Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-120/2021 10.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəki Kommersiya Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, e-2-2(117)-461/2021 nömrəli qərardadından İddiaçı QSC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikаyətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı “20.06.2019-cu il tarixli 071 nömrəli lizinq müqaviləsinin ləğv edilməsi, lizinq müqaviləsi üzrə 62737,30 manat məbləğində borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 29.09.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçının nümayəndəsi 05.10.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəmə qətnaməni qəbul edərək lizinq obyektinin qaytarılması ilə bağlı məsələni həll etməmişdir. Bundan başqa, qətnamədə təsvir edilmiş qeyri-müəyyənlik “Məhkəmə qətnaməsi haqqında” AR Ali Məhkəməsinin Plenum Qərarı ilə ziddiyyət təşkil edir. Belə ki, Qərarın 6.10-cu bəndinə əsasən, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Odur ki, tərəflər arasındakı 20.06.2019-cu il tarixli 071 nömrəli lizinq müqaviləsi ləğv edildiyindən lizinq predmeti olan 4 ədəd kənd təsərrüfatı təyinatlı texnikasının cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə əlavə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, e-2-2(117)-461/2021 nömrəli qərardadı ilə əlavə qətnamənin çıxarılmasından imtina edilmişdir. İddiaçı QSC-nin nümayəndəsi X2 həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməyə əsasən tərəflər arasında bağlanmış lizinq müqaviləsini məhkəmə ləğv etmiş, lakin iddiaçının xüsusi mülkiyyətində olan və hal-hazırda cavabdehin istifadəsindəki kənd təsərrüfatı təyinatlı texnikanın yəni lizinq predmetinin hüquqi müqəddaratım həll etməyib. Beləliklə də iddiaçıya məxsus və iddiaçının xüsusi mülkiyyətində olan lizinq predmetinin hüquqi taleyi həll olunmamış qalıb, lizinq predmetinin cavabdeh tərəfindən lizinq verənə qaytarılması haqqında məsələyə qətnamədə ümumiyyətlə münasibət bildirməyib. Birinci instansiya məhkəməsi əlavə qətnamə çıxarılmasından imtina edərkən qeyd edib ki, iş üzrə sonuncu məhkəmə iclasının audio və video yazısı izlənmiş, iclasın video yazısına əsasən iddia tələbində dəqiqləşdirmə aparılması haqqında məhkəmə tərəfindən iddiaçıya təklif verilmiş, iddiaçı isə iddia tələblərinin dəqiqləşdirilməsi istiqamətində təklif irəli sürülməyib. Məhkəmənin bu arqumentini də əsassız və qanunsuz hesab edir. Belə ki, iddiaçının hansı hüquqi səbəbdən iddia tələblərinin dəqiqləşdirməsi istiqamətində təklif irəli sürməməsinin səbəbi, bununla bağlı iddiaçının motivləri 06.10.2021 -ci il tarixli qərardadda öz əksini tapmır. İlk növbədə məhkəmənin diqqətinə çatdırır ki, bu məsələ hakim tərəfindən ümumiyyətlə araşdırılmayıb. Hakim yalnız təklif irəli sürüb, iddiaçımın bu hissədə hüquqi motivləri isə ümumiyyətlə məhkəmə araşdırmasının predmeti olmayıb. Bundan başqa, video çəkilişi diqqətlə izləyərkən aydın olur ki, hakimin bu təklifi məhkəmə araşdırması mərhələsində deyil, müşavirə otağına getməsi mərhələsində irəli sürülüb. Bu hissədə məhkəmənin gəldiyi nəticə aşağıdakı əsaslara görə də işin faktiki halları ilə uyğun gəlmir. Belə ki, hakim məhkəmə iclasının audio, video çəkilişi izləməklə bərabər iddiaçının iddia ərizəsini və onun məzmununu diqqətlə öyrənməli, iddia ərizəsindəki iddiaçı tərəfindən irəli sürülmüş arqumentləri nəzərdən keçirməli idi. Məhkəmə qərardadını onunla əsaslandırılır ki, iddia ərizəsinə əsasən iddiaçı öz iddia ərizəsində cavabdehə qarşı 62.737,30 manat məbləğində tələb irəli sürüb. İddia ərizəsi tərtib olunarkən lizinq müqaviləsinin bütün müddətinə (60 ay) aid lizinq ödənişi cavabdehdən tələb olunub. Bu məbləğ lizinq müqaviləsinin bütün dövrünü 28.07.2019-cu - 28.06.2024-cü illəri əhatə edir. Göründüyü kimi iddiaçı iddia ərizəsində müqavilənin bütün dövrünə aid (60 ay) lizinq ödənişlərinin cavabdehdən tutulmasını məhkəmədən xahiş edib. İddia ərizəsi üzrə tələb tam təmin olunardısa bunun müqabilində qanunvericiliyə əsasən lizinq predmeti cavabdehdə saxlanılmalı və iddiaçı lizinq predmetini cavabdehdən geri istəyə bilməzdi. Məhz bu səbəbdən də iddiaçı sonuncu məhkəmə iclasında lizinq predmeti ilə bağlı tələblərini dəqiqləşdirməyi zəruri hesab etməyib. İddiaçının belə hüquqi davranışı lizinq müqaviləsinin məzmunu və hüquqi təbiəti ilə ilə də tam üst-üstə düşür. Çünki istər tərəflər arasında bağlanmış lizinq müqaviləsinə, istərsə də qanunvericilikdə lizinq müqaviləsinə aid müddəalara əsasən lizinq alan lizinq ödənişlərini tam ödədikdən sonra və lizinq müqaviləsi üzrə bütün öhdəliklərini icra etdikdən sonra lizinq predmetini əldə etmək hüququnu əldə edir, lizinq predmeti lizinq alanın mülkiyyətinə keçir. Göründüyü kimi qanunvericilik lizinq predmetini əldə etmək hüququnun əmələ gəlməsini, lizinq premdetinə ixtiyarının çatmasını cavabdeh tərəfindən lizinq ödənişlərinin tam başa çatdırılımasını mühüm şərt kimi təsbit edir və lizinq predmetinin lizinq alan tərəfindən əldə edilməsi üçün məhz bu şərtin yerinə yetirilməsindən asılı edir. Hazırkı iş üzrə isə birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən məhkəmə iddianı qismən təmin edib və cavabdehin müqavilənin bütün müddətini yəni 28.07.2019 - 28.06.2024-cü illəri əhatə edən dövrü deyil, yalnız qətnamə çıxarılan tarixə olan hissəsini təmin edib. Bu isə o deməkdir ki, lizinq alan ödənişləri tam həyata keçirməyib, lizinq predmetinin cavabdehin mülkiyyətinə çevrilməsi üçün qanunla müəyyən olunmuş şərtlərə əməl etməyib. Belə olan halda cavabdehin lizinq pıedmetini əldə etmək hüququ əmələ gəlməyib, lizinq predmetini əldə etməyə ixtiyarı çatmır. Məhkəmə işin bu kimi xüsusatlarına diqqət etməyib. İstər qətnamə çıxarılması, istərsə də əlavə qətnamə çıxarmaqdan imtina mərhələsində məhkəmə iddia ərizəsini və qanunvericilikdə təsbit olunmuş lizinq müqaviləsinin müddəalarını, Konstitusiya ilə qorunan mülkiyyət hüququnu qətiyyən nəzərə almayıb. Ona görə də şikayət təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, e-2-2(117)-461/2021 nömrəli qərardadı ləğv edilməlidir. Şəki Kommersiya Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, e-2-2(117)-461/2021 nömrəli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, eyni zamanda da qeyd etdi ki, birinci instansiya məhkəməsinin 60 ayın borcunu deyil, 20 ayın borcunu tutacağını öncədən bilmədiyi üçün texnikanı tələb etməmişdir. X3 Məhkəməsinin 29.09.2021-ci il tarixli, e-2- 2(117)-461/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyini də bildirmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh tərəf heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmiş və gələməməsinin səbəbləri barədə məhəkəmə kollegiyasına məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, e-2-2(117)-461/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Şəki Kommersiya Məhkəməsində keçirilən 29.09.2021-ci il tarixli məhkəmə iclasının 29:35 dəqiqəsində iddiaçının nümayəndəsinə sədrlik edən tərəfindən edilən iddia tələbində dəqiqləşmə aparması ilə bağlı təklifinə, iddiaçının nümayəndəsi “texnikanı tələb etmirik” cavabını vermişdir. Məhkəmə qanun çərçivəsində iddiaçıya tələb irəli sürə biləcəyi məsələlərin dairəsini genişləndirmə imkanı yaratmışdır, lakin iddiaçı tərəf bu hüquqdan istifadə etməmişdir. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi qeyd edilən məsələ ilə bağlı hər hansı bir tələb irəli sürməmiş, məhkəmənin təklifinə baxmayaraq tələbin həcminin artırılması ilə bağlı müraciət etmək fikrinin olmadığını bildirmişdir. Belə vəziyyətdə iddiaçının nümayəndəsinin tələbi olmadığı halda məhkəmənin tərəfin iradəsi əleyhinə tələbdən kənara çıxması da qanunsuz və əsassız olardı. Qanunvericiliyin tələbinə əsasən əlavə qətnamənin çıxarılmasına yalnız MPM-nin 229.1-ci maddəsində müəyyən edilmiş hallarda yol verilir. Bu halların siyahısı qətidir və genişləndirilə bilməz. Hazırkı iş üzrə belə bir hal mövcud olmamışdır. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı vəziyyətdə məhkəmənin tələbdən kənara çıxmasına əsas ola biləcək hal da qanunda nəzərdə tutulmamışdır. Bundan əlavə məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı tərəf Şəki Kommersiya Məhkəməsinin 29.09.2021-ci il tarixli, e-2-2(117)-461/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Deməli həmin qətnamə qanuni qüvvəyə minməmişdir. Belə olduğu təqdirdə apellyasiya instansiya məhkəməsində həmin qətnamə ləğv edilərək iddia tələbi tam təmin oluna bilər ki, bu zaman da qiyabi qətnamənin qəbul edilməsinə də ehtiyac qalmır. Ona görə də şikayət təmin edilə bilməz. Belə ki, MPM-in 229.1-ci maddəsinə əsasən, iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: 229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa; 229.1.2. hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. 229.2-ci maddəsinə əsasən, əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 229.3-cü maddəsinə əsasən, əlavə qətnamə və ya əlavə qərardad çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən və ya əlavə qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Kommersiya Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, e-2-2(117)-461/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı QSC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, e-2-2(117)-461/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-120/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-120/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver