Məhkəmə qərarları › İş №2-2(107)-121/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-121/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-121/2021 16.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “14100 manat pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, e-2-2(117)-432/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 26 avqust 2021-ci il tarixli, e-2-2(117)-432/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 14100 (on dörd min bir yüz) manat borc və ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “16000 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 09.08.2021-ci il tarixdə “iddia tələbinin həcminin azaldılması barədə” ərizə təqdim edərək cavabdeh tərəfindən borcundan 1900 manat ödəniş edildiyini, 14100 manat məbləğində borcun qaldığını bildirmiş, həmin məbləğin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ilə Cavabdeh arasında 05.01.2017-ci il tarixli “Taxta altlıq (Paddon) məhsullarının alqı-satqı müqaviləsi”nə əsasən, iddiaçı cavabdehə taxta altlıq (Paddon) məhsullarını verməyi, cavabdeh isə bunun əvəzində müqaviləyə əsasən tərtib olunmuş təhvil aktında müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Elektron qaimə-fakturalar əsasən müəyyən olunur ki, müqavilədən irəli gələn öhdəliklər üzrə tərəflər arasında alqı-satqı münasibətləri mövcud olmuş, tərəflər öhdəliklərini icra etmişdir. İddiaçı hissi-hissə 151,576 manat dəyərində cavabdehə pul köçürmüş, qarşılığında cavabdehdən 135,576 manat dəyərində mal qəbul etmişdir, cavabdeh ona dəyəri əvvəlcədən iddiaçı tərəfindən ödənilmiş 16000 manat dəyərində malı çatdırmamışdır. Bundan sonra iddiaçı ümumiyyətlə sifarişdən imtina etmiş, cavabdehə son ödənilmiş 16000 manat pulu geri tələb etmişdir. Cavabdeh bu pulu digər müştərilərin sifarişinə xərclədiyini bildirmiş, imkanı olan zaman ən qısa zamanda ödəyəcəyini bildirmişdir, lakin ödəməmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin baxışının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, e-2-2(117)-432/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən аpellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi və prossesual hüquq normaları pozulduğundan aşağıdakılara əsasən qətnamə ləğv edilməklə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə işə baxarkən onun iştirakını məhkəmədə təmin etmədən qətnamə çıxartmışdır. Onu heç bir məhkəməyə dəvət etməyiblər. Onun məhkəmə proseslərindən xəbəri olsaydı məhz elə iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək iddianın rədd edilməsini xahiş edərdi. Göründüyü kimi iddiaçının özünün də etiraf etdiyi kimi borc məbləği 2017-ci ildə yaranmış və 3 illik iddia müddəti ötürülmüşdür. Əslində onun iddiaçıya deyil iddiaçının ona borcu vardır. Çünki o, iddiaçıya mal aparıb verirdi, lakin sonuncu 3 malını geri qaytararaq onun üstünə yalandan borc yazıblar. İddiaçı əslində sifariş verdikləri malı ondan almayıblar və bununlada ona ziyan vurublar. Buna görə də bu iş elə bu vaxtadək belə qalmışdır. Onun iddiaçıya göndərdiyi 16000 manatlıq malı özləri geri qaytarmışlar. Buna dair sübutları da vardır. Ümumiyyətlə isə iddianı qəbul etmir və iddia müddəti keçdiyindən iddia ərizəsi rədd edilməlidir. Yəni iddiaçı artıq bilirdi ki, 2017-ci il tarixdə ona pul ödəyib və idiaçı ilə mübahisələri var və o, göndərdiyi malı qəbul etməmişdir. Yəni artıq 2017-ci ildən iddiaçının iddia müddətinin axımı başlamışdır. Hazırda isə 4 ildən çox vaxt keçmişdir. Mülki Məcəllənin 369.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır. Yarım illə müəyyənləşdirilmiş müddətə aylarla hesablanan müddətlər üçün qaydalar tətbiq edilir. Həm də yarım il altı ay bərabər sayılır, yarım il isə ilin əvvəlindən hesablanmağa başlanır. Mülki Məcəllənin 371-ci maddəsinə əsasən əgər müddət hər hansı hərəkətin yerinə yetirilməsi üçün təyin edilmişdirsə, həmin hərəkət müddətin sonuncu günündə saat iyirmi dördədək yerinə yetirilə bilər. Lakin əgər həmin hərəkət təşkilatda yerinə yetirilməlidirsə, onda müddət müəyyənləşdirilmiş qaydalara görə həmin təşkilatda müvafiq əməliyyatların dayandırıldığı saatda qurtarır. Müddətin sonuncu günündə saat iyirmi dördədək rabitə təşkilatına təhvil verilmiş yazılı ərizələr və bildirişlər vaxtında verilmiş sayılır. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləsinin bitməsindən, pulun ödənilməsindən və mübahisənin yaranmaından artıq 3 ildən çox müddət ötmüşdür və bu vaxta qədər Bank cavabdehə qarşı məhkəmədə heç bir tələb irəli sürməmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq Şəki Kommersiya Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, e-2- 2(117)-432/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, e-2-2(117)-432/2021 saylı qətnaməsinin dəyişdirlmədən qüvvədə saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdeh elektron qaydada məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, 16 noyabr 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında üzürülü səbəbdən iştirak edə bilməyəcəkdir. Çünki səhhətində problemlər yaranmış və hazırda hərarəti olduğundan evdən çıxmır. Gün ərzində səhhətində normallaşma olmasa təcili yardıma müraciət edəcəkdir. COVİD 19 olma ehtimalı da vardır. İddia tələbi ilə bağlı bildirir ki, o, iddia tələbini ümumiyyətlə qəbul etmir. İddiaçının təqdim etdiyi müqavilə və digər sənədlərin hamısı saxtadır. O, həmin sənədlərin heç birinə imza etməmişdir. Orada olan bütün imzalar hamısı saxtalaşdırılmışdır. Hazırda onların müqavilə üzrə tələb etdiyi məbləğin əsaslandığı müqavilə onun tərəfindən də imzalanmadığından iddia rədd edilməlidir. Həmçinin iddia müddəti keçdiyindən də iddia rədd edilməlidir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə iclasını təxirə salılnmasını və ya iclasın onun iştirakı olmadan keçirildiyi təqdirdə iddia müddətinin tətbiq olunaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, e-2-2(117)-432/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 05.01.2017-ci il tarixli “Taxta altlıq (Paddon) məhsullarının alqı-satqı müqaviləsi” əsasən, iddiaçı cavabdehə taxta altlıq (Paddon) məhsullarını verməyi, cavabdeh isə bunun əvəzində müqaviləyə əsasən tərtib olunmuş təhvil aktında müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.2-ci maddəsinə görə, bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrinin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 389.3-cü maddəsinə əsasən, bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında başqa hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1, 448.2-ci mаddələrinin tələblərinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göründüyü kimi, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Hazırkı mübahisədə müqaviləyə əsasən, cavabdeh 135,576 manat dəyərində malı iddiaçıya təhvil vermişdir. Lakin cavabdeh 16000 (ödəniş tapşırığı № 000187) manat dəyərində malı iddiaçıya çatdırmamışdır. Bundan sonra iddiaçı ümumiyyətlə sifarişdən imtina etmiş, cavabdehə son ödənilmiş 16000 manat pulu geri tələb etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi ərizəsində cavabdehin müqavilə üzrə 1900 manat məbləğində ödəniş etdiyini və 14100 manat borcu qalmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin işə cavabdehin iştirakı olmadan baxılması barədə dəlilini də əsassız sayaraq aşağıdakıları qeyd edir: İş üzrə birinci instansiya məhkəməsinin hazırlıq iclası 14.07.2021-ci ilə təyin edilmiş və cavabdehin adına yazılan 30.06.2021-ci il tarixli məhkəmə bildirişi poçt vasitəsilə “ünvan 1 ünvanına göndərilmiş və 10 iyul 2021-ci il tarixdə sözügedən məhkəmə bildirişi cavabdeh tərəfindən poçt xəbərnaməsinə (iş.v.53) imza edilməklə qəbul edilmişdir. Bununla da məhkəmə bildirişi 10.07.2021-ci il tarixdə Cavabdeh rəsmi qaydada verilmişdir. Bundan sonra eyni qaydada birinci instansiya məhkəməsinin yekun iclası, yəni 30.07.2021-ci il tarixə təyin edilmiş və cavabdehin adına yazılan 14.07.2021-ci il tarixli məhkəmə bildirişi poçt vasitəsilə yuxarıda göstərilən ünvanına göndərilmiş və 26 iyul 2021-ci il tarixdə sözügedən məhkəmə bildirişi cavabdeh tərəfindən poçt xəbərnaməsinə (iş.v.61) imza edilməklə qəbul edilmişdir. Eyni zamanda, məhkəmə iclasının 30.07.2021-ci ilə təyin edilməsi barədə cavabdehin ***-***-**-** nömrəli telefonuna "AZEMİS" vasitəsilə SMS göndərilmişdir. (iş.v.59) Təyin olunmuş vaxtda cavabdeh gəlməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə istinad edərək, işə cavabdehin iştirakı olmadan baxmışdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il qərarında göstərilmişdir ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Yuxarıda da qeyd edildiyi kimi, cavabdeh birinci instansiya məhkəməsinin iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. Belə olan halda cavabdehin birinci instansiya məhkəməsinin iclasında iştirak etmək və iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək imkanı olsa da, bunu etməmişdir. Ona görə də cavabdehin hazırkı mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizəsi kollegiya tərəfindən qəbul edilə bilməz. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdeh 22 oktyabr 2019-cu il tarixdə 1000 (bir min) manat, 26 noyabr 2019-cu il tarixdə 700 (yeddi yüz) manat, 29 iyul 2021-ci il tarixdə 200 (iki yüz) manat ödəmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı ümumiyyətlə hazırkı mübahisə üzrə iddia müddətini ötürməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh apellyasiya şikayətində iddiaçı ilə aralarında müqavilənin olduğunu, lakin iddiaçının iddia müddətini ötürməklə iddia qaldırdığını göstərsə də, məhkəmə kollegiyasına ünvanladığı ərizəsində isə iddiaçının təqdim etdiyi müqavilə və digər sənədlərin hamısının saxta olduğunu və həmin sənədlərin heç birinə imza etmədiyini göstərmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin 05.01.2017-ci il tarixli “Taxta altlıq (Paddon) məhsullarının alqı-satqı müqaviləsi”nə əsasən iddiaçıya 14100 manat məbləğində borcu yarandığına görə birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən haqlı olmuşdur. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kоllegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsinin mövqeyi belə olmuşdur ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-in 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası tədqiq olunаn sübutlаrı məcmu hаldа qiymətləndirərək bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, e-2-2(117)-432/2021 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, e-2-2(117)-432/2021 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar