Məhkəmə qərarları › İş №2-2(107)-117/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-117/2025

11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-117/2025 11.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (VÖEN **********) cavabdehlər Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 (VÖEN **********) qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2025-ci il tаrixli e-2-2(117)-132/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:

1. İşin halları

İddiaçı (VÖEN **********) 18 dekabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 (VÖEN **********) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 52.000 (əlli iki min) manat və Cavabdeh2 47.000 (qırx yeddi min) manat məbləğində əsas borc, 30000 (otuz min) manat məbləğində əldən çıxmış fayda və hüquqi yardıma görə vəkilə ödənilmiş 1000 (min) manat məbləğində pul olmaqla, cəmi 130.000 (yüz otuz min) manat məbləğində pulun və 420 (dörd yüz iyirmi) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı X2 ödənilməsi və borc tələbinin Şəki rayonu Aşağı Göynük kəndində yerləşən və satcıya məxsus olan 3 ədəd tütün qurudulma kameralarına yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlər Cavabdeh1 (xx.xx.2024-cü il tarixli 19 nömrəli “Yaşıl tütünün alqısatqısına” dair müqavilə və xx.xx.2024-cü il tarixli 1 nömrəli “Zəmanət və alqı-satqı” müqaviləsi) və Cavabdeh2 arasında (xx.xx.2024-cü il tarixli 20 nömrəli “Yaşıl tütünün alqısatqısına” dair müqavilə və xx.xx.2024-cü il tarixli 2 nömrəli “Zəmanət və alqı-satqı” müqaviləsi) “Yaşıl tütünün alqı-satqısına” dair müqavilə və “Zəmanət və alqı-satqı” müqavilələri bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə əsasən müəyyən edlmiş vaxtlarda iddiaçı cavabdehlərə ödəniş etməli və bunun müqabilində cavabdehlər ona tütün verməyi öhdələrinə götürmüşlər. Artıq müqavilənin bağlanmasından 7 ay keçməsinə baxmayaraq, müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi icra etsə də, cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməkdən boyun qaçırmışlar. Bununla bağlı iddiaçı tərəfindən dəfələrlə şifahi müraciət olunsa da, heç bir nəticə əldə olunmadı və alqı-satqı müqaviləsinin 6.1-ci bəndinin tələbinə əsasən pretenziya qaydasında cavabdehlərə verilən ümumilikdə 99.000 manat məbləğində pulun 10 gün müddətində qaytarılması barədə pretenziya qaydalarına əməl olunaraq müraciət olunmuşdu. Lakin, pretenziya məktubuna heç bir cavab verilməmişdi. Qeyd edir ki, müqavilə üzrə iddiaçı tərəfindən Cavabdeh1 bank hesabına 52000 (əlli iki min) manat, Cavabdeh2 bank hesabına 47000 (qırx yeddi min) manat pul köçürülmüşdür. Lakin, qeyd olunan ödənişlər qarşılığında cavabdehlər iddiaçıya heç bir məhsul təqdim etməmişlər və müqavilə üzrə heç bir öhdəliyi icra etməmişlər. Belə olduğu təqdirdə iddiaçı da xarici ölkələrdə olan partnyorları qarşısında öhdəliyi yaranır və həmin ödənişlərlə əlaqədar gecikdirilən hər gün üçün əlavə faiz ödəmək məcburiyyətində qalır. Digər tərəfdən iddiaçı tərəfin bankdan götürdüyü kreditlərin faizlərinin qaytarıması üçün əlavə borcları da yaranmışdır. Eyni zamanda “Zəmanət və alqı-satqı” müqaviləsinin 4.2.3-cü bəndinin tələbindən də görünür ki, Satıcı tərəfindən müqavilə üzrə öhdəliklər vaxtında həyata keçirilməyəcəyi təqdirdə müqaviləyə birtərəfli qaydada xitam veriləcək və Alıcıya dəyən ziyanın 2 misli qədər ödəniş satıcı tərəfindən həyata keçirilməlidir. Həmin Müqavilənin 3.1-ci bəındində qeyd olunmuşdur ki, qurudulmuş tütün 25-30 tondan az olmayaraq, Şəki rayonu Aşağı Göynük kəndində yerləşən və Satcıya məxsus olan 3 ədəd tütün qurudulma kameraları Alıcının tam ixtiyarına verilməsi nəzərdə tutulmuşdur. İddia tələbinin məzmunundan və tərəflər arasında olan müqavilələrdən görünür ki, cavabdehlər müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmişlər və hal-hazırda da icra etməkdən boyun qaçırırlar. Belə olduğu təqdirdə, iddiaçı məhkəməyə müraciət etmək və cavabdehlərdən ödədiyi 99.000 (doxsan doqquz min) manat əsas borcun və 30.000 (otuz min) manat məbləğində əldən çıxmış faydanı tələb etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddia tələbim əsaslıdır və təmin olunmalıdır. İş üzrə məhkəmə prosesi başlandıqdan sonra İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə, məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 52.000 (əlli iki min) manat və Cavabdeh2 47.000 (qırx yeddi min) manat məbləğində əsas borc, 30.000 (otuz min) manat məbləğində əldən çıxmış fayda, hüquqi yardıma görə vəkilə ödənilmiş 1000 (min) manat məbləğində pul olmaqla, cəmi 130.000 (yüz otuz min) manat məbləğində pulun və 420 (dörd yüz iyirmi) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı X2 ödənilməsi və borc tələbinin Şəki rayonu Aşağı Göynük kəndində yerləşən və Cavabdeh1 məxsus olan 3 ədəd tütün qurudulma kameralarına yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsində icraat

Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) 13 iyun 2025-ci il tаrixli e-2-2(117)-132/2025 nömrəli qətnaməsi ilə İddiaçı (VÖEN **********) cavabdehlər Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 (VÖEN **********) qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi qismən təmin edilərək, həmin Qətnamədə qət olunmuşdur ki: - “İddia qismən təmin edilsin. Cavabdeh1 52000 manat borc, 1300 manat əldən çıxmış fayda olmaqla, cəmi 53300 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh2 47000 manat borc, 1175 manat əldən çıxmış fayda olmaqla, cəmi 48175 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqi yardıma görə vəkilə ödənilmiş 1000 manat məbləğində pul və 391,48 manat dövlət rüsumunun əvəzi müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.” Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2025-ci il tаrixli e-2-2(117)-132/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Məhkəmə ilk öncə cavabdehlər Cavabdeh1 52000 manat və Cavabdeh2 47000 manat məbləğində əsas borcun tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı və podrat müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi, podrat müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqı-satqı və podrat müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni cavabdehlər Cavabdeh1 52000 manat, Cavabdeh2 isə 47000 manat məbləğində pulu tütün əkib-becrəmək və əldə olunmuş məhsulu iddiaçıya satmaq məqsədi ilə vermişdir. Bu hal iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Lakin cavabdehlər tərəfindən müqavilə şərtlərinə əməl olunmamış, yəni müqavilədə nəzərdə tutulan yaşıl tütün məhsulunu cavabdehlər iddiaçıya təhvil verməmiş və nəticədə müqavilə şərtləri pozulmuşdur. Cavabdeh tərəf iddia tələbini bu hissədə qəbul edir. İddiaçının cavabdehlərə qarşı borc tələbi iddianın mübahisələndirilməyən hissəsidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslıdır və cavabdehlər Cavabdeh1 52000 manat, Cavabdeh2 isə 47000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “30000 manat məbləğində əldən çıxmış faydanın cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı və cavabdehlər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 19 nömrəli və 20 nömrəli “Yaşıl tütünün alqısatqısına dair” müqavilələr xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur. Həmin müqavilələr cavabdehlər tərəfindən icra edilmədiyi üçün iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Lakin müqavilələrdə alıcıya pulun geri qaytarılması müddəti barədə şərt göstərilmədiyindən iddiaçının bu hüququ xx.xx.2024-cü il tarixdən yaranmışdır. İş materiallarından müəyyən edildiyi kimi İddiaçı tərəfindən Cavabdeh1 52000 manat pul ödənilmişdir. Həmin məbləğin xx.xx.2024-cü il tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz məbləği – 52000 x 5%= 2600 manat olmaqla, 6 aylıq- 2600: 12 x 6 = 1300 manat məbləğində əldən çıxmış fayda olduğu müəyyən edilmişdir. Eyni zamanada iddiaçı tərəfindən Cavabdeh2 47000 manat pul ödənilmişdir. Həmin məbləğin xx.xx.2024-cü il tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz məbləği – 47000 x 5% = 2350 manat olmaqla, 6 aylıq- 2350: 12 x 6 = 1175 manat məbləğində əldən çıxmış fayda olduğu müəyyən edilmişdir. İddiaçı tələb etdiyi kimi əldən çıxmış faydanın məbləğinin 30000 manat olması barədə sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərdən tutulan pul məbləğinə mütənasib olaraq, Cavabdeh1 1300 manat əldən çıxmış fayda, Cavabdeh2 1175 manat əldən çıxmış faydanın əvəzi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddia tələbinin “borc tələbinin Şəki şəhəri, Aşağı Göynük kəndində yerləşən və satcıya məxsus olan 3 ədəd tütün qurudulma kameralarına yönəldilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə rədd edilməlidir. Məhkəmə əvvəlcə qeyd edir ki, ümumiyyətlə hər-hansı bir mülki hüquq subyektləri arasında bağlanan əsas müqavilə üzrə öhdəliyin təmin edilməsi məqsədi ilə əlavə öhdəlik müqaviləsi imzalana bilər. Hansı ki, həmin əlavə öhdəlik əsas öhdəlikdən asılı olur və ondan irəli gələn öhdəliklərin icra olunması şərtləri altında məhdudlaşır. Bu əlavə öhdəliklərin yaradılması üçün əsasən ipoteka və girov müqaviləsinə müraciət olunur. Hazırki mübahisə üzrə tərəflər arasında bağlanmış “zəmanət vəalqı-satqı müqaviləsi”-nə iddiaçı tərəfindən əlavə öhdəlik müqaviləsi kimi qiymət verilərək onun əsasında cavabdehin əmlakına tutmanın yönəldilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbinin bu hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış “zəmanət və alqı-satqı müqaviləsi”nin 3.1-ci bəndinə əsasən qurudulmuş tütün 25-30 tondan az olmayaraq Şəki şəhəri Aşağı Göynük kəndində yerləşən və satıcıya məxsus olan 3 ədəd tütün qurutma kameralarının alıcının tam ixtiyarına verilməsi satıcı və alıcı arasında bağlanan etibarnamə sənədlərində öz əksini göstərir. Müqavilədə göstərilən 3 ədəd tütün qurutma kamerasının kimin mülkiyyətində olması, eləcə də harada yerləşməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır (Mülki Məcəllənin 280-ci maddəsi). Göründüyü kimi, tərəflər arasında bağlanmış “zəmanət və alqı-satqı müqaviləsi” bağlandıqda girov müqaviləsinin forma və məzmumuna riayət olunmamış, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti və yönəldiləcəyi əmlakın dəyəri barədə müddəa öz əksini tapmamışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış “zəmanət alqı-satqı müqaviləsi”-nə əlavə öhdəlik müqaviləsi kimi qiymət verilməsi mülki qanunvericiliyin normaları ilə uzlaşmır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi “borc tələbinin Şəki şəhəri, Aşağı Göynük kəndində yerləşən və satcıya məxsus olan 3 ədəd tütün qurudulma kameralarına yönəldilməsi” hissəsində əsassız olduğundan rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi hüquqi yardımla bağlı ödənilmiş 1000 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vəkillər X4 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir. Məhkəmə iddiaçının vəkillə müqavilə bağlamasını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, tələbdə olunduğu kimi 1000 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 391,48 manat dövlət rüsumu iddianın təmin edilən hissəsinə münasibətdə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 52000 manat borc, 1300 manat əldən çıxmış fayda olmaqla cəmi 53300 manat məbləğində pul, Cavabdeh2 47000 manat borc, 1175 manat əldən çıxmış fayda olmaqla cəmi 48175 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqi yardıma görə vəkilə ödənilmiş 1000 manat məbləğində pul və 391,48 manat dövlət rüsumunun əvəzi müştərək qaydada tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Eyni zamanda, Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2025-ci il tаrixli e-2-2(117)- 132/2025 nömrəli qətnaməsinin məzmunu ilə müəyyən olunur ki, hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi tərəfindən aparılan araşdırma zamanı aşağıda qeyd olunan sübutlar tədqiq olunmuşdur: - İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı - fərdi sahibkar İddiaçı ilə cavabdehlər - yaş tütün istehsalçısı olan fermerlər Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli 20 nömrəli və 19 nömrəli “Yaşıl tütünün alqı-satqısına dair” müqavilələr bağlanmışdır. Qeyd olunan müqavilələrin 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtləri daxilində fermer mülkiyyətində, istifadəsində və ya icarəsində olan 10 ha torpaq əkin sahəsini virciniya sortlu tütün toxumunun və ya şitilinin müvafiq aqrotexniki qaydalara uyğun olaraq əkilməsi, becərilməsi və yetişdirilməsi və yığımı həyata keçirib tam həcmdə alıcıya satmağı, alıcı isə fermerin istehsal etdiyi yaşılı tütünü texniki şərtlərlə və növlərə uyğun qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qaydada müəyyənləşdirməyi, alıcı isə qəbul olumuş yaşıl tütünün müəyyənləşdirmiş dəyərini fermerə ödəməyi öhdəsinə götürür. 2.1.1-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulan əkin sahəsində alıcı tərəfindən təqdim olunan tütün toxumunu və ya şitilini tam miqdarda əkmək və becərmək, lazımi aqrotexniki tədbirləri vaxtında və keyfiyyətlə yerinə yetirmək habelə istehsal etdiyi yaşıl tütün məhsulunu tam yararlı həcmdə alıcıya təhvil vermək fermerin vəzifələrinə aiddir. 2.3.1-ci bəndinə əsasən fermerin istehsal etdiyi yaşıl tütünü müqavilənin şərtlərinə uyğun olaraq satın almaq və dəyərini ödəmək alıcının vəzifələrinə aid edilmişdir. 2.4.2-ci bəndinə əsasən fermer istehsal etdiyi tütün məhsulunu alıcıya təhvil vermədikdə, təhvil verməkdən imtina etdikdə və ya üçüncü tərəfə təhvil verərsə bununla əlaqədar olaraq alıcıya dəymiş ziyanın tam ödənilməsini və əldən çıxmış faydanı müəyyənləşdirməklə tələb etmək alıcının hüquqlarına aiddir. 4.1-ci bəndinə əsasən qəbul edilmiş yaşıl tütün məhsulunun dəyərinin ödənilməsi 2 aydan bir dəfə olmaqla alıcı tərəfindən fermerin müvafiq bank hesabına köçürmə yolu ilə həyata keçirir. 5.2-ci bəndinə əsasən isə müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2024-cü il tarixə qüvvədədir. Qeyd olunan müqavilələr hər iki Cavabdeh2 və Cavabdeh1 arasında ayrılıqda bağlanmış, lakin eyni məzmun və mahiyyəti təşkil edir. Həmin müqavilələr iddiaçı və cavabdehlər tərəfindən öz imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır. - Bundan sonra alıcı - fərdi sahibkar İddiaçı ilə cavabdeh - yaş tütün istehsalçısı fermerlər Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli 1 nömrəli və 2 nömrəli “Zəmanət və alqı-satqı müqaviləsi” müqavilələri bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmenti hazırki müqaviləyə əlavələrdə göstərilən malların satıcı tərəfindən alıcıya satılması, alıcı tərəfdən isə həmin malın qəbul edilərək, haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. 3.1-ci bəndinə əsasən qurudulmuş tütün 25-30 tondan az olmayaraq Şəki şəhəri Aşağı Göynük kəndində yerləşən və satıcıya məxsus olan 3 ədəd tütün qurutma kameralarının alıcının tam ixtiyarına verilməsi satıcı və alıcı arasında bağlanan etibarnamə sənədlərində öz əksini göstərir. Qeyd olunan müqavilələr hər iki Cavabdeh2 və Cavabdeh1 arasında ayrılıqda bağlanmış, lakin eyni məzmun və mahiyyət təşkil edir. Həmin müqavilələr iddiaçı və cavabdehlər tərəfindən öz imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır. - İş materiallarında olan xx.xx.2024-cü il tarixli İT240815003 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı tərəfindən Cavabdeh1 məxsus "xxxx" ASC-də olan bank hesabına 5000 manat, xx.xx.2024cü il tarixli İT240529002 nömrəli ödəniş tapşırığına əsasən 15000 manat, xx.xx.2024-cü il tarixli İT240510001 nömrəli ödəniş tapşırığına əsasən 16000 manat, xx.xx.2024-cü il tarixli İT240408002 nömrəli ödəniş tapşırığına əsasən isə 16000 manat məbləğində pul köçürülmüşdür. - İş materiallarında olan xx.xx.2024-cü il tarixli İT240529002 nömrəli ödəniş tapşırığına əsasən 15000 manat, xx.xx.2024-cü il tarixli İT240408003 nömrəli ödəniş tapşırığına əsasən 16000 manat, xx.xx.2024-cü il tarixli İT240408001 nömrəli ödəniş tapşırığına əsasən 16000 manat məbləğində pul İddiaçı tərəfindən Cavabdeh2 məxsus "xxxx" ASC-də olan bank hesabına köçürülmüşdür. - İş materiallarında olan xx.xx.2025-ci il tarixli 002 nömrəli "xxxx" ASC-nin Şəki Filialı tərəfindən verilən arayışdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 məxsus bank hesabına 47000 manat və Cavabdeh1 məxsus bank hesabına isə 52000 manat məbləğində pul köçürülmüşdür. - İş materiallarında olan xx.xx.2024-cü il tarixli Cavabdeh1 tərəfindən imzalanan əlyazma formasında olan qəbzdə qeyd olunmuşdur ki, “Mən, Cavabdeh1 yazıb, sizə bildirirəm ki, 20 gün müddətində sahədə tütünümü yığıb yekunlaşdıracam. Bundan sonra sataraq sizin pulunuzu ödəyəcəm”. - İş materiallarında olan xx.xx.2024-cü il tarixli Cavabdeh2 tərəfindən imzalanan əlyazma formasında olan məlumatda qeyd olunmuşdur ki, “Mən, Cavabdeh2 yazıb, sizə bildirirəm ki, 20 gün müddətində sahədə tütünümü yığıb yekunlaşdıracam. Bundan sonra sataraq sizin pulunuzu ödəyəcəm”. - İş materiallarında olan xx.xx.2024-cü il tarixli EM-2086-14475/24 nömrəli “hüquqi yardımın göstərilməsi haqqında” müqavilədən görünür ki, İddiaçı “Universal” Vəkil Bürosunun vəkili tərəfindən hüquqi yardım göstərilməsi barədə razılığa gəlinmiş və həmin hüquqi yardımın dəyəri 1000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi, 13 iyun 2025-ci il tаrixli e-2-2(117)-132/2025 nömrəli qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.2, 442, 445.2, 448.1, 448.2, 445.7, 567, 600.1, 752.1, 752.2, 269.1, 270.1, 271 və 280-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1, 217.1 və 217.4-cü maddələrinə istinad etmişdir. Qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsində aparılan icraat zamanı cavabdeh tərəf də hazırkı mübahisənin həlli üzrə məhkəmə prosesində və tərəflər arasında mövcud mübahisənin həlli üzrə aparılan məhkəmə araşdırmalarında iştirak etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

3.1) İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2025-ci il tаrixli e-2-2(117)-132/2025 nömrəli qətnaməsindən birlikdə apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-132/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsini ləğv edib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər. Cavabdehlər tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli 19 nömrəli “Yaşıl tütünün alqı-satqısına” dair müqavilə və xx.xx.2024-cü il tarixli 1 nömrəli “Zəmanət və alqı-satqı” müqaviləsi bağlanmışdır. Onlar müqavilə üzrə öhdəliklərini tam yerinə yetirə bilmədikləri üçün iş üzrə iddiaçı X3 tərəfindən Şəki Kommersiya Məhkəməsinə iddia tələbi ilə müraciət edilərək, Cavabdeh1 52.000 manat və Cavabdeh2 47.000 manat məbləğində əsas borcun, 30.000 manat məbləğində əldən çıxmış faydanın, hüquqi yardıma görə vəkilə ödənilmiş 1000 manat məbləğində pulun, cəmi 130.000 manat məbləğində pulun və 420 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı X2 ödənilməsi və borc tələbinin Şəki rayonu Aşağı Göynük kəndində yerləşən 3 ədəd tütün qurudulma kameralarına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-132/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və Cavabdeh1 52000 manat borc və 1300 manat əldən çıxmış fayda olmaqla, cəmi 53300 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, Cavabdeh2 47000 manat borc və 1175 manat əldən çıxmış fayda olmaqla, cəmi 48175 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin, cavabdeh tərəf məhkəmənin gəldiyi nəticə ilə razılşamadığı üçün şikayət vermək qərarına gəlmişlər. Belə ki, İş materialarından göründüyü kimi, iddiaçı ilə cavabdehlər Cavabdeh1 (xx.xx.2024-cü il tarixli 19 nömrəli “Yaşıl tütünün alqı-satqısına” dair müqavilə və xx.xx.2024-cü il tarixli 1 nömrəli “Zəmanət və alqı-satqı” müqaviləsi) və Cavabdeh2 arasında (xx.xx.2024-cü il tarixli 20 nömrəli “Yaşıl tütünün alqı-satqısına” dair müqavilə və xx.xx.2024-cü il tarixli 2 nömrəli “Zəmanət və alqı-satqı” müqaviləsi) “Yaşıl tütünün alqısatqısına” dair müqavilə və “Zəmanət və alqı-satqı” müqavilələri bağlanmışdır. İddiaçı Cavabdeh1 bank hesabına 52000 manat, Cavabdeh2 bank hesabına 47000 manat pul köçürmüşdür. Cavabdeh tərəf müqavilə üzrə 10 ha torpaq sahəsində CC-35 növündə tütün əkib becərməyi və düzgün aqrotexniki qulluq edərək hər hektarından 20 tondan az olmamaqla, yaşıl tütün istehsal edib iddiaçı tərəfə verməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında eyni zamanda xx.xx.2024-cü il tarixli 1 nömrəli “Zəmanət və alqı-satqı” müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən yaş tütün hər 400-ton kiloqramı 0,24 qəpik, qurudulmuş halda isə 1-2 sort tütün 2,2 ABŞ dolları, 3-cü sort isə 1,9 ABŞ dolları dəyərində müəyyənləşmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, müqavilə şərtlərinə əsasən cavabdehlərə ümumilikdə 99000 manat köçürülməsinə baxmayaraq, cavabdeh tərəf müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və ona tütün təhvil vermədiyini bildirmişdir. Cavabdeh tərəf hesab edir ki, iş üzrə tam-hərtərəfli araşdırma aparılmalı və düzgün nəticəyə gəlinməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdeh tərəfə köçürülmüş pulun nə məqsədlə köçürüldüyü məlum deyil. Müqavilə şətlərində iddiaçının (alici) cavabdehə (satici) avans və ya borc verməsi barədə bənd yoxdur. Əksinə, müqavilə şərtlərində qeyd edilmişdir ki, Satıcı (cavabdeh) özünün istifadəsində olan torpaq sahəsində tütün əkib-becərərək Alıcıya (iddiaçıya) verməyi (satmağı) öhdəsinə götürür. “Zəmanət və alqı-satqı” müqaviləsinin 1.2-ci bəndində tütün qiymətlərini də razılaşdırmışlar. Həmin müqavilənin 4-cü bəndinə əsasən qəbul edilmiş tütünün dəyəri hesablanaraq 2 aydan bir dəfə olmaqla Alıcı (iddiaçı) tərəfindən Satıcıya (cavabdehə) ödənilməsi nəzərdə tutulmuşdur. Belə çıxır ki, cavabdeh tərəfə köçürülmüş 99000 manat məbləğ cavabdeh tərəfindən təhvil verilmiş tütünün pulu olmuşdur. Bundan başqa əgər 99000 manat pulun cavabdeh tərəfə köçürülməsini məhkəmə avans kimi qəbul edirsə, o zaman iddia tələbinin əldən çıxmış fayda hissəsini tam rədd etməli və cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş 2 ton quru tütünün dəyərini həmin avans məbləğindən çıxmalı idi. Belə ki, iclas protokolarından (sonuncu məhkəmə baxışının) göründüyü kimi, iddiaçı tərəfimizdən 1,8 ton quru tütün verildiyini təsdiq etmişdir. Həmin tütün ən aşağı dəyəri ilə müəyyən etmiş olsaq 1800 kq X 1.9 USD = 3420 USD (5814 AZN) təşkil edir. Yəni, iddiaçının etiraf etdiyi həcimdə təhvil verilmiş quru tütünün dəyəri avans məbləğindən çıxılmalıdır. Bundan başqa iş materiallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2024-cü il tarixli 19 nömrəli “Yaşıl tütünün alqı-satqısına” dair müqavilə ilə yanaşı xx.xx.2024-cü il tarixli 1 nömrəli “Zəmanət və alqı-satqı” müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli “Zəmanət və alqı-satqı”müqaviləsinə əsasən qurudulmuş tütün 25- 30 tondan az verilərsə, iddiaçılara məxsus, Şəki rayonu Aşağı Göynük kəndində yerləşən 3 ədəd tütün qurudulma kameraları alıcının, yəni X1 tam ixtiyarına verilməsi nəzərdə tutulmuşdur. O zaman tərəflər arasında müqavilə bağlanarkən buna, yəni müqavilənin 3.1ci bəndinin mahiyyətinə əhəmiyyət verilməmişdir. Lakin bu gün cavabdehlərə qarşı qaldırılmış iddia tələbində satcıya (iddiaçılara) məxsus olan 3 ədəd tütün qurudulma kameralarına yönəldilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh tərəf hesab edir ki, belə bir müqavilənin, yəni şəxsə məxsus əmlakın alıcının tam ixtiyarına verilməsini nəzərdə tutulması qanuna ziddir və ona görədə müqavilə etibarsız hesab edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi tərəflər arasında zəmanət müqaviləsi deyilən bir sənəd imzalanıb. Zəmanət- yəni qarantiya. Amma müqavilə bəndləri tam başqa bir şey haqqında gedir. Müqavilənin bir hissəsi tütünün alqı-satqısı barədədir. Bir hissəsi isə dolayı yolla girov hüququnu tənzimləyir. Tütünün alqı-satqı qiymətlərinin tənzimləyən bəndlər başa düşüləndir. Amma zəmanət üzrə olan bəndlər başa düşülən deyil. Zəmanət- qarantiya dedikdə - Qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir (Mülki Məcəllənin 478-ci maddəsi). Amma tərəflər arasında olan müqavilənin 3.1-ci bəndində zəmanətdən söhbət getmir. Dolayı yolla həmin bənd cavabdehə məxsus olan 3 ədəd tütün qurudulma kameralarının Alıcının (X3) xeyrinə girov qoyulduğunu tənzimləyir. Özüdə, həmin bənddə qeyd edilir ki, satıcı tərəf müqavilə şərtlərini pozarsa 3 ədəd tütün qurudulma kameraları alıcının tam ixtiyarına verilir. Belə bir şərtlə bağlanan müqavilə mütləq notarial qaydada təsdiqlənməlidir. Əks təqdirdə belə razılşama məhkəmə tərəfindən etibarsız sayılmalıdır. İş materiallarından göründüyü kimi, cavabdehlər tərəfindən qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edilərək iddiaçı X3 ilə Fərdi sahibkarlar Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Zəmanət və alqı-satqı” müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Lakin məhkəmənin e-2-2(117)-132/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə vaxtında müraciət edilməməsi səbəbindən qarşılıqlı iddia ərizələri və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra cavabdehlər Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, eyni tələb üzrə qətnamə çıxarılmasını xahiş etmişlər. Lakin, məhkəmənin e-2-2(113)-2799/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Səbəb kimi göstərilmişdir ki, 08 aprel 2024-cü il tarixli zəmanət və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli Qərardadının 27-ci bəndində qeyd olunmuşdur ki, “... məhkəmə əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir…” Bundan sonra Şəki Kommersiya Məhkəməsi iş üzrə dayandırılmış icraatı təzələyərək iddia tələbinə baxaraq iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarmışdır. Lakin, məhkəmə qətnamə çıxararkən tərəflər arasında bağlanmış mübahisələndirilən xx.xx.2024cü il tarixli “Zəmanət və alqı-satqı” müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə qiymət verməmişdir.

3.2) Apellyasiya şikayətinə qarşı etiraz

İddiaçı 11 avqust 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinə qarşı yazılı Etiraz təqdim edərək, apellyasiya şikayəti əsassız olduğu üçün təmin olunmaması və Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2025ci il tаrixli e-2-2(117)-132/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin Etiraz onunla əsaslandırılmışdır ki, birincisi, cavabdehlərin ona olan borcun qaytarılması ilə bağlı öhdəliyi aralarında bağlanmış alqı-satqı və podrat müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, cavabdehlərin öhdəliyini icra etməməsi ona alqı-satqı müqaviləsi, podrat müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. O, alqı-satqı və podrat müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni cavabdehlər Cavabdeh1 52000 manat, Cavabdeh2 qızma isə 47000 manat məbləğində pulu tütün əkib-becrəmək və əldə olunmuş məhsulu ona satmaq məqsədi ilə vermişdir. Bu hal iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Lakin, cavabdehlər tərəfindən müqavilə şərtlərinə əməl olunmamış, yəni müqavilədə nəzərdə tutulan yaşıl tütün məhsulunu cavabdehlər ona təhvil verməmiş və nəticədə müqavilə şərtləri pozulmuşlar. Cavabdeh tərəf iddia tələbini bu hissədə qəbul edir. Bu onun cavabdehlərə qarşı borc tələbi barədə iddiasının mübahisələndirilməyən hissəsidir. İkincisi, onunla cavabdehlər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 19 nömrəli və 20 nömrəli “Yaşıl tütünün alqı-satqısına dair” müqavilələr xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur. Həmin müqavilələr cavabdehlər tərəfindən icra edilmədiyi üçün iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Lakin, müqavilələrdə alıcıya pulun geri qaytarılması müddəti barədə şərt göstərilmədiyindən, məhkmənin qətnaməsində qeyd olunduğu kimi onun bu hüququ xx.xx.2024-cü il tarixdən yaranmışdır. İş materiallarından müəyyən edildiyi kimi onun tərəfindən Cavabdeh1 52000 manat pul ödənilmişdir. Həmin məbləğin xx.xx.2024-cü il tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləği - 52000 x 5%= 2600 manat olmaqla, 6 aylıq- 2600: 12 x 6 = 1300 manat məbləğində əldən çıxmış fayda olduğu müəyyən edilmişdir. Eyni zamanda, onun tərəfindən Cavabdeh2 47000 manat pul ödənilmişdir. Həmin məbləğin xx.xx.2024-cü il tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləği - 47000 x 5% = 2350 manat olmaqla, 6 aylıq- 2350: 12 x 6 = 1175 manat məbləğində əldən çıxmış fayda olduğu müəyyən edilmişdir. Bu hissədə məhkəmə düzgün qənaətə gələrək cavabdehlərdən tutulan pul məbləğinə mütənasib olaraq, Cavabdeh1 1300 manat əldən çıxmış fayda, Cavabdeh2 1175 manat əldən çıxmış faydanın əvəzi tutularaq ona ödənilməsi barədə qətnamə qət etmişdir. Üçüncüsü, cavabdehlərin apellyasiya şikayəti verməkdə məqsədləri işin vaxtının uzatmaqdan və süründürməçilikdən ibarətdir. Cavabdehlər onlara verilən hüquqdan sui-istifadə edərək məhkəmənin iş yükünü artırırlar. Dördüncüsü, cavavdehlərin əsassız yerə bu işi bu şəkildə uzatmaları və süründürməçilik hallarına yol verməsi onun sahibkar kimi hüquqlarını kobud surətdə pozur və digər portnyorlar arasında onun işgüzar nüfuzunu aşağı salır. O, birinci instansiya məhkməsində də, bildirmişdir ki, onun həm Azərbaycan Respublikasında, həm də xarici ölkələrdə partnyorları var. Əgər o, hər hansı sahibkarla müqavilə bağlayıb iş görürsə, həmin sahibkar tərəfindən onun işi gecikdiriləndə və ya hər hansı süründüməçiliyə yol veriləndə, digər partnyorlar artıq onunla iş görmək istəmir və aralarında olan müavilələrə xitam vermək məcburiyyətində qalırlar. Bununla da o, həm maddi cəhətdən, həm də mənəvi cəhətdən itkilərə məruz qalır. İddia tələbi qismən təmin olunsa da, onun məhkəmə qətnaməsi ilə razılaşmağının əsas səbəblərindən biri odur ki, iş uzanmasın. Halbuki, o, da öz növbəsində apellyasiya şikayəti verərək əldən çıxmış faydanın artırılması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş edə bilərdi. Bunu etməməyinin səbəbi isə məhkəmənin qətnaməsinin tez bir zamanda icra olunmasına və ödədiyi pulun və əldən çıxmış faydanın ona qaytarılmasına çalışmasıdır.

4. İş üzrə apellyasiya icraatı:

4.1) Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclasına İddiaçı gəlmiş olsa da, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə birlikdə apellyasiya şikayəti vermiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədiyini bildirib, iddia ərizəsində və apellyasiya şikayətinə qarşı yazılı Etirazında göstərilənlərə uyğun izahat verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2025-ci il tаrixli e-2-2(117)-132/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və öz mövqeyini - hazırkı iş üzrə “borcun tutulması” tələbi barədə iddia ərizəsində və apellyasiya şikayətinə qarşı yazılı Etirazında göstərilənlərlə və iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş sənədlərlə əsaslandırmışdır.

4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birlikdə verilmiş hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)- 132/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsini ləğv edib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 569.2. Əgər alğı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər. 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə və cavabdeh tərəfin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunur ki, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə iddia tələbinin əsaslılığı öz təsdiqini tapmışdır. Hazırkı apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin mübahisə üzrə qəbul etdiyi qətnaməsinin ləğvi üçün əsas deyildir və eyni zamanda, şikayətin dəlillərində göstərilən məsələlərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir. Qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsində aparılan icraat zamanı cavabdeh tərəf də hazırkı mübahisənin həlli üzrə məhkəmə prosesində və mübahisənin həlli üzrə aparılan məhkəmə araşdırmalarında fəal iştirak etmiş, mübahisə ilə əlaqədar qarşılıqlı iddia ərizəsi (birinci instansiya məhkəməsinin qərardadı ilə geri qaytarılmışdır), hazırkı iş üzrə mübahisə predmeti olan məlum müqavilələrin etibarsız hesab edilməsi barədə iddia ərizəsi (Bakı Kommersiya Məhkəməsinin 09 aprel 2025-ci il tarixli e-2-2(113)- 2799/2025 nömrəli qərardadı ilə həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır) və müxtəlif vəsatətlərlə məhkəməyə müraciət etmiş və həmin müraciət və vəsatətlər müvafiq qaydada işə baxan məhkəmələr tərəfindən həll edilmişdir. Eyni zamanda, qeyd etmək lazımdır ki, Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2025-ci il tаrixli e-2-2(117)-132/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunmasına baxmayaraq, iddiaçı tərəf həmin qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirməmiş və məhkəmə araşdırması zamanı apellyasiya instansiyasından Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2025-ci il tаrixli e-2-2(117)- 132/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bundan əlavə, apellyasiya şikayətinin “1,8 ton quru tütün verilməsi, həmin tütünün ən aşağı qiymətlə dəyərinin 1800 kq x 1,9 USD = 3420 USD (5814 AZN) təşkil etməsi” dəlili ilə əlaqədar, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, həmin miqdarda tütün cavabdehlər tərəfindən iddiaçı tərəfə təqdim olunsa da, sonuncu həmin tütünü müvafiq meyarlara və tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun gəlməməsi səbəbindən təhvil almamış və məhkəmə araşdırmaları zamanı qeyd olunan miqdarda tütün məhsulunun müqavilə şərtlərinin tələb etdiyi qaydada iddiaçı tərəfin təhvil alması sübut olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməyərək, Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2025-ci il tаrixli e-2-2(117)-132/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu da onların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdehlər Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 (VÖEN **********) tərəfindən birlikdə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2025-ci il tаrixli e-2-2(117)-132/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar