Məhkəmə qərarları › İş №2-2(107)-138/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-138/2025

14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-138/2025 14.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X9rşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X3 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh - “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X10 nümayəndəsi Nümayəndə3 Əhmədiyyə oğlunun iştirakı ilə, İddiaçı cavabdeh “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X9rşı “müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Tibbi Ərazi Bölmələrinin İdarərtmə Birliyi” X17 cəlb edilməklə borc tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, e-2-2(117)-446/2025 saylı qətnaməsindən cavabdeh “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. Qaz paylayıcısı İddiaçı ilə cavabdeh istehlakçı “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X17 arasında xx.xx.2022-ci il tarixli AMX-0981/22 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmışdır. Müqavilənin predmentinə əsasən qaz paylayıcısı, istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə öz növbəsində aldığı qazın dəyərini qaz sayğacı göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.

2. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, AMX-0981/22 nömrəli müqaviləyə əlavə olaraq imzalanan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iddiaçı və Cavabdehə məxsus tibbi müəssisələrə qazın verilməsi barədə razılıqa gəlmişlər. Həmin müəssisələrin adları protokolda qeyd olunmuşdur.

3. İş materiallarında olan Uşaq xəstəxanasına məxsus xx.xx.2021-ci il tarixli **********00050 nömrəli abonentin saldosunda 382,75 manat, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının qazanxanasına məxsus xx.xx.2023-ci il tarixli **********00300 nömrəli abonentin saldosunda 73017 manat, Qəbələ rayon Mərkəzi Xəstəxanasına məxsus X6 Mərkəzi PHŞ-nə məxsus xx.xx.2019-cu il tarixli **********00121 nömrəli abonentin saldosunda 2957,25 manat məbləğində borcun olduğu öz əksini tapmışdır. Daha sonra cavabdeh tərəfindən ödənişlər edilmiş və Qəbələ rayon Mərkəzi Xəstəxanasının qazanxanasına aid olan xx.xx.2023-ci il tarixli **********00300 nömrəli abonentin saldosunda əks olunan 54598,16 manat borc isə ödənilməmiş qalmışdır.

4. İş materiallarında olan “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə” aktından görünür ki, cavabdehin iddiaçıya aralarında bağlanan qaz təchizatı barədə müqavilədən irəli gələn olan 76323,25 manat borcu qalmışdır. Həmin akt iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır.

5. İş materiallarında olan qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, Azəriqaz İB və Qəbələ rayon Mərkəzi Xəstəxanası PHŞ arasında bağlanmış qaz təchizatı barədə müqavilədən irəli gələn olan 48556,50 manat borcun olması barədə aktı iddiaçı və cavabdeh tərəf imzamışdır.

6. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, cavabdehin iddiaçıya aralarında bağlanan qaz təchizatı barədə müqavilədən irəli gələn qaz sərfiyyatı aktlarda qeyd olunmuşdur. Həmin aktlar iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır.

7. İş materiallarında olan İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

8. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarərtmə Birliyi” X18 “Qəbələ rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 06 mart 2024-cü il tarixli əmrindən görünür ki, yeni tikilmiş “Qəbələ rayon Mərkəzi Xəstəxanası” PHŞ-in binasına mövcud binanın işçilərinin yerləşdiirlməsi və yeni inanın, yardımçı binaların infrastrukturunun təhvil alınması barədə komissiya yaradılmışdır.

9. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarərtmə Birliyi” PHŞ “Qəbələ rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 24 may 2024-cü il tarixli əmrində qeyd edilir ki, “Qəbələ rayon Mərkəzi Xəstəxanasının bütün struktur bölmələri və işçi heyəti xx.xx.2024-cü il tarixdən etibarən yeni ünvanda Qəbələ şəhəri, 28 may küçəsində tikilmiş binada öz fəaliyyətini davam etdirsin.”

10. İş materiallarında olan texniki şərtdən görünür ki, “Qəbələ Mərkəzi Rayon Xəstəxanası” PHŞ-nin qazanxanasının təbii qaz təchizatının təmin olunması üçün cavabdehin müraciəti əsasında İddiaçı İB tərəfindən xx.xx.2014-cü il tarixli 22844 saylı texniki şərt verilmişdir.

11. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2017ci il tarixli, 45/16 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İddiaçı İB-nə müraciət edərək, xx.xx.2014-cü il tarixli 22844 saylı texniki şərtin etibarlılıq müddəti başa çatdığından onun etibarlılıq müddətinin artırılmasına və "xxxx" MMC-yə layihə-smeta sənədlərinin hazırlanmasına göstəriş verilməsini xahiş etmişdir.

12. İş materiallarında olan texniki şərtdən görünür ki, texniki şərtin sorğu blankı əsasında “Qəbələ Mərkəzi Rayon Xəstəxanası” PHŞ-nin qazanxanasının qazlaşdırılması ilə bağlı xx.xx.2017-ci il tarixli 28994 nömrəli yeni texniki şərt verilmiş və tələb oluan qaz sərfiyyatı 437.5 m3/saat təşkil etmişdir.

13. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 28994 nömrəli olunan texniki şərt əsasında 2018-ci ildə "xxxx" MMC tərəfindən Qəbələ Mərkəzi Rayon Xəstəxanası PHŞ-nin qazanxanasının qazlaşdırılmasına dair sifarişçi Səhiyyə Nazirliyi Tikilməkdə olan Müəssisələrin Müdriyyəti olmaqla TŞ-28994-2018-03021 saylı işçi layihə hazırlanmış, işçi layihə İddiaçı İB-nin Layihə-smeta və ekspertiza şöbəsi tərəfindən xx.xx.2018-ci ildə 677 saylı, Azərbaycan Respublikası Energetika Nazirliyi Dövlət Qaz Nəzarəti İdarəsi tərəfindən xx.xx.2018-ci ildə 1494 saylı, FHN X7 Agentliyində xx.xx.2018-ci ildə 06851 saylı nömrə ilə qeydiyyata alınaraq razılıq verilmişdir.

14. İş materiallarında olan “Qəbələ Mərkəzi Rayon Xəstəxanası” PHŞ-nin nümayəndəsinin xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Qəbələ Mərkəzi Rayon Xəstəxanası PHŞ-nin nümayəndəsi obyektə quraşdırılacaq G-250 markalı qaz sayğacının müəssisənin öz vəsaiti hesabına ilkin dövlət yoxlamasından keçirilməsinə və quraşdırılmasına köməklik göstərilməsini xahiş etmişdir.

15. İş materiallarında olan “Azəriqaz İB” tərəfindən Metrologiya Departamentinə ünvanlanan xx.xx.2021-ci il tarixli SOCAR**********31791640X00369 saylı məktubdan görünür ki, sözügedən sayğacın dövlət yoxlamasından keçirilməsi və bununla bağlı digər tədbirlərin görülməsi xahiş edilmişdir.

16. İş materiallarında olan Metroloğiya Departamenti tərəfindən verilən xx.xx.2021-ci il tarixli sayğacın istismara yararlığı haqqında arayışdan görünür ki, Qəbələ Mərkəzi Rayon Xəstəxanası PHŞ tərəfindən alınmış G-250 markalı ********** nömrəli qaz sayğacı Metrologiya Departamentində yoxlamadan keçirilmiş və xx.xx.2021-ci il tarixli sayğacın istismara yararlığı haqqında arayış verilmişdir.

17. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktından görünür ki, G-250 markalı ********** nömrəli qaz sayğacı işçi layihəyə uyğun Qəbələ Mərkəzi Rayon Xəstəxanası PHŞ-yə quraşdırılması həyata keçirilmişdir.

18. İş materiallarında olan Qəbələ Mərkəzi Rayon Xəstəxanası PHŞ-nin qaz xətlərinin tikintisini həyata keçirən "xxxx" MMC-nin, X2 Agentliyinin, FHN Səanyedə işlərin Təhlükəsiz Görülməsi və X8 Agentliyinin, İddiaçı İB-nin, "xxxx" Firmasının xx.xx.2023-cü il tarixli qaz kəmərinin istismara qəbul aktından görünür ki, tərəflər arasında binadaxili qaz kəmərlərinin istismara qəbulu aktları, Tikinti pasportu qəbul və təsdiq edilmişdir.

19. İş materiallrında olan “TƏBİB” PHŞ-nin “Qəbələ Mərkəzi Rayon Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli 18-1-52/3-1-2244/2023 saylı əmrindən görünür ki, Dəstək xidmətləri şöbəsinin İİ Təsnifat bölməsinin qazanxanaçısı X4 qazanxanada təhlükəsizlik qaydalarına əməl olunmasına cavabdeh şəxs təyin edilmişdir.

20. İş materiallrında olan tərəflərin iştirakı ilə tərtib edilən istehlakçının qaz təsərrüfatının inventar aktından görünür ki, müəssisənin qazanxasında istismar ediləcək qaz cihazları qeydiyyata alınmış, toplanmış materiallar əsasında isə Qəbələ Mərkəzi Rayon Xəstəxanası PHŞ-nə xx.xx.2023-cü il tarixli 14-2-1/3-11-6057/2023 saylı məktubla təbii qazın açılışına icazə verilmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

21. İddiaçı (bundan sonra-iddiaçı və ya İddiaçı İB) cavabdeh “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X12 (bundan sonra- cavabdeh və ya “Qəbələ RMX” PHŞ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Qəbələ RMX” PHŞ-dən təbii qazdan istifadəyə görə yaranmış 76655.25 manat məbləğində əsas borcun, 319.97 manat ödənilmiş rüsum xərcləri, ümumilikdə 76975.22 manat borcun (pulun) məcburi qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı İB-nin xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala RQİİ-nin xidməti ərazisi olan Qəbələ rayonunda yerləşən cavabdehin tabeçiliyindəki müəssisələrin inzibati binaları (VÖEN: **********) müvafiq qaydada qazlaşdırılmaqla müvafiq qaz hesabları açılmışdır. Sözügedən müəssisələrə təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə istehlakçı (cavabdeh) arasında sonuncu dəfə xx.xx.2022-ci il tarixli AMX0981/22 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə (bundan sonra - Müqavilə) bağlanılmışdır. “Qəbələ RMX” PHŞ-nin tabeçiliyindəki müəssisələrdə uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri tam ödənilmədiyindən istehlakçının ümumilikdə 76655.25 manat həcmində olmuşdur. Borclunun qaz hesabında tələb olunan borc qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları ilə təsdiqlənmişdir “Qəbələ RMX” PHŞ-yə borcun könüllü ödənilməsi tələbi ilə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsə də, tələb olunan məbləğ tam ödəniş edilməmiş və borc daha da artmışdır. Bundan əlavə, cavabdehə sonuncu dəfə borcun könüllü ödənilməsi üçün onlayn kargüzarlıq vasitəsilə elektron pretenziya qaydasında məktub göndərilsə də, həmin pretenziya rəsmi qəbul edilsə də keçən dövr ərzində tam ödəniş edilməmişdir və ona görə də iddiaçı tərəf hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanılmış Müqavilənin əsas predmeti ondan ibarətdir ki, “paylayıcı” bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, “istehlakçı” isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.3.1-ci bəndinə əsasən “istehlakçı” qaz sayğacının göstəricisinə əsasən hesablanmış və “paylayıcı” tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Həmin müqavilənin 2.3.5-ci bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, hesab “istehlakçı”ya “paylayıcı” tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsilə tam ödənilməlidir.

23. İddiaçı İB xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia həcminin azaldılması barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, keçən müddət ərzində cavabdeh tərəf Qəbələ RMX qazanxanasına münasibətbə qismən, digər tabeçiliyində olan müəssisələrinə münasibətdə tam ödəniş etdiyindən iddia ərizəsində tələb olunan borc məbləği faktiki azalaraq 54598.17 manat təşkil etmişdir və ona görə də iddia tələbi həmin hissədə azaldılmalıdır. Odur ki, cavabdeh Qəbələ Mərkəzi Rayon Xəsətəxanası PHŞ-dan təbii qazdan istifadəyə görə yaranmış 54598.17 məbləğində əsas borcun və əvvəlcədən ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı İB-nin xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia həcminin azaldılması barədə ərizədə göstərilən həcmdə iddia tələbini müdafiə etdiyini bildirmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

25. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, “Qəbələ RMX” PHŞ yeni tikilmiş binaya 1 iyun 2024-cü il tarixində köçmüşdür. Həmin binaya 3 ay sonra köçüblər və aylıq ödənişləri ediblər. Həmçinin qaz sayğacı tikinti aparıldığı müddətdə quraşdırılıb və tikinti şirkəti tərəfindən istifadə olunmuşdur. Borcun onlara heç bir adiyyatı yoxdur. İddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir.

26. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Tibbi Ərazi Bölmələrinin İdarərtmə Birliyi” X10 nümayəndəsi izahatında bildirmişdir ki, tərəflər arasında sayğacla bağlı borc müqaviləsi olmadığına görə iddianı əsassız hesab edir. Qəbələ Rayon Mərkəzi Xəstəxanası yeni tikilmiş binaya köçənə qədər yaranan borcu qarşı tərəfin tələb etməsi əsassızdır. Borcu qəbul etmir və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

27. Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) 23 iyun 2025-ci il tarixli, e-2-2(117)-446/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdeh “Qəbələ RMX” PHŞ-dən təbii qazdan istifadəyə görə yaranmış 54598,17 manat məbləğində borc və ödənilmiş 253,79 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə ödənimiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməsi qət edilmişdir.

28. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış qaz məhsulunun alqı-satqı müqaviləsindən irəli gəlir. İş Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin müvafiq normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqı-satqı müqaviləindən irəli gələn öhdəliyini icra etmiş, yəni cavabdeh hüquqi şəxsi qaz təchizatı ilə təmin etmiş, cavabdeh isə öz növbəsində istehlak etdiyi qazın dəyərinin bir qismini ödəmiş, 54598,17 manat hissəsi isə ödənilməmiş qalmışdır. Mübahisənin bu halı iş materiallarında olan üzləşmə aktı, abonentin saldosu və digər sənədlərlə öz təsdiqini tapmışdır.

29. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddia tələbinə etiraz etsə də, etiraz əsaslarını təsdiq edən sübutları təqdim etməmişdir.

30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.2, 442, 445.2, 448.1, 448.2, 567 və 600.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 119.1, 217.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

31. Qətnаmədən nаrаzı qаlаn cavabdeh “Qəbələ RMX” PHŞ аpellyаsiyа şikаyəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

32. Apellyasiya şikayəti belə əsaslandırlılmışdır ki, iddiaçının və məhkəmənin sübut kimi qəbul etdiyi xx.xx.2022-ci il tarixli, AMX-0981/22 nömrəli “Qaz paylayıcısı ilə senaye qaz qurğusu istifadəçisi arasında qazın “alqı-satqısı” müqaviləsində yenidən tikilən binaya qazın verilməsi barədə razılıq olmamış, lakin məhkəmə müqavilədə tərəflərin iradə ifadəsinin həqiqi mənasını araşdırmamışdır. Hazırkı tərəflər arasında olan xx.xx.2022-ci il tarixli, AMX-0981/22 nömrəli “Qaz paylayıcısı ilə senaye qaz qurğusu istifadəçisi arasında qazın “alqı-satqısı” müqaviləsinə Əlavədən (Protokoldan) görünür ki, Qəbələ Mərkəzi Rayon Xəstəxanası PHŞ təzə tikiləcək binanın tikilməsi zamanı istifadə ediləcək qaz enerjisinə görə hər hansı öhdəlik götürməmişdir. Hazırkı halda məhkəmə xx.xx.2022-ci il tarixli, AMX-0981/22 nömrəli “Qaz paylayıcısı ilə senaye qaz qurğusu istifadəçisi arasında qazın “alqı-satqısı” müqaviləyə istinad etsə də, müqavilənin şərtləri məhkəmə tərəfindən araşdırılmamışdır. Göründüyü kimi İddiaçı ASC Azərbaycanda əhalini qazla təmin edən yeganə müəssisədir və bazarda tək mövqeyə sahibdir. Lakin İddiaçı ASC ilə “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X17 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AMX-0981/22 nömrəli “Qaz paylayıcısı ilə senaye qaz qurğusu istifadəçisi arasında qazın “alqı-satqısı” müqavilədə yeni tikiləcək binanın “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X17 hesabına qazla təmin edilməsi nəzərdə tutulmasa da, məhkəmə müqaviləni əsassız olaraq onların xeyinə istifadə etmişdir. Nəticədə qeyri-bərabər şərtlərlə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim etdiyikləri ərizədə hal-hazırda “Qəbələ RMX” PHŞ-dən təbii qazdan istifadəyə görə tələb edilən borcun binanın tikintisi zamanı yarandığını qeyd etmişlər. Lakin məhkəmə Səhiyyə Nazirliyi ilə hal-hazırda fəaliyyət göstərən binanın tikintisi həyata keçirmiş Podratçı şirkət ilə müqaviləni araşdırmamış, müqaviləni iş materiallarına əlavə etməmişdir. Bundan əlavə Podratçı şirkətə işə üçüncü şəxs kimi cəlb etməmişdir. Nəticədə işin halları əsaslı araşdırılmamışdır. Məhkəmə qətnamədə xx.xx.2022-ci il tarixli, AMX-0981/22 nömrəli “Qaz paylayıcısı ilə senaye qaz qurğusu istifadəçisi arasında qazın “alqı-satqısı” müqaviləsinə istinad etsə də, 01 iyun 2024-cü il tarixdən istifadə verilmiş Xəstəxanın yeni binasının tikintisi zamanı istifadə olunan qaz enerjisinə görə Qəbələ Mərkəzi Rayon Xəstəxanası PHŞ-nin öhdəlik götürməsini sübuta yetirə bilməmişdir. Məhkəmə qətnamədə göstərmişdir ki “iddiaçı və Cavabdehə məxsus tibbi müəssisələrə qazın verilməsi barədə razılığa gəlmişlər. Həmin müəssisələrin adları protokolda qeyd olunmuşdur.” Lakin protokolda yeni tikiləcək binanın da qazla təmin edilməsi öhdəliyi nəzərdə tutulmamışdır. Nəticədə məhkəmə hazırkı mübahisəni sübut edə bilməmiş, bu səbəbdən ümumi sözlərdən istifadə etmişdir. Bundan başqa qətnamədə göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli, AMX-0981/22 nömrəli “Qaz paylayıcısı ilə senaye qaz qurğusu istifadəçisi arasında qazın “alqı-satqısı” müqaviləsinə əsasən borc onlardan tutulmalıdır. Lakin iş materiallarında olan xx.xx.2022-ci il tarixli, AMX0981/22 nömrəli “Qaz paylayıcısı ilə senaye qaz qurğusu istifadəçisi arasında qazın “alqı-satqısı” müqaviləsinə Əlavədən (Protokoldan) görünür ki, İddiaçı İB1. Uşaq Xəstəxanası 2. Qəbələ rayon Mərkəzi Xəstəxanası. 3. 200 X19 xəstəxana 4. X6 X1 təmin etməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi həmin müqavilədə Yeni tikilənxəstəxananın qazla təmin edilməsi öhdəliyi nəzərdə tutulmamışdır. Bu isə işin hallarına uyğun deyildir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, e-2-2(117)-446/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

34. Məhkəmə kollegiyasının iclasında cavabdeh “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X10 nümayəndəsi Nümayəndə3 Əhmədiyyə oğlu apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

35. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini Şəki Kommersiya Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, e-2-2(117)-446/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

36. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Tibbi Ərazi Bölmələrinin İdarərtmə Birliyi” X10 nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

37. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

39. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

40. İş üzrə cavabdeh tərəf birinci instansiya instansiyası qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəllə:

41. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

42. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

43. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

44. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

45. Maddə 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

46. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

47. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

48. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması - 1. Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. - 2. Qazın istehsalını, alınmasını və topdansatış təchizatını etibarlı və müvafiq qiymətlərlə təşkil və təmin etmək məqsədilə qaz paylayıcılarına assosiasiya və müəssisələrlə birləşməyə icazə verilir. Bu Qanunun 12-ci maddəsinin 6-cı hissəsi eyni qaydada müvafiq sazişlərə tətbiq edilir. - 2-1. İstehlakçıya sаtılаn qаzın kеyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət stаndаrtlаrının tələblərinə uyğun оlmаlıdır. Dövlət stаndаrtlаrının tələblərinin pоzulmаsı qаnunlа müəyyən еdilmiş məsuliyyətə səbəb оlur. Qаzın kеyfiyyət göstəriciləri nəzаrət оrqаnı tərəfindən lаbоrаtоriyа şərаitində və yа хüsusi tехniki vаsitələrlə yохlаnılmаlı və nəticələri bаrədə istеhlаkçılаrа və qаz pаylаyıcısınа məlumаt verilməlidir. Yoxlama nəticəsində qаzın kеyfiyyət göstəriciləri dövlət stаndаrtlаrının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin həyаtа kеçirilməsi tələb еdilməlidir. (...) - 8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. (...).

49. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: - 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. - 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

50. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

51. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.

52. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.

53. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.

55. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

56. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya аpellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

57. Maddə 372.7. Apellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

58. Maddə 384.0.1. Apellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər.

59. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

61. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

62. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

63. Müəyyən edilmişdir ki, “Qəbələ RMX” PHŞ-nin qazanxanasının təbii qaz təchizatının təmin olunması üçün cavabdehin müraciəti əsasında İddiaçı İB tərəfindən xx.xx.2014-cü il tarixli 22844 saylı texniki şərt verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xx.xx.2017-ci il tarixli 45/16 nömrəli məktubla İddiaçı İB-nə müraciət edərək, xx.xx.2014-cü il tarixli 22844 saylı texniki şərtin etibarlılıq müddəti başa çatdığından onun etibarlılıq müddətinin artırılmasına və "xxxx" MMC-yə layihə-smeta sənədlərinin hazırlanmasına göstəriş verilməsini xahiş etmişdir. Bundan sonra texniki şərtin sorğu blankı əsasında “Qəbələ RMX” PHŞ-nin qazanxanasının qazlaşdırılması ilə bağlı xx.xx.2017-ci il tarixli 28994 nömrəli yeni texniki şərt verilmiş və tələb oluan qaz sərfiyyatı 437.5 m3/saat təşkil etmişdir. Texniki şərt əsasında 2018-ci ildə "xxxx" MMC tərəfindən “Qəbələ RMX” PHŞ-nin qazanxanasının qazlaşdırılmasına dair sifarişçi Səhiyyə Nazirliyi Tikilməkdə olan Müəssisələrin Müdriyyəti olmaqla TŞ-28994-2018-03021 saylı işçi layihə hazırlanmış, işçi layihə İddiaçı İB-nin Layihə-smeta və ekspertiza şöbəsi tərəfindən xx.xx.2018-ci ildə 677 saylı, Azərbaycan Respublikası Energetika Nazirliyi Dövlət Qaz Nəzarəti İdarəsi tərəfindən xx.xx.2018-ci ildə 1494 saylı, Fövqəadə Hallar Nazirliyinin X7 Agentliyində xx.xx.2018-ci ildə 06851 saylı nömrə ilə qeydiyyata alınaraq razılıq verilmişdir. “Qəbələ RMX” PHŞ nümayəndəsi xx.xx.2021-ci il tarixli ərizə ilə müraciətə edərək obyektə quraşdırılacaq G-250 markalı qaz sayğacının müəssisənin öz vəsaiti hesabına ilkin dövlət yoxlamasından keçirilməsinə və quraşdırılmasına köməklik göstərilməsini xahiş etmişdir. Bundan sonra Metrologiya Departamentinə müraciətlə bağlı xx.xx.2021-ci il tarixliSOCAR**********31791640X00369 saylı məktub ünvanlanaraq sözügedən sayğacın dövlət yoxlamasından keçirilməsi və bununla bağlı digər tədbirlərin görülməsi xahiş edilmişdir. “Qəbələ RMX” PHŞ tərəfindən alınmış G-250 markalı ********** nömrəli qaz sayğacı Metroloğiya Departamentində yoxlamadan keçirilmiş və xx.xx.2021-ci il tarixli sayğacın istismara yararlığı haqqında arayış verilmişdir. Bundan sonra, xx.xx.2021-ci il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilərək G-250 markalı ********** nömrəli qaz sayğacının işçi layihəyə uyğun quraşdırılması təmin edilmişdir. Bundan əlavə “Qəbələ RMX” PHŞ-nin qaz xətlərinin tikintisini həyata keçirən "xxxx" MMC-nin, X2 Agentliyinin, Fövqəadə Hallar Nazirliyinin Səanyedə işlərin Təhlükəsiz Görülməsi və X8 Agentliyinin, İddiaçı İB-nin, "xxxx" Firmasının xx.xx.2023-cü il tarixli qaz kəmərinin istismara qəbul aktı, binadaxili qaz kəmərlərinin istismara qəbulu aktları, Tikinti pasportu qəbul və təsdiq edilmişdir. Eyni zamanda TƏBİB PHŞ-nin “Qəbələ RMX” PHŞ-nin xx.xx.2023-cü il tarixli 18-1-52/3-1- 2244/2023 saylı əmri ilə Dəstək xidmətləri şöbəsinin İİ Təsnifat bölməsinin qazanxanaçısı X4 qazanxanada təhlükəsizlik qaydalarına əməl olunmasına cavabdeh şəxs təyin edilmişdir. Həmçinin tərəflərin iştirakı ilə istehlakçının qaz təsərrüfatının intentar aktı tərtib edilərək müəssisənin qazanxanasında istismar ediləcək qaz cihazları qeydiyyata alınmışdır.Toplanmış materiallar əsasında isə “Qəbələ RMX” PHŞ-yə xx.xx.2023-cü il tarixli 14-2-1/3-11-6057/2023 saylı məktubla təbii qazın açılışına icazə verilmişdir.

64. Beləliklə də, hazırkı cavabdeh “Qəbələ RMX” PHŞ-nin qazanxanasında xx.xx.2023-cü il tarixdən təbii qazdan istifadə edilmiş və onun dəyəri qismən ödənildiyindən hazırda iddia tələbini təşkil edən 54598.17 manat borc yaranmışdır.

65. Göründüyü kimi, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış qaz məhsulunun alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni cavabdeh hüquqi şəxsi qaz təchizatı ilə təmin etmiş, cavabdeh isə öz növbəsində istehlak etdiyi qazın dəyərinin bir qismini ödəmiş, 54598,17 manat hissəsi isə ödənilməmiş qalmışdır. Bu hal iş materiallarında olan üzləşmə aktı, abonentin saldosu və digər sənədlərlə öz təsdiqini tapmışdır.

66. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi qətnamədə göstərmişdir ki, cavabdeh iddia tələbinə etiraz etsə də, etiraz əsaslarını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən edilən etirazın halları sübuta yetirilmədiyindən əsassızdır.

67. Bu səbəbdən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia əsaslıdır və xx.xx.2022-ci il tarixli, AMX-0981/22 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasına qazın alqı-satqısı” müqaviləsinə əsasən 54598,17 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

68. Məhkəmə kollegiyası qanunvericiliyin tələbinə əsasən hesab edir ki, iddiaçı o borcu qarşı tərəfdən tələb edə bilər ki, həmin borcu ödəmək vəzifəsi qanuna, müqaviləyə əsasən qarşı tərəfin mübahisəsiz öhdəliyinə əsaslanmış olsun.

69. Azərbaycan Respubliaksı Konstitusiya Məhkəməsi bir çox qərarlarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquq münasibətlərinin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesinin səmərəsizliyini yaradır. Məhkəmə təcrübəsində iddia vermək hüququndan suiistifadə halları qanunvericiliyin tələblərindən yayınmağa xidmət edir. Hal-hazırkı mübahisə üzrə tərəflər iddia vermək hüququndan istifadə edərək eyni vaxtda fərqli məhkəmə icraatı prosesində fərqli nəticələr əldə etmişlər. Məhkəmə təcrübəsində bu cür hallar hüquqi müəyyənlik prinsipinə xələl gətirərək sonda məhkəmə aktlarının icrasını mümkünsüz edir.

70. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi borc sayğac göstəricisinə, yəni istifadə edilmiş qaz sərfiyyatına görə yaranmış borc məbləğidir. Bu fakt təqdim olunmuş abonentin saldosu ilə öz təsdiqini tapır. Eyni zamanda abonentin cavabdeh olduğu, həmin borcun da cavabdehə təhkim olunmuş qaz sayğacına görə hesablandığı, həmin qaz sayğacının da tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AMX-0981/22 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqaviləyə əsasən cavabdehə məxsus qazanxanaya quraşdırıldığı öz təsdiqini tapır.

71. Bu baxımdan kollegiya hesab edir ki, istehlakçı (indiki halda cavabdeh) sayğac göstəricilərinə uyğun olaraq istifadə etdiyi qaza görə hesablanmış məbləği ödəməyə borcludur.

72. Məhkəmə kollegiyası tərəflərin tərtib etdikləri “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə” aktlarına da münasibət bildirərək qeyd edir ki, tərəflər sərbəst şəkildə həmin aktları imzalayaraq öz iradə ifadəsini bəyan etmişlər. Bu faktın mövcudluğu isə cavabdehi həmin aktlara əsasən qaz sərfiyyatına görə yaranmış debitor borcunu ödəmək vəzifəsindən (öhdəliyindən) azad etmir. Cavabdehin bu öhdəliyi isə tərəflər arasında bağlanmış qazın alqı-satqısına dair müqavilədən irəli gəlir.

73. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

74. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

75. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

76. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

77. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, e-2- 2(117)-446/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

78. Apellyasiya şikayəti təmin edilmədiyinə görə, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, e-2-2(117)- 446/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar