Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-124/2021 10.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “1585 manat borc, 250 manat dəbbə pulu, mediasiya sessiyasına ödənilmiş 60 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin 05.10.2021-ci il tarixli, e-2-2(117)-827/2021 nömrəli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikаyətə yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “1585 manat borc, 250 manat dəbbə pulu, mediasiya sessiyasına ödənilmiş 60 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 05.10.2021-ci il tarixli, e-2-2(117)-827/2021 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı "xxxx" MMC həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən qanunvericiliyin tələbinə əsasən hal bu ki, cavabdeh mediasiyanın keçirilməsinə dair hər hansı bir münasibət bildirməmişdir. Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi 309 məhəllə, X4 5-ci mərtəbə 1-ci otaqda fəaliyyət göstərən Tural Şahbazovun mediator təyin edilməsi təklif edilmiş və sonuncu tərəfindən mediasiya sessiyası təşkil edilərək 16.09.2021-ci il tarixli arayış verilmişdir. Hal-hazırda Respublika üzrə qeydiyyatdan keçən mediasiya təşkilatı olmadığından iş üzrə mediasiya prosesi Bakı şəhərində keçirilmişdir. Həmçinin mediasiyanın ərazi üzrə keçirilməsi barədə Mülki Prosessual Məcəllədə hər hansı bir imperativ norma qeyd edilməmişdir. Şəki Kommersiya Məhkəməsinin 14.10.2021-ci il tarixli, e-2-2(117)-827/2021 nömrəli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 05.10.2021-ci il tarixli, e-2-2(117)-827/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən qanunvericiliyin tələbinə əsasən Şəki Kommersiya Məhkəməsinin yerləşdiyi yer üzrə deyil, Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi 309 məhəllə, X4 5-ci mərtəbə 1-ci otaqda fəaliyyət göstərən Tural Şahbazovun mediator təyin edilməsi təklif edilmiş və sonuncu tərəfindən mediasiya sessiyası təşkil edilərək 16.09.2021-ci il tarixli arayış verilmişdir. Göründüyü kimi, tərəflərin müdiatorun secilməsi ilə bağlı razılaşmasının olmamasına baxmayaraq iddiaçı tərəfindən mediator seçilərkən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin tələblərinə əməl edilməmiş və aidiyyəti üzrə düzgün mediasiya təşkilatı seçilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, mediatorun seçilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından və bununla da iddiaçı tərəfindən seçilmiş mediator qanunla bu mübahisəyə baxmaq səlahiyyətinə malik olmayan mediator olduğundan iddiaçı tərəfindən mediasiya prosesinə əməl edilməmişdir. Ona görə də məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayışı iddiaçı tərəfindən mediasiya prosesinə əməl edilməsi ilə bağlı sübut kimi qəbul etməmiş və iddiaçı tərəfindən qanunvericiliyin mediasiya ilə bağlı tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmışdır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Hazırki iş üzrə mübahisəyə baxmalı olan məhkəmə Şəki Kommersiya Məhkəməsi olduğundan tərəflər mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı tərəfindən baxılmalıdır. İddiaçının Azərbaycan Respublikasında mediasiya təşkilatınn olmaması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası, Mediasiya haqqında qanunun 28.4-cü maddəsinə əsasən qeyd edir ki, məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. Göründüyü kimi, mediasiya təşkilatının olmaması mediatorun iddiaçı tərəfindən seçilməsi üçün əsas deyildir. Belə olan halda mediator Mediasiya Şurası tərəfindən müəyyən edilə bilər ki, iş materiallarında iddiaçının Mediasiya Şurasına müraciət edilməsi və ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı verən mediatorun məhz Mediasiya Şurası tərəfindən seçilməsi barədə sübut mövcud deyildir. Hətta belə olmuş olsa belə X5 şəhərində fəaliyyət göstərən iki mediator (X2, X1) olduğu halda, qanunun 28.3-cü maddəsinin tələblərinə zidd olaraq cavabdeh qismində məhkəmə icraatında iştirak edəcək Balakən rayon sakini üçün olduqca uzaq məsafədə Bakı şəhərində fəaliyyət göstərən mediatoru seşə bilməz. Belə ki, bu hal istər Mediasiya haqqında qanunun, istərsə də regionlarda mediatorların yaradılmasının prinsip və məqsədlərinə ziddir. Qeyd edilməlidir ki, məhkəməyə müraciət etməmişdən əvvəl mübahisə üzrə mediasiya sesiyasının keçirilməsi, həmçinin hansı mediatorun mübahsənin həllində iştirak etməsi ilə bağlı qanunvericiliyin tələbləri imperativdir və bu hal formal olaraq mediasiya sesiyasının keçirilməsindən imtina barədə arayışı təqdim etməklə bu tələb yerinə yetirilmiş kimi qəbul edilə bilməz. Əks halda mediasiyanın həyata keçirilməsində hər hansı bir səmərəliliyin və effektivliyin əldə edilməsi qeyri-mümkün olmaqla bərabər belə hal qanunvericiliyin tələbləri ziddir. Bunlardan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında Mediasiya haqqında qanunun 21.6-cı maddəsində (tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1- ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.) nəzərdə tutulmuş tələbə əməl edilməsi ilə bağlı sübut mövcud deyildir. İddiaçı cavabdehə müraciətini əks etdirən məktubu iş materiallarına əlavə etsə də həmin məktubun, o cümlədən mediator tərəfindən ilkin mediasiasiya sessiyasında iştiraka dəvət barədə müraciətin caabdehə çatdırılmasına dair iş materiallarında sübut mövcud deyildir. Bunlardan başqa iddiaçının mediasiyanın ərazi üzrə keçirilməsi barədə Mülki Prosessual Məcəllədə hər hansı bir imperativ normanın qeyd edilməməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə qeyd dir ki, Mülki Prosessual Məcəllə mübahisəyə məhkəmədə baxılması ilə əlaqədar prosessual normaların məcmusunu özündə əks etdirən normativ akt olduğundan məhkəməyə qədər tənzimləmə müvafiq qanunla, hazırki vəziyyətdə isə Mediasiya haqqında qanunla tənzimlənir. Bu səbəbdən də mediasiyanın ərazi üzrə həyata keçirilməsi Mediasiya haqqında qanunda nəzərdə tutulmuşdur ki, Mülki Prosessual Məcəllədə belə tənzimləmənin özündə əks etdirilməməsi iddiaçının dəlillərinin doğruluğuna əsas deyildir. Qeyd edilənlərə əsasən şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas deyildir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. Həmin qanunun 3.2-ci maddədinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 397.1-ci maddəsinə əsasn bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Kommersiya Məhkəməsinin 05.10.2021-ci il tarixli, e-2-2(117)-827/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 05.10.2021-ci il tarixli, e-2-2(117)-827/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-124/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-124/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver