Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-121/2024 19.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X4 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı MMC-nin direktoru Nümayəndə, Cavabdeh - Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehdən iddiaçının xeyrinə 10175 manat əsas borc, gecikdirilmiş faizlərə görə 164 və 126 manat dövlət rüsumunun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 25 iyun 2024-cü il tаrixli, e- 2-2(117)-594/2024 saylı qətnaməsindən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı "xxxx" MMC (cavabdeh) hazırkı müqaviləyə əlavə olunan hesab-fakturada göstərilən həcmdə, müddətdə və qiymətdə malları alıcı İddiaçı MMC-nin (iddiaçı) mülkiyyətinə verməyi və xidmətləri göstərməyi, alıcı isə müqavilə şərtlərinə uyğun olaraq malı və göstərilən xidməti qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür.
3. Həmin müqavilənin 2.1-ci bəndinə görə, satıcı malı alıcıya hesab-fakturakı məbləğ tam ödənildikdən sonra təhvil verir.
4. Həmin müqavilənin 2.3.-cü bəndindəə göstərilir ki, satıcı malı alıcıya bu Müqavilənin 2.1. bəndinə əsasən təhvil verənədək malın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riskini daşıyır. Mal təhvil verildiyi andan onun təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski alıcıya keçir.
5. Həmin 2.6. və 2.7-ci bəndlərində göstərilmişdir ki, satıcı bildirişi aldığı andan 3 (üç) təqvim günü ərzində öz hesabına əsaslı nöqsanları aradan qaldırmadığı halda, alıcı nöqsanları aşkar edilmiş malı satıcıya qaytarır, satıcı isə alıcının tələbi irəli sürüldüyü andan 7 (yeddi) iş günü ərzində qüsurlu mala dair ödənilən məbləği geri qaytarmalıdır. Satıcı malın keyfiyyətinə zəmanət verir.
6. Həmin müqavilənin 4.3.1, 4.3.2 və 4.3.3.-cü bəndlərinə görə, satıcı bu Müqavilədə göstərilən qaydada və şərtlərlə malı təhvil vermək, 2.6-cı bəndində göstərilən müddətdə və hallarda aşkar edilmiş nöqsanları aradan qaldırmaq, nöqsanı aşkar edilmiş malı qəbul etmək, qüsurlu mala dair ödənilən məbləği müəyyən olunmuş müddətdə geri qaytarmaq və malın qaytarılması ilə bağlı edilən bütün xərcləri tam ödəmək öhdəliklərini öz üzərinə götürür.
7. Həmin müqavilənin 4.4.1 və 4.4-cü bəndlərinə əsasən alıcı müqavilədə göstərilən qaydada və həcmdə bütün ödənişləri həyata keçirməkvə müqavilənin şərtlərinə uyğun olaraq gətirilmiş və təhvil verilən malı satıcıdan qəbul etmək öhdəliklərini daşıyır.
8. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, tərəflər hazırkı müqavilədə göstərilən öhdəliklərini icra etmədiklərinə görə bu müqavilə üzrə öhdəliklərinin icrasını gecikdirdiyi hallarda hər gecikdirilən günə müqavilənin ümumi qiymətinin 0,1 % faizi məbləğində, lakin müqavilənin ümumi dəyərinin 10 %-dən çox olmamaq şərti ilə xərimə ödəməyi öhdəsinə götürmüşdür.
9. İş materiallarında olan xx.xx.2021-ci il tarixə olan alqı-satqı müqaviləsinə əlavə olan qiymətlərin razılaşdırılma protokolu və xx.xx.2021-ci il tarixli hesab fakturadan görünür ki, 1 ədədinin qiyməti 0,50 manatla hesablandıqda 32910 ədəd mövsümi çiçəklərin ümumi dəyəri 16455 manat təşkil etmişdir. Eyni zamanda hesab fakturada həmçinin 2000 manat ödəniş edildiyi və yekun məbləğin 14455 manat təşkil etdiyi qeyd edilmişdir.
10. xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqlarından göründüyü kimi iddiaçı tərəfindən təhvil verilməli malların dəyəri tam şəkildə cavabdehə ödənilmiş, lakin buna baxmayaraq cavabdehin təhvil verdiyi malların bir qismi yararsız vəziyyətdə olmuşdur.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı ödənilmiş pulun qaytarılması ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC olaraq uzun müddətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. 2021ci ilin sonlarında X1 abadlaşdırılması məqsədilə həmin əraziyə gül-çiçəklərin verilməsi üçün yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış qaydada razılığa əsasən həmin Xiyabana mövsümi çiçəklər gətirilməsi qərarına gəlmişdilər. Həmin məqsədin realizəsi üçün xx.xx.2021-ci il tarixində bizimlə "xxxx" MMC arasında mövsümi çiçəklərin alınmasına dair Alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ümumi miqdarı 32910 və ümumi məbləği 16455 manat olan mövsümi çiçəklər təhvil-təslim aktı əsasında onlara verilməli idi. xx.xx.2021-ci il tarixdə “166 Yükdaşıma” xidməti vasitəsilə həmin güllər Mingəçevir şəhəri ərazisində onlara çatdırıldı. Güllər maşından boşaldılan anda onlara məlum oldu ki, həmin çiçəklərin əksəriyyəti tamamilə yararsız vəziyyətdədir. Elə həmin anda onlar qarşı tərəfin rəhbərinə bilavasitə məlumat verdilər. Həmin vaxt problemin həll ediləəcəyi bildirildi. Onlar bir-neçə gün gözləmiş və sonra "xxxx" MMC-yə rəsmi şəkildə bağlanmış Müqavilənin 2.6-cı bəndini xatırlatmış və konkret bildirmişdilər ki, aralarında təhvil-təslim aktı olmamışdır, o da öz məsuliyyətindən yayınır və nəticədə iddiaçıya maddi ziyan vurur. Bundan sonra Mingəçevir şəhər İcra hakimiyyəti nəzdində Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi tərəfindən bizə rəsmi məktub daxil oldu və həmin məktubda göstərilirdi ki, 32910 ədəd mövsümi çiçəklərdən 20350 ədədi yararsızdır. Sonra isə həmin çiçəklərin uyğunsuzluğu barədə akt tərtib olundu və xx.xx.2022-ci il tarixli Malların qaytarılması Aktı əsasında həmin istifadəyə yararsız mövsümi çiçəklər onlara qaytarılmışdır. Nəticədə iddiaçıya ümumi dəyəri 10175 manat maddi ziyan vuruldu. Bundan sonra xx.xx.2022-ci il tarixdə onlar "xxxx" MMC-yə rəsmi şəkildə bildiriş göndərmiş və xəbərdar etmişlər ki, aralarında bağlanmış müqavilə üzrə üzərlərinə düşən öhdəliyi icra etmədiklərinə görə bizə 10175 manat maddi ziyan vurmuşlar və həmin məbləği ödəməlidirlər. Artıq qarşı tərəfin heç bir hərəkət etmədiyini görəndən sonra onlar məsələni hüquq müstəvisində həll etmək qərarına gəldilər. İlk növbədə Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət etdilər. Polis Şöbəsində araşdırma aparılan zaman məhkəmə-bioloji ekspertizası təyin edildi və AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli Ekspert Rəyində də göstərilmişdir ki, 32910 ədəd mövsümi çiçəklərdən 20350 ədədi yararsızdır və həmin çiçəklərin hər birinin qiyməti 0.50 manat olmaqla ümumilikdə 10175 manat təşkil edir. Bundan əlavə onlar qarşı tərəfə dəfələrlə bildirmişdilər ki, aralarında bağlanmış xx.xx.2021-ci il tarixli Alqı-satqı Müqaviləsinin 5.1-ci maddəsinin tələblərinə görə gecikdirilmiş müddət üçün 1645 manat da tələb olunacaq. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş (pretenziya) göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
12. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, onlar tender udmuşdur. Şəhidlər Xiyabanını gül-çiçəklə abadlaşdırmalı idilər. Cavabdeh tərəflə müqavilə bağlayıb gül almışdılar. 16000 manata yaxın cavabdeh tərəfə pul ödəmişdilər. 166 taksi xidməti ilə gülləri göndəcəklərini dedilər. Güllər gəlmişdi. Gələn güllərin içərisində dipçəklər var idi. Mallar balaca olduğundan yaşıllaşdırma idərəsi onları geri qaytarmışdı. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsində işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.
14. Şəki Kommersiyа Məhkəməsinin (hakim Rüfət Məcidov) 25 iyun 2024-cü il tаrixli, e-2-2(117)-594/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdehndən 10175 manat əsas borc, 121,02 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, artıq ödənilmiş 4,98 manat dövlət rüsumunun İddiaçınə aid edilməsi qət edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 386.1, 389.1, 406.1, 442, 445.2, 448, 449.1, 567, 581.1, 581.2, 587.2, 587.2.1, 587.2.2 600-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 həmin qətnamədən apellyasiya şikаyəti vermişdir.
17. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Qiymətlərin razılaşdırılma protokolu, xx.xx.2021-ci il tarixli hesab faktura, ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(117)-594/2024 saylı Qətnaməsi işin halları araşdırılmadan və tamamilə əsassız şəkildə qəbul olunmuşdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı xx.xx.2021-ci il tarixli müqaviləyə əlavə olunan hesab fakturada göstərilən həcmdə, müddətdə və qiymətdə malları alıcının mülkiyyətinə verməyi və xidmətləri göstərməyi, alıcı isə müqavilə şərtlərinə uyğun olaraq malı və göstərilən xidməti qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Müqavinənin 2.1-ci bəndinə əsasən, satıcı malı alıcıya hesabfakturadakı məbləğ tam ödənildikdən sonra təhvil verir. Tərəfimizdən mallar iddiaçıya təhvil verilmiş və buna dair hesab-faktura iddiaçıya təqdim edilmişdir. Hər iki tərəf müqavilə üzrə şərtləri yerinə yetirmişdir. Lakin sonradan iddiaçı tərəf heç bir əsas olmadan malların və həmin malların dəyərinin geri qaytarılması barədə pretenziya irəli sürərək məhkəməyə müraciət etmişdir. Tərəflərindən göndərilən mallar müqaviləyə uyğun olaraq mövsümi çiçəklər olmuş, keyfiyyətsiz olması barədə fikirlər isə qəbul olunan deyil. Əgər tərəflərindən təqdim edilən mallar qüsurlu, keyfiyyətsiz olsaydı malların təhvil təslimi zamanı iddiaçı malların qüsurlu olduğunu bildirib təhvil almazdı. İş materiallarında iddiaçının iddiasını təsdiq edəcək hər hansı mötəbər sübutu yoxdur. Bundan başqa məhkəmə işə baxarkən xüsusi bilik tələb edən mütəxəssis cəlb etmədən və ya ekspertin rəyini almadan iş üzrə ekspertiza keçirmədən, qətnamə qəbul etmişdir. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Mingəçevir Şəhər Polis X3 xx.xx.2023-cü il tarixdə cinayət işinin rədd edilməsi barədə qərar qəbul etmiş, lakin ekspert rəyinin tarixi isə xx.xx.2023-cü ildir. Tarixlər arasında ziddiyyət təşkil edən ekspert rəyinin hansı orqan tərəfindən işin hansı mərhələsində keçirilməsi məlum deyil. Məhkəmənin də həmin rəyin mənbəyini araşdırmadan birbaşa istinad etməsi təsadüfi deyildir. Məhkəmənin istinad etdiyi ekspert rəyinin isə hansı orqan tərəfindən, işin hansı mərhələsində keçirildiyi məlum deyil və işə baxarkən iş üzrə ekspertiza keçirməyi zəruri hesab etməmiş, mənbəyi məlum olmayan ekspert rəyinə istinad edərək qətnamə qəbul etmişdir. Halbuki, məhkəmə iş üzrə ekspertizanın keçirilməsi barədə qərar qəbul etməli və ədalətli məhkəmə araşdırması aparmalı idi. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 25 iyun 2024-cü il tаrixli, e-2- 2(117)-594/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı İddiaçı MMC-nin direktoru Nümayəndə tərəfindən etiraz daxil olmuş, həmin etirazda apellyasiya şikayətinin əsassız və qanunsuz hesab edilməsinə görə şikayətin rədd edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin direktoru Nümayəndə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 25 iyun 2024-cü il tаrixli, e-2-2(117)-594/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
24. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
25. İş üzrə cavabdeh tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi
26. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq - 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 445. Borclunun icranı gecikdirməsi - 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: - 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; - 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. (...).
31. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti - 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. - 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (...).
32. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
33. Maddə 581. Əşyaların keyfiyyəti - 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. - 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. (...).
34. Maddə 587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri - 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakılarıələb etsin: - 587.1.1. alış qiymətinin mütənasib azaldılması; - 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; - 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. - 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: - 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; - 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. (...).
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
41. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 25 iyun 2024-cü il tаrixli, e-2- 2(117)-594/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
47. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
48. Müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinə əsasən satıcı hazırkı müqaviləyə əlavə olunan hesab-fakturada göstərilən həcmdə, müddətdə və qiymətdə malları alıcının mülkiyyətinə verməyi və xidmətləri göstərməyi, alıcı isə müqavilə şərtlərinə uyğun olaraq malı və göstərilən xidməti qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən satıcı malı alıcıya hesab-fakturakı məbləğ tam ödənildikdən sonra təhvil verir. 5.1-ci bəndinə əsasən tərəflər hazırkı müqavilədə göstərilən öhdəliklərini icra etmədiklərinə görə tərəflər bu müqavilə üzrə öhdəliklərinin icrasını gecikdirdiyi hallarda hər gecikdirilən günə müqavilənin ümumi qiymətinin 0,1 % faizi məbləğində, lakin müqavilənin ümumi dəyərinin 10 %-dən çox olmamaq şərti ilə xərimə ödəməyi öhdəsinə götürmüşdür.
49. İş materiallarında olan xx.xx.2021-ci il tarixə olan alqı-satqı müqaviləsinə əlavə olan qiymətlərin razılaşdırılma protokolundan göründüyü kimi 1 ədədinin qiyməti 0,50 manatla hesablandıqda 32910 ədəd mövsümi çiçəklərin ümumi dəyəri 16455 manat təşkil etmişdir.
50. Bundan başqa iş materiallarında olan xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqlarından göründüyü kimi iddiaçı tərəfindən təhvil verilməli malların dəyəri tam şəkildə cavabdehə ödənilmiş, lakin buna baxmayaraq cavabdehin təhvil verdiyi malların bir qismi yararsız vəziyyətdə olmuşdur. Bu səbəbdən iddiaçı ona yararsız vəziyyətdə verilmiş mallara görə ödənilməli məbləğ olaraq 10175 manatın tutulmasını iddia edir.
51. Birinci instansiya məhkməsinə iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-16-xx/xx/1262-9/7102 nömrəli aparılmış məhkəmə bioloji ekspertizanın nəticəsinə uyğun verilmiş ekspert rəyinə əsasən Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik idarəsi ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli GYZ seriyalı 004701 nömrəli malların qaytarılması xx.xx.2023-cü il tarixli malların uyğunsuzluğu barədə akta və xx.xx.2021-ci il tarixli məktuba əsasən 01 ədədinin qiyməti 0,50 manat olmaqla ümumilikdə 10175 manat məbləğində 32910 ədəd mövsümi çiçəklərdən 20350 ədədinin yararsız olduğu müəyyən edilmişdir.
52. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya verilmiş 32910 ədəd mövsümi çiçəklərdən 20350 ədədinin yararsız olduğu müəyyən edilmişdir ki, qiymətlərin razılaşdırma protokoluna əsasən 1 ədədinin qiyməti 0,50 manat olduqda (20350 x 0,50 = 10175 manat) yararsız vəziyyətdə təhvil verilmiş malların dəyəri 10175 manat təşkil edir. Həmçinin cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, eləcə də, iddia tələbinə etirazını və bunu əsaslandıracaq sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilərək 10175 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
53. Apellyasiya şikayətində göstərilmişdir ki, əgər tərəflərindən təqdim edilən mallar qüsurlu, keyfiyyətsiz olsaydı, malların təhvil- təslimi zamanı iddiaçı malların qüsurlu olduğunu bildirib təhvil almazdı.
54. Kollegiya həmin dəlillə əlaqədar qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə etibarlı olmuş və tərəflərin həqiqi hüquqi iradələrini əks etdirmişdir. Müqavilənin mövcudluğu və iddiaçı (alıcı) tərəfindən malın dəyərinin əvvəlcədən ödənilməsi hazırkı işin mübahisə olunmayan hallarına aiddir. Müqavilənin şərtlərinə görə cavabdeh (satıcı) müqavilədə göstərilən qaydada və şərtlərlə malı alıcıya təhvil verməlidir.
55. İş materiallarında cavabdehin malları iddiaçıya təhvil verməsi və alıcının bütövlükdə malı qəbul etmələri barədə sübut yoxdur. Məhkəmə kollegiyasının iclasında da iddiaçının nümayəndəsi göndərilən malın üstündə cavabdehin nümayəndəsinin olmadığını bildirmiş, cavabdehin nümayəndəsi və vəkili də bunu təsdiq etmişdir.
56. Yalnız tərəflərin nümayəndələrinin imzaladığı təhvil-təslim aktının mövcud olması halında malların təhvil verilməsindən söhbət gedə bilər. Bu baş verməmişdir.
57. Digər tərəfdən, işdə olan xx.xx.2021-ci il tarixli malların uyğunsuzluğuna dair aktdan dacavabdeh tərindən göndərilən 32910 ədəd mövsümi çiçəklərdən 20350 ədədinin uyğunsuz (malların keyfiyyəti, çeşidlənməsi , zay olması, əkinə yararsız və mövsümə uyğun olmaması) müəyyən edilir.
58. Ona görə də apellyasiya şikayətinin həmin dəlili əsassızdır.
59. Apellyasiya şikayətinin digər dəlili birinci instansiya məhkəməsinin işə baxarkən xüsusi bilik tələb edən mütəxəssis cəlb etmədən və ya ekspertin rəyini almadan iş üzrə ekspertiza keçirmədən qətnamə qəbul etməsi, məhkəmənin istinad etdiyi ekspert rəyinin hansı orqan tərəfindən, işin hansı mərhələsində keçirilməsinin məlum olmaması barədədir.
60. Kollegiya şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ərizə təmin edilərək Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi X2 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı edilmiş, məhkəmənin həmin qərarında göstərilən məsələlərin tam, hərtərəfli araşdırılması və Azərbaycan Respublikası Cinayət və Cinayət– Prosessual qanunvericiliyinin tələbləri əsasın qiymət verilməsinin təmin edilməsi qərara alınmışdır.
61. Mingəçevir Şəhər Məhkəməsinin sözügedən qərarında göstərilmişdir ki, Mingəçevir ŞPŞ-nin İB-də HK-1/247 nömrəli materialda olan 14 mart 2023-cü il tarixli,7/245 nömrəli ekspert rəyində ekspert qarşısında qoyulmuş suallara verilmiş cavablar kifayət qədər aydın deyildir. Belə olan halda məhkəm hesab edir ki, qoyulmuş suallara ekspert tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair müstəntiqin əlavə sualları yarandıqda ....əlavə ekspertiza aparılmalı idi.
62. Mingəçevir ŞPŞ-nin İB-də HK-1/247 nömrəli material üzrə yenidən araşdırılma aparılarkən məhkəmənin göstərişinə uyğun olaraq müstəntiq tərəfindən 01 sentyabr 2023cü il tarixli qərarı ilə əlavə ekspertiza təyin edilmiş və həmin qərar əsasıdna xx.xx.2023-cü il tarixli, 3-16-xx/xx/1262-9/7102 nömrəli rəy verilmişdir.
63. Göründüyü kimi, hazırkı mübahisə üzrə Mingəçevir ŞPŞ-də araşdırma aparılarkən iki- 14 mart 2023-cü il tarixli,7/245 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-16xx/xx/1262-9/7102 nömrəli rəylər alınmışdır.
64. Ona görə də məhkəmənin istinad etdiyi ekspert rəyinin hansı orqan tərəfindən, işin hansı mərhələsində keçirilməsinin məlum olmaması və müstəntiqin cinayət işinin başlanılmasını rədd qərarı ilə ekspert rəyinin tarixlərinin barədə dəlilləri əsassızdır. əsassızdır.
65. Məhkəmə kollegiyası xx.xx.2023-cü il tarixli, 3-16-xx/xx/1262-9/7102 nömrəli rəyi işin sübut olunmuş hesab edilən digər halları ilə birlikdə qiymətləndirərək hazırkı iddianın əsaslı və uğurlu olması qənaətinə gəlir.
66. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (MPM, maddə 101.7).
67. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, malların uyğunsuzluğu barədə akt, Mingəçevir Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma və Sanitar-Təmizlik idarəsinin xx.xx.2021-ci il tarixli,493 saylı və İddiaçı MMC-nin Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubları ilə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməyərək iddiaçıya keyfiyyətsiz mal verdiyi məlum olur.
68. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
69. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutlar təqdim olunmamışdır.
70. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11. 07. 1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2. 4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
71. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
72. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
73. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
74. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.
75. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 25 iyun 2024-cü il tаrixli, e-2-2(117)-594/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin 25 iyun 2024-cü il tаrixli, e-2-2(117)- 594/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov