Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-123/2021 10.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Məlikov Vəzirxan İsgəndər oğlu, Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh X2 qarşı “13.05.2014-cü il tarixli 713- L/14 nömrəli müqavilə üzrə 10959 manat gecikdirilmiş əsas borc və 5108,67 cərimə məbləği, 25.06.2017-cü il tarixli 870- GL/14 nömrəli müqavilə üzrə 4041 manat gecikdirilmiş əsas borc və 814,20 manat cərimə məbləği, 06.05.2015-ci il tarixli 859-L/15 nömrəli müqavilə üzrə 11875 manat gecikdirilmiş əsas borc və 4975,63 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmş 350 manat olmaqla, cəmi 38123,5 manat pulun cavabdehdən tutulması” tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin 12.10.2021-ci il tarixli e-2-2(117)-873/2021 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikаyətə yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh X2 qarşı “13.05.2014-cü il tarixli 713- L/14 nömrəli müqavilə üzrə 10959 manat gecikdirilmiş əsas borc və 5108,67 cərimə məbləği, 25.06.2017-cü il tarixli 870- GL/14 nömrəli müqavilə üzrə 4041 manat gecikdirilmiş əsas borc və 814,20 manat cərimə məbləği, 06.05.2015-ci il tarixli 859-L/15 nömrəli müqavilə üzrə 11875 manat gecikdirilmiş əsas borc və 4975,63 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmş 350 manat olmaqla, cəmi 38123,5 manat pulun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin 12.10.2021-ci il tarixli e-2-2(117)-873/2021 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin 12.10.2021-ci il tarixli e-2-2(117)-873/2021 nömrəli qərardadı ilə iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Qərardadın hüquqi əsası kimi məhkəmə iddiaçı tərəfindən mediasiya prosessinə əməl edilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməməsini və iddiaçının büdcə təşkilatı olmaması və müvafiq dövlət rüsumu ödəməli olmasına istinad etmişdir. Mediasiya prosesinə əməl edilməməsi ilə bağlı məhkəmənin mövqeyinə uyğun olaraq qeyd etmək istəyirəm ki, iddiaçı müvafiq mediasiya prosesinə əməl etmiş və mediasiya danışıqları yekunu olaraq müvafiq mediatorun arayışını da əldə etmişdir. Lakin texniki nöqsanlar səbəbindən həmin mediasiya arayışın elektron qaydada iddia ərizəsinə əlavə edilməmişdir. Lakin mediasiya arayışından da görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən daha əvvəl müvafiq proseduru keçmiş və mediatorun arayışını əldə etmişdir. Mediasiya prosesinə əməl olunması barədə sənəd-mediatorun arayışın iş materiallarına əlavə edilməməsini texniki səbəblərdən asılı olmasını nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsində yol verilmiş sözügedən nöqsan üzürlü hesab edilməlidir. Odur ki, Şəki Kommersiya Məhkəməsinin 12.10.2021-ci il tarixli e-2-2(117)-873/2021 saylı qərardadı ləğv edilməsini və iddia ərizəsi icraata qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 18.10.2021-ci il tarixli e-2-2(117)-873/2021 nömrəli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 12.10.2021-ci il tarixli, e-2-2(117)-873/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən qanunvericiliyin tələbinə əsasən Şəki Kommersiya Məhkəməsinin yerləşdiyi yer üzrə deyil, Bakı şəhəri Nərimanov rayonu,Ə.Qayıbov küçəsi 10Q, STN Biznes Mərkəzində fəaliyyət göstərən İlham Qafarovun mediator təyin edilməsi təklif edilmiş və sonuncu tərəfindən mediasiya sessiyası təşkil edilərək 02.10.2021-ci il tarixli arayış verilmişdir. Göründüyü kimi, tərəflərin müdiatorun secilməsi ilə bağlı razılaşmasının olmamasına baxmayaraq iddiaçı tərəfindən mediator seçilərkən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin tələblərinə əməl edilməmiş və aidiyyəti üzrə düzgün mediasiya təşkilatı seçilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, mediatorun seçilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından və bununla da iddiaçı tərəfindən seçilmiş mediator qanunla bu mübahisəyə baxmaq səlahiyyətinə malik olmayan mediator olduğundan iddiaçı tərəfindən mediasiya prosesinə əməl edilməmişdir. Ona görə də məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayışı iddiaçı tərəfindən mediasiya prosesinə əməl edilməsi ilə bağlı sübut kimi qəbul etməmiş və iddiaçı tərəfindən qanunvericiliyin mediasiya ilə bağlı tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmışdır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Hazırki iş üzrə mübahisəyə baxmalı olan məhkəmə Şəki Kommersiya Məhkəməsi olduğundan tərəflər mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı tərəfindən baxılmalıdır. İddiaçının Azərbaycan Respublikasında mediasiya təşkilatınn olmaması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası, Mediasiya haqqında qanunun 28.4-cü maddəsinə əsasən qeyd edir ki, məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. Göründüyü kimi, mediasiya təşkilatının olmaması mediatorun iddiaçı tərəfindən seçilməsi üçün əsas deyildir. Belə olan halda mediator Mediasiya Şurası tərəfindən müəyyən edilə bilər ki, iş materiallarında iddiaçının Mediasiya Şurasına müraciət edilməsi və ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı verən mediatorun məhz Mediasiya Şurası tərəfindən seçilməsi barədə sübut mövcud deyildir. Hətta belə olmuş olsa belə X5 şəhərində fəaliyyət göstərən iki mediator (X3, X1) olduğu halda, qanunun 28.3-cü maddəsinin tələblərinə zidd olaraq cavabdeh qismində məhkəmə icraatında iştirak edəcək Balakən rayon sakini üçün olduqca uzaq məsafədə Bakı şəhərində fəaliyyət göstərən mediatoru seşə bilməz. Belə ki, bu hal istər Mediasiya haqqında qanunun, istərsə də regionlarda mediatorların yaradılmasının prinsip və məqsədlərinə ziddir. Qeyd edilməlidir ki, məhkəməyə müraciət etməmişdən əvvəl mübahisə üzrə mediasiya sesiyasının keçirilməsi, həmçinin hansı mediatorun mübahsənin həllində iştirak etməsi ilə bağlı qanunvericiliyin tələbləri imperativdir və bu hal formal olaraq mediasiya sesiyasının keçirilməsindən imtina barədə arayışı təqdim etməklə bu tələb yerinə yetirilmiş kimi qəbul edilə bilməz. Əks halda mediasiyanın həyata keçirilməsində hər hansı bir səmərəliliyin və effektivliyin əldə edilməsi qeyri-mümkün olmaqla bərabər belə hal qanunvericiliyin tələbləri ziddir. Bunlardan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında Mediasiya haqqında qanunun 21.6-cı maddəsində (tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1- ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.) nəzərdə tutulmuş tələbə əməl edilməsi ilə bağlı sübut mövcud deyildir. İddiaçı cavabdehə müraciətini əks etdirən məktubu iş materiallarına əlavə etsə də həmin məktubun, o cümlədən mediator tərəfindən ilkin mediasiasiya sessiyasında iştiraka dəvət barədə müraciətin cavabdehə çatdırılmasına dair iş materiallarında sübut mövcud deyildir. Bunlardan başqa iddiaçının mediasiyanın ərazi üzrə keçirilməsi barədə Mülki Prosessual Məcəllədə hər hansı bir imperativ normanın qeyd edilməməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə qeyd dir ki, Mülki Prosessual Məcəllə mübahisəyə məhkəmədə baxılması ilə əlaqədar prosessual normaların məcmusunu özündə əks etdirən normativ akt olduğundan məhkəməyə qədər tənzimləmə müvafiq qanunla, hazırki vəziyyətdə isə Mediasiya haqqında qanunla tənzimlənir. Bu səbəbdən də mediasiyanın ərazi üzrə həyata keçirilməsi Mediasiya haqqında qanunda nəzərdə tutulmuşdur ki, Mülki Prosessual Məcəllədə belə tənzimləmənin özündə əks etdirilməməsi iddiaçının dəlillərinin doğruluğuna əsas deyildir. Qeyd edilənlərə əsasən şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas deyildir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. Həmin qanunun 3.2-ci maddədinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunu ödəməkdən azaddırlar. "Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.23-cü maddəsinə əsasən büdcə təşkilatı - maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlardır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən Agentliyin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsait, kreditlər, qrantlar, ianələr və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir. Dövlət rüsumundan azad edilən təşkilatlar o təşkilatlardır ki, bilvasitə dövlət büdcəsindən maliyyələşşdirilir və kənar mənbələrdən hər hansı bir vəsaiti daxil olmur və qazanc əldə etmək üçün hər hansı bir sahibkarlıq və digər fəaliyyətlə məşğul olmur. Lakin hazırki iş üzrə iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyi yalnız dövlət büdcəsindən maliyyələşdirilmədiyindən, mülki müqavilələr üzrə tərəf qismində çıxış etdiyindən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olsa da, tərəflər arasındakı mübahisə lizinq müqaviləsi üzrə öhdəliklərinin icra edilməməsi nəticəsində yarandığından bu da sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Odur ki, hazırki iddia üzrə iddiaçı tərəfindən dövlət rüsumu ödənilməlidir. MPM-in: 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Kommersiya Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, e-2-2(117)-873/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, e-2-2(117)-873/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-123/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-123/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver