Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-114/2025 09.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ramis oğlunun Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X2 və Sadiqov Zülfüqar Əhməd oğlundаn ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı Ramis oğlunun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Ramis oğlunun Cavabdeh qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 29 may 2025-ci il tarixli, e-2-2(117)-384/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 003 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə 1.1-ci bəndinə əsasən satıcı alıcıya müqavilə üzrə mal-material dəyərlilərini satmağı, 2.2-ci bədinə əsasən alıcı isə malların dəyərini 35 gün müddətində ona ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmiş, etibarsız olmamışdır.
2. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh 29 ədəd elektron qaimə əsasında ƏDV daxil 331.940,66 manat (283.663,16 manat borc+48.277,50 manat ƏDV) dəyərində məhsul verilmişdir. İddiaçı tərəfindən göndərilmiş həmin elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilmişdir.
3. İş materiallarında olan İddiaçı tərəfindən təqdim edilən ödəmə qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ümumilikdə 122911,29 manat (ƏDV daxil) məbləğində ödəniş edilmişdir.
4. İş materiallarında olan İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı
5. İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı Ramis oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 003 saylı alqı-satqı müqaviləsinə əsasən 209029,37 manat əsas borcun, 25170 manat faiz borcunun, 10.000 manat mənəvi zərərin, 525 manat dövlət rüsumunun, hüquqi xidmət haqqı olaraq ödənilmiş 300 manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı Ramis oğluna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2022ci il tarixli, 003 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə şərtərinə əsasən o, qida və qida əlavələrini cavabdehə satmalı, cavabdeh isə malların dəyərini ona ödəməli idi. İlkin olaraq Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra edərək malların dəyərini ödəsə də, sonradan aldığı məhsullara görə ödəməli olduğu pul vəsaitini ödəməkdən yayınmışdır. Belə ki, İddiaçı Cavabdeh ilə aralarında imzalanmış alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixə qədər ümumilikdə 29 ədəd elektron qaimə əsasında ƏDV daxil 331.940,66 manat (283.663,16 manat borc+48.277,50 manat ƏDV) dəyərində məhsul verilmişdir. Cavabdeh tərəfindən bütün elektron qaimələr təsdiq edilmiş və göndərilmiş məhsullara görə ödəməli olduğu 331.940,66 manat pul vəsaitindən 122.911,29 (ƏDV daxil) (100 638,30 əsas +22.272,99 ƏDV) manat ödəniş etmiş, bu günə isə ƏDV daxil 209.029,37 manat borcu qalmışdır. Cavabdeh aldığı məhsullara görə ödədiyi 100 638,30 manat pul vəsaitini (24.10. 2022-ci il tarixdə -27.179 manat xx.xx.2022-ci il tarixdə - 7.188 manat, xx.xx.2022-ci il tarixdə- 17.470,71 manat, xx.xx.2023-ci il tarixdə 6.900 manat, xx.xx.2023-cü il tarixdə 41.900 manat) Yapı kredi Bank vasitəsi ilə İddiaçı bank hesabına ödəniş etmiş, 22 272,99 manat ƏDV ödənişini (xx.xx.2023 ci il tarixdə-7622,55 manat, xx.xx.2023-ci il tarixdə 7542,00 manat xx.xx.2022-ci il tarixdə 3144,73 manat, xx.xx.2022-ci il tarixdə -4863,71 manat) ƏDV ödəyicisi olduğu üçün X4 ödəmişdir. Bu halları təsdiq edən bank ödənişlərini və ƏDV ödənişlərini qoşmaya əlavə edirik. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-ci maddəsinin tələbinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində olan illik uçot faiz dərəcəsinə əsasən 2023-ci il tarixə uçot faiz dərəcəsi 8.5 %təşkil edir. Beləliklə orta faiz dərəcəsi 8.5 faiz təşkil edir. Cavabdeh 147.868,89 manat pulu qaytarmamaqla mənə məxsus pul vəsaitini qanunsuz olaraq özündə saxladığından, həmçinin pulun ödənilməsini digər şəkildə gecikdirdiyindən Mülki Məcəllənin 449.1 və 449.2-ci maddələrinə əsasən pul öhdəliyinin icra edilməməsinə görə bank uçot dərəcəsi ilə hesablanan faiz ödəməlidir. Beləki, 209.029,37 manat bank uçot dərəcəsi kimi 1 il 5 ay üçün 25.170 manat (209.029,37 x 8,5%:100=17.767,465 manat) + 7.403 (5 ay) (5 *1480(17.767,465: 12= 1480)) = 17805,87) faiz borcu cavabdehdən tutulmalıdır. Bundan başqa cavabdeh pul öhdəliyini icra etməməsi nəticəsində digər şəxslər qarşısında olan öhdəliklərini icra edə bilməmiş və dəfələrlə əsəbləşmiş, stress, fiziki və mənəvi sarsıntılar keçirmişdir. Bu səbəbdən cavabdehdən mənəvi zərərin əvəzi olaraq 10000 manat pul vəsaiti onun xeyrinə tutulmalıdır.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin artıırlması barədə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdehə birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır.
9. Şəki Kommersiyа Məhkəməsinin (hakim Elnarə Hüseynova) 29 may 2025-ci il tarixli, e-2-2(117)-384/2025 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh xx.xx.2022-ci il tarixli, 003 saylı alqısatqı müqaviləsi üzrə 209029,37 manat əsas borc, 25170 manat faiz borcu olmaqla cəmi 234199,37 manat pul, hüquqi xidmət haqqı olaraq ödənilmiş 300 manat və 524.2 manat məbləğində ödənilmiş dövlət rüsumuna görə pul tutularaq İddiaçı (Fin kodu: xxxxxxx) ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Məhkəmə müəyyən etmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin müvafiq normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni malları cavabdehə təhvil vermiş cavabdeh isə malların bir qisminin dəyərini ödəmiş, 209.029,37 (ƏDV daxil) manat hissəsi isə ödənilməmiş qalmışdır. Bu hal iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır.
11. Məhkəmə faiz borcuna münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 003 saylı alqı-satqı müqaviləsinə əsasən alıcı (cavabdeh) malların dəyərini 35 gün müddətində ödəməli idi. Lakin cavabdeh borcun 209.029,37 (ƏDV daxil) manat hissəsini ödəmədiyindən iddiaçı xx.xx.2022-ci il tarixdən gecikdirilmiş müddətə (1 il 5 ay) görə bank uçot dərəcəsi ilə hesablanmış 25170 manat faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Belə ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Bu səbəbdən iddia faiz borcuna münasibətdə təmin edilməlidir.
12. Məhkəmə iddia tələbinin 10000 manat mənəvi zərərlə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı ona borcun ödənilməməsi ilə bağlı mənəvi zərər dəydiyindən bu zərərin əvəzi olaraq 10000 manat ödənilməsini tələb etsə də, ona dəymiş mənəvi zərərin nədə ifadə olunmasını göstərməmiş, məhz bununla bağlı hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, iddia tələbi mənəvi zərər hissəsində təmin edilməməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.2, 442, 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə, 448.1, 448.2, 449.1, 449.2, 567, 600.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1, 217.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Cаvаbdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 həmin qətnamədən apellyasiya şikаyəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
15. Cаvаbdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iddianı qəbul etmir, göstərilən iddia tamamilə əsassızdır. Birinci instansiya məhkəməsində yol verilmiş kobud prosessual pozuntu səbəbindən məhkəmə prosesində iştirak edə bilməyərək hüquqlarını müdafiə edə bilməmişdir. Şəki Kommersiya Məhkəməsi tərəfindən cavabdehə məhkəmə prosesinin zamanı və yeri barədə bildiriş yanlış göndərilmişdir. Məhkəmə tərəfindən göndərilən bildiriş əsasında cavabdeh məhkəmə iclası üçün xx.xx.2025-ci il tarixində Şəki Kommersiya Məhkəməsinə gəlmiş, bu zaman məhkəmə prosesinin xx.xx.2025-ci il tarixində (bir gün əvvəl) keçirildiyini və yekun məhkəmə aktının çıxarıldığı cavabdehə bildirilmişdir. Göstərilən hal prosessual hüquq pozuntusu olmaqla bərabər, konstitusion hüquqların məhdudlaşdırılmasına səbəb olmuşdur və hər bir halda yolverilməzdir. Hüquqlarının məhkəmə iclasında müdafiəsi üçün şərait yaradılmadığından, eləcə də iddia əsassızdır. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 29 may 2025-ci il tarixli, e-2- 2(117)-384/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
17. Məhkəmə kollegiyasının iclasında İddiaçı Ramis oğlunun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, iddiaçı Türkiyə Respublikasının vətandaşı olaraq Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, cavabdehlə bağlanmış alqı-satqı müqaviləsi əsasında həm ərzaq, həm də qeyri-ərzaq məhsullarını cavabdehə satmışdır. Cavabdeh isə Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində işləyən şəxsləri yeməklə təmin edirdi və onlara digər məhsulları satırdı. Məlum olduğu kimi, sözügedən əraziyə portalda qeydiyyata alınmadan heç bir məhsul keçirilə bilməz. Bundan başqa, iddiaçı hər dəfə məhsulları göndərməmişdən öncə həmin gün elektron qaimə təqdim etməklə yanaşı, satılan məhsulların siyahısı tərtib olunmuş və cavabdehin əməkdaşlarına təqdim edilmişdir. Cavabdehin əməkdaşları həmin siyahıya uyğun olaraq məhsulları təhvil almış və elektron qaimələr təsdiq edilmişdir. Beləliklə, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə əsasında cavabdehə ƏDV daxil olmaqla, ümumilikdə 331 946 manat dəyərində məhsullar göndərilmişdir. Həmin məbləğdən 283 663 manat əsas, 48 277 manatı isə ƏDV təşkil edir. Cavabdeh göstərilən məbləğdən bugünədək ƏDV daxil olmaqla, ümumilikdə 122 911,29 manatını ödəmişdir. Göstərdiklərimi həm elektron qaimələr, həm də cavabdeh tərəfindən bank vasitəsilə həyata keçirilmiş ödənişlər təsdiq edir. Həmin sənədlərin hər biri izahlı şəkildə birinci instansiya məhkəməsinə kağız daşıyıcıda və elektron qaydada tərəfimizdən təqdim olunmuşdur. Göründüyü kimi, işin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdehə məhsullar satılmış və göndərilmiş, cavabdeh siyahılara uyğun olaraq elektron qaimələri təsdiq edərək malları təhvil almışdır, lakin ödənişləri tam şəkildə həyata keçirməmişdir. Əlavə olaraq bildirir ki, cavabdeh tərəfindən son ödəniş xx.xx.2023-cü il tarixdə edilmişdir. Hazırkı mübahisədə iddia müddəti keçməmiş, malların cavabdehə təhvil verilməsi sübuta yetirilmiş, yəni iddianın əsaslı olmasını şübhə altına alan hər hansı hal mövcud deyil. Bundan başqa, cavabdeh tərəfin məhkəmə baxışında iştirakının təmin olunmaması ilə bağlı bildirir ki, hələ hazırlıq iclasında hakim cavabdehə məhkəmə bildirişinin çatdırılmaması səbəbinə görə iclası təxirə salmışdır. Cavabdeh yalnız prosessual pozuntunu qeyd edib, lakin iddia tələbinin, borcun olub-olmaması barədə heç bir dəlil göstərməmiş və ya təqdim etməmişdir. Cavabdeh tərəfin məhkəmə baxışında iştirakının təmin olunmaması ilə bağlı bildirir ki, hələ hazırlıq iclasında hakim cavabdehə məhkəmə bildirişinin çatdırılmaması səbəbinə görə iclası təxirə salmışdır. İş materiallarından da göründüyü kimi, növbəti hazırlıq iclası barədə məhkəmə bildirişi cavabdehin qardaşı tərəfindən təhvil alınmışdır. Bundan sonra 29 may 2025-ci il tarixli baxış iclası barədə məhkəmə bildirişi isə cavabdehin özünə təqdim edilmişdir, lakin tərəf məhkəmə iclasına gəlməmişdir. Göründüyü kimi, apellyasiya şikayəti tamamilə əsassızdır, formal mülahizələrdən ibarətdir və icraatın uzadılmasına yönəldirilmişdir, ona görə də təmin edilməməlidir. Apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 29 may 2025-ci il tarixli, e-2-2(117)-384/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək digər məhkəmədə işi olduğundan hazırkı məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
21. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
22. İş üzrə cavabdeh tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, qətnamənin iddianın təmin olunan hissəsini mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi
23. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
29. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: - 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; - 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
32. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.
33. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.
34. Maddə 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
35. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
42. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 29 may 2025-ci il tarixli, e-2- 2(117)-384/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
48. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
49. Müəyyən edilmişdir ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqısatqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqısatqı müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni malları cavabdehə təhvil vermiş cavabdeh isə malların bir qisminin dəyərini ödəmiş, 209.029,37 (ƏDV daxil) manat hissəsi isə ödənilməmiş qalmışdır. Bu hal iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır.
50. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 003 saylı alqı-satqı müqaviləsinə əsasən alıcı (cavabdeh) malların dəyərini 35 gün müddətində ödəməli idi. Lakin cavabdeh borcun 209.029,37 (ƏDV daxil) manat hissəsini ödəmədiyindən iddiaçı xx.xx.2022-ci il tarixdən gecikdirilmiş müddətə (1 il 5 ay) görə bank uçot dərəcəsi ilə hesablanmış 25170 manat faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Belə ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Bu səbəbdən iddia faiz borcuna münasibətdə təmin edilməlidir.
51. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır və əlavə olaraq qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib edən sübutları işə baxan məhkəmələrə təqdim etməmiş, eyni zamanda məhkəmə kollegiyasının iclasına gəlməmişdir.
52. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
53. Apellyasiya şikayətinin yeganə dəlili birinci instansiya məhkəməsi tərəfindən cavabdehin məhkəmə prosesində iştirakını təmin etməməsi barədədir. Belə ki, şikayətdə göstərilmişdir ki, məhkəmə tərəfindən göndərilən bildiriş əsasında cavabdeh məhkəmə iclası üçün xx.xx.2025-ci il tarixində Şəki Kommersiya Məhkəməsinə gəlmiş, bu zaman məhkəmə prosesinin xx.xx.2025-ci il tarixində (bir gün əvvəl) keçirildiyi və yekun məhkəmə aktının çıxarıldığı cavabdehə bildirilmişdir.
54. Kollegiya həmin dəlillə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi 16 may 2025-ci il tarixdən cavabdehin elektron kabineti yaradılmış və cavabdeh məhkəmə baxışının yeri və vaxtını həmin kabinet vasitəsi ilə də görə bilərdi.
55. İkincisi, iş materiallarında olan Azərbaycan Respublikası Yevlax Şəhəri İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-9-1/2-201/2025 nömrəli məktubuna əsasən müəyyən olunur ki, 16 may 2025-ci il tarixə, saat 11:00-a təyin edilmiş məhkəmə iclası barədə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-384/2025 nömrəli məhkəmə bildirişi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh qardaşı X3 xx.xx.2025-ci il tarixdə çatdırılmışdır.
56. İşə baxan Şəki Kommersiya Məhkəməsinin hakımi Elnarə Hüseynova 16 may 2025-ci il tarixdə ixtisasartırma kursunda iştirak etdiyinə görə hazırkı iş üzrə həmin tarixə təyin edilmiş məhkəmə iclası 29 may 2025-ci il tarixə təxirə salınmış və bu barədə tərəflərə məlumat verilmişdir.
57. Azərbaycan Respublikası Yevlax Şəhəri İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-9-1/2-218/2025 nömrəli məktubuna əsasən müəyyən olunur ki, 29 may 2025-ci il tarixə, saat 15:40-a təxirə salınmış məhkəmə iclası barədə xx.xx.2025-ci il tarixli, e-2-2(117)-384/2025 nömrəli məhkəmə bildirişi ünvan 1 ünvanında yaşayan Cavabdeh xx.xx.2025-ci il tarixdə şəxsən verilmişdir.
58. Göründüyü kimi, iş materiallarına əsasən Şəki Kommersiya Məhkəməsində icraat zamanı iş üzrə Cavabdeh 16 və 29 may 2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasları barədə lazımi qaydada məlumat verilmişdir. Ona görə də cavabdehin həmin dəlili əsassızdır.
59. Bundan əlavə cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etsə də, qətnamənin qanunsuzluğuna dair heç bir dəlil göstərməmiş, iddianın əsassızlığına dair subutlar təqdim etməmiş, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlilləri göstərməmişdir.
60. İş materiallarına əsasən hazırkı məhkəmə iclası barədə məhkəmə bildirişi “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetlərinə xx.xx.2025-ci il tarixdə, yəni 2 ay öncə yerləşdirilmişdir. Lakin cavabdehin nümayəndəsi və vəkili Vəkil2 hazırkı məhkəmə iclasının təxirə salınması barədə vəsatəti xx.xx.2025-ci il tarixdə, saat 08:33-də elektron qaydada imzalanaraq elektron kabinet vasitəsilə təqdim edilmişdir.
61. Eyni zamanda, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 hazırkı vəsatətinə əlavə olunmuş məhkəmə sistemindən çıxarışdan görünür ki, bu günə, yəni 09 sentyabr 2025-ci il saat 12:00-a Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın icraatında olan 1(101)-218/2025 saylı cinayət işi üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixdə təxirə salınmışdır. Təhlil olunan sənədlərdən göründüyü kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclası hazırkı məhkəmə iclasının təyin olunmasından 1 ay sonra təyin edilmiş və tərəfin imkanı var idi ki, üst-üstə düşdüyünə görə 2-ci iclasın başqa tarixə təyin olunmasını xahiş etsin.
62. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutlar təqdim olunmamışdır.
63. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
64. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
65. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
66. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
67. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.
68. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 29 may 2025-ci il tarixli, e-2-2(117)-384/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cаvаbdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin 29 may 2025-ci il tarixli, e-2-2(117)- 384/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov