Məhkəmə qərarları › İş №2-2(107)-118/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-118/2024

10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-118/2024 10.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "Cavabdeh lizinqə ödənilmiş pulun və texnikaya çəkilmiş xərcin tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: əsassız varlanma, çəkilmiş xərclər) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, X3 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Şəki Kommersiya Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 2-2(117)-745/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları "Aqrolizinq” ASC ilə bağlanmış lizinq müqaviləsinə əsasən Cavabdeh məxsus kombayın tərəflər arasında olan şifahi razılaşma əsasında İddiaçı verilmişdir. İddiaçı Cavabdeh lizinq müqaviləsinə əsasən "Aqrolizinq” ASC-yə olan borcundan müəyyən məbləğlər ödəmişdir. Daha sonra, Cavabdeh İddiaçı istifadəsində olan kombaynı ondan geri almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh lizinqə ödədiyi 13500 manat pulun və kənd təsərrüfatı texnikasının detallarına çəkdiyi xərc 4460 manatı, cəmi 17960 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "Aqrolizinq” ASC arasında bağlanmış "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmış və ona lizinqə kənd təsərrüfatı texnikası verilmişdir. Lakin cavabdeh lizinq borcunu ödəyə bilmədiyi üçün "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş və müvafiq qətnamə ilə Cavabdeh 12000 manat alınaraq "Aqrolizinq” ASC-nin xeyrinə ödənilməsi və lizinqdə olan kənd təsərrüfatı texnikasının geri qaytarılması qərara alınmışdır. Həmin vaxt Cavabdeh ona bildirmişdir ki, həmin qətnamə icra edilsə həm texnika əlindən çıxacaq, həm də ödədiyi pul batacaq, əgər iddiaçı lizinq xərcini ödəsə cavabdeh həmin texnikanı iddiaçının adına sənədləşdirəcək. Buna görə də o, həmin borcun 30 %-ni, yəni 4000 manatını ödəmiş, bundan sonra Cavabdeh ilə "Aqrolizinq” ASC arasında 12 oktyabr 2017-ci il tarixli 1972-GL/17 nömrəli yeni müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh həmin kənd təsərrüfatı texnikası üçün 11315 manat ödəməli idi. Həmin müqavilə bağlanarkən 1500 manatı Cavabdeh ödəmişdir. Lakin bundan sonra müqavilə üzrə qalıq 9500 manat onun tərəfindən ödənilmişdir. Ödəniş qəbzlərindən görünür ki, 5200 manat cavabdeh tərəfindən ödənişlər edilmişdir. Eyni zamandan təqdim edilmiş xx.xx.2020-ci il tarixə və xx.xx.2020- ci il tarixə olan qəbzlərdən göründüyü kimi 1100+1500=2600 manat cavabdeh tərəfindən ödəniş edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən ümumilikdə 7800 manat ödəniş edilmişdir. İddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, cavabdehlə uzun illər iş yoldaşı olmuşlar. Cavabdeh lizinqə kombayn götürmüşdür. Texnika onun adına idi. Sonra o, texnikanı ondan almışdır. Texnika nasaz vəziyyətdə olub. Oğlu təmir etdirmişdi. İşlətməyə başlamışdılar. Aylıq ödənişləri artıq onlar edəsi olmuşdular. Aralarında olan razılaşmaya görə texnikanın ödənişləri qurtarandan sonra onu adına keçirməli idilər. Lakin cavabdeh dediyi sözə əməl etməmiş və texnikanın onun adına olduğunu deyib onun əlindən almışdılar. 2017-2023-cü illərdə cavabdehin hər hansı iddiaya etirazı olmamışdır. Şahid qismində dindirilmiş Şahid1 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, iddiaçı qonşu kənddəndir. Torpağı əkib-becərərkən onun texnikasından istifadə etmişlər. Cavabdeh 2012-ci ildə bu kombaynı lizinqə götürmüşdür. 2014-cü ildə də Holland kombaynını almışdır. 2017-ci ilə qədər hər iki kombaynı işlətmişdir. Sonra 1 -ci aldığı Niva kombaynını işlədə bilmədiyi üçün onu gətirib sürücünün həyətinə qoymuşdur. 2017-ci ildə iddiaçının oğlu Mahmud ona bildirmişdir ki, cavabdehin kombaynını götürmək istəyirlər. 4000 manat borcu vardır. Kombayn məhkəmədədir. 2000 manat Şahid1, 2000 manat da o tapıb həmin kombaynın pulu ödənilmişdir. Ondan sonra kombaynın 12000-13000 manat borcu qalmışdır ki, iddiaçı tərəf də onun aydan-aya pulunu ödəyirdi. Aralarındakı razılaşma o olmuşdur ki, 4000 manatı və aydan-aya olan borcu ödəsinlər, kombayn isə iddiaçıya qalsın. Lakin cavabdeh öz vədinə əməl etməmişdir. 2023-cü ildə Xaldan ərazisində işləyərkən gəlib kombaynı aparmışdır. Bildirmişdir ki, 2000 manat borcu vardır, ödənməyib, ona görə də aparmışdır. Dedilər ki, borcu ödəsinlər kombaynı aparmasınlar. Razılaşmadılar, kombaynı apardılar. 2017-2023cü illər arasında onunla Oğuz rayonuna gedib aylıq ödənişləri bir neçə dəfə onun yanında ödəmişdir. Şahid qismində dindirilmiş Şahid2 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, iddiaçı və cavabdeh kənd qonşularıdır. Heç biri ilə qohumluq əlaqələri yoxdur. Kombaynı iddiaçının oğlu Mahmud işlətmiş, o da onun yanında köməkçi işləmişdir. İddiaçı ilə cavabdeh arasında olan razılaşmaya görə onlar kombaynı təmir edib, işlədib, pulunu ödəyib qurtarandan sonra kombayn iddaçının adına sənədləşməli idi. İddiaçı və oğlu kombaynı 2017-ci ildən 2023-cü ilə qədər götürdülər, gecə-gündüz onlarda oldu. Pulunu da ödəmişdilər. Cavabdeh kombaynı iddiaçıya satmışdır. 2023-cü ildə gəlib bəhanə edib işləməyə qoymamış və kombaynı onlardan almışdır. Cavabdeh kombaynı satmış, icarəyə verməmişdi. İcarəyə versəydi, sezon bitəndən sonra kombayn cavabdehin həyətinə qoyulardı iddiaçının yox. İş ilkin olaraq Şəki Rayon Məhkəməsinin icraatında olmuş, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-96/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və cavabdehdən 9300 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamədən xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-603/2024 nömrəli qətnaməsi ilə iş məhkəmə aidiyyəti üzrə hazırki məhkəməyə göndərilmişdir. Şəki Kommersiya Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-745/2024 nömrəli (Rüfət Məcidov) qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 9000 manat pul tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin isə qalan hissədə rədd edilməsi və ödənilməmiş 72,10 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsi qət olunmuşdur. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki işin məhkəmə tərəfindən araşdırılması zamanı tərəflər arasında yazılı müqavilə mövcud olmasa belə iş üzrə məhkəmə iclasında verilmiş şahid ifadələrindən göründüyü kimi tərəflər arasında həqiqətən şifahi qaydada alğı-satqı müqaviləsindən yaranan münasibətlər olmuşdur. Bu halı şahid ifadələri ilə təsdiqini tapır. İddiaçının iddiası və cavabdehin Şəki rayon məhkəməsinin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatı, eləcə də şahid ifadələri bir-birilə uzlaşmışdır. İddiaçının iddiasına görə cavabdehlə aralarında olan razılaşmaya əsasən 2017-ci ildə həmin texnika onun istifadəsində olmuş və müqavilə üzrə ödənişlər tam yekunlaşandan sonra Cavabdeh həmin kənd təsərrüfatı texnikasını onun adına sənədləşdirməli idi. Buna görə də o, 12 oktyabr 2017-ci il tarixli 1972-GL/17 nömrəli müqavilə üzrə 9500 manat pul ödəmişdir. Həmin texnika onun istifadəsində olan dövrdə də tərəfindən həmin texnikaya cəmi 4460 manat pul xərclənmişdir. Beləliklə iddiaçı tərəfindən 4000 manat güzəştli müqavilə bağlananadək, 9500 manat güzəştli müqavilə üzrə borc ödənilmiş, 4460 manat isə texnikanın detallarına xərclənmişdir. Cavabdeh isə Şəki rayon məhkəməsinin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatında iddiaçının texnikdan istifadə müddəti ərzində ondan qazanc əldə etməsinə baxmayaraq texnikanın pulunu tam ödəməmişdir ki, bu səbəbdən texnikanı ondan geri almışdır. Məhkəmə iddia tələbinin 13500 manat lizinqə ödənilmiş pulun tutulmasına münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilərək cavabdehdən 9000 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Göründüyü kimi cavabdeh borcun 9000 manat hissəsini qəbul etmişdir və iddiaçı tərəfindən onun əvəzinə 9000 manat pulun ödənildiyini etiraf etmişdir. Baxmayaraq ki, iş olan ödəniş sənədlərindən 7800 manat pul ödənildiyi görünsə də, cavabdeh iddiaçı 9000 manat pul ödənildiyini qəbul etmişdir. Buna görə də məhkəmə hesab edir ki, 9000 manat pul məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. Tələbin 4460 manatın tenikanın detallarına çəkilmiş xərcin tutullmasına münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, ilk növbədə məhkəmə qeyd edir ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatında göründüyü kimi cavabdeh texnikanı iddiaçıya verəndə texnika nasaz vəziyyətdə olmuş, oğlu təmir etmişdir. İddiaçının izahatından da müəyyən olunduğu kimi texnikanın nasaz vəziyyətdə iddiaçıya verilməsini iddiaçı bilmiş və texnikanın normal işləməsi üçün onun təmir xərclərini qarşılamışlar ki, bunun üçün cavabdeh məsuliyyət daşımamalıdır. Çünki iddiaçı texnikanın təmirə ehtiyacı olduğunu bildiyi halda onu qəbul etmiş və texnikanın detallarına xərc çəkmişdir ki, 2017-2023-cü illərdə 6 il müddət üçün texnikadan istifadə etmişdir. İddiaçı 6 il müddət üçün texnikdan istifadə etmişdir ki, həmin istifadə müddətində texnikanın istifadəsindən qazanc əldə etmişdir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2, 385.1, 386.1, 389.1, 406.1, 442, 445.2, 448, 1091.1 və 1091.2-ci Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin – 119.1ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticədən belə məlum olur ki, o 45000 manat dəyərində olan kombaynı ödədiyi 9000 manat müqabilində İddiaçı verməyə öhdəsinə götürmüşdür Lizinq müqaviləsinin şərtinə görə borcu ödəmədikdə həmin əmlakı cəmiyyətə qalması şərti mövcud olduğu halda, o hansı səbəbdən belə bir razılaşmanı İddiaçılə razılaşmalı idi. O, belə bir razılaşmanın tərəfi olmamış, heç bir halda əmlakı daimi iddiaçıya verməyi razılaşmamışdır. Ödənilmiş pullar isə onun əmlakının istifadəsi nəticəsində əldə edilmiş qazanc hesabına həyata keçirildiyindən verilmiş iddianı qəbul etmir. İddiaçı 2017-ci ildən 2023-cü il tarixədək istifadə etdiyi texnikadan əldə etdiyi qazancı mənimsəməli, hətta həmin texnikanın mülkiyyətçisi olan cəmiyyətə vəsait də ödəməli deyilmiş. Həmin vəsait ona deyil, birbaşa lizinq predmetinin mülkiyyətçisinə ödənilmiş, bu səbəbdən də lizinq sahibi həmin əmlakı bu müddət ərzində geri tələb etməmişdir. Ancaq 2022-ci ildən ödənişi dayandırdığından cəmiyyətin ona etirazı daxil olmuş, o da bu etirazdan sonra lizinq predmetini geri götürərək qalan borcu ödəmişdir. Hazırda İddiaçı həmin əşyanı icarəyə vermək istədiyi kənd sakinlərini texnikanı yandırmaqla sıradan çıxaracağı hədəsi ilə icarəyə verilməsinə mane olur. Lizinq müqaviləsinə əsasən sahibliyində olan əmlakı hər hansı yazılı razılaşma olmadan şifahi razılaşma əsasında ona verərək istifadə etməsinə icazə vermişdir. Əvəzində isə iddiaçı həmin əmlakdan əldə etdiyi gəlir hesabına qrafik üzrə nəzərdə tutulmuş ödənişi ödəmişdi. İddiaçı həmin biçin işini aparmağa heç kim məcbur etməmişdir. Məhz 2023-cü ildə 2 gün biçin etdikdən sonra kombaynını geri almağından narazı olaraq hazırki iddianı qaldırmışdır. İddiaçı əldə etdiyi qazancdan lizinq məbləğini ödədiyindən varlanmış şəxs deyil, aralarında bu ödəniş qaydası ilə bağlı razılaşma isə mövcud olduğundan əsassız varlanmaya dair normaları tətbiq edərkən məhkəmə səhv buraxmışdır. O, icarəyə verdiyi kombayn üçün icarə haqqı əvəzinə lizinq təşkilatına olan borcun ödənilməsini iddiaçı ilə razılaşmışdır. Razılaşmaya əsasən borc 2022-ci ildə bitməli olsada, borc ödənmədiyindən və ona qarşı lizinq təşkilatı iddia qaldırdığından kombaynı geri almışdır. İşin hallarından da görünür ki, lizinq təşkilatı da ona həmin əmlakı lizinqə verərkən əvvəlcə 4500, sonra isə 2500 manat pul tələb etmişdir. Məhz bu işin mahiyyəti də bundan ibarətdir ki, lizinq götürən əldə etdiyi qazanca müvafiq həmin 2500 manatı ödəyə bilir. Bu müddət ərzində İddiaçı lizinq təşkilatına həmin əmlakdan istifadə etməklə əldə etdiyi gəlirin müəyyən hissəsini, məhz müqavilə şərtlərində müəyyənləşqdirilmiş, minimum həddə ödəmişdir. Halbu ki, həmin texnika ilə o hər il xərclərini çıxdıqdan sonra 15000-16000 manat qazanc əldə edirdi. Hesab edirəm ki, məhkəmə mötəbər olmayan sübutlarla, maddi hüquq normalarını səhv tövsif edərək əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Şəki Kommersiya Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 2- 2(117)-745/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək Şəki Kommersiya Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 2-2(117)-745/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. ...”

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 59-cu maddəsinə görə, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Qeyd olunmalıdır ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmalarıdır (Mülki Məcəllənin 5.3-cü maddəsi). Eyni zamanda, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadisosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli Qərarı). Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Azərbaycan Respublikasının Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında yazılı müqavilə mövcud olmamışdır. İddiaçının iddiasına görə cavabdehlə aralarında olan razılaşmaya əsasən 2017-ci ildə həmin texnika onun istifadəsində olmuş və müqavilə üzrə ödənişlər tam yekunlaşandan sonra Cavabdeh həmin kənd təsərrüfatı texnikasını onun adına sənədləşdirməli idi. Buna görə də o, 12 oktyabr 2017-ci il tarixli 1972-GL/17 nömrəli müqavilə üzrə 9500 manat pul ödəmişdir İşə baxan birinci instansiya məhkəməsi tərəfindən isə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Cavabdeh əvəzinə "Aqrolizinq”ə 9000 manat pul ödənilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Hazırki vəziyyətdə Cavabdeh iddiaçının (onun pulu) hesabına əsassız varlanmış şəxs qismində çıxış edir. Belə olan halda kollegiyası hesab edir ki, Cavabdeh heç bir qanuni və ya müqavilə əsası olmadan tələb etməsinə baxmayaraq İddiaçı pulunu özündə saxlamışdır. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin iddiaçının hesabına əsassız varlandığının müəyyən edilməsi onun üzərinə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi qoyur. Belə ki, Mülki Məcəllənin 1092.1-ci addəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə olan halda işə baxan birinci instansiya məhkəməsi haqlı olaraq 9000 manat pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qanuni qətnamə qəbul etmişdir. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin işə əvvəllər Şəki Rayon Məhkəməsində baxılan zaman iddiaçının 9000 manat pulu ödəməsi formasında izahat verməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, Cavabdeh apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, o, işə Şəki Rayon Məhkəməsində baxılan zaman İddiaçı onun əvəzinə 9000 manat pul ödədiyini deməmişdir. Kollegiya şikayətin həmin dəlilini yoxlamaq üçün işə əvvəllər baxmış Şəki Rayon Məhkəməsinə sorğu verərək bütün məhkəmə iclaslarının audio-video yazılarını əldə etmişdir. Məhkəmə iclasında Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə iclasının audio-video yazısına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında İddiaçı onun əvəzinə 9000 manat pulu ödədiyini iki dəfə etiraf etmişdir (xx.xx.2024-cü il tarixli məhkəmə iclasının audio-video yazısı 02:57 və 13:25 dəqiqələrində). Göründüyü kimi, cavabdeh apellyasiya şikayətində dəfələrlə belə ifadə vermədiyini bildirsə də, baxış zamanı cavabdehin qeyd etdikləri təsdiqini tapmamışdır. Əksinə, İddiaçı cavabdehin əvəzinə 9000 manat pul ödəməsi bir daha öz təsdiqini tapmışdır. Həmin audio-video yazıdan aydın görünür ki, cavabdeh heç bir təzyiq altında qalmadan sərbəst şəkildə, hətda iki dəfə iddiaçının 9000 manat pul ödədiyini bildirmişdir. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya şikayətinin kombaynı iddiaçıya icarəyə verməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, cavabdeh kombaynı iddiaçının icarəsinə veridiyi bildirsə də bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə, işdə olan şahid ifadələrindən müəyyən olunduğu kimi cavabdehlə iddiaçı arasındakı razılaşma üzrə iddiaçı cavabdehə texnikanın pulunu ödəməli, texnika iddiaçıda qalmalı idi. Cavabdehin lizinq təşkilatına 12000-13000 manat borcu qalmışdır ki, iddiaçı həmin borcu hissə-hissə ödəməli idi. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış münasibətlər cavabdehin iddia etdiyi kimi, isitfadə və ya icarə olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin kombaynın dəyərinin əslində 12000- 13000 manat yox, 45000 manat olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, cavabdehlə Aqrolizinq ASC arasında bağlanmış müqavilədə texnikanın qiyməti 11315 manat olmuşdur. Bundan başqa, işə Şəki Rayon Məhkəməsində baxılan zaman xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh özü texnikanın dəyərinin hal-hazırda təxminən 13000- 14000 manat olduğunu bildirmişdir (xx.xx.2024-cü il tarixli məhkəmə iclasının audio-video yazısı 08:45 dəqiqəsində). Kollegiya eyni zamanda qeyd edir ki, hazırki mübahisədə texnikanın dəyərinin yuxarı və ya aşağı olması mühüm əhəmniyyət kəsb etmir. Belə ki, iddiaçının tələbi texnikanın geri qaytarılması yox, cavabdehin əvəzinə ödədiyi pulun qaytarılması ilə bağlıdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayətin həmin dəlili də öz təsdiqini tapmır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının texnikadan qanunsuz faydalanması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, işdən kənd təsərrüfatı texnikasının tərəflər arasında olan razılıq əsasında İddiaçı verilməsi müəyyən edilir. Eyni zamanda, Cavabdeh özü isə bildirmişdir ki, o, texnikanı icarə və istifadə üçün iddiaçıya vermişdir. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmlakdan qanunsuz yox, tərəflərin razılığı ilə faydalanmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin çəkişmə prinsipinin pozulmaqla qəbul edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, iş materiallardan Cavabdeh elektron kabinetinin olduğu müəyyən edilir. Eyni zamanda, iş materiallarına əlavə edilmiş elektron kabinetdən çıxarışdan müəyyən edilir ki, 17 iyul 2024-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş xx.xx.2024-cü il tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir. Belə olan halda isə elektron kabinetdə olan məlumatları yeniləməmək və onunla tanış olmamaq məsuliyyəti cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası daha sonra bildirir ki, tərəf (və/vəya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyil. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında yaranmış münasibətlər cavabdehin iddia etdiyi kimi, isitfadə və ya icarə olmamış, sonuncular kənd təsərrüfatı texnikasının satışı ilə bağlı razılığa gəlmişlər. Daha sonra, iddiaçı borcunu tam olaraq ödəmədiyindən cavabdeh texnikanı iddiaçıdan geri almışdır. Belə ki, iddiaçı texnikanın pulunun bir hissəsini, yəni 9000 manatını ödəsə də, cavabdeh texnikanı götürmüşdür. Texnikanın ödənilmiş dəyəri olan 9000 mant pul isə bugünədək cavabdeh tərəfindən iddiaçıya qaytarmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh şifahi razılaşmaya əməl etməmiş və iddiaçıdan texnikanı geri almışdır. Cavabdeh iddiaçıya məxsus 9000 manat pulu qaytarmamaqla və faktiki olaraqda ondan qanunsuz faydalanmaqla, iddiaçını mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum etmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 2-2(117)-745/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar