Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-135/2025 01.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: öhdəlik, əvəzsiz istifadə) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Şəki Kommersiya Məhkəməsinin 20 may 2025- ci il tarixli, e-2-2(117)-249/2025 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı “istifadəyə verən” İddiaçı MMC ilə cavabdeh “istifadəçi” Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 405/**********/21 nömrəli “soyuducu avadanlıqların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “istifadəyə verən” İddiaçı MMC satışını təşkil etdiyi məhsulları saxlamaq məqsədi ilə müqaviləyə əlavədə göstərilən soyuducu avadanlıqları “istifadəçi” Cavabdeh əvəzsiz istifadəsinə verməyi, Cavabdeh isə öz növbəsində həmin soyuduculardan istifadə təbii köhnəlmə xərci nəzərə alınmaqla aldığı vəziyətdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, təqdim edilmiş əmlak üçün istifadə haqqı tələb edilmir. Həmin müqavilənin 3.2. bəndinə müvafiq olaraq - “İstifadəyə verən”-ə qaytarılan Əmlak “İstifadəçi” tərəfindən təhvil alınmış vəziyyətdə, təbii köhnəlmə nəzərə alınmaqla qaytarılmalıdır. “İstifadəçi” tərəfindən Əmlaka zərər dəyən zaman, belə zərərin əvəzi aşağıdakı qaydada ödənilir: 3.2.1. Əmlakın itirilməsi/məhv edilməsi – itirilmiş/məhv edilmiş Əmlakın dəyərinin 2 misli məbləğdə. Həmin müqavilənin 3.5. bəndinə əsasən, əmlakın vaxtında qaytarılmamasına, eləcə də Əmlakın təmir xərcinin və yaxud itirilmiş/məhv edilmiş dəyərinin vaxtında ödənilməməsinə görə, “İstifadəçi”-yə daxil olmuş tələb əsasında hazırkı müqavilə ilə təhvil verilmiş əmlakın dəyərinin 1% (bir faiz) həcmində cəriməni, gecikdirilmiş hər təqvim gününə görə “İstifadəyə verən”-ə ödəyir. Əmlakın “İstifadəçi” tərəfindən “İstifadəyə verən”ə qaytarılması 15 (on beş) təqvim günündən artıq müddətə gecikdirilərsə, əmlak itirilmiş/məhv edilmiş hesab edilir və “İstifadəçi” onun dəyərinin 2 mislini “İstifadəyə verən”ə ödəyir. xx.xx.2021-ci il tarixli 405/**********/21 nömrəli “soyuducu avadanlıqların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə xx.xx.2021-ci il tarixli əlavənin 1-ci bəndinə əsasən “istifadəyə verən” İddiaçı MMC müqavilənin predmentinə uyğun və xüsusiyyətləri qeyd edilən 30 ədəd soyuducunu “istifadəçi” Cavabdeh müqavilə şərtlərinə uyğun təhvil verir, “istifadəçi” isə təhvil alır və müqavilənin şərtlərinə uyğun istifadə edir. Qeyd olunan əlavədə 20 ədəd “Uğur” markalı UDD 500 SCEB nömrəli soyuducu avadanlığın birinin dəyəri 550 manat, 10 ədəd “Uğur” markalı UDD 400 SCEB nömrəli soyuducu avadanlığın birinin dəyəri isə 500 manat müəyyən edilmişdir. Həmin əlavə iddiaçı şirkətin nümayəndəsi və cavabdeh tərəfindən imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə qaytarılmayan 30 ədəd dondurucuların ümumi dəyərinin iki mislini, yəni 31 000 manat məbləğində pul vəsaitinin və əlavə olaraq ödənilmiş məhkəmə rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (əvvəlki"xxxx" MMC) və Cavabdeh arasında bağlanmış “29” mart 2021-ci il tarixli, 405/**********/21 saylı “Soyuducu avadanlıqlarının əvəzsiz istifadəyə verilməsi haqqında” Müqavilə bağlamışdır. Həmin Müqaviləyə əsasən Cavabdeh 30 ədəd dondurucu avadanlığı əvəzsiz istifadəyə verilmişdir. Bu günkü günə qədər həmin dondurucuların geri qaytarılması təmin edilməmiş və göstərilən səylər nəticə verməmişdir. Qeyd edilən “Soyuducu avadanlıqlarının əvəzsiz istifadəyə verilməsi haqqında” Müqavilənin 1.3. bəndinə əsasən -“İstifadəçi” “İstifadəyə verən”-dən Əmlakı qəbul edir və “İstifadəyə verən”-ə məxsus məhsulların dondurulmasını təmin etməyi üzərinə götürür və hazırkı Müqavilənin dayandırılmasından və ya xitamından sonra “İstifadəyə verən”-ə Əmlakı təbii köhnəlmə nəzərə alınmaqla aldığı vəziyyətdə qaytarmağı üzərinə götürür. Həmin Müqavilənin 3.2. bəndinə müvafiq olaraq - “İstifadəyə verən”-ə qaytarılan Əmlak “İstifadəçi” tərəfindən təhvil alınmış vəziyyətdə, təbii köhnəlmə nəzərə alınmaqla qaytarılmalıdır. “İstifadəçi” tərəfindən Əmlaka zərər dəyən zaman, belə zərərin əvəziaşağıdakı qaydada ödənilir: 3.2.1. Əmlakın itirilməsi/məhv edilməsi – itirilmiş/məhv edilmiş Əmlakın dəyərinin 2 misli məbləğdə. Həmin Müqavilənin 3.5. bəndinə müvafiq olaraq -Əmlakın vaxtında qaytarılmamasına, eləcə də Əmlakın təmir xərcinin və yaxud itirilmiş/məhv edilmiş dəyərinin vaxtında ödənilməməsinə görə, “İstifadəçi”-yə daxil olmuş tələb əsasında hazırkı Müqavilə ilə təhvil verilmiş Əmlakın dəyərinin 1% (bir faiz) həcmində cəriməni, gecikdirilmiş hər təqvim gününə görə “İstifadəyə verən”-ə ödəyir. Əmlakın “İstifadəçi” tərəfindən “İstifadəyə verən”-ə qaytarılması 15 (on beş) təqvim günündən artıq müddətə gecikdirilərsə, Əmlak itirilmiş/məhv edilmiş hesab edilir və “İstifadəçi” onun dəyərinin 2 mislini “İstifadəyə verən”-ə ödəyir. Həmin Müqavilənin 5.2. bəndinə müvafiq olaraq - Tərəflər arasında bu Müqavilənin icrası üzrə yaranan mübahisələr qarşılıqlı razılıqla həll olunacaqdır. Qarşılıqlı razılıqla həlledilə bilməyən mübahisələr Azərbaycan Respublikasının məhkəmələri tərəfindən öz həllini tapacaqdır. Məsələnin sülh yolu ilə həll edilməsi məqsədilə tərəfimizdən cavabdehə cəriməsiz olaraq həmin dondurucuların qaytarılmasının həyəta keçirilməsi barədə dəfələrlə danışıqlar aparılsa da və yazılı xəbərdarlıqlar edilsə də (sonuncu yazılı xəbərdarlıq (Pretenziya) xx.xx.2024 tarixində təqdim edilmişdir), dondurucular geri qaytarılmamışdır. Həmin Müqavilənin 3.5. bəndinə müvafiq olaraq - ...Əmlakın “İstifadəçi” tərəfindən “İstifadəyə verən”-ə qaytarılması 15 (on beş) təqvim günündən artıq müddətə gecikdirilərsə, Əmlak itirilmiş/məhv edilmiş hesab edilir və “İstifadəçi” onun dəyərinin 2 mislini“İstifadəyə verən”-ə ödəyir. Beləliklə qeyd edildiyi kimi, cavabdehlə bağlanmış müqavilədə göstərilən öhdəliklər onun tərəfindən kobud şəkildə pozulmuş və icra edilməmişdir. Nəzərə alınsa ki, qaytarılmayan 30 ədəd dondurucuların ümumi dəyəri (20*500+10*550=15500) 15500 manat təkil edir və həmin Müqavilənin 1.3. bəndinin tələblərinə əsasən, cərimə tətbiq etmədən, 30 ədəd dondurucuların dəyərinin 2 misli 31000 (otuz bir min) manat təşkil edir. Məhkəmə iclasında iiddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, Cavabdeh soyuducuları götürsə də özündə saxlamamış, müxtəlif mağazalara paylamışdır. Cavabdeh əvvəllər Milla Dairy MMC-də işləmiş, xx.xx.2018-ci il tarixdə onun əmək müqaviləsinə xitam verilmişdir. O, işdən çıxdıqdan sonra ona sənədlərə imza çəkməsini deyiblər. Şəxsin hüquqi savadı olmadığından hansı sənədlərə imza çəkdiyini bilməyib. Milla Dairy MMC-yə soyuducular hansı formada daxil olması və çıxması haqqında məlumat yoxdur. Elçinin nə vaxt təhvil aldığı barədə bilmirlər. Əgər avadanlıqlar qiymətləndirilirsə soyuducuların şəkli olmalıdır. Hesab edir ki, iddia əsassızdır və təmin edilməməsini məhkəmədən xahiş etdi. “MBA Consulting Group” MMC-nin MB-15/1272 nömrəli, 18 oktyabr 2022-ci il tarixli iddiaçı şirkətə məxsus torpaq sahəsi, tikili, digər əsas vəsaitlərin qiymətləndirilməsi barədə Hesabatda iddiaçıya məxsus cavabdehə verilən soyuducuların hər birinin qiymətləndirilməsi aparılmış, 1 ədəd soyuducunun dəyəri 328,93 manat müəyyən edilmişdir. Gömrük bəyannamələrindən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2017-ci ildə 96 ədəd, xx.xx.2017-ci ildə 40 ədəd, 25.052017-ci ildə 84 ədəd, xx.xx.2017-ci ildə 90 ədəd “Uğur” markalı UDD 500 SCEB nömrəli soyuducu avadanlıqlar Türkiyədən idxal edilmişdir. ”Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2014-cü ildə işə qəbul edilmiş, onun əmək müqaviləsinə xx.xx.2017-ci ildə xitam verilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilən xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə verilən dondurucuları geri qaytarılması tələb edilmiş, əks təqdirdə həmin dondurucuların dəyərinin iki mislini cavabdehdən tələb olunacaqı barədə xəbərdarlıq edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 20 may 2025- ci il tarixli, e-2-2(117)-249/2025 nömrəli qətnaməsi (hakim: E.Hüseynova) ilə, iddia tələbi təmin edilərək, Cavabdeh 30 ədəd dondurucu avadanlıqların dəyərinin iki misli olan 31000 manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı aralarında bağlanan xx.xx.2021-ci il tarixli 405/**********/21 nömrəli müqaviləyə əsasən 1 il müddətinə 30 ədəd soyuducu avadanlığı cavabdehin əvəzsiz istifadəsinə vermişdir. Bu hal iş materiallarında olan xx.xx.2021-ci il tarixli müqaviləyə əlavə olaraq imzalanan təhvil-təslim aktında öz təsdiqini tapmışdır. Cavabdeh isə müqaviləyə əsasən 30 ədəd soyuducu avadanlığı iddiaçıya istifadə etdikdən sonra geri təhvil verməmiş və bunun əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda cavabdeh öz üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə müqavilə şərtlərini pozmuşdur. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427, 442, 445. 448, 732, 733, 734, 735, 736, 737, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin – 14, 77, 88, 119, 217-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya onunla əsaslandırılmışdır ki, müqaviləyə nəzər yetirəndə bağlanma yeri Bakı şəhəri, iddiaçı tərəfdən imzalayan subyekt isə şirkətin direktoru olması görünür. Şablon müqavilənin mühüm hissələri isə diyircəkli qələmlə doldurulmuşdur. Əgər Cavabdeh ona soyuducu verilməsi ilə bağlı müraciət etmişdirsə şirkət həmin rekvizitləri, soyuduculara dair məlumatları kompüterdə yazması daha məntiqli və vacib idi. Cavabdeh savadsızlığından istifadə edərək ona sənədləri imzalatmışlar. Bundan əlavə guya iddiaçı şirkətin rəhbəri 30 sayda soyuducunu təhvil vermişdir. Hər halda 30 soyuducu şirkətin bazasından çıxarkən müvafiq yol vərəqəsi ilə hər hansı nəqliyyat vasitəsinə yüklənmişdir. Tərəflərarasında hüquqi cəhətdən deyil fiziki olaraq bağlanması ehtimal edilən müqavilənin 2.1-ci bəndində “İstifadəyə verənin” vəzifələri əks olunmuşdur. 2.1 bəndində qeyd olunur ki, əmlakı hazırkı müqavilə əsasında ticarət obyektinə təhvil verir, ticarət obyektində əmlakdan təyinatı üzrə istifadə edilməsinə nəzarət edir. Bütün bunları əks etdirən sənədlərini təqdim etmələrini tələb etsək də yalnız “MBA consaltiq”ə məxsus imzasız və möhürsüz audit rəyini təqdim etmişlər. Əgər həmin soyuducular cavabdehə veriləndən sonrakı tarixdə iddiaçının inzibati ərazisində olubsa onda niyə cavabdehdən tələb olunur. Həmin dövr və ondan sonrakı üçün maliyyə-hesabat sənədlərini (hansı ki, mühasibatlıq qaydalarında görə şirkətin balansında olan avadanlıqların inventarizasiyası, amortizasiya və köhnəlmə, qiymətdəndüşmə kimi hesabat sənədləri) israrla tələb etsək də məhkəməyə təqdim olunmadı. Hazırkı mübahisə üzrə məhkəmə tərəfindən tərəflər arasında olan mübahisəli müqavilənin bağlanmış olması nəzərə alınsa da sözügedən mübahisəyə kəsici müddət olan altı aylıq müddət tətbiq edilməli idi. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 397.2. Müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. 733.1. Əvəzsiz istifadəyə verilən əşyanı kirayəyə verən kirayəçi qarşısında yalnız qəsdən və ya kobud ehtiyatsızlıq üzündən törədilmiş əməllər və ya qüsurlar üçün məsuliyyət daşıyır. 734.1. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir. 734.2. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi çərçivəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır.
735. Kirayəçinin əvəzsiz istifadəyə götürdüyü əşyadan müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə etməsinə icazə verilmir. Kirayəyə verənin icazəsi olmadan onun həmin əşyanı üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur. 736.1. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. 736.2. Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. 736.3. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. 736.4. Əgər kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı üçüncü şəxslərin istifadəsinə verirsə, şübhə halında kirayəyə verən əşyanın qaytarılmasını üçüncü şəxslərdən də istənilən vaxt tələb edə bilər.
737. Kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər.
738. Kirayəyə verənin əvəzsiz istifadəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüquqları, habelə kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzinin ödənilməsi hüquqları altı aydan sonra, müddətin keçməsinə görə qüvvədən düşür. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2019-cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. Belə ki, İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə qaytarılmayan 30 ədəd dondurucuların ümumi dəyərinin iki mislini, yəni 31 000 manat məbləğində pul vəsaitinin və əlavə olaraq ödənilmiş məhkəmə rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini bütünlükdə yəni, iddia tələbinin təmin edilmiş hissəsini mübahisələndirir. Ümumiyyətlə apellyator iddianın rədd edilməsini tələb edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 59-cu maddəsinə görə, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Kollegiya qeyd edir ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Kollegiya daha sonra qeyd edir ki, əvəzsiz istifadə müqaviləsinə görə kirayə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öz öhdəsinə götürürlər və bu öhdəlikləri əvəzsiz istifadə edirlər. Əvəzsiz istifadə müqaviləsi müqavilə növlərindən biri olmaqla əmlak kirayəsi müqaviləsidir. Əvəzsiz istifadə müqaviləsinin kirayə müqaviləsindən ən əsas fərqi tərəflərin öhdəliklərini əvəzsiz icra etmələridir. Müqaviləyə xitam verildikdən sonra isə, kirayəçinin istifadəyə götürdüyü əşyanı qaytarmaq öhdəliyi vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı “istifadəyə verən” İddiaçı MMC ilə cavabdeh “istifadəçi” Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 405/**********/21 nömrəli “soyuducu avadanlıqların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “istifadəyə verən” İddiaçı MMC satışını təşkil etdiyi məhsulları saxlamaq məqsədi ilə müqaviləyə əlavədə göstərilən soyuducu avadanlıqları “istifadəçi” Cavabdeh əvəzsiz istifadəsinə verməyi, Cavabdeh isə öz növbəsində həmin soyuduculardan istifadə təbii köhnəlmə xərci nəzərə alınmaqla aldığı vəziyətdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, təqdim edilmiş əmlak üçün istifadə haqqı tələb edilmir. Həmin müqavilənin 3.2. bəndinə müvafiq olaraq - “İstifadəyə verən”-ə qaytarılan Əmlak “İstifadəçi” tərəfindən təhvil alınmış vəziyyətdə, təbii köhnəlmə nəzərə alınmaqla qaytarılmalıdır. “İstifadəçi” tərəfindən Əmlaka zərər dəyən zaman, belə zərərin əvəzi aşağıdakı qaydada ödənilir: 3.2.1. Əmlakın itirilməsi/məhv edilməsi – itirilmiş/məhv edilmiş Əmlakın dəyərinin 2 misli məbləğdə. Həmin müqavilənin 3.5. bəndinə əsasən, əmlakın vaxtında qaytarılmamasına, eləcə də Əmlakın təmir xərcinin və yaxud itirilmiş/məhv edilmiş dəyərinin vaxtında ödənilməməsinə görə, “İstifadəçi”-yə daxil olmuş tələb əsasında hazırkı müqavilə ilə təhvil verilmiş əmlakın dəyərinin 1% (bir faiz) həcmində cəriməni, gecikdirilmiş hər təqvim gününə görə “İstifadəyə verən”-ə ödəyir. Əmlakın “İstifadəçi” tərəfindən “İstifadəyə verən”ə qaytarılması 15 (on beş) təqvim günündən artıq müddətə gecikdirilərsə, əmlak itirilmiş/məhv edilmiş hesab edilir və “İstifadəçi” onun dəyərinin 2 mislini “İstifadəyə verən”ə ödəyir. xx.xx.2021-ci il tarixli 405/**********/21 nömrəli “soyuducu avadanlıqların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə xx.xx.2021-ci il tarixli əlavənin 1-ci bəndinə əsasən, “istifadəyə verən” İddiaçı MMC müqavilənin predmentinə uyğun və xüsusiyyətləri qeyd edilən 30 ədəd soyuducunu “istifadəçi” Cavabdeh müqavilə şərtlərinə uyğun təhvil verir, “istifadəçi” isə təhvil alır və müqavilənin şərtlərinə uyğun istifadə edir. Qeyd olunan əlavədə 20 ədəd “Uğur” markalı UDD 500 SCEB nömrəli soyuducu avadanlığın birinin dəyəri 550 manat, 10 ədəd “Uğur” markalı UDD 400 SCEB nömrəli soyuducu avadanlığın birinin dəyəri isə 500 manat müəyyən edilmişdir. Həmin əlavə iddiaçı şirkətin nümayəndəsi və cavabdeh tərəfindən imzalanmışdır. Kollegiya qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü tələb əsaslı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digəri dəlili olan "xxxx" MMC-nin pulunun nə üçün hazırki iddiaçı tərəfindən tələb edilməsinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, iş materiallarında olan 2 saylı Ərazi Vergilər İdarəsitərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı MMC-nin əvvəlki adı "xxxx" MMC olmuşdur. Odur ki, iş üzrə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəflər arasında 2021-ci ildə heç bir münasibətin olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, iddiaçı “istifadəyə verən” İddiaçı MMC ilə cavabdeh “istifadəçi” Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 405/**********/21 nömrəli “soyuducu avadanlıqların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Bundan başqa, cavabdeh tərəf həmin müqavilədə olan imzanın ona məxsus olmasını mübahisələndirməmişdir. Belə olan halda, cavabdeh tərəfin qeyd etdiklərini əsaslı hesab etmək olmaz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin müqavilənin 2018-ci ildə imzalanması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, cavabdeh tərəf apellyasiya şikayətində həmin sənədlərin işdən çıxan zaman hüquqi savadsız olduğu üçün imzaladığını bildirmişdir. İş materiallarından isə görünür ki, cavabdeh tərəf sənədlərin 2018-ci ildə imzalanması ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası sübutetmə ilə bağlı bildirir ki, tərəf (və/vəya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müqavilənin 2018-ci ildə hüquqi cəhəddən savadsız olması səbəbindən imzalaması ilə bağlı cavabdeh tərəfin qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin müqavilədə qeyd edilən malların təhvil verilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, xx.xx.2021-ci il tarixli 405/**********/21 nömrəli “soyuducu avadanlıqların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə xx.xx.2021-ci il tarixli əlavənin 1-ci bəndinə əsasən, “istifadəyə verən” İddiaçı MMC müqavilənin predmentinə uyğun və xüsusiyyətləri qeyd edilən 30 ədəd soyuducunu “istifadəçi” Cavabdeh müqavilə şərtlərinə uyğun təhvil verir, “istifadəçi” isə təhvil alır və müqavilənin şərtlərinə uyğun istifadə edir. Qeyd olunan əlavədə 20 ədəd “Uğur” markalı UDD 500 SCEB nömrəli soyuducu avadanlığın birinin dəyəri 550 manat, 10 ədəd “Uğur” markalı UDD 400 SCEB nömrəli soyuducu avadanlığın birinin dəyəri isə 500 manat müəyyən edilmişdir. Həmin əlavə iddiaçı şirkətin nümayəndəsi və cavabdeh tərəfindən imzalanmışdır. Kollegiya malların verilməsi zamanı təhvil-təslim aktının olmaması ilə bağlıda qeyd edir ki, əşya başqasına verilən zaman mütləq qaydada təhvil-təslim aktı ilə verilməsilə bağlı qanunvericilikdə hər hansı məcburi xarakterli norma yoxdur. Bundan əlavə, iş materiallarından görünür ki, həmin mallar müqaviləyə əlavə ilə cavabdeh tərəfə təhvil verilmişdir. Məhkəmə kollegiyası imzası ilə təsdiq etdiyi müqaviləyə əsasən hər hansı öhdəliyinin olmadığını bildirən cavabdehin davranışına «estoppel» prinsipinin tələbləri baxımından da qiymət verməyi vacib hesab edir. Belə ki, «…vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi (Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 aprel tarixli qərarı). Həmçinin müqaviləyə əlavədən görünür ki, cavabdeh tərəf malları təhvil alması ilə bağlı sənədləri imzalamış və bugünədək həmin imzaları mübahisələndirməmişdir. xx.xx.2021-ci il tarixli 405/**********/21 nömrəli “soyuducu avadanlıqların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əlavədən isə yuxarıda adları sadalanan malların cavabdehə təhvil verilməsi öz təsdiqini tapmışdır. Müqaviləyə əlavədən eyni zamanda görünür ki, müqaviləyə əlavədə də hüquqi şəxsin adı müqavilə bağlanan zaman olan adla eynilik təşkil edir. Belə olan halda kollegiya cavabdeh tərəfin qeyd etdiklərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin müqavilənin əl yazısı ilə yazılması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İş materiallarına əlavə edilmiş müqavilədən və ona əlavədən də görünür ki, müqavilə kompyuterdə tərtib edilmiş, bəzi hissələri isə əl yazısı ilə doldurulmuşdur. Kollegiya bununla bağlı qeyd edir ki, qanunvericilikdə əvəzsiz istifadə müqavilə əl yazısı ilə tərtib edilə bilməz deyə heç bir qadağa yoxdur. Eyni zamanda müqavilədə ancaq tərəflərin rekvzitləri və malların siyahısı olan hissələr əl yazısı ilə yazılmışdır, bu halda təbiidir. Belə ki, şirkətlərdə hazır müqavilə formaları olur və hər hansı müqavilə bağlanan zaman malın qeydiyyatı və digər rekvzitlər hazır müqavilə formalarına əl yazısı ilə əlavə edilir. Bu mal satışı ilə məşğul olan şirkətlərdə yayılmış təcrübədir. Hərbir halda isə müqavilənin əl yazısı ilə yazılmasına heç bir qadağa olmamış və tərəfdə həmin yazıların həqiqiliyini mübahisələndirməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin şirkətin soyuducuları cavabdehə təhvil verdiyi dövr üzrə və ondan sonraki dövrə maliyyə-hesabat sənədlərinin, inventarizasiya və digər sənədlərinin təqdim edilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş Gömrük bəyannamələrindən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2017-ci ildə 96 ədəd, xx.xx.2017-ci ildə 40 ədəd, 25.052017-ci ildə 84 ədəd, xx.xx.2017-ci ildə 90 ədəd “Uğur” markalı UDD 500 SCEB nömrəli soyuducu avadanlıqlar Türkiyədən idxal edilmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, həmin bəyannamələrdən idxal edilən soyuducuların adları cavabdehə verilmiş soyuducuların adları ilə birçoxu eyni olsada, seriya və digər rekvizitləri olmadığından cavabdehə təhvil verilmiş malların eyni mallar olduğunu müəyyən etmək olmur. Lakin, fakt budur ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli 405/**********/21 nömrəli “soyuducu avadanlıqların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə baxlanmışdır. Həmin müqaviləyə əlavəyə əsasən 30 adda soyudu cavabdehə təhvil verilmişdir. Kollegiya cavabdehə təhvil verilmiş malların maliyyə-hesabat, inventarizasiya və ya digər sənədlərlərdə göstərilib-göstərilməməsi ilə bağlı qeyd edir, cavabdehə təhvil verilmiş malların maliyyə sənədlərində göstərilməməsi maliyyə pozuntusu hesab edilə bilər, lakin həmin hal hazırki mübahisənin yox, iddiaçı şirkətlə vergi və ya digər orqanlar arasında mübahisə predmeti ola bilər. Belə olan halda isə, həmin malların hardan və necə əldə edilməsi əhəmiyyətli hal deyildir. Vacib məqam ondan ibarətdir ki, həmin mallar müqaviləyə əsasən cavabdehə təhvil verilmiş, cavbdeh isə hal-hazırda malları geri qaytarmaqdan imtina edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin soyuducular təhvil verildikdən sonra iddiaçı şirkət tərəfindən cavabdehə satmaq üçün məhsul verilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, soyuducular təhvil verildikdən sonra iddiaçı şirkət tərəfindən cavabdehə satmaq üçün məhsul verilməsi iş materialları ilə təsdiq edilmir. Lakin, cavabdehə mal verilib-verilməməsi ona təhvil verilmiş əşyaların geri qaytarılması öhdəliyindən azad edə bilməz. Hər bir halda cavabdeh əşyaları geri qaytarmalı idi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin müddət tətbiq edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, cavabdeh tərəf hazırki mübahisəyə Mülki Məcəllənin 697.4-cü madəsində nəzərdə tutulmuş kəsici müddətin tətbiq edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 697.4cü madəsinə görə, kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Kollegiya qeyd edir ki, həmin norma əmlak kirayəsi ilə bağlı olan münasibətlərə tətbiq edilir. Hazırki işdə olan münasibətlər isə əvəzsiz istifadə müqaviləsindən yaranan münasibətlərdir. Əvəzsiz istifadə müqaviləsinin əmlak kirayə müqaviləsindən ən əsas fərqi tərəflərin öhdəliklərini əvəzsiz icra etmələridir. Belə ki, Mülki Məcəllənin 675-ci maddəsinə görə, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Bununla yanaşı kollegiya eyni zamanda qeyd edir ki, Mülki Məcəllənin 738-ci maddəsinə əsasən, kirayəyə verənin əvəzsiz istifadəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüquqları, habelə kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzinin ödənilməsi hüquqları altı aydan sonra, müddətin keçməsinə görə qüvvədən düşür. Göründüyü kimi, həmin norma cavabdehin əvəzsiz istifadəsinə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi və kirayəçinin çəkdiyi xərclərin tələbi ilə bağlı iddialarda tətbiq edilə bilər. Hazırda isə, iddiaçı tərəf cavabdehə verilmiş əşyanın (əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini yox) geri qaytarılmaması nəticəsində yaranmış borcu tələb edir. Kollegiya bir məqamıda qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilənin 4.1-ci maddəsinə görə, müqavilənin müddətinin bitməsinə 30 (otuz) gün qaldıqda tərəflərin biri digərinə müqavilənin ləğv və ya dəyişikliklərin edilməsinə dair yazılı bildiriş vermədiyi halda, müqavilə əvvəl müəyyən edilmiş müddətə uzadılmış hesab edilir. Hazırki işdən isə hansısa tərəfin müqavilənin ləğv edilməsi və dəyişdirilməsi ilə bağlı bildiriş verməsi müəyyən edilmir. Bundan başqa, İddiaçı MMC tərəfindən Cavabdeh göndərilən xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə verilən dondurucuları geri qaytarılması tələb edilmiş, əks təqdirdə həmin dondurucuların dəyərinin iki mislini cavabdehdən tələb olunacaqı barədə xəbərdarlıq edilmişdir. Həmçinin, Mülki Məcəllənin 736.1-ci maddəsinə görə, kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Həmin Məcəllənin 736.2-ci maddəsində isə qeyd edilmişdir ki, əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər (MM 736.3.). Odur ki, kollegiya şikayətin dəlillərini həmin hissədə də əsassız hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əmək müqaviləsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, hazırda iddiaçı tərəf cavabdehə qarşı əmək münasibətlərindən irəli gələn gələblə bağlı deyil, müqavilə münasibətlərindən yaranmış öhdəliyin yerinə yetirilməməsi ilə bağlı iddia tələbi irəli sürmüşdür. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, 2021-ci ildə tərəflər arasında heç bir əmək münasibəti olmamışdır. Kollegiya eyni zamanda qeyd edir ki, cavabdeh 2021-ci ildə həmin şirkətdə işləməsi ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmiş, elektron sistemindən də cavabdehin həmin dövrdə şirkətdə işləməsi müəyyən edilməmişdir. Odur ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Bundan başqa, müqavilədə ümumiyyətlə soyuducuların üçüncü şəxsə verilməsi nəzərdə tutulmamışdır. Hətta qeyd edilən əşyalar üçüncü şəxslərə paylansa belə (hərçənd həmin hal iş materialları ilə öz təsdiqini tapmır) müqavilə şərtinə görə, əmlakları qaytarmaq cavabdehin üzərinə düşür. Göründüyü kimi, cavabdeh tərəf hər dəfə ayrı-ayrı dəlillər gətirməklə öhdəlikldən yayınmağa və aldığı əşyaları geri qaytarmamağa cəhd etməkdədir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı aralarında bağlanan xx.xx.2021ci il tarixli 405/**********/21 nömrəli müqaviləyə əsasən 30 ədəd soyuducu avadanlığını cavabdehə vermiş, cavabdeh isə müqaviləyə əsasən götürdüyü əşyaları iddiaçıya geri qaytarmaqdan imtina etməklə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə müqavilə şərtlərini pozmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ: Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 20 may 2025- ci il tarixli, e-2-2(117)-249/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.