddiа tələbi qismən təmin edilməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən Bu müqaviləyə əsasən lizinqə verilən texnika üzərində müstəsna mülkiyyət hüququ onun tam dəyəri lizinq alan tərəfindən ödənilənədək lizinq verənə məxsusdur. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 5.1.4-ci bəndinə əsasən, lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə, o cümlədən qrafik üzrə ödənişi bir dəfədən artıq aparmadıqda lizinq verən müqavilənin 5.2-ci bəndində göstərilən hərəkətləri edir. Müqavilənin 5.2-ci müqavilə şərtlərinin pozulması nəticəsində yazılı xəbərdarlıq edilməsini, lizinq obyektinin geri qaytarılmasını, ödənilmiş pulun saxlanılmasını, dəymiş zərərin tələb edilməsini, cərimənin ödənilməsini və məhkəməyə müraciət olunmasına dair müddəaları özündə əks etdirir. İş materiallar ilə müəyyən olunur ki, iddiaçı lizinq müqaviləsi üzrə razılaşdırılmış qaydada avadanlığı cavabdehə lizinqə vermiş, lizinq alan ilkin ödəniş etdikdən sonra qalan məbləği ödəniş qrafiki əsasında ödəməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş, ümumilikdə 28.09.2021-ci il tarixə 30248,91 manat borcu yaranmış, cavabdeh tərəfindən edilən 4482,66 manat lizinq ödənişi çıxılmaqla iddiaçıya 28.09.2021-ci il tarixə 25766,25 manat məbləğində borcu yaranmışdır. Odur ki, iddiaçı həmin borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı lizinq predmetinin qaytarılması barədə tələb irəli sürməmiş, eyni zamanda cavabdeh də qeyd edilən lizinq predmetlərinin özündə saxlanması ilə razı olması ilə bağlı hər hansı bir tələb irəli sürməmişdir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 747.1-ci mаddəsinə əsаsən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; Həmin Məcəllənin 747-5.1-ci mаddəsinə əsаsən, lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir; Həmin Məcəllənin 748.1-ci mаddəsinə əsаsən, lizinq müqaviləsi yazılı formada bağlanılır; Həmin Məcəllənin 748-1.12.4-cü mаddəsinə əsаsən, lizinq аlаn lizinq оbyektindən istifаdə üçün hаqqı müqаvilə ilə nəzərdə tutulаn ödəniş müddətləri üzrə аrdıcıl оlаrаq iki dəfədən аrtıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq оbyektini mübаhisəsiz geri аlmаq və bununlа dа lizinq müqаviləsini vаxtındаn əvvəl ləğv etmək hüququ vаrdır; Həmin Məcəllənin 748-10.1-ci mаddəsinə əsаsən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; Həmin Məcəllənin 748-10.2-ci mаddəsinə əsаsən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 386-cı maddəsinə görə, ... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Həmin Məcəllənin 427.3-cü mаddəsinə əsаsən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci mаddəsinə əsаsən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətlərdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür; Qeyd edilən normaların tələblərindən görünür ki, hazırkı vəziyyətdə iddiaçının tərəflər arasında bağlanmış lizinq müqaviləsinin ləğvini tələb etmək hüququ mövcuddur. Belə ki, lizinq üzrə ödənişlərin ödənilməsi dəfələrlə gecikdirilmişdir. Eyni zamanda, iddiaçı məhkəmədə iddia qaldıranadək Mülki Məcəllənin 423-cü maddəsinin tələblərinə əməl edərək qarşı tərəfə təklif də göndərmişdir. Həmin normanın tələbinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı vəziyyətdə məhkəmənin tələbdən kənara çıxmasına əsas ola biləcək hal qanunda nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən lizinq obyektinin qaytarılması ilə bağlı hər hansı tələb irəli sürülmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq həmin məsələyə münasibət bildirməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi iddiaçının tələbinin 28.06.2024-cü il tarixədək ödənilməli olan lizinq ödənişinin təmin edilməsi hazırkı vəziyyədə mümkün olmaması qənаətinə gəlmişdir. Belə ki, məhkəmə qətnaməsi gələcəkdə baş verə biləcək qeyri-müəyyən haldan asılı ola bilməz, qətnamə real vəziyyətə uyğun tədqiq edilmiş hüquq münasibətinə uyğun olmalı və qətnamənin icrası mümkün olmalıdır. Buna görə də birinci instansiya məhkəməsi tərəflərin əmlak mənafelərini nəzərə alaraq cavabdehdən ödənişlər nəzərə alınmaqla qətnamə qəbul edilən tarixə yəni, 28.09.2021-ci il tarixə 25766,25 manat pul tutularaq iddiaçıya ödənilməsini, iddianın qalan hissədə rədd edilməsini ədаlətli və əsаslı hesаb etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin texnikanın köhnə illərin buraxılışı olması ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, cavabdeh 2019-cu il buraxılışlı texnikaların lizinqə verilməsi barədə tərəflər arasında hər hər hansı razılaşmanın olmasına dair işə baxan məhkəmələrə mötəbər sübutlar təqdim etməmişdir. Yuxarıda da qeyd edildiyi kimi, lizinqə götürülmüş texnika və onun hissələri akt əsasında cavabdehə təhvil verilmiş, lizinq müqaviləsinə uyğun cavabdeh tərəfindən ilkin ödəniş edilmiş, bundan sonra 4 ay ödəniş etmişdir. Həmin vaxtı cavabdehin texnika və onun hissələrinin keyfiyyəti və buraxılış ilinə dair iradı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətlərini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələri işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun, həmçinin qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyasının qənaətincə, İddiaçı QSC cavabdehə qarşı iddia tələbində haqlıdır və birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə düzgün qərar qəbul etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə əsassız və qəbuledilməzdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı QSC və Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-461/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı QSC və Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, e-2-2(117)- 461/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-11/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-11/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver