Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-125/2021 16.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Məlikov Vəzirxan İskəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - X2 iştirakı ilə, İddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X1 qarşı “10425 manat gecikdirilmiş əsas borc, 16847,63 manat cərimə və 350 manat hüquqi yardımla bağlı ödənilmiş pul olmaqla cəmi 27622,63 manat pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsi tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, e-2-2(117)-874/2021 saylı qərardadından iddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “10425 manat gecikdirilmiş əsas borc, 16847,63 manat cərimə və 350 manat hüquqi yardımla bağlı ödənilmiş pul olmaqla cəmi 27622,63 manat pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 13 oktyabr 2021-ci il tarixli, e-2-2(117)-874/2021 saylı qərardadı ilə İddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X1 qarşı “10425 manat gecikdirilmiş əsas borc, 16847,63 manat cərimə və 350 manat hüquqi yardımla bağlı ödənilmiş pul olmaqla cəmi 27622,63 manat pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi şikаyət verərək Şəki Kommersiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, e-2-2(117)-874/2021 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, e-2-2(117)-874/2021 saylı qərardadı ilə həmin Məhkəmənin 13 oktyabr 2021-ci il tarixli, e-2-2(117)-874/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı Şəki Kommersiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, e-2-2(117)- 874/2021 saylı qərardadından şikayətlə məhkəməyə müraciət etmiş və şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı müvafiq mediasiya prosesinə əməl etmiş və müvafiq mediatorun arayışını əldə etmişdir. Lakin texniki nöqsanlar səbəbindən həmin arayış elektron qaydada iddia ərizəsinə əlavə edilməmişdir. Bu səbəbdən qeyd olunan nöqsan üzürlü hesab edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”nin 1.1ci bəndinə əsasən Agentlik kənd təsərrüfatına dəstək layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar subsidiyaların verilməsi, kənd təsərrüfatı istehsal vasitələrinə güzəştlər verilməsi, regionların aqrar inkişafına investisiyaların cəlb edilməsi, güzəştli kreditlərin, təminatların verilməsi və innovasiyaların tətbiqi sahəsində fəaliyyət göstərən icra hakimiyyəti orqanıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan RespublikasıQanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Agentliyi büdcə təşkilatı hesab etməməklə yanlış qənaətə gəlmiş, hüquq normalarını səhv təfsir etmişdir. Belə ki, həmin Əsasnamənin 1.5-ci bəndinin Agentliyin saxlanılması xərclərinin və fəaliyyətinın Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti ilə yanaşı büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, qanunvericilikdə müəyyən edilən digər mənbələr hesabına maliyyələşdirilməsi, onun büdcə təşkilatı olmasını istisna etmir, habelə “Büdcə sistemi haqqında” Qanunun 1.1.23-cü maddəsi büdcə təşkilatının əlavə mənbələr hesabına maliyyələşməsini qadağan etmir, eyni zamanda büdcə təşkilatının yalnız büdcədən maliyyələşməli olmasını təsbit etmir. Yəni qanunvericilik büdcə təşkilatının büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, qanunvericilikdə müəyyən edilən digər mənbələr hesabına maliyyəməsini qadağan etmir. Eyni zamanda məhkəmənin gəldiyi nəticəyə istinad edilsə, onda dövlət orqanları olan Ədliyyə, Daxili İşlər, İqtisadiyyat nazirliklərinin və bir çox digər dövlət orqanlarının (büdcə təşkilatlarının) əsasnamələrində onların saxlanma xərcləri və fəaliyyətinin Azərbaycan Respublikasının dövlət büdcəsi, büdcədənkənar vəsait və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilməsinə əsasən, həmin orqanlar büdcə təşkilatı hesab olunmamalı və məhkəmələrə iddia ərizəsi verərkən rüsum ödəməlidirlər. Bundan əlavə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 8.1.4-cü maddəsinə əsasən əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzləri, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Aparatı, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikası Televiziya və X5, ağır cinayətlər məhkəmələri, inzibati məhkəmələr, kommersiya məhkəmələri, hərbi məhkəmələr, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu, Bakı şəhər prokurorluğu 3-cü kateqoriya dövlət orqanlarına aiddir. Göründüyü kimi “Dövlət qulluğu haqqında” Qanununun 7-ci maddəsinə əsasən dövlət orqanı dövlət büdcəsindən maliyyələşən dövlət təsisatıdır. Həmçinin həmin Qanunun 8.1.4-cü maddəsində isə mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin, eni zamanda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dövlət orqanı olması birbaşa və konkret olaraq göstərilmişdir. Həmin Qanunun 7-ci maddəsindən aydın olur ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi dövlət orqanı olmaqla dövlət büdcəsindən maliyyələşən dövlət təsisatıdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, e-2-2(117)-874/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mediator seçilərkən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin tələblərinə əməl edilməmiş və aidiyyəti üzrə düzgün mediasiya təşkilatı seçilməmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 02.10.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhərində fəaliyyət göstərən Fidan Fətəliyeva tərəfindən mediasiya sessiyası təşkil edilərək 02.10.2021-ci il tarixli arayış verilmişdir. Qeyd edilməlidir ki, 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. 3.2-ci maddədinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməidir. Hazırkı iş üzrə mübahisəyə baxmalı olan məhkəmə Şəki Kommersiya Məhkəməsi olduğundan tərəflər mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı tərəfindən baxılmalıdır. Bundan başqa, “Mediasiya haqqında” Qanunun 28.4-cü maddəsinə əsasən məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. Göründüyü kimi, iddiaçı tərəfindən mediator seçilərkən “Mediasiya haqqında” Qanunun 28.3-cü maddəsinin tələblərinə əməl edilməmiş və aidiyyəti üzrə düzgün mediasiya təşkilatı seçilməmiş, habelə iş materiallarına iddiaçının Mediasiya Şurasına müraciət edilməsi və ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı verən mediatorun məhz Mediasiya Şurası tərəfindən seçilməsi barədə sübut əlavə edilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, X7 şəhərində fəaliyyət göstərən iki mediator (X4, X3) olduğu halda, qanunun 28.3-cü maddəsinin tələblərinə zidd olaraq cavabdeh qismində məhkəmə icraatında iştirak edəcək Şəki rayon sakini üçün olduqca uzaq məsafədə Bakı şəhərində fəaliyyət göstərən mediatoru seçə bilməz. Belə ki, bu hal istər Mediasiya haqqında qanunun, istərsə də regionlarda mediatorların yaradılmasının prinsip və məqsədlərinə ziddir. Məhkəməyə müraciət etməmişdən əvvəl mübahisə üzrə mediasiya sesiyasının keçirilməsi, həmçinin hansı mediatorun mübahisənin həllində iştirak etməsi ilə bağlı qanunvericiliyin tələbləri imperativdir və bu hal formal olaraq mediasiya sesiyasının keçirilməsindən imtina barədə arayışı təqdim etməklə bu tələb yerinə yetirilmiş kimi qəbul edilə bilməz. Əks halda mediasiyanın həyata keçirilməsində hər hansı bir səmərəliliyin və effektivliyin əldə edilməsi qeyri-mümkün olmaqla bərabər belə hal qanunvericiliyin tələbləri ziddir. Bundan başqa iddiaçı işə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəməmiş və elektron imzalanmış iddia ərizəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumat bölməsində büdcə təşkilatı olaraq rüsumdan azad olduğunu qeyd etmişdir. 01.10.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.23-cü maddəsinə əsasən büdcə təşkilatı - maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlardır. Azərbaycan Respublikası Prezidentinin 23.07.2015-ci il tarixli 571 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin 1.5-ci bəndinə əsasən Agentliyin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, qanunvericilikdə müəyyən edilən digər mənbələr hesabına maliyyələşdirilir. Göründüyü kimi, iddiaçı Agentlik yalnız dövlət büdcəsinin vəsaiti hesabına deyil, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, qanunvericilikdə müəyyən edilən digər mənbələr hesabına da maliyyələşdirilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən rüsum ödəməkdən azad deyildir. Belə ki, iddiaçı yalnız Dövlət bücəsindən maliyyələşən hüquqi şəxs olmadığından Dövlət rüsumu haqqında Qanunun 9.1.14-cü maddəsində nəzərdə tutulan rüsum ödəməkdən azad edilən büdcə təşkilatı deyildir. İddiaçı tərəfindən irəli sürülmüş iddianın qiyməti 27622,63 manat olduğundan və iddiaçı Mediasiya haqqında qanunun tələblərinə uyğun mediasiya keçəçəyi halda mediatora ödəməli olduğu məbləğ 200 manat olduğundan Dövlət rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən (“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir) dövlət rüsumunu ödəməkdən azad olunacaqdır. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən mediasiya prosessinə əməl edilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən qanunvericiliyin mediasiya ilə bağlı tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Şəki Kommersiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, e-2-2(117)-874/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, e-2-2(117)- 874/2021 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-125/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-125/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver