Məhkəmə qərarları › İş №2-2(107)-115/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-115/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-115/2025 30.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “müqavilələr üzrə borcun ödənilməsi və s. tələblərinə dair” kоmmersiyа mübаhisəsi üzrə Şəki Kоmmersiyа Məhkəməsinin 02 iyul 2025-ci il tаrixli, e- 2-2(117)-270/2025 saylı “apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi” barədə qərаrdаdındаn Cavabdeh tərəfindən verilmiş şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “xx.xx.2024-cü il tarixli müqavilə üzrə 6945 manatın, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 7000 euronun (qətnamənin icra olunduğu vaxta 1 euronun Azərbaycan nisbəti ilə), həmin borc məbləğlərinin 5% illik bank uçot dərəcəsinə uyğun hesablanmış 190 manatın, vəkilə ödənilmiş 721 manatın, ödənilmiş 162 manat dövlət rüsumunun, cəmi 23968 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)- 270/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-dən 5245 manat əsas borc, 43.70 manat əldən çıxmış fayda, 300 manat vəkil xidmət haqqı və 35.65 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5624.35 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir Qətnamə xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış və tərəflərə bu barədə məlumat çatdırılmışdır. Qətnamə qanuni qüvvəsini almış və 30 may 2025-ci il tarixdə icraya yönəldilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən göründüyü kimi xx.xx.2025-ci il tarixdə Nümayəndə3 tərəfindən elektron kabinetə vəkil müraciəti əlavə edilmiş, bundan sonra həmin şəxs işə nümayəndə qismində əlavə edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron kabinetə onun tərəfindən vəkil Nümayəndə3 qarşı AR Vəkillər Kollegiyasına ünvanladığı şikayət ərizəsini və müddətin uzadılması ilə bağlı Şəki Kommersiya məhkəməsinə ünvanladığı ərizəsini yerləşdirmişdir. Şəki Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixli, e-2-2(117)-270/2025 saylı məktubla iddiaçıya apellyasiya şikayəti ilə bağlı buraxılmış prosessual müddətin bərpa edilməsi üçün məhkəməyə hansı qaydada müraciət edə biləcəyi izah edilmiş, bundan sonra iddiaçı xx.xx.2025-ci il tarixdə müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etmiş və xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətini elektron kabinetə yerləşdirmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 elektron kabinetlə müraciət edərək iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi müddəti ötürüldüyündən şikayətin rədd edilməsini xahiş etmişdir. İddiaçı müddətin bərpası barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, qətnamə rəsmi qaydada ünvanlarına daxil olmamış, qeyd olunan hüquqi ünvanda bir neçə müəssisə fəaliyyət göstərməkdədir. Bu səbəbdən yekun məhkəmə aktı iddiaçının əməkdaşı tərəfindən qəbul edilməmişdir. Həmçinin, elektron vəkil orderi vasitəsilə sözügedən iş üzrə məhkəmə proseslərinin icrası öhdəliyini götürən Pro Bono Vəkil Bürosunun vəkili Nümayəndə3Tahir oğlu peşəsinə biganəlik göstərərək apellyasiya şikayəti verməmiş və müddəti ötürmüşdür. Hazırda onun hərəkətsizliyi və öhdəliklərini yerinə yetirməməsi ilə bağlı şirkətlərinə dəymiş ziyanla bağlı Vəkillər Kollegiyasında araşdırma gedir. Qeyd edilən hallar nəzərə alınaraq prosessual müddətin buraxılmasının səbəbinin üzürlü hesab olunaraq MPM-nin 133.1-ci maddəsinə müvafiq olaraq bərpa edilməsini birinci instansiya məhkəməsindən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, məhkəmə qətnaməsi qəbul edildikdən sonra, dəfələrlə əvvəlki vəkilləri Nümayəndə3 qətnamədən şikayət verilməsi üçün müraciət etmişdir. Vəkil də hər dəfə vaxtın bitmədiyini, özünün apellyasiya şikayətini yazıb göndərəcəyini bildirərək arxayın etmişdir. Bir müddət keçdikdən sonra məhkəmənin telefon nömrəsilə əlaqə saxlayaraq, işin vəziyyəti barədə maraqlandıqda işin icraya yönəldiyini öyrənmişdir. Vəkilin hərəkətləri barədə vəkillər kollegiyasına şikayət yazmış, hazırda onun barəsində kollegiyada araşdırma gedir. Vəkillə aralarında telefon danışıqlarına dair səs yazıları, mesajlar vardır. Qətnamədən şikayət müddətini vəkilin hərəkətsizliyi nəticəsində üzürlü olaraq ötürmüşlər. Bu səbəbdən məhkəmədən prosessual müddətin bərpa edilməsi barədə ərizələrinin təmin edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 02 iyul 2025-ci il tаrixli, e-2-2(117)-270/2025 saylı qərardadı ilə ərizə təmin edilərək Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-270/2025 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət İddiaçı MMC-yə münasibətdə bərpa edilmiş, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(117)-270/2025 saylı qətnaməsindən cavabdeh İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti iş materialları ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmışdir. Həmin qərardaddan şikayət verən şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 şikayətində bildirmişdir ki, məhkəmənin müvafiq qərarı hər iki tərəfin elektron kabinetinə yerləşdirilmiş, tərəflərin həmin qərardaddan məlumatı olmuşdur. Eyni zamanda, iddiaçının vəkili Nümayəndə3 müvafiq hərəkət və ya hərəkətsizliyi ilə bağlı müvafiq orqanın nəticəli qərarı da mövcud deyildir. Həmçinin Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı da vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli qərar deyildir. Ona görə də Şəki Kommersiya Məhkəməsinin 02 iyul 2025-ci il tаrixli, e-2-2(117)-270/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 08 iyul 2025-ci il tаrixli, e-2-2(117)-270/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 02 iyul 2025-ci il tаrixli, e-2-2(117)-270/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Həmin Məcəllənin 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur. Göründüyü kimi, məhkəmə işdə iştirak edən şəxsin ərizəsinə əsasən o halda buraxılmış müddəti bərpa edir ki, qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbi hər hansı obyektiv səbəbdən baş vermiş olsun, həmin şəxsdən asılı olmayan səbəblərdən atılmalı olan addımın atılması mümkün olmasın. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qətnamə xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış və tərəflərin elektron kabinetinə yerləşdirilmişdir. Lakin “AZEMİS”-dən əldə edilmiş çıxarışdan göründüyü kimi “e-mail” hissəsində elektron poçt ünvanı qeyd edilməmişdir. Bu isə iddiaçının məhkəmə qərarından vaxtında məlumatının olmaması və müddəti ötürməsinə gətirib çıxaran səbəblərdən biri olmuşdur ki, proses iştirakçılarına münasibətdə məhkəmə sənədlərinin çatdırılması onların öz hüquqlarının vaxtında müdafiəsinə və bu müdafiənin təminatı olaraq müvafiq apellyasiya və kassasiya şikayətlərinə əlaçatanlığını təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023cü il tarixli, 2-2(102)-608/2023 saylı iş üzrə qeyd edilən halla bağlı sərgilədiyi hüquqi mövqeyə əsasən qətnamənin tərəfə çatdırılması barədə çıxarışda müvafiq elektron poçt ünvanı qeyd edilmədiyi təqdirdə həmin qərar çatdırılmış hesab edilmir. Ona görə də birinci instansiya məhkəməsi qeyd edilən halın mövcudluğunu iş üzrə müəyyən etdiyindən və kassasiya instansiyasının nümayiş etdirdiyi hüquqi mövqeyə uyğun olaraq qeyd edilən halın mövcudluğunu iş üzrə müəyyən etdiyindən və kassasiya instansiyasının nümayiş etdirdiyi hüquqi mövqeyə uyğun olaraq hazırkı iş üzrə tərəflərin məhkəmə aktlarının yenidən yoxlanılmasını tələb etmək hüququnun təminatı baxımından, həmçinin iddiaçı hüquqi şəxsin rəhbərinin xarici şəxs olmasını, yəni onun Azərbaycan qanunvericiliyindən tam məlumatlı olmamasını, ona hüquqi yardımın tam deyil, nöqsanlı həyata keçirilməsinə əsas verən halların olmasını nəzərə alaraq cavabdeh tərəfin şikayətinin təmin edilməməsi qənaətinə gəlmişdir. Qeyd edilməlidir ki, apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli 4 nömrəli qərarının 48-ci bəndinə əsasən bütün instansiya məhkəmələrində mülki prosessual qanunvericiliyin mübahisə tərəflərinin məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına dair tələbinə prosessual təminat hüququnun ayrılmaz tərkib hissəsi kimi riayət edilməlidir. Həmçinin məhkəmə sənədlərinin işdə iştirak edən şəxslərə çatdırılması və rəsmi qaydada verilməsinə dair MPM-in 135-138-ci maddələrinin tələbləri, eləcə də, həmin sənədlərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron qaydada çatdırılması imkanlarından istifadənin yolverilənliyi də nəzərə alınmalıdır. Bu, proses iştirakçılarının öz hüquqlarının müdafiəsinə imkan verməklə yanaşı, istinad edilən kolliziyaların yaranmasının da qarşısını almış olacaqdır. Avropa Məhkəməsi öz presedent hüququnda dəfələrlə qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etməyə yönəlib. İş üzrə tərəf məhkəmə iclasında iştirak etmək imkanına malik olduğu tərzdə məlumatlandırılmadığı halda ədalətli və açıq məhkəmə araşdırılması hüququ mahiyyətindən məhrum edilmiş olur (Qroşev Rusiyaya qarşı iş üzrə 2005-ci il 20 oktyabr tarixli Qərar). Odur ki, məhkəmə qərarlarının apellyasiya və kassasiya instansiyalarında şikayətin dəlilindən asılı olmayaraq, bu kobud prosessual pozuntunun olmasını yoxlayaraq, qətnaməni bu əsasla ləğv etməsi gələcəkdə bu Qərardadın qəbul edilməsi əsasını təşkil edən halların mövcudluğunun da qarşısını almış olacaqdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Şəki Kommersiya Məhkəməsinin 02 iyul 2025-ci il tаrixli, e-2-2(117)-270/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 02 iyul 2025-ci il tаrixli, e-2-2(117)-270/2025 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar