Məhkəmə qərarları › İş №2-2(107)-130/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-130/2025

29.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-130/2025 29.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Аpellyаsiyа Məhkəməsinin Kommersiya Kоllegiyаsı-hаkimlər Quliyev Nuru Nаdir оğlu (sədrlik edən və məruzəçi), Sadiqov Zülfüqar Əhməd oğlu və X1 ibаrət tərkibdə, İddiaçı cavabdehlər “X4 X5 Trade CO.,” LTD və Cavabdeh3 qarşı “cavabdehlərdən vurulmuş maddi ziyan olaraq 265131.00 USD məbləğində pul vəsaitinin (ödəniş günü manata olan məzənnə ilə), 4950 manat sertifikatın alınmasına çəkilmiş xərcin və ödənilmiş 775 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, e-2-2(117)- 837/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi:

1. İddiaçı cavabdehlər “X4 X5 Trade CO.,” LTD və Cavabdeh3 qarşı “cavabdehlərdən vurulmuş maddi ziyan olaraq 265131.00 USD məbləğində pul vəsaitinin (ödəniş günü manata olan məzənnə ilə), 4950 manat sertifikatın alınmasına çəkilmiş xərcin və ödənilmiş 775 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 11 avqust 2025-ci il tarixdə iddia ərizəsinin baxılmamış saxlanılması barədə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixli, UN/P-F-1608-2024 nömrəli alqı-satqı müqaviləsinin 14.2-ci bəndinə, MPM-in 4.3-cü və 259.0.1-ci maddələrinin tələblərinə zidd şəkildə məhkəməyə qədər nizamlama proseduruna riayət edilmədən verildiyi üçün baxılmamış saxlanılmalıdır. Alqı-satqı müqaviləsinin 14.2-ci bəndinə əsasən tərəflər mübahisə ilə bağlı 30 gün müddətində razılıq əldə etmədikdə, məsələ baxılması üçün X2 Məhkəməsinə həmin məhkəmənin qaydaları əsasında təqdim edilir. Bu müqavilə şərti tərəflərin mübahisələrə məhkəməyə qədər alternativ nizamlama üsulu, yəni arbitraj proseduru ilə baxılması barədə razılığa gəldiyini və məhz LCİA-nı səlahiyyətli orqan kimi tanıdıqlarını göstərir. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli ******* saylı Qərarının 3.3-cü bəndinə əsaslanaraq yekun olaraq bildirmişdir ki, qeyd olunan prosessual əsaslar olmadığı təqdirdə işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa, iddia ərizəsinə MPM-in 259.0.5-ci maddəsinin tələbləri qaydasında qiymət verilməli və ərizə baxılmamış saxlanılmalıdır. Qeyd olunan xüsusatlar nəzərə alınmaqla, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 12 avqust 2025-ci il tarixli, e-2-2(117)-837/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər “X4 X5 Trade CO.,” LTD və Cavabdeh3 qarşı “cavabdehlərdən vurulmuş maddi ziyan olaraq 265131.00 USD məbləğində pul vəsaitinin (ödəniş günü manata olan məzənnə ilə), 4950 manat sertifikatın alınmasına çəkilmiş xərcin və ödənilmiş 775 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması, iddiaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 775 manat dövlət rüsumunun özünə qaytarılması qərara alınmışdır.

4. İddiaçı QSC xx.xx.2025-ci il tarixdə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(117)-837/2025 nömrəli qərardadından şikayət vermişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, UN/P-F-1608-2024 nömrəli alqı-satqı müqaviləsinin 14.2-ci bəndində tərəflərin mübahisə ilə bağlı razılıq əldə etmədiyi halda məsələyə baxılması üçün X2 Məhkəməsinə müraciət edilməsi barədə müqavilə şərti müqavilənin ləğv edilərək qüvvədən düşməsi səbəbindən müqavilə üzrə həmin öhdəlik və razılığın da qüvvədən düşməsi deməkdir. Belə ki, cavabdeh tərəfin müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması səbəbindən müqavilə iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində cavabdehə bildiriş göndərilməklə müqavilənin 12.1.1-ci bəndinə istinad olunaraq birtərəfli qaydada ləğv edilmişdir. Müqavilənin ləğvi, müqavilənin hüquqi qüvvəsini itirməsi tərəflərin artıq müqavilə üzrə öhdəliklərinin olmadığı deməkdir. Müqavilə ləğv edildikdən sonra hüquqi baxımdan qüvvədən düşür və tərəflər öhdəliklərdən azad edilir. Bu baxımdan arbitraja müraciət etməklə bağlı müqavilə şərti və öhdəliyindən tərəflər azad olmuşdur. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda bu Məcəllədə, müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi müqavilə ləğv edildiyindən X2 Məhkəməsinə müraciət edilməsi ilə bağlı öhdəlik də artıq mövcud olmamışdır. Qeyd edilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, e-2-2(117)- 837/2025 nömrəli qərardadının ləğv edilərək işin icraatının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər.

6. Şəki Kommersiya Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, e-2-2(117)-837/2025 nömrəli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(117)- 837/2025 nömrəli qərardadından verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq Şəki Kommersiya Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, e-2-2(117)-837/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

8. Qərardaddan verilən şikayətə Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən 22 avqust 2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsi ilə yazılı etiraz verilmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, “iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, UN/P-F-1608-2024 nömrəli alqı-satqı müqaviləsinin 14.2-ci bəndində tərəflərin mübahisə ilə bağlı razılıq əldə etmədiyi halda məsələyə baxılması üçün X2 Məhkəməsinə müraciət edilməsi barədə müqavilə şərti müqavilənin ləğv edilərək qüvvədən düşməsi səbəbindən müqavilə üzrə həmin öhdəlik və razılığın da qüvvədən düşməsi deməkdir. Belə ki, cavabdeh tərəfin müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması səbəbindən müqavilə iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində cavabdehə bildiriş göndərilməklə müqavilənin 12.1.1-ci bəndinə istinad olunaraq birtərəfli qaydada ləğv edilmişdir. Müqavilənin ləğvi, müqavilənin hüquqi qüvvəsini itirməsi tərəflərin artıq müqavilə üzrə öhdəliklərinin olmadığı deməkdir. Müqavilə ləğv edildikdən sonra hüquqi baxımdan qüvvədən düşür və tərəflər öhdəliklərdən azad edilir. Bu baxımdan arbitraja müraciət etməklə bağlı müqavilə şərti və öhdəliyindən tərəflər azad olmuşdur”

9. Bildirmişdir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən şikayətin əsaslandırılması üçün irəli sürülmüş arqumentasiyalar bir tərəfdən hüquqi cəhətdən tamamilə əsassız və mötəbər hüquqi arqumentlərdən uzaqdır, digər tərəfdən isə müqavilə hüququnun təməl prinsiplərinə ziddir. Əvvəla qeyd edilməlidir ki, arbitraj razılaşması müqavilənin digər müddəalarından formal və maddi cəhətdən ayrılaraq, müstəqil hüquqi qüvvəyə malik olan bir öhdəlik kimi qəbul edilir. Bu, beynəlxalq müqavilə hüququnda və arbitraj praktikasında “arbitraj şərtinin müstəqilliyi” (doctrine of separability) prinsipi kimi tanınır. Həmin prinsipə əsasən, əsas müqavilənin ləğvi və ya etibarsız sayılması arbitraj razılaşmasının da etibarsız və ya hüquqi qüvvəsini itirmiş hesab olunması anlamına gəlmir. Bu baxımdan, müqavilənin ləğv edilməsi faktı, arbitraj şərtinin icrasından imtina və ya onun hüquqi qüvvəsinin itirilməsi üçün əsas ola bilməz. “Doctrine of separability” prinsipə görə, arbitraj razılaşması əsas müqavilənin yalnız bir müddəası kimi deyil, ondan hüquqi və məzmun baxımından ayrılmış, müstəqil öhdəlik kimi qəbul olunur. Yəni arbitraj razılaşması faktiki olaraq iki tərəf arasında ayrıca bir müqavilə xarakteri daşıyır və onun etibarlılığı əsas müqavilənin etibarlılığından asılı olmur. Bu mövqe təkcə nəzəri baxımdan deyil, həm də beynəlxalq hüquqi sənədlərdə, qanunvericilikdə və məhkəmə təcrübəsində dəfələrlə təsdiqlənmişdir. BMT-nin “X6 İnternational Commercial Arbitration Model” Qanununun 16-cı maddəsinin 1-ci bəndində açıq şəkildə göstərilir ki, “arbitraj sazişi əsas müqavilənin digər şərtlərindən ayrıca və müstəqil müqavilə hesab olunur. Əsas müqavilənin etibarsızlığı haqqında qərar arbitraj sazişinin etibarsız olması nəticəsini doğurmur”. Bu norma hazırda beynəlxalq arbitrajın bünövrə prinsiplərindən biri hesab olunur. Beynəlxalq Arbitraj Məhkəmələrinin (LCİA, İCC, SCC və s.) çoxsaylı presedentlərində də eyni hüquqi mövqeyə rast gəlinir. Məsələn, X2 Məhkəməsinin (LCİA) qərarlarında dəfələrlə qeyd olunmuşdur ki, əsas müqavilənin ləğvi və ya etibarsızlığı barədə mübahisə yaranarsa, bu məsələnin özünü həll etmək səlahiyyəti arbitraj tribunalına məxsusdur. Yəni arbitraj sazişi mübahisənin arbitrajda həll olunması öhdəliyini qoruyub saxlayır.

10. Bununla yanaşı, Azərbaycan Respublikasının “Arbitraj haqqında” Qanununun 17.1-ci maddəsinə əsasən, arbitraj sazişinin predmeti olan məsələ ilə bağlı qarşısında iddia qaldırılmış məhkəmə, işə mahiyyəti üzrə baxılmasından əvvəl tərəflərdən hər hansı birindən mübahisənin məhkəmədə həll edilməsinə dair etiraz daxil olduqda, arbitraj sazişi aşkar şəkildə etibarsız deyildirsə, aşkar şəkildə qüvvəsini itirməmişdirsə və ya onun icrasını qeyri-mümkün edən hallar yoxdursa, işi baxılmamış saxlayıb tərəfləri arbitraja yönləndirməlidir. Belə etiraz işə mahiyyəti üzrə baxılmasından əvvəl daxil olmadıqda məhkəmə işə mahiyyəti üzrə baxmalıdır. Deməli, istər beynəlxalq hüquqi sənədlər, istər nüfuzlu arbitraj mərkəzlərinin təcrübəsi, istərsə də Azərbaycan Respublikasının daxili qanunvericiliyi eyni hüquqi mövqeyi təsdiqləyir – əsas müqavilə etibarsız sayılsa və ya ləğv olunsa belə, arbitraj sazişi müstəqil qüvvəsini saxlayır və tərəflər üçün bağlayıcı olaraq qalır. Bu isə o deməkdir ki, iddiaçının “müqavilə ləğv edildiyindən arbitraj şərti də qüvvədən düşür” arqumenti həm beynəlxalq hüquqa, həm də Azərbaycan qanunvericiliyinə ziddir və tamamilə əsassızdır.

11. Bu prinsipin tətbiqi təkcə nəzəri doktrina səviyyəsində deyil, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin praktikasında da dəfələrlə təsdiqlənmişdir. Suda v. Çexiya (Suda v. Czech Republic, ərizə № 1643/06, qərar xx.xx.2010) işində AİHM qeyd etmişdir ki, arbitraj sazişi tərəflərin öz iradəsi ilə qəbul etdiyi məhkəmədənkənar mübahisə həlli formasıdır və onun hüquqi qüvvəsi əsas müqavilənin mövcudluğundan və ya etibarlılığından asılı deyil. Həmçinin, “Tabbane v. Switzerland” (Tabbane v. Switzerland, ərizə № 41069/12, qərar xx.xx.2016) işində məhkəmə xüsusi olaraq vurğulamışdır ki, arbitraj şərti dövlət məhkəmələrindən imtina aktıdır və bu, müqavilə münasibətləri çərçivəsində ayrıca hüquqi razılaşma kimi qəbul olunmalıdır. Həmin işdə AİHM arbitraj şərtinin müstəqilliyini tanımış və onu əsas müqavilənin etibarlılığından asılı hesab etməmişdir. “Mutu and Pechstein v. Switzerland” (ərizə № 40575/10 və 67474/10, qərar xx.xx.2018) işində AİHM idmançıların X3 Məhkəməsinə (CAS) müraciət öhdəliyini ayrıca müqaviləvi razılaşma kimi qiymətləndirmiş və arbitraj şərtinin əsas müqavilədən ayrılığını təsdiqləmişdir.

12. Digər bir tərəfdən, əgər iddiaçının iddia etdiyi kimi, müqavilənin ləğv olunması tərəfləri bütün öhdəliklərdən azad edirsə, bu məntiqi ardıcıllıqla həmin yanaşmanın nəticəsi ondan ibarət olmalıdır ki, iddiaçının özü də artıq ləğv olunmuş müqaviləyə istinad etməklə hər hansı maddi tələb, o cümlədən pul tələbi irəli sürə bilməz. Başqa sözlə, əgər müqavilə hüquqi qüvvəsini itiribsə, onda tərəflərin həmin müqaviləyə əsaslanaraq birbirinə qarşı iddia qaldırmaq imkanı da mövcud olmamalıdır. Belə vəziyyətdə, iddiaçının şikayətində eyni anda həm “müqavilə qüvvədən düşmüşdür” arqumentinə, həm də həmin müqaviləyə əsaslanaraq cavabdehdən pul tələbi irəli sürməsinə rast gəlinir. Bu yanaşma hüquq nəzəriyyəsi və məhkəmə təcrübəsi baxımından daxili ziddiyyətli (contradictio in terminis) mövqe sayılır. Hüququn fundamental prinsiplərindən biri olan mübahisələrin ardıcıllıqla və məntiqi tutarlılıqla irəli sürülməsi qaydasına görə, tərəf öz mövqeyində eyni vaxtda bir-birini istisna edən iki iddianı əsaslandıra bilməz. Əksinə, analoji qaydanı müqavilə üzrə satıcının mövqeyinə tətbiq etdikdə belə nəticəyə gəlmək olar ki, müqavilənin qüvvədən düşməsi müqavilə tərəfi kimi satıcını da müqavilə üzrə pul öhdəliklərindən və digər məsuliyyətlərdən tamamilə azad etməlidir.

13. Bununla yanaşı, iddiaçı müqavilənin birtərəfli qaydada ləğv edildiyini əsas gətirərək, tərəflərin artıq müqavilə üzrə heç bir öhdəliklərinin olmadığını bildirir. Eyni zamanda, həmin müqaviləyə əsaslanaraq, cavabdehdən pul və ya digər öhdəliklərin yerinə yetirilməsini tələb edir. Bu yanaşma selektiv tətbiq (yəni müqavilənin yalnız istədiyi hissələrini hüquqi əsas kimi götürmək) mənasını verir və hüququn məqsədindən kənar olmaqla, hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində bu məsələyə dair bir neçə maddədə hüququn vicdanla və dürüstlük prinsiplərinə uyğun həyata keçirilməsi, eləcə də sui-istifadənin yolverilməzliyi konkret şəkildə təsbit olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən isə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Qeyd edilən maddələrdə qanunvericinin hüquqi mövqeyi açıqdır, müqavilə şərtlərinin yalnız iddiaçının maraqlarına uyğun hissələrini tətbiq etmək, qalanlarını isə öz maraqları naminə “etibarsız” və ya “qüvvədən düşmüş” elan etmək cəhdi, hüququn yalnız formal həyata keçirilməsi deyil, eyni zamanda qarşı tərəfə zərər vurmaq məqsədi daşıyan və ədalətli məhkəmə araşdırması prinsipinə zidd olan hərəkətdir.

14. Bildirmişlər ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Bu hüquqi mövqeyə əsasən, müqavilənin qüvvədə olma müddətinin 16 avqust 2025-ci il tarixində başa çatması, yaxud müqaviləyə vaxtından əvvəl xitam verilməsi onun ləğv olunma anınadək tərəflər arasında formalaşmış hüquqi münasibətləri və onlardan irəli gələn hüquq və öhdəlikləri avtomatik olaraq aradan qaldırmır. Beləliklə, müqavilənin ləğvi yalnız həmin andan sonrakı dövrə münasibətdə müqavilə münasibətlərinə xitam verir, lakin müqavilənin qüvvədə olduğu dövr ərzində yaranmış hüquqi nəticələr, o cümlədən mübahisələrin arbitraj qaydasında həll edilməsi barədə şərt qüvvədə qalır və hüquqi baxımdan tətbiq edilməlidir. Bu kontekstdə, iddiaçının nümayəndəsi və vəkili tərəfindən irəli sürülmüş "müqavilənin ləğvi müqavilənin hüquqi qüvvəsini itirməsi, tərəflərin artıq müqavilə üzrə öhdəliklərinin olmadığı deməkdir" şəklindəki arqument tamamilə əsassızdır və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyi, eləcə də müqavilə hüququnun təməl prinsipləri ilə kəskin şəkildə ziddiyyət təşkil edir.

15. Bununla yanaşı, qeyd etməyi zəruri hesab etmişlər ki, iş üzrə cavabdeh kimi cəlb edilmiş Cavabdeh3 “Cavabdeh1” adlı xarici hüquqi şəxsin nə qanuni nümayəndəsi, nə də biznes tərəfdaşı deyildir. Hazırkı prosessual situasiyada, iddiaçının Cavabdeh3 cavabdeh qismində işə cəlb etməsi, obyektiv hüquqi maraqla deyil, Mülki Prosessual Məcəllənin 443cü maddəsinin tətbiqinə uyğun olaraq mübahisənin Azərbaycan Respublikası məhkəmələrinin yurisdiksiyasına verilməsi üçün süni əsas yaratmaq niyyəti ilə izah oluna bilər. Belə davranış prosessual hüquqlardan sui-istifadə elementi daşımaqla yanaşı, məhkəmə yurisdiksiyası məsələsində yanıldıcı hüquqi vəziyyətin formalaşdırılması məqsədi daşıyır.

16. Təsviri-əsaslandırıcı hissədə qeyd edilən xüsusatları nəzərə almaqla, iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətin təmin edilməməsi və Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-837/2025 saylı qərardadının dəyişdirilmədən saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.5. qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olarsa, yaxud belə etiraz məhkəmə baxışı zamanı daxil olarsa, o şərtlə ki, tərəflər işə baxılmasına qədər etirazın edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər; 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır;

18. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, e-2-2(117)-837/2025 nömrəli qərardadı ləğv edilməlidir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 14 dekabr 2023cü il tarixli 15/2023 nömrəli Qərarının 3.3-cü bəndinə əsasən MPM-in 29, 32.2, 259.0 və 259.0.5-ci maddələrinin birgə təfsirindən müəyyən olunur ki, tərəflər mübahisənin arbitraja (münsiflər məhkəməsinə) verilməsinə dair öz aralarında əvvəlcədən razılığa gələrək bunu ayrıca müqavilə və ya müqavilə şərti ilə rəsmiləşdirmişlərsə, belə şərtin olması birmənalı olaraq mübahisəyə həmin qaydada baxılacağı anlamına gəlmir. Prosessual qanunvericilik tərəflər arasında mübahisəyə arbitrajda (münsiflər məhkəməsində) baxılması barədə razılığın əldə olunduğu hallarda da işə məhkəmədə baxılmasını istisna etməmiş, bunu işə mahiyyəti üzrə baxılanadək tərəflərin razılığından asılı etmişdir. Bu baxımdan, konkret mübahisənin arbitrajda (münsiflər məhkəməsində) baxılması ilə bağlı müvafiq müqavilə şərtinin olmasına baxmayaraq, verilmiş iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü MPM-in 152 və 153-cü maddələrinin tələbləri qaydasında yoxlanılmalıdır. Qeyd olunan prosessual əsaslar olmadığı təqdirdə işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa, iddia ərizəsinə MPM-in 259.0.5-ci maddəsinin tələbləri qaydasında qiymət verilməli və ərizə baxılmamış saxlanmalıdır.

20. Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qeyd edilən qərarında MPM-in 259.0.5-ci maddəsinə əsasən ərizənin baxılmamış saxlanmasını cavabdeh tərəfindən etirazın daxil olması ilə şərtləndirmişdir. Bundan başqa qeyd edilən qərarda müqavilə tərəfindən bəhs edilir ki, bu da həmin etirazın müqavilə tərəfi olan cavabdeh tərəfindən verilməli olmasını ehtiva edir.

21. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 11 avqust 2025-ci il tarixdə iddia ərizəsinin baxılmamış saxlanılması barədə etirazla məhkəməyə müraciət etmişdir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində Cavabdeh3 müstəqil cavabdeh kimi göstərilmişdir. Cavabdeh3 İddiaçı ilə digər cavabdeh “X4 X5 Trade CO.,” LTD arasında bağlanmış müqavilənin tərəfi olmamış, yalnız cavabdeh şirkətin dirketoru kimi xx.xx.2024-cü il tarixli, UN/P-F-1608-2024 nömrəli alqı-satqı müqaviləsini imzalamışdır. Bundan başqa iş materiallarının 83-cü vərəqində olan etibarnamədən görünür ki, həmin etibarnamə Cavabdeh3 tərəfindən Vəkil2 verilmişdir. Yəni Cavabdeh3 həmin etibarnaməni “X4 X5 Trade CO.,” LTD-nin direktoru kimi yox, fiziki şəxs kimi öz adından vermişdir.

23. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş etiraz müqavilə tərəfi olan digər cavabdeh “X4 X5 Trade CO.,” LTD tərəfindən verilmiş etiraz kimi qiymətləndirilə bilməz.

24. Birinci instansiya məhkəməsi isə qeyd edilən hallara diqqət etməmiş, İddiaçı ilə cavabdeh “X4 X5 Trade CO.,” LTD arasında bağlanmış müqavilənin tərəfi olmadığı halda Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş iddia ərizəsinin baxılmamış saxlanılması barədə etiraza əsasən iddia ərizəsini baxılmamış saxlamış, bununla da düzgün olmayan nəticəyə gəlmişdir.

25. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 14 dekabr 2023-cü il tarixli 15/2023 nömrəli Qərarının 1.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsin xarici hüquqi şəxs olması nəzərə alınaraq (“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsi), həmin hüquqi şəxsin tərəf qismində iştirak etdiyi məhkəmə mübahisələrində məhkəmələr, müvafiq xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən etməlidirlər.

26. Lakin iş materiallarına cavabdeh “X4 X5 Trade CO.,” LTD-nin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən edən həmin ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əlavə edilməmiş, birinci instansiya məhkəməsi isə bu halı müəyyən etməmişdir.

27. Şərh edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, e-2-2(117)-837/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.

28. Ona görə də, şikayət təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, e-2-2(117)-837/2025 nömrəli qərardadı ləğv edilməli, İddiaçı cavabdehlər “X4 X5 Trade CO.,” LTD və Cavabdeh3 qarşı “cavabdehlərdən vurulmuş maddi ziyan olaraq 265131.00 USD məbləğində pul vəsaitinin (ödəniş günü manata olan məzənnə ilə), 4950 manat sertifikatın alınmasına çəkilmiş xərcin və ödənilmiş 775 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş materialları Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş etiraza yenidən baxılması üçün Şəki Kommersiya Məhkəməsinə qaytarılmalıdır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2 və 402.2.1-ci maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 395-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Şəki Kommersiya Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, e-2-2(117)-837/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, e-2-2(117)-837/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər “X4 X5 Trade CO.,” LTD və Cavabdeh3 qarşı “cavabdehlərdən vurulmuş maddi ziyan olaraq 265131.00 USD məbləğində pul vəsaitinin (ödəniş günü manata olan məzənnə ilə), 4950 manat sertifikatın alınmasına çəkilmiş xərcin və ödənilmiş 775 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş materialları Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş iddia ərizəsinin baxılmamış saxlanılması barədə etiraza yenidən baxılması üçün Şəki Kommersiya Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar