Məhkəmə qərarları › İş №2-2(107)-131/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-131/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-131/2024 24.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı "72416 manat əsas borc, 21724 manat hesablanmış penyanın, cəmi 94140 manat, ödənilmiş 373 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2-2(117)-1006/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 2022/AZBD- 01 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən satıcı smerç, kalamit, humat saxalinsky, judo, agriloniya-S maye gübrə adında malları alıcıya satmağı, sonuncu isə adı qeyd edilən malları qəbul edib müqavilə ilə müəyyənləşdirilmiş qaydada dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

2. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləği 19916 manat təşkil edir. 3.2-ci bəndinə əsasən alıcı malı təhvil aldıqdan sonra dəyərini, elektron qaiməyə, hesab fakturaya və ya qaimə-fakturaya əsasən 3 ay müddətində nağd və ya köçürmə yolu ilə ödənilməsini gecikdirdikdə ödənilməyən dəyərin hər günü üçün 0,2 % penya hesablanır.

3. Həmin müqavilə üzrə tərəflər xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırma protokolu, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı və xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 50 litr həcmində ümumi dəyəri 1050 manat məbləğində smerç, ümumi dəyəri 1100 manat məblğində 200 ədəd kalamit, 30 litr həcmində ümumi dəyəri 420 manat məbləğində humat saxalinsky, 61 litr həcmində ümumi dəyəri 854 manat məbləğində judo, 1178 litr həcmində ümumi dəyəri 16492 manat məbləğində gübrə olmaqla qeyd edilən çeşiddə malların dəyərini müəyyənləşdirmiş və həmin mallar cavabdehə təhvil verilmişdir.

4. Tərəflər arasında xx.xx.2022-ci il tarixli 2022/AZBD-10 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən satıcı Agroliniya-S adında malı alıcıya satmağı, sonuncu isə həmin malı qəbul edib müqavilə ilə müəyyənləşdirilmiş qaydada dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləği 15000 manat təşkil edir. 3.2-ci bəndinə əsasən alıcı malı təhvil aldıqdan sonra dəyərini, elektron qaiməyə, hesab fakturaya və ya qaimə-fakturaya əsasən 3 ay müddətində nağd və ya köçürmə yolu ilə ödənilməsini gecikdirdikdə ödənilməyən dəyərin hər günü üçün 0,2 % penya hesablanır.

5. Həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırma protokolu, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı və xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1000 litr həcmində Agroliniya-S adında malın ümumi dəyəri 15000 manat təşkil edir və həmin mallar cavabdehə təhvil verilmişdir.

6. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/AZBD-10 nömrəli alqısatqı müqaviləsinə xx.xx.2023-cü il tarixli 01 nömrəli Əlavə imzalanmış və satıcı Agroliniya-S adında malı alıcıya satmağı, sonuncu isə həmin malı qəbul edib müqavilə ilə müəyyənləşdirilmiş qaydada dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

7. Həmin əlavənin 3.1- ci bəndinə əsasən müqavilə üzrə satılan malın ümumi dəyəri 37500 manat təşkil edir. 3.2- ci bəndinə əsasən alıcı malı təhvil aldıqdan sonra dəyərini, elektron qaiməyə, hesab fakturaya, və ya qaimə-fakturaya əsasən 3 ay müddətində nağd və ya köçürmə yolu ilə ödənilməsini gecikdirdikdə ödənilməyən dəyərin hər günü üçün 0,2 % penya hesablanır.

8. xx.xx.2022-ci il tarixli 2022/AZBD-10 nömrəli müqaviləyə 1 nömrəli Əlavə üzrə xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırma protokolu, xx.xx.2023-cü il tarixli təhviltəslim aktı və xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2500 litr həcmində Agroliniya-S adında malın ümumi dəyəri 37500 manat təşkil edir və həmin mallar cavabdehə təhvil verilmişdir.

9. Satıcı müqavilələr üzrə öhdəliklərini yerinə yetirərək qiymətlərin razılaşdırma protokolları, təhvil-təslim aktları və elektron qaimələrdə adları göstərilən malları tam şəkildə və vaxtında təhvil vermiş, alıcı isə müqavilələr üzrə öhdəliklərini ümumiyyətlə yerinə yetirmədiyindən 72416 manat məbləğində ödəməmiş borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması qiymətlərin razılaşdırma protokolları, təhvil-təslim aktları, özü tərəfindən imzalanmış elektron qaimələr və tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapır.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 72416 manat əsas borc, 21724 manat hesablanmış penya olmaqla cəmi 94140 manat borcu, ödənilmiş 373 manat dövlət rüsumunun cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, İddiaçı ilə cavabdeh arasında gübrə satışına dair müqavilələr imzalanmışdır. Müqavilələrə əsasən cavabdehə 72416 manat məbləğində mal verilmişdir. Lakin cavabdeh tərəfdən bu malın dəyərinin ödənilməsi ilə bağlı heç bir ödəniş edilməmişdir. Müəssisənin direktoru ilə cavabdeh arasında telefon danışıqları olmuşdur. Cavabdeh tərəf pulunun olmadığını bildirmiş və borcu ödəməkdən yayınmışdır. Cavabdehin anbarına da baxış keçirilmişdir. Cavabdeh tərəfindən təqdim edilən qaimələrdə göstərilən mallar aralarında olan müqaviləyə görə cavabdehə satdığı mallar deyil. Qaimələrin birində olan maye gübrənin satılması müqavilədə nəzərdə tutulsa da, həmin qaimənin tarixləri uyğun gəlmir. Həmçinin malların qaytarılması ilə bağlı hər hansısa qaimə mövcud olsa idi, həmin qaimənin bir nüsxəsi onlarda olardı. Lakin onlarda geri qaytarılan mallarla bağlı heç bir sənəd yoxdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh verdiyi izahatında bildirmişdir ki, onun iddiaçı tərəfə qeyd olunan məbləğdə borcu yoxdur. O, İddiaçındən 39854 manatlıq mal almışdır. Bunun 25154 manatlıq hissəsini geri qaytarmışdır. Qalan hissəsinin isə ödənişini etmişdir. Onun cəmi 12728 manat borcu var. O, pulu ödəmək istədiyində iddiaçının direktoru ona bildirdi ki, “onların icarə haqqı ilə bağlı borcları var, sən pulu həmin hesaba ödə”. O da 700 manat pulu həmin hesaba ödəmişdir. Üzləşmə aktı ona imzalatdırıldıqdan sonra içini yazmışlar. O, üzləşmə aktını qəbul etmir.

13. Şəki Kommersiyа Məhkəməsinin (hakim Rüfət Məcidov) 13 dekabr 2023-cü il tarixli, 2-2(117)-1006/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabeh Cavabdeh 72416 manat əsas borc, 300 manat penya, 88,25 manat dövlət rüsumu və 200 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilməmiş 200 manat Dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməsi, ödənilmiş 84,75 manat dövlət rüsumunun İddiaçı MMC-yə aid edilməsi qət edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, əsas borc məbləği həm iddiaçı, həm də cavabdeh tərəfindən qəbul edilmiş və tərəflər bununla bağlı üzləşmə aktı tərtib edərək imza və möhürlə təsdiq etmiş tələb olunan əsas borc məbləği iş materialalrında olan digər sənədlərlə təsdiq olunur. Eyni zamanda elektron qaimələr belə cavabdeh tərəfindən imzalanmışdır ki, məhkəmə həmin qaimələri də malların təhvil verilməsinin təsdiq edən sübut qismində qəbul edir. Bu səbəbdən iddia tələbi əsas borca münasibətdə əsaslıdır və təmin edilməlidir.

15. Məhkəmə həmçinin, qeyd etmişdir ki, cavabdeh tərəfindən öhdəliyinin icra edilməməsinə baxmayaraq iddiaçı ona malları satmaqda davam etmiş və xx.xx.2023-cü il tarixdə üzləşmə aktı tərtib etmişlər ki, cavabdeh borclarını tam ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şərait yaratmışdır. Məhkəmə dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən 21724 manat deyil, 300 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2, 385.1, 386.1, 389.1, 406.1, 567, 442, 445.2, 462.1, 462.3, 467, 448.1, 448.2-ci və 600.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Cаvаbdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin iddianın təmin edilən hissədində ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2021-ci il tarixli 2022/AZBD-01 nömrəli alqı-satqı müqaviləsi, xx.xx.2022-ci il tarixli, 2022/AZBD-10 nömrəli alqı-satqı müqaviləsi, xx.xx.2022-ci il tarixli, 2022/AZBD-10 nömrəli alqı-satqı müqaviləsinə 01 nömrəli Əlavə, qiymətlərin razılaşdırma protokolları, malların təhvil-təslim aktları, elektron qaimələr, üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə çıxarmış olduğu qətnamədə iş üzrə dəlillərə düzgün hüquqi qiymət verməmiş, araşdırmada müəyyən edilən hallar nəticə ilə ziddiyyət təşkil etmişdir. Belə ki, İddiaçı MMC-nin iddia ərizəsində tərəflər arasında mövcud olan müqavilələrə əsasən xx.xx.2021-ci il tarixdə 19916 manat, xx.xx.2022-ci il tarixdə 15000 manat, xx.xx.2023-cü il tarixdə 37500 manat həcmində gübrə məhsullarının cavabdehə satıldığını və onların dəyərinin ödənilməməsi səbəbindən 72416 manat borcun yarandığını bildirmişdir. Bununla bağlı ilk növbədə bildirirəm ki, İddiaçı MMC tərəfindən məhkəməyə təqdim etdiyi sənədlərin hamısı sonradan tərtib edilmiş və hazırkı iddia etdiyi borcun təsdiqini formalaşdırmaqdan ötrü məni aldatma yolu ilə icra etdiyi mexanizimdir. Sözügedən sənədlərin tərtibindən də göründüyü kimi həmin sənədlər ayrı-ayrı tarixlərdə olsa da, onun tərtibi eyni anda baş vermiş, eyni xətt və eyni qələmlə icra edilmişdir. Bundan başqa yuxarıda qeyd olunan tarixlərdə təhvil verildiyi kimi göstərilən məhsullardan xx.xx.2022-ci il tarixdəki 15000 manat həcmindəki gübrə məhsulu faktiki olaraq mənə təhvil verilməmiş və anbara qəbul edilməmişdir. Bunun əksini sübut edəcək dəlil isə ümumiyyətlə mövcud deyildir və bu məqam məhkəmənin diqqətindən yayınmışdır. Digər hissələrdə xx.xx.2021-ci il tarixdə 19916 manat və xx.xx.2023-cü il tarixdə 37500 manat həcmində gübrə məhsulları mənə məxsus anbara təhvil verilsə də, həmin məhsulların 17562 manat hissəsi iddiaçının Oğuz rayonunda müqaviləsi olan digər sahibkara verdiyindən həmin sahibkar malları anbarından təhvil almışdır və bununla bağlı imzalı təhvil-təslim qaimələri birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Alınmış məhsulların dəyəri isə aramızda olan razılaşmaya əsasən nağd şəkildə müəssisənin rəhbəri Nümayəndə1 verilmişdir. Bununla bağlı sübutları isə apellyasiya instansiya məhkəməsində təqdim ediləcəkdir, çünki sübutlar əvvəlcədən qeyd etdiyi halda onların iddiaçı tərəfindən yoxa çıxarılması riski mövcuddur. Birinci instansiya məhkəməsində də izahatında məhkəmənin diqqətinə çatdırmışdır ki, onun iddiaçı şirkətə iddia etdiyi həcmdə borcu yoxdur. İddiaçı MMC-dən 39854 manatlıq mal almışdır. Bunun 25154 manatlıq hissəsini geri qaytarmış və qalan hissəsinin isə ödənişini etmiş, cəmi 12728 manat borcu var. O, pulu ödəmək istədiyində iddiaçının direktoru ona bildirmişdir ki, “onların icarə haqqı ilə bağlı borcları var, sən pulu həmin hesaba ödə”. O da əlavə 700 manat pulu həmin hesaba ödəmişdir. Üzləşmə aktı ona imzalatdırıldıqdan sonra içini yazmışlar. O, üzləşmə aktını qəbul etmir. Bundan əlavə bildirir ki, əgər aldığı gübrə məhsullarının dəyəri ödənilmirdisə, o zaman nə üçün sonradan əvvəlkinin dəyəri ödənilməməsinə baxmayaraq yeni məhsul təhvil vermişdir. İddiaçı sonradan tərtib etdiyi sənədlərlə öz borc yükünü azaltmaq üçün onun kimi ayrı-ayrı sahibkarlara dələduzluq yolu ilə boş sənədlərə imza etdirməklə bu şəkildə qətnamələrin əldə edilməsinə nail olmağa çalışır. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2-2(117)-1006/2023 saylı qətnaməsinin qsimən – iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxararılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir.

22. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək hazırkı kommersiya mübahisəsinə dair işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376. 2-ci maddəsinə əsasən işə, iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

25. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

26. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi

27. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

28. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.

31. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

32. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

34. Maddə 445.2.1 Öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır.

35. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir.

36. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

37. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

38. Maddə 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

39. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

46. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2- 2(117)-1006/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

52. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

53. Müəyyən edilmişdir ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 2022/AZBD-01 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən satıcı smerç, kalamit, humat saxalinsky, judo, Agriloniya-S maye gübrə adında malları alıcıya satmağı, sonuncu isə adı qeyd edilən malları qəbul edib müqavilə ilə müəyyənləşdirilmiş qaydada dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

54. Eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 2022/AZBD-10 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən satıcı Agroliniya-S adında malı alıcıya satmağı, sonuncu isə həmin malı qəbul edib müqavilə ilə müəyyənləşdirilmiş qaydada dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Bunlardan başqa tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/AZBD-10 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixli, 01 nömrəli Əlavəyə əsasən satıcı Agroliniya-S adında malı alıcıya satmağı, sonuncu isə həmin malı qəbul edib müqavilə ilə müəyyənləşdirilmiş qaydada dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

55. Hər iki müqavilənin 3.2-ci bəndində göstərilmişdir ki, alıcı malı təhvil aldıqdan sonra dəyərini, elektron qaiməyə, hesab fakturaya, və ya qaimə-fakturaya əsasən 3 ay müddətində nağd və ya köçürmə yolu ilə ödənilməsini gecikdirdikdə ödənilməyən dəyərin hər günü üçün 0,2 % penya hesablanır.

56. Satıcı müqavilələr üzrə öhdəliklərini yerinə yetirərək qiymətlərin razılaşdırma protokolları, təhvil-təslim aktları və elektron qaimələrdə adları göstərilən ümumilikdə 72146 manat dəyərində malları alıcı Cavabdeh təhvil vermiş, alıcı isə müqavilələr üzrə öhdəliklərini ümumiyyətlə yerinə yetirməyərək 72416 manat məbləği ödəməmişdir. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması qiymətlərin razılaşdırma protokolları, təhvil-təslim aktları və elektron qaimələr və tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapır.

57. Elektron qaimə fakturalara münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni qiymətlərin razılaşdırma protokolları, təhvil-təslim aktları, qarşılıqlı üzləşmə aktı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alqı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmişdir.

58. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "HTM Holdinq” MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

59. Göründüyü kimi, əsas borc məbləği həm iddiaçı, həm də cavabdeh tərəfindən qəbul edilmiş və tərəflər bununla bağlı üzləşmə aktı tərtib edərək imza və möhürlə təsdiq etmiş tələb olunan əsas borc məbləği iş materialalrında olan digər sənədlərlə təsdiq olunur. Eyni zamanda elektron qaimələr belə cavabdeh tərəfindən imzalanmışdır ki, həmin qaimələr də malların təhvil verilməsinin təsdiq edən sübut qismində qəbul edilməlidir.

60. Məhkəmə kolegiyasının iclasında cavabdeh alqı-satqı müqaviləsində, elektron qaimələrdə və üzləşmə aktında olan imzaların özünə məxsus olduğunu, həmin sənədlərin özünün imzaladığını bir daha təsdiq etmişdir. Belə olan təqdirdə cavabdehin üzləşmə aktının imzalanandan sonra içinin yazıldığını bildirsə də, bununla bağlı hər hansı sübut mövcud deyildir.

61. Kollegiyanın iclasında yuxarıda sözügedən malları iddiaçıdan almadığı təqdirdə cavabdeh təhvil-təslim aktlarını, elektron qaimələri, qiymətlərin razılaşdırma protokollarını və üzləşmə aktının özü tərəfindən də imzalanmasının məntiqli və ağlabatan izahını verə bilmədi.

62. İşdə olan tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri, qiymətlərin razılaşdırma protokolları və təhvil-təslim aktları ilə iddiaçı tərəfindən malların cavabdehə verilməsi öz təsdiqini tapdığına görə apellyasiya şikayətinin alqı-satqı müqavilələrinin yalan və uydurma əqd olmaları barədə dəlili əsassızdır. Özü də müqavilələrin yalan və ya uydurma olmasının nədə ehtiva olunmasını əsaslandırmamışdır.

63. Cavabdehin aldığı gübrə məhsullarına görə müəyyən ödəmələr etməsinə dair qəbzlərlə əlaqədar bildirir ki, həmin qəbzlərin tarixi tərəflər arasında üzləşmə aktının təsdiqindən əvvəlki dövrə təsadüf edir.

64. Apellyasiya şikayətinin xx.xx.2021-ci il tarixdə 19916 manat və xx.xx.2023-cü il tarixdə 37500 manat həcmində gübrə məhsullarının cavabdehə məxsus anbara təhvil verilsə də, həmin məhsulların 17562 manat hissəsinin iddiaçının Oğuz rayonunda müqaviləsi olan digər sahibkara verdiyindən həmin sahibkar malları anbarından təhvil alması və bununla bağlı imzalı təhvil-təslim qaimələri birinci instansiya məhkəməsinə təqdim edilməsi barədə dəlili ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 4 ədəd ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli qaimə fakturaları malların iddiaçıya təhvil verilməsini təsdiq edən sübut qismində qəbul edilə bilməz. Belə ki, ******* nömrəli qaimə fakturanın tərtib edilməsi tarixi mövcud deyil, ******* nömrəli qaimə fakturada təhvil alanın imzası mövcud olmamaqla yanaşı akt 18.12.201 -ci il tarixlidir. ******* nömrəli qaimə fakturanın 12 dekabr tarixi göstərilsə də, tərtib edildiyi il mövcud deyil və ******* nömrəli qaimə faktura xx.xx.2021-ci il tarixdə tərtib edilmişdir.

65. Bundan başqa bu qaimələrin tərtib edildiyi tarixdən sonra xx.xx.2023-cü il tarixdə tərəflər arasında üzləşmə aktı təsdiq edilmiş və cavabdeh 72416 manat borcunun olduğunu etiraf etmişdir.

66. Məhsulların 17562 manat hissəsinin başqa şəxsə satılması barədə kollegiya onu vurğulayır ki, cavabdeh satın aldığı məhsulları başqa şəxslərə satmaqda sərbəst olmuşdur və sata bilərdi.

67. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

68. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutlar təqdim olunmamışdır.

69. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11. 07. 1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2. 4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

70. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

71. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

72. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

73. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.

74. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2-2(117)-1006/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cаvаbdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2-2(117)- 1006/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar