Məhkəmə qərarları › İş №2-2(107)-130/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-130/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-130/2021 15.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil2 iştirakı ilə, Şəki Kommersiya Məhkəməsinin 24.09.2021-ci il tarixli, e-2-2(117)-357/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “10000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ilk İddiaçı qarşı “24881,55 manat pul, 30 manat ödənilmiş dövlət rüsumu və vəkil xərci olaraq 5000 manat pul tələbinə” dair qarşılıqlı iddia ərizəsi Şəki Kommersiya Məhkəməsinin 16.07.2021-ci il tarixli qərardadı ilə məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 24.09.2021-ci il tarixli, e-2-2(117)-357/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən 3032,69 manat manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında 01 may 2020-ci il tarixdə “xidmət müqaviləsi” imzalanmışdır. Həmin müqaviləyə görə o “‘icraçı”, cavabdeh “‘X4” MMC isə “‘sifarişçi” olaraq qarşılıqlı razılaşma əsasında müvafiq öhdəliklər götürmüş və həmin tarixdən başlayaraq müqavilə üzrə öhdəliklərimi icra etməyə başlamışdır. Həmin müəssisə ilə aralarında bağlanmış müqaviləyə görə əsas fəaliyyəti Cavabdeh MMCnin istehsal etdiyi məhsulların satışının təşkilini təmin etməkdən ibarət olmuşdur. Bu istiqamətdə fəaliyyətə başladığı müddətdən sifarişçinin tələb etdiyi qaydada məhsulların satışını ən qısa zamanda təşkil edərək, ilk aydan yüksək xidmət haqqı əldə etmişdir. Cavabeh müəssisə sifarişçi olaraq sifarişini, digər yazışmaları, həmçinin hesabatları müəssisəyə məxsus korporativ yazışma (e-mail) üzərindən həyata keçirmişdir. Cavabdehin İdarə Heyətinin Sədri tərəfindən 01 aprel 2021-ci il tarixdə ona xəbərdarlıq məktubu ünvanlanmış və bu məktubla 31.12.2020-ci il tarixdən aralarında bağlanmış müqaviləyə xitam veriləyəci bildirilmişdir. Ona ünvanlanmış məktubla tanış olan zaman, xəbərdarlıq mətkubunun 30.11.2020-ci il tarixdə imzalandığını müəyyən etmişdir. Lakin, yuxarıda qeyd etdiyi kimi cavabdein İH-nin sədri tərəfindən imzalanmış məktub ona nədənsə, 01 aprel 2021-ci il tarixdə göndərilmişdir. Xəbərdarlıq məktubunun 01 aprel 2021-ci il tarixdə rəsmi qaydada qəbul edilməsindən sonra buna pritenziya olaraq rəsmi korporativ yazışma ilə öz iradını bildirmişdir. Lakin bu müraciəti də nəticəsiz qalmaqdadır. Halbuki, cavabdehlə aralarında bağlanmış müqavilənin 11.4-cü bəndinə görə hər bir tərəf digər tərəfi 30 (otuz) gün öncə yazılı xəbərdarlıq etməklə Müqaviləyə onun qüvvədə olma müddətinin bitməsinədək xitam vermək hüququ vardır. Göründüyü kimi, cavabdeh onun xidmət müqaviləsinə 31.12.2020-ci il tarixdə xitam versə də, bu barədə ona 01.04.2021-ci il tarixdə məlumat vermişdir. Bu müddət ərzində də onun xidmətlərindən qanunsuz istifadə etmiş və ona hesablanmış xidmət haqqını ödəməmişdir. Məlum edir ki, cavabdeh hər ay satış öhdəliklərini icra etdiyinə görə ona xidmət haqqı olaraq 1700 manat, özünə məxsus avtomaşını idarə etdiyinə görə 200 manat və satışdan əldə olunmuş vəsaitin müəyyən faizini bonus olaraq ayda ***-**** manat əlavə ödəniş etmişdir. Ümumilikdə hər ay onun aylıq qazancı 2500-3000 manat təşkil etmişdir. Xatırladır ki, cavabdeh 2020-ci ilin dekabr ayı üçün hesablanmış və e-qaimə formasında təsdiq edilmiş 3032 man 69 qəp məbləgi hal hazıradək ödəməyib. Bildirir ki, cavabdeh 4 ay ( yanvar, fevral, mart, aprel ) ərzində ona ödənilməli olan 10.000 manatdan çox xidmət haqqının ödənilməsindən imtina edir. Baxmayaraq ki, bu müddət ərzində kənardan ona təklif olunan işdən imtina etmişdir. Bu səbəbdən o, müdafiə üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən cavabdeh “X4" MMGdə 10.000 (on min) manat məbləğində xidmət haqqının alınaraq iddiaçıya verilməsinə dair qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apelyasiya şikаyəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsində maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçının iddiasına görə, onun "X4" MMC-nin istehsal etdiyi məhsulların satışının təşkilinin təmin etməkdən ibarət idi. Guya satış öhdəliklərini icra etdiyinə görə iddiaçıya aylıq 1700 manat, avtomaşın idarə etdiyinə görə 200 manat və satışdan müəyyən faiz bonusu olaraq ***-**** AZN verilməli idi. İddiaçının digər iddiasına görə dekabr ayı üzrə 3032 man 69 qəp hal-hazıradək ödənməyib. Guya 4 ay (yanvar, fevral, mart, aprel) ərzində ona 10 000 manatdan çox xidmət haqqı ödənilməli idi. Halbuki, istinad edilən 01.05.2020 ci il tarixli bağlanmış xidmət müqaviləsinin predmeti, xüsusi ilə də icra şərtləri və xidmət haqqının ödənilməsi şərtlərində qeyd etdiyi bildirişlərə uyğun gələn heç bir məlumat, təsdiq edici sənəd aşkar edilməmişdir. Belə ki, qeyd edilən müqavilənin 1.1.ci bəndi, o cümlədən müqavilənin 1 saylı əlavəsinin 1- ci bəndinə görə, müqavilənin predmeti satışın təşkili deyil, dizayn xidmətlərin göstərilməsi qeyd edilmişdir. Belə ki, müqavilənin 2.1., 2.2, və 1 saylı əlavənin 2.1- ci bəndlərinə əsasən icraçı sifarişçinin sifarişi ilə aşağıdakı xidməti icra yetirəcək: 1.Xidmətin həcmi 1.1 İcraçı aşağıdakı məsələlər üzrə Xidməti icra yetirəcək: 1.1.1. Əmtəə nişanının, adının, qabalşdırmanın və ya etiketinin dizayn konseptlərinin və eskizlərinin hazırlanması, sifarişçi ilə razılaşdırılması və onun şərhlərinə əsasən müvafiq dəyşikliklərin edilməsindən sonra dizaynın son versiyasının sifarişçiyə təqdim edilməsi. 1.1.2. Sifarişçinin fəaliyyəti ilə bağlı, onun veb sayıtı, təqvim, plakat, baner,broşur və digər promo materiallarının dizaynı daxil olmaqla, lakin bununla məhdudlaşdırılmayan dizayn xidmətlərinin icrası. 1.1.3. Sifarişçinin sifarişinə əsasən hər hansı digər dizayn xidmətlərinin göstərilməsi. Belə ki, bu sifarişlər hər biri ayrı ayrı verilməli , habelə müqavilənin 1 saylı əlavəsinin 3.1-ci maddəsinə əsasən xidmətin dəyəri hər bir sifariş üzrə qabaqcadan ayrı-ayrılıqda müəyyənləşdirilməlidir. O cümlədən, 2.2-ci maddəsinə əsasən, habelə 3.2-ci maddəsinə əsasən icraçı tərəfindən yerinə yetirilən xidmətin nəticələri, yəni müxtəlif rekalm və dizayn məmulatlartı plakat, baner, broşur və s... dizayn məmulatları sifarişçiyə elektron poçt və digər razılaşdırılmış vasitə ilə təqdim edilməli və sifarişçi tərəfindən qəbul edilməlidir. Müqavilənin 3.2-ci maddəsinə əsasən, xidmət haqqı xidmətin icrasından və sifarişçi tərəfindən qəbul edilməsindən sonra 5 gün ərzində bank hesabına köxürülmə vasitəsilə icra edilir. Müqavilənin 4.6-cı bəndinə görə, İcraçı, bu Müqavilədə və ya müvafiq əlavədə nəzərdə tutulmayan və Sifarişçi ilə qabaqcdan yazılı formada razılaşdırmadığı hər hansı əlavə xidmətləri göstərdikdə, həmin əlavə xidmətlərə görə hər hansı xidmət haqqının və ya xərclərin ödənilməsini sifarişçidən tələb etməlidir və həmin əlavə xərclərə görə icraçı şəxsən məsuliyyət daşıyır. Müqavilənin 5.3-cı bəndinə görə, İcraçı xidmətləri bu müqavilənin şərtlərinə əsasən, vaxtında və keyfiiyyətlə yerinə yetirmədikdə, Sifarişçinin bu müqaviləyə xitam vermək, belə xidmətləri qəbul etməkdən və ödəməkdən imtina etmək, habelə, xidmətin dəyəri ödənilmiş olduqda ödədiyi pul məbləğinin geri qaytarılmasını icraçıdan tələb etmək hüququ vardır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, yuxarıda qeyd edilmiş şərtlər bir daha onu sübut edir ki, iddiaçının iddia etdiyi xidmətlərlə müqavilənin predmeti üst-üstə düşmür. Tərəflər arasında başqa bir müqavilənin olmadığı nəzərə alınsa elə burdan görünür ki, iddia əsassızdır. Göründüyü kimi müqaviləyə əsasən sifarişlər ayrı-ayrılıqda verilir, xidmətin nəticələri ayrı-ayrılıqda qəbul edilir, və qəbul edildikdən sonra razılaşdırılmış xidmət haqqı ödənilir. İddiaçı isə iddia edir ki, guya aylıq hansısa xidmət haqları olub, xərclərin qarşılanması üzrə ödənişlər olub, satışdan əldə olunmuş vəsaitə uyğun faiz bonusu olub. Göründüyü kimi, bu şərtlər bu müqavilədə yoxdur. O ki, qaldı dekabr ayı üzrə iddia edilən 3032.96 manat, hansı ki, yanvar, fevral, mart, aprel ayı üçün müvafiq ödənişlər yuxarıda qeyd edilənlərə əsasən, bu xidmətlər cavabdehə göstərilmədiyindən, cavabdeh tərəfdən sifariş verilmədiyindən və qəbul edilmədiyindən, rəqəmlər cavabdehlə razılaşdırılmayıb. İddia yuxarıda qeyd edilənlərə görə rədd edilməlidir. İddiaçının dekabr ayı üzrə xidmət haqqı üzrə tələb etdiyi məbləğlə bağlı qeyd edir ki, bu elektron qaimə faktura cavabdeh tərəfindən yox, sistem tərəfindən qəbul edilmişdir. Belə ki, hamıya ümumbəlli faktdır ki, yanvar ayından etibarən Cavabdeh MMC- fəaliyyət göstərdiyi hüquqi ünvanında istehsal fəaliyyəti və ofis işləri ilə məşğul olmadığından, o cümlədən bank hesablarına da həbs qoyulduğundan şirkətin fəaliyyti iflic vəziyyətinə düşmüşdür, nəticədə bu elektron qaimə faktura avtomatik olaraq qəbul edilmişdir. Onu da qeyd edir ki, bağlanmış bu müqavilə və ondan irəli gələn ödənişlər halhazırda daxili audit tərəfindən araşdırılmadadır. Belə ki, bu müqavilə bağlanarkən şirkətin direktoru olmuş Michael Gerlich “X2 Zavod” MMC-nin nümayəndəsi idi, o cümlədən iddiaçı ilə bu müqavilə çərçivəsində adı yazışmalarda keçən Vüqar Vəliyev , həmçinin ona ödənişi icra edən Vüqar Musayev “X2 Zavodu” MMC bu layihəyə transfer olmuş və onların tapşırıqlarını icra edən şəxslər idi. Yanvar ayında “X2 Zavodu” MMC bu layihədən çıxdıqda, Michael Gerlich, Vüqar Musayev, Vüqar Vəliyev öz xahişləri ilə işdən çıxdılar. İddiaçı isə bu şəxslərlə yaxından əməkdaşlıq edən şəxs olub. Bütün bunlar sübut edir ki, bağlanmış müqavilə qanunsuz və əsassız bağlanmışdır. Müqavilə çərçivəsində heç bir xidmət göstərilməsinə baxmayaraq şirkətdən xeyli miqdarda vəsaitlər bu qrup şəxs tərəfindən ödənilmişdir. Bu müqavilə üzrə bütün məsuliyyət X2 zavodunun üzərinə düşür, rəhbərlik olaraq cavabdeh bu müqavilə üzrə cavabdehlik daşımır. Bir daha qeyd edir ki, cavabdehə dizayner xidməti olaraq qarşı tərəf heç bir xidmətlər göstərməmişdir, bunu təsdiqləyən heç bir faktlar yoxdur, cavabdeh tərəfdən onlara sifariş verildiyi də təsdiqlənmir, o cümlədən həmin sifarişlərin nəticələrinin də qəbul edilməsi baş verməmişdir, ödənişləri də cavabdeh qəbul etməmişdir. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Şəki Kommersiya Məhkəməsinin 24.09.2021-ci il tarixli, e-2-2(117)-357/2021 saylı qətnaməsinin iddianının təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Tərəflərin İzahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil2 apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Cavabdeh apellyasiya şikayətində Şəki Kommersiya Məhkəməsinin 24.09.2021-ci il tarixli, e-2-2(117)-357/2021 saylı qətnаməsini iddianın təmin edilmiş hissəsinə münasibətdə mübahisələndirdiyindən, məhkəmə kollegiyası apellyasiya şikayətinə həmin hissədə münasibət bildirməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 24.09.2021-ci il tarixli, e-2-2(117)-357/2021 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Beynəlxalq Bankın 11.06.2021-ci il tarixli Hesabdan çıxarış sənədindən (iş materialları səhifə 51) və 2020-2021-ci il ərzində tərəflər arasında göstərilən xidmətlərə görə tərəflərin, o cümlədən müvafiq sistemin təsdiqlədiyi elektron qaimələrdən (səh 59- 68), həmçinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 28 iyul 2021-ci il tarixli məktubundan müəyyən edilir ki, tərəflər arasında razılaşdırılmış bütün xidmətlərin haqqı cavabdeh tərəfindən ödənilmiş, yalnız 01.03.2021-ci il tarixli 087675 nömrəli qaimə üzrə tərəflərin razılaşdırılaraq təsdiq etdiyi 2020-ci ilin dekabr ayı üçün iddiaçının göstərdiyi xidmətlərə görə 3032,69 manat pul cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Həmin elektron qaimə sistem tərəfindən təsdiqlənmişdir. CavabdehMMC-nin 31.11.2020-ci il tarixdə İddiaçı ünvanladığı xəbərdarlıq məktubunda tərəflər arasında bağlanmış 02.03.2020-ci il tarixli 05 nömrəli müqavilənin 5.2-ci maddəsinə əsasən 31.12.2020-ci il tarixdən müqavilənin icrasına xitam veriləcəkdir. Qeyd edilən məktub iddiaçıya məxsus elektron poçtdan çıxarışdan müəyyən edilir ki, həmin məktub iddiaçıya 01.04.2021-ci il tarixdə təqdim edilmişdir. Cavabdehin vəkili tərəfindən təqdim edilmiş 02.03.2020-ci il tarixli, 05 nömrəli müqavilənin surətindən və iddiaçının təqdim etdiyi müqavilənin məzmunundan və tarixindən müəyyən edilir ki, ilkin olaraq 02.03.2020-ci il tarixli müqavilənin qüvvədə olma müddəti (02 ay) bitdikdən sonra 01.05.2020-ci il tarixli müqavilə bağlanmışdır. Məhkəmə bu səbəbdən tərəflər arasında bağlanmış sonuncu müqavilənin müddəalarına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. 448.2-ci mаddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 777.1-ci maddəsinə əsasən Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 781-ci maddəsinə görə vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. 782.1-ci maddəsinə əsasən görə vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 783.1-ci maddəsinə görə vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinə münasibətdə iş üzrə verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, tərəflər arasında müddət etibarilə müxtəlif məzmunlu iki müqavilə bağlanmış, ilkin olaraq bağlanmış 02.03.2020-ci il tarixli 05 nömrəli müqavilənin qüvvədə olma müddəti (02 ay) bitdikdən sonra 01.05.2020-ci il tarixli müqavilə bağlanmışdır. Qeyd edilən müqavilənin hüquqi qüvvəsi ilə bağlı qeyd edilməlidir ki, həmin Müqavilənin 9-cu bəndində müqavilənin müddəti imzalandığı gündən 1 (bir) il müddətinə bağlandığı qeyd edilir. X1 müddətinin bitməsinə 30 təqvim günü qalmış Müqaviləyə xitam verilməsinə dair bildiriş təqdim etmədikdə, bu Müqavilə növbəti ilə uzadılmış hesab edilir. Cavabdehin 31.11.2020-ci il tarixdə cavabdehə ünvanladığı müqavilənin ləğvi barədə bildirişdə müqavilənin 31.12.2020-ci il tarixdən müqavilənin icrasına xitam veriləcəyi bildirilsə də, təqdim edilən sübutlardan müəyyən edilir ki, həmin məktub iddiaçının elektron poçtuna 01.04.2021-ci il tarixdə təqdim edilmişdir. Bu səbəbdən tərəflər arasında bağlanmış müqavilənin 01.04.2021-ci il tarixədək ləğv edilmədiyi fatkı ortadadır. Məhkəmə kollegiyası tərəflər arasında aparılmış elektron yazışmaların məzmununu və göndərilmə vaxtını nəzərə alaraq , cavabdehin 01.01.2021-ci il tarixdən fəaliyyətində müəyyən problemlərin olması səbəbindən ödənişin aparılmaması ilə bağlı iddiaçının müraciətlərinin mövcud olması müəyyən edilir. Tərəflər arasında bağlanmış müqavilə və müqavilənin əlavəsində cavabdeh tərəfindən göstəriləcək xidmətlərin qiyməti, həcmi və müddəti müəyyən edilmir. Müqavilədə həm sifarişin, həm də sifarişin icrasının nəticəsi tərəflərin razılaşması əsasında həyata keçirildiyi müəyyən edilir. Belə ki, Müqavilənin 2-ci bəndinə əsasən xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi Sifarişçi tərəfindən verilir. İcraçı Sifarişçi tərəfindən verilmiş sifarişə uyğun Xidmətin razılaşdırılmış müddət və şərtlər əsasında yerinə yetirir. İcraçı Xidmətin nəticələrini elektron poçt vasitəsilə və ya digər razılaşdırlmış vasitə ilə Sifarişçiyə təqdim edir. Müqavilənin 3.1-ci bəndinə əsasən Sifarişçi xidmətin icra olunması üçün tələb edilən materialları və məumatları İcraçıya təqdim edir, müqavilənin şərtlərinə uyğun olaraq Xidmətin icrasından sonra təhvil alır, Xidmətin dəyərini razılaşdırlmış vaxtda İcraçıya ödəyir. Müqavilənin 3.2.3-cü bəndinə əsasən İcraçı xidmətləri nəzərdə tutulmuş müddət ərzində yerinə yetirməli, xidmətlərin keyfiyyətinə və qusursuluğuna görə zəmanət verməlidir. Müqavilənin 1 saylı Əlavəsinin 2-ci bəndinə əsasən Xidmətin icra edilməsi müddəti hər bir sifariş üzrə ayrılıqda Tərəflər arasında qabaqcadan müəyyənləşdirilir. Sifarişçi tərəfindən yerinə yetirilən xidmətin nəticələri Sifarişçiyə elektron poçt və ya digər razılaşdırılmış vasitələr ilə təqdim edilir və Sifarişçi tərəfindən qəbul edilir. Müqavilənin 3-cü bəndinə əsasən Sifariş İcraçıya elektron poçt vasitəsilə verilir və Xidmətin dəyəri hər bir sifariş üzrə ayrılıqda Tərəflər arasında qabaqcadan müəyyənləşdirilir. Beləliklə müəyyən edilir ki, tərəflər arasında 2020-ci ilin 01 mart tarixindən tapşırıq müqaviləsindən yaranan xidmət müqaviləsinin şərtlərinin qarşılıqlı icrası yolu ilə həyata keçirilmişdir. Bu faktlar elektron qaimələr və həmin qaimələr üzrə ödənişlərin həyata keçirilməsi ilə öz təsdiqini tapır. Belə ki, Beynəlxalq Bankın 11.06.2021-ci il tarixli Hesabdan çıxarış sənədindən (iş materialları səhifə 51) və 2020-2021-ci il ərzində tərəflər arasında göstərilən xidmətlərə görə tərəflərin təsdiqlədiyi elektron qaimələrdən (səh 59-68), həmçinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 28 iyul 2021-ci il tarixli məktubundan müəyyən edilir ki, tərəflər arasında razılaşdırılmış bütün xidmətlərin haqqı cavabdeh tərəfindən ödənilmiş, yalnız 01.03.2021-ci il tarixli 087675 nömrəli qaimə üzrə tərəflərin razılaşdırılaraq təsdiq etdiyi 2020-ci ilin dekabr ayı üçün iddiaçının göstərdiyi xidmətlərə görə 3032,69 manat pul cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinin tələblərinə əsasən vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura verilir. Bu sənədlər işin və ya xidmətin göstərilməsi müddətindən konkret vaxt məhdudiyyətləri nəzərə almaqla verilir, həmin elektron qaimədən imtina və təsdiq edilməsi ilə bağlı qanunvericiliyin tələbləri vardır. Ona görə də elektron qaimə ciddi mühasibat sənədi olmaqla dövlət qeydiyyatına alınan sənəddir və sübut əhəmiyyəti olan sənəd olaraq ona istinad edilməsi qanunidir. Bundan əlavə iddiaçı tərəfindən təqdim edilən sübutlardan, məhkəmə araşdırması zamanı əldə edilən mümkün sübutlardan müəyyən edilir ki, 2021-ci ilin 01 yanvar tarixindən sonrakı tarixlərdə iddiaçının tərəflər arasında bağlanmış xidmət müqaviləsinin şərtlərinə uyğun olaraq məhsulların satışının təşkili, ümumiyyətlə bu xidmətin göstərilməsi faktı və bunun əvəzinin ödənilməməsi faktı sübuta yetirilmir. Bununla bağlı Müqavilə şərtlərinə əsasən cavabdehin sifarişi, həmçinin sifarişin nəticəsi ilə bağlı hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçının cavabdehin nümayəndələrinə xidmət haqqının ödənilməsi ilə bağlı elektron poçt vasitəsilə müraciəti olsa da, həmin xidmətin nədən ibarət olması, bu xidmətin tərəflərin razılaşdırması, xidmətin icrası və nəticəsinin təhvil verilməsi müəyyən edilmir. Bununla bağlı iddiaçının birtərəfli qaydada Excel proqramından istifadə etməklə heablama aparmaqla müvafiq müddət üçün xidmət barədə sənədini sübut olaraq qəbul etmir (İş vərəqi 155-161). Bundan əlavə iddiaçının 2021-ci ilin 01 yanvar tarixindən boş dayanması və ona zərər dəyməsi faktı ilə bağlı qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərindən həmin müqavilənin müddətli bağlanması və iddiaçının qeyd edilən müqavilənin hər an ləğv edilmə imkanının mümkünlüyünü əvvəlcədən bilirdi. Bundan əlavə cavabdeh müvafiq qaydada razılaşdırılmış və göstərilmiş xidmət müqabilində xidmət haqqı ödəyir, bu xidmətin göstərilməməsi və müvafiq qaydada razılaşdırlmaması göstərilməyən xidmətə görə iddiaçının xidmət haqqı tələb etməsi əsassız olardı. Bundan əlavə tərəflər arasında bağlanmış Müqavilənin 10-cu bəndinin müddəalarının (Fors-major) hazırkı mübahisəyə tətbiq edərkən məhkəmə müəyyən etmişdir ki, hazırkı iş üzrə cavabdehin öz istehsal obyektinə daxil ola bilməməsi və ümumiyyətlə istehsal prosesindən kənarlaşdırlması ilə bağlı faktlar mövcud olmuşdur. Hazırkı iddia tələbi üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilməməsi onun təqsirli davranışı nəticəsində baş verəmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 6-cı bəndinin müddəaları baxımından müqavilə tərəfi o vaxt məsuliyyət daşıyır ki, həmin zərər müqavilə tərəfinin hərəkəti (hərəkətsizliyi) nəticəsində baş versin, ziyan dəymiş olsun və hərəkətlə baş vermiş zərər arasında səbəbli əlaqə mövcud olsun. Belə ki, Şəki Kommersiya Məhkəməsinin icraatında olmuş Cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə obyekti üzərində sahiblik və istifadə hüququqnun bərpa edilməsi, 130962 manat maddi ziyanın, 1 000 000 manat əldən çıxmış faydanın, işgüzar vurulmuş zərərə görə 5 000 000 manat və 30 manat dövlət rüsumunun, 20 000 manat vəkillə bağlanan müqavilə üzrə pulun cavabdehdən alınıb iddiaçıya verilməsi” tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin 10.02.2021-ci il tarixli iddianın təmin tədbiri görülərək iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iddiaçı Cavabdeh hüquqi ünvanı olan ünvan 1ışan işçilərin girişçıxışına, istehsal prosesinin bərpasına, məhsulların çıxışına, daşınmasına məhdudiyyətlərin qoyulması, iddiaçının mülkiyyətində olan əmlaklardan istifadə edilməsinin və iddiaçı tərəfindən istehsal edilmiş məhsulların satışının dayandırılması cavabdeh “X2 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan edilsin və həmin əraziyə daxil olmağa cavabdeh tərəfindən şərait yaradılması qərara alınmışdır. Beləliklə kollegiya qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib olunduğundan birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayətİ təmin edilməməli və iş üzrə Şəki Kommersiya Məhkəməsinin 24.09.2021-ci il tarixli, e-2-2(117)-357/2021 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 24.09.2021-ci il tarixli, e-2-2(117)-357/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibtdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar