Məhkəmə qərarları › İş №2-2(107)-110/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-110/2024

24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-110/2024 24.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və X7 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs - Zaqatala rayon Uşaq İncəsənət Məktəbinin direktoru, eyni zamanda Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə görə yaranmış 36473.14 manat əsas borcun və 201.84 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, e- 2-2(117)-844/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İddiaçı (bundan sonra - iddiaçı) ilə Cavabdehnə (bundan sonra - cavabdeh) arasında Balakən, Zaqatala, Qax, Şəki, Oğuz rayonlarında yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahələrinə təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2023cü il tarixdə AMX-3803/23 nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında debitor borc yaranmış və yaranmış borc ödənilməmişdir.

2. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2 saylı Regional maliyyə müfəttişliyinin və aidiyyəti qurumun mütəxəssislərinin iştirakı ilə aparılmış Zaqatala rayon Uşaq İncəsənət Məktəbində aparılmış maliyyə yoxlamasının nəticəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X13 İstismar İdarəsi tərəfindən 08 sentyabr 2022-ci il tarixdə tərtib olunmuş ******* nömrəli Aktla Zaqatala rayon Uşaq İncəsənət məktəbi tərəfindən 67500 m3 qaz yanacağının qeyri-qanuni istifadəsi rəsmiləşdirilmiş və istifadə edilmiş qazın dəyəri 16875,00 manat məbləğində qiymətləndirilmişdir. Aparılan yoxlama zamanı İddiaçı İB-nin X13 İstismar İdarəsinə Zaqatala rayon Uşaq İncəsənət məktəbi ilə bağlanılmış müqavilələr, üzləşmə aktları, təbii qazın istifadəsinə görə sərfiyyat göstəriciləri və işin məzmunu ilə bağlı digər sənədlərin təqdim edilməsi üçün xx.xx.2023-cü il tarixdə müraciət edilmişdir. - X13 İstismar İdarəsinin 16 mart 2020-ci il tarixli cavab məktubunda **********00000 saylı “Qaz payılayıcısı ilə qazın alqı-satqı barədə” ***-**** nömrəli müqavilə bağlanılması, istehlakçının yəni Zaqatala rayon Uşaq İncəsənət məktəbinin 2015-ci ilin mart ayından sonra təbii qazdan istifadə etməməsi və xx.xx.2016-cı il tarixdə tərtib edilmiş “Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı” ilə 2017-ci ilin fevral ayında “AGİS” bazasında qaz hesabının “Passiv” statusa keçirilməsi bununla yanaşı qaz paylayıcısı tərəfindən müəssisəyə xidmət göstərilməsinin dayandırıldığı bildirilmişdir. - Habelə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə məktəbdə təbii qazdan sayğacla istifadə olunmadığı əsas gətirilərək sərfiyyat aktları və qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktları tərtib edilmədiyi cavab məktubunda qeyd olunmuşdur. - Bundan başqa, tərtib olunmuş akt, abonentin saldosu, dəymiş ziyanın bərpasına dair tələbnaməyə baxış keçirilmiş və bir sıra uyğunsuzluqlar müəyyən edilmişdir. - “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də göstərilən dəymiş ziyanın həcminin hesablanması xanasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İstehsalat təqvimi” üzrə 2021 və 2022-ci illərdə qeyri iş (bayram) günləri nəzərə alınmamışdır. Uyğun olaraq aylar üzrə qeyri iş günləri nəzərə alınmayaraq 139 iş gününə qarşı 150 iş günü o cümlədən, 2021-ci ilin 15 noyabr tarixindən 16 iş gününə qarşı 16 iş günü, dekabr ayında 30 iş gününəqarşı 30 iş günü, 2022-ci ilin yanvar ayında 27 iş gününə qarşı 31 iş günü və ya 4 gün çox, fevral ayında 28 iş gününə qarşı 28 iş günü, mart ayında 24 iş gününə qarşı 31 iş günü və ya 7 gün çox, 15 aprel tarixədək 14 iş gününə qarşı 14 iş günü üzrə aktlaşdırılma aparılmışdır. - Məktəblərdə işin başlama və bitmə tarixi nəzərə alınmadan o cümlədən, iş gününün başlama vaxtı saat 09:00 və başlama vaxtından əvvələ 1 (bir) saat, habelə bitmə vaxtı saat 19:00 nəzərə alınaraq ümumilikdə 11 (on bir) iş saatına qarşı 18 (on səkkiz) iş saatı və ya 7 (yeddi) saat çox hesablanma aparılmışdır. - Yoxlama zamanı Zaqatala X1rıcı qazanların iş prinsipinin müəyyənləşdirilməsi və mütəxəssis rəyinin verilməsi üçün Zaqatala rayon Uşaq İncəsənət məktəbinin 14 mart 2023-cü il 13 nöməli məktubu ilə müraciət edilmişdir. Yoxlamanın gedişində xx.xx.2023-cü il tarixdə X8 İstismarı Sahəsinin rəisi X11 tərəfindən qazanxanaya baxış keçirilmiş və verilmiş rəyə əsasən qazanxanada quraşdırılımış 2 (iki) ədəd su qızdırıcı qazandan məktəbin qızdırılması üçün 1 (bir) ədəd qazanın kifayət etməsi, digər su qızdırıcı qazanın isə ehtiyat qazan olması müəyyən olunmuşdur. - Yuxarıda göstərilən uyğunsuzluqlar nəzərə alınaraq dəymiş ziyan yenidən hesablanmışdır. Belə ki, qaz işlədicilərindən bir ədəd istilik qazanı maksimal sərfi 12.5 m3 olmaqla günlük iş vaxtı 11 saat qızdırılma, mövsümü (15 noyabr 2021-ci il tarixindən 15 aprel 2022-ci il tarixinədək) 139 gün qəbul edilməklə 1 kub metr qazın qiyməti 0.25 manat olmaqla qanunsuz istifadə olunmuş qazın dəyəri (1 x 12.5 m3 x 11 saat x 139 gün = 19112.5 m3) x 0.25 manat = 4778.13 manat təşkil edir. - Eyni zamanda Zaqatala Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli ********* nömrəli işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə X8 İstismarı Sahəsinin rəisi X11 tərəfindən qazanxanaya baxış keçirilmiş və verilmiş rəyə əsasən qazanxanada quraşdırılmış 2 ədəd su qızdırıcı qazandan məktəbin qızdırılması üçün 1 ədəd qazanın kifayət etməsi, digər su qızdırıcı qazanın isə ehtiyyat qazan olması müəyyən olunmuş, həmçinin qaz işlədicilərindən bir ədəd istilik qazanı maksimal sərfi 12.5 m3 olmaqla günlük iş vaxtı 11 saat qızdırılma, mövsümü (15 noyabr 2021-ci il tarixindən 15 aprel 2022-ci il tarixinədək) 139 gün qəbul edilməklə 1 kub metr qazın qiyməti 0.25 manat olmaqla qanunsuz istifadə olunmuş qazın dəyəri (1 x 12.5 m3 x 11 saat x 139 gün = 19112.5 m3) x 0.25 manat = 4778.13 manat təşkil edir.

3. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə AMX-3803/23 nömrəli “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”-dən görünür ki, paylayıcı istehlakçı Cavabdeh keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürür.

4. İş materiallarında olan “Abonentin saldoları”-dan görünür ki, Cavabdeh müxtəlif sayğaclar üzrə ümumilikdə 36473.14 manat borcu mövcuddur.

5. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* saylı aktdan da görünür ki, Uşaq İncəsənət Məktəbinə xidmət edən sayğac sərfiyyata uyğun olmadığı üçün çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, qaz təminatı dayandırılmışdır. Sayğaca rezin boru birləşdirilərək qeyri-qanuni qazdan istifadə edilmişdir. Bu səbəbdən də dəymiş ziyan hesablanaraq cavabdehdən tələb olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən də görünür ki, iddiaçı tərəf itirilmiş qazın sərfini 2 ədəd istilik qazanının hər birinin saatlıq qaz sərfi 12,5 kub metr olmaqla, orta günlük iş rejimi 18 saat olmaqla, 2021ci il 15 noyabr tarixindən 15 aprel 2022-ci il tarixədək hesabat apararaq (12,5 kub mettr X 2 ədəd X18 saat X 150 günə=67500) 67500 m3 hesablamışdır.

6. İş materiallarında olan **********00 nömrəli “Abonentin saldosu”-dan görünür ki, Zaqatala Uşaq İncəsənət Məktəbi 2010-cu il üzrə 1263 kub metr, 2011-ci il üzrə 3669 kub metr, 2012-ci il üzrə 5301 kub metr, 2013-cü il üzrə 3742 kub metr, 2014-cü il üzrə 4113 kub metr, 2015-ci il üzrə 2853 kub metr qaz sərfiyyatı olmuş, 2015-ci ildən sonrakı dövrdə qaz sərfiyyatı olmamış, 2022-ci ildə 67500 kub metr qaz sərfinə görə 16875 manatlıq borc akt əsasında hesablanmışdır.

II. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək “təbii qazdan istifadəyə görə yaranmış 36473.14 manat əsas borcun və 201.84 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh tabeliyindəki Uşaq İncəsənət məktəbi (Balakən), Uşaq musiqi məktəbi (Oğuz), X12 İdarəsi (Oğuz), Almalı kənd Mədəniyyət evi (Qax), Rəsm Qalereyası (Qax), X16 Bədii Qoruğu (Qəbələ), Uşaq İncəsənət məktəbi (Qəbələ), Qəbələ Rayon Mədəniyyət şöbəsi (Qəbələ), Qəbələ rayon X14 (Qəbələ), Şəki rayon X14 (Şəki), B.Vahabzadənin ev muzeyi (Şəki), Şəki şəhəri 4 saylı Musiqi Məktəbi (Şəki), M.F.Axundovun ev muzeyi (Şəki), İ.S.Nakam adına Mərkəzi Kitabxana (Şəki), Uşaq İncəsənət Məktəbi (Zaqatala), Zaqatala rayon X14 (Zaqatala) müəssisələrdə uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq təbii qazın dəyəri tam ödənilməmiş və nəticədə 36473.14 manat borc yaranmışdır.

9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, cavabdehin hazırkı borcu 36473.14 manatdır, həmin borcun 16875 manat hissəsi təbii X10nın pozulması nəticəsində itirilmiş zərər, digər 19598.14 manat hissəsi isə sayğac göstəricilərinə əsasən yaranmış borcdur. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, iddiaçının tələbinin 36473.14 manat hissəsinin aktla yazılan 16875 manat hissəsini qəbul etmirlər, qalan hissəssini qəbul edirlər, aktla yazılan zərər hissədə isə Zaqatala Rayon Uşaq İncəsənət Məktəbinin 4778.13 manat borcunu qəbul edirlər.

11. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı müəssisənin borcu olması barəsində heç vaxt onlara müraciət etməyib, məsələ ilə bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılmış, eyni zamanda Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamaya əsasən müəyyən edilmişdir ki, məktəbdə qaz sərfiyyatının məbləği 4778.13 manat olar bilər, istirahət günləri nəzərə alınmadan gündəlik 18 saat qaz sərfiyyatı hesablanmışdır. Lakin gündəlik iş saatı 11 saat, qeyd edilən istilik aparatlarının isə bir ədədi ehtiyat qazan olduğundan heç vaxt işləməmiş, eyni zamanda qaz xətti ayrılan vaxtdan dizel yanacağından istifadə etməklə məktəbin istiliyini təmin etmişlər. İddianı 4778.13 manat hissədə təmin edilməsini məhkəmədən xahiş etmişdir.

12. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 25 iyul 2024-cü il tarixli, e-2-2(117)-844/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdehndən 24375.87 manat məbləğində borcun və 134.89 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, və 448.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 217.3 və 217.4-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 12 və 13-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X10”nın 2.11-2, 3.1.10, 3.1.11, 5.1, 5.2, 5.5, 5.6, 6.5, 6.5-1, 6.5-1.1, 6.5-1.2, 6.5-1.3, 6.5-2 və 6.5-3-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

14. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

15. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə, abonentin saldoları, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti belə əsaslandırlılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən tələbin təmin edilməyən hissəsində işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış və ya düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını kommersiya iş üzrə düzgün tədbiq etməmiş, nəticədə hazırkı tələbin təmin edilməyən hissəsində mübahisəli məhkəmə qətnaməsi qəbul etmişdir. İddia ərizəsində tələb edilən 36473.14 manat borcun 19598.14 manat hissəsi sayğac göstəricisinə əsasən, 16875 manat hissəsi isə təbii X10nın pozulması nəticəsində müəyyən edilmiş zərərdir və mübahisəli hissə məhz zərərin hesablanması ilə bağlıdır. Sözügedən bağlı hissə ilə bağlı bildirirlər ki, İddiaçı İB-nin X13 istismarı İdarəsinin mütəxəssislərinin xx.xx.2022-ci il tarixdə apardığı xidməti yoxlama zamanı Cavabdeh ödəyicisi olduğu Zaqatala rayon Uşaq İncəsənət Məktəbinin yerləşdiyi inzibati binada qeyri-qanuni qazdan istifadə halı aşkar edilmişdir. Təhsil müəssisəsinin qaz təsərrüfatında keçirilən baxış zamanı qeyriqanuni plastik boru əsas şəbəkəyə qoşularaq müəssisənin qazanxanasına çəkilmiş və saatlıq qaz sərfi 12.5 m3 olan olan 2 ədəd “ÜNMAK” markalı istilik qazanına birləşdirilmişdir. Aparılan inventarizasiyada müəssisənin şəbəkəsində təbii qazın olduğu müəyyənləşdirilmiş və tərəfinizin razılığı əsasında mövcud vəziyyətdə video çəkiliş aparılmışdır. Zaqatala RQİİ-nin mütəxəssisləri və Təhsil müəssisəsinin nümayəndəsi X4 iştirakı ilə xx.xx.2022-ci il tarixli təbii X10nın pozulması haqqında ******* saylı akt tərtib edilmiş və akt imzalanmaqla X10nın pozulması faktı təsdiqlənmişdir. Bundan sonra qaz işlədicilərinin maksimal qaz sərfi nəzərə alınmaqla orta günlük iş rejimi 18 saat, hesabat müddəti 150 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 67500 m3 (və ya 16875 manat) həcmində dəymiş ziyan müəyyən edilmişdir. Keçən müddət ərzində Zaqatala rayon Uşaq İncəsənət Məktəbində qeydə alınmış X10nın pozulmasının nəticələrinin aradan qaldırılması və dəymiş zərərin ödənilməsi üçün müəssisənin rəhbərliyinə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və hazırkı Cavabdehnə müraciətlər edilsədə dəymiş ziyanının tam və ya hissə-hissə ödənilməsi ilə bağlı heç bir müsbət nəticə əldə edilməmişdir. Zaqatala rayon Uşaq İncəsənət Məktəbi qaz istifadəçisi kimi 2010-cu ildə abonent bazasında qeydiyyata alınaraq G16 markalı 00505793 saylı sayğac quraşdırılmış və sayğac 2015-ci ilin yanvar ayında ünvanından açılaraq dövlət yoxlamasına göndərilmişdir. Sözügedən sayğac dövlət yoxlamasının nəticələrinə əsasən yararsız olduğundan yeni sayğacın quraşdırılması isə Zaqatala rayon Uşaq İncəsənət Məktəbinin hesabında həyata keçirilməlidir. Belə ki, “X10”nın 4.2-cü bəndinin tələbinə əsasən, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Müəssisənin qaz təminatı həmin vaxtdan dayandırılmışdır. Kommersiya mübahisənin faktiki hallarından da göründüyü kimi məhkəmə çıxarmış olduğu qətnamədə iş üzrə dəlillərə dügün hüquqi qiymət verməmiş, araşdırmada müəyyən edilən hallar nəticəyə ziddiyyət təşkil etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində mübahisələndirilən hissədə, yəni zərərin müəyyən edilməsi ilə bağlı məhkəmə hər hansı araşdırma aparmamışdır. Məhkəmənin zərərin hesablanması ilə bağlı istinad etdiyi dəlillər isə yalnız cavabdeh tərəfin təqdim etdiyi dəlillərdir ki, həmin orqanların ümumiyyətlə zərər hesablama səlahiyyətləri yoxdur. Ona görə də məhkəmənin həmin hissə ilə bağlı obyektiv nəticəyə gəlməsi üçün məhkəmə mühasibatlıq ekspertizasının keçirməsi zəruri olsa da bunu etməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, e-2-2(117)-844/2024 saylı qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini, iş üzrə yeni qətnamə çıxarılmaqla İddiaçı iddia tələbinin tam təmin edilməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı hesabına ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

18. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala rayon Uşaq İncəsənət Məktəbinin direktoru, eyni zamanda Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini Şəki Kommersiya Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, e-2-2(117)- 844/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin təmin edilməsini, eyni zamanda nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

23. İş üzrə iddiaçı tərəf birinci instansiya instansiyası qətnaməsini iddianın təmin edilməyən hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəllə:

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

29. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

30. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

31. Maddə 560.3 və 560.3.5.2. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

32. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması - 1. Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. - 2. Qazın istehsalını, alınmasını və topdansatış təchizatını etibarlı və müvafiq qiymətlərlə təşkil və təmin etmək məqsədilə qaz paylayıcılarına assosiasiya və müəssisələrlə birləşməyə icazə verilir. Bu Qanunun 12-ci maddəsinin 6-cı hissəsi eyni qaydada müvafiq sazişlərə tətbiq edilir. - 2-1. İstehlakçıya sаtılаn qаzın kеyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət stаndаrtlаrının tələblərinə uyğun оlmаlıdır. Dövlət stаndаrtlаrının tələblərinin pоzulmаsı qаnunlа müəyyən еdilmiş məsuliyyətə səbəb оlur. Qаzın kеyfiyyət göstəriciləri nəzаrət оrqаnı tərəfindən lаbоrаtоriyа şərаitində və yа хüsusi tехniki vаsitələrlə yохlаnılmаlı və nəticələri bаrədə istеhlаkçılаrа və qаz pаylаyıcısınа məlumаt verilməlidir. Yoxlama nəticəsində qаzın kеyfiyyət göstəriciləri dövlət stаndаrtlаrının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin həyаtа kеçirilməsi tələb еdilməlidir. (...) - 8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. (...).

33. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X10”: (...). - 2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. (...). - 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; - 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. (...). - 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. - 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. (...). - 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. - 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). (...). - 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. - 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: - 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; - 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; - 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. - 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. - 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. (...)

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

34. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

35. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.

36. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.

37. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

38. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.

40. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

41. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya аpellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Maddə 372.7. Apellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Maddə 384.0.1. Apellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər.

44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

47. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

48. Müəyyən edilmişdir ki, tərəflər arasında Balakən, Zaqatala, Qax, Şəki, Oğuz rayonlarında yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahələrinə təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2023-cü il tarixdə AMX-3803/23 nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında debitor borc yaranmış və yaranmış borc ödənilməmişdir.

49. Cavabdeh tabeliyindəki Uşaq İncəsənət məktəbi (Balakən), Uşaq musiqi məktəbi (Oğuz), X12 İdarəsi (Oğuz), Almalı kənd Mədəniyyət evi (Qax), Rəsm Qalereyası (Qax), X16 Bədii Qoruğu (Qəbələ), Uşaq İncəsənət məktəbi (Qəbələ), Qəbələ Rayon Mədəniyyət şöbəsi (Qəbələ), Qəbələ rayon X14 (Qəbələ), Şəki rayon X14 (Şəki), B.Vahabzadənin ev muzeyi (Şəki), Şəki şəhəri 4 saylı Musiqi Məktəbi (Şəki), M.F.Axundovun ev muzeyi (Şəki), İ.S.Nakam adına Mərkəzi Kitabxana (Şəki), Uşaq İncəsənət Məktəbi (Zaqatala), Zaqatala rayon X14 (Zaqatala) müəssisələrdə uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq təbii qazın dəyəri tam ödənilməmiş və nəticədə borc yaranmışdır.

50. İddiaçı cavabdehin qazdan istifadəyə görə 36473.14 manat borcunun yarandığını iddia edir.

51. Cavabdeh ümumilikdə 36473.14 manat borcun 19598.14 manat hissəsi sayğac göstəricilərinə əsasən yaranmış borc olduğundan onu qəbul edir. Aktla yazılmış təbii X10nın pozulması nəticəsində itirilmiş zərər olaraq hesablanmış 16875 manat hissəsini isə qəbul etmir.

52. Müəyyən edilmişdir ki, tələb edilən 36473.14 manatın 16875 manat hissəsi xx.xx.2022-ci il tarixli ******* saylı aktla Zaqatala Rayon Uşaq İncəsənət Məktəbinə münasibətdə hesablanmış itirilmiş təbii qazın dəyəridir.

53. Belə ki, İddiaçı İB-nin X13 İstismarı İdarəsinin mütəxəssisləri xx.xx.2022-ci il tarixdə Zaqatala rayon Uşaq İncəsənət Məktəbinin yerləşdiyi inzibati binada apardıqları xidməti yoxlama zamanı həmin tarixli təbii X10nın pozulması haqqında ******* saylı akt tərtib etmişlər. Bundan sonra idarə tərəfindən qaz işlədicilərinin maksimal qaz sərfi nəzərə alınmaqla orta günlük iş rejimi 18 saat, hesabat müddəti 150 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 67500 m3 (və ya 16875 manat) həcmində dəymiş ziyan müəyyən edilmişdir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən yoxlama sahibkarlıq sahəsində aparılan yoxlama olmadığından vahid reyestrində qeydiyyata alınmaması qanunsuz olmamış, çünki Zaqatala Uşaq İncəsənət Məktəbi sahibkarlıq fəaliyyəti ilə məşğul olmur.

55. Zaqatala Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli ********* nömrəli iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı hazırkı mövcud mübahisə də daxil olmaqla digər məsələlərlə bağlı olmuş və hazırkı qeyd edilən aktla yazılmış itirilmiş qazın dəyərinin hesablanmasının düzgün olub-olmaması yoxlanılmış, qeyd edilən qərardad yuxarıda göstərilən maliyyə yoxlaması sənədlərinə və ekspert rəylərinə əsaslanmışdır (qətnamənin 2-ci bəndi)

56. “X10”nın məzmunundan da göründüyü kimi itirilmiş qazın dəyərinin hesablanması zamanı avadanlıqların saatlıq sərfiyyatı və istifadə müddəti nəzərə alınmalıdır. Həmin Qaydaların tələbinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

57. Belə ki, tələbnamədən də göründüyü kimi iki ədəd “Ünmak” markalı istilik qazanının bir saatlıq qaz sərfiyyatı 12.5 m3 göstərilmişdir. Eyni zamanda istilik avadanlıqları 2021-ci ilin noyabr ayının 15-dən 2022-ci ilin aprel ayının 15-dək gündəlik 18 saat olmaqla 150 gün istifadə olunduğu göstərilmişdir. Eyni zamanda itirilmiş qazın ümumi həcmi 67500 m3 müəyyən edilmişdir (12.5 x 2 x 18 x 150 = 67500 ;67500 x 0.25 = 16875).

58. Zaqatala Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli ********* nömrəli qərarından isə görünür ki, qaz işlədicilərindən bir ədəd istilik qazanı maksimal sərfi 12.5 m3 olmaqla günlük iş vaxtı 11 saat qızdırılma, mövsümü (15 noyabr 2021-ci il tarixindən 15 aprel 2022-ci il tarixinədək) 139 gün qəbul edilməklə 1 kub metr qazın qiyməti 0.25 manat olmaqla qanunsuz istifadə olunmuş qazın dəyəri (1 x 12.5 m3 x 11 saat x 139 gün = 19112.5 m3) x 0.25 manat = 4778.13 manat təşkil edir. Bundan əlavə həmin yoxlama aktında və istintaq qərarında qeyd edilən Uşaq İncəsənət məktəbində istiliyi təmin edən qeyd edilən avadanlıqlar, 2020-2022-ci illərdə hər il təxminən 3 ton dizel yanacağı istifadə edilərək, dizel yanacağı ilə işləyən aparatların işləməsi təmin edilmişdir. Həmin qərardad qeyd edilən məktəbin istiliyini təmin edən avadanlıqların, eyni zamanda dizel yanacağı ilə işləməsini təsdiq edən mütəxəssis rəyinə də istinad edilmişdir.

59. Bundan əlavə, **********00 nömrəli “Abonentin saldosu”-dan görünür ki, Zaqatala Uşaq İncəsənət Məktəbi 2010-cu il üzrə 1263 kub metr, 2011-ci il üzrə 3669 kub metr, 2012-ci il üzrə 5301 kub metr, 2013-cü il üzrə 3742 kub metr, 2014-cü il üzrə 4113 kub metr, 2015-ci il üzrə 2853 kub metr qaz sərfiyyatı olmuş, 2015-ci ildən sonrakı dövrdə qaz sərfiyyatı olmamış, 2022-ci ildə 67500 kub metr qaz sərfinə görə 16875 manatlıq borc akt əsasında hesablanmışdır. Qeyd edilən 2010-2015-ci illər ərzində istifadə olunan təbii qazın ümumi həcmi toplamaqla 5 il ərzində 20 941 kub metr qaz sərfi olduğu müəyyən edilir. Qeyd edilən qaz sərfini isə həmin illərə bölünərsə (20941/5=4 188,2) 4188,2 kubmetr qaz sərfi düşər, həmin qaz sərfi 0,25 manata vurularsa 1 047,05 manat vəsait hesablana bilər.

60. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi qətnamədə göstərmişdir ki, əvvəlki illər üzrə qaz sərfiyyatını müəyyən edən hesablama olsa da, həmin hesablama qeyri-dəqiq olduğundan, məhkəmə bu sahədə xüsusi biliyi olan mütəxəssis və ekspert rəyləri əsasında tərtib edilmiş maliyyə yoxlaması aktının və cinayət mühakimə icraatı çərçivəsində qəbul edilmiş qərarların hüquqi nəticələrini əsas tutur. Ona görə də Zaqatala Uşaq İncəsənət Məktəbinin xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış zərər məbləğini qeyd edilən hüquqi sənədlər əsas tutulmaqla 19112,5 kub metr, 0,25 qəpiyə vurmaqla əldə edilən 4778.13 manat olduğunu qəbul edilməsi qanuni və ədalətli hesab olunmalıdır.

61. Belə ki, hazırkı iş üzrə əsas tutulan cinayət mühakimə icraatı çərçivəsində qəbul edilən qərar hazırkı mübahisə üzrə tam preyudisial əhəmiyyət daşımasa da, cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi xarakter daşıması qanunvericiliyin tələbi olduğundan qəbul edilməlidir.

62. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

63. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. - 65.7-ci maddəsinə əsasən məhkəmənin mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş qərarı cinayət prosesini həyata keçirən orqan və cinayət işinə baxan məhkəmə üçün yalnız hadisənin olub-olmaması hissəsində məcburidir.

64. Digər tərəfdən məhkəmə kollegiyası vurğulayır ki, “Abonentin saldosu”na görə Zaqatala Uşaq İncəsənət Məktəbinin 2010-2015-ci illər ərzində qaz sərfiyyatı olsa da, 2016-2021-ci illərdə qaz sırfiyyatının olmaması və həmin illər ərzində dizel yanacağından istifadə olunması işin mübahisələndirilməyən halıdır. Belə olan təqdirdə də iddiaçı tərəfindən itirilmiş qazın bərpasna dair apardığı hesablama ağlabatan və inandırıcı olmamaışdır.

65. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

66. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

67. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

68. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

69. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, e-2- 2(117)-844/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

70. Apellyasiya şikayəti təmin edilmədiyinə görə, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, e-2-2(117)- 844/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar