Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-14/2022 10.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu, Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, iddiaçı “X6” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X6” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “NDQ 009718 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 19066,32 manat elektrik enerjisi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, e-2-2(117)-729/2021 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Mübaris Hüseynov) 28 oktyabr 2021-ci il tarixli, e-2-2(117)-729/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC tərəfindən 03.06.2021-ci il tarixli NDQ 009718 nömrəli akt əsasında itirilmiş elektrik enerjisinin sərfiyyatı kimi hesablanmış 19066,32 manat borcun iddiaçı “X6” ASCnin hesabından silinməsi, iddianın qalan hissədə rədd edilməsi, cavabdeh "xxxx" ASC-dən 30 manat dövlət rüsumunun tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları 03.06.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları və istehlakçının nümayəndəsinin iştirakı ilə Şəki şəhəri, Şəki-Oğuz yolu şossesi 2 ünvanında yerləşən iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hər gün 17:35-dən 17:45-ə və 08:13-dən 08:22-yə qədər sayğac sistemində yüklər demək olar sıfır olur. 6 kv-luq PQ-də “A” və “C” fazalarda araşdırılmış cərəyan transformatorlarının İİ tərəf sayğac dövrəsini qidalandıran sıxaclarda və vintlərdə müdaxilə izləri vardır. Aktla razılaşmayan iddiaçı hazırkı iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edərək 19066,32 manat məbləğində pulun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırılmışdır ki, müəssisə iki mənbədən elektrik enerjisi təchzatı həyata keçirilir, hər mənbədə sayğac vardır və hər iki sayğac üzrə işlətdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəmişdir. Lakin cavabdehin nümayəndələri tərəfindən onun məlumatı olmadan barəsində 03.06.2021-ci il tarixdə akt tərtib edilmişdir. Aktın tərtib edilməsində heç bir əsas yoxdur, bu səbəbdən akt əsasında hesablanmış borcun silinməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında iddia tələbini müdafiə etdi. Cavabdeh iddia tələbinə etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən sayğaclara vaxtaşırı müdaxilə olunmuş və enerji sərfiyyatı sayğacda qeyd edilməmiş, enerji itkisi baş vermiş, sayğac şəbəkədən ayrıldığından sayğacın göstəricisi bu sərfiyyatı müəyyən hissədə qeydə ala bilməmişdir. Odur ki, iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, iddiaçıya xidmət edən sayğacın yaddaşına daxil olarkən həmin sayğacdan keçən elektrik enerjisinin qeyd edilmədiyi hallar aşkar edilmiş, həmin cərəyan transfarmatoruna müdaxilə edildiyi, sayğaca daxil olan xətlərin ayrıldığını və elektrik enerjisinin birbaşa verildiyi müəyyən edilmiş, həmin naqillərin parlaq olması və üzərində cızıqların olması, tozlu olmaması və həmin ərazidə ayaq izlərinin olması buna əsas verir. Bundan əlavə cərəyan transfarmatorunun həmin hissədə qapısına plomb vurulduğu, plombun açılmadığı, arxa hissədən həmin əraziyə daxil olduqlarını bildirmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Akt, abunə haqqında məlumat və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə Şəki Kommersiya Məhkəməsinin (hakim Mübaris Hüseynov) 28 oktyabr 2021-ci il tarixli, e-2-2(117)-729/2021 nömrəli nömrəli qətnaməsi çıxarılmışdır. Qətnamədən iş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki Kommersiya Məhkəməsi iddia tələbinin qismən təmin olunmasına dair iş üzrə 28.10.2021 -ci il tarixli, e-2-2(117)-729/2021 saylı qətnamə çıxarmışdır. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, Şəki Kommersiya Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması hallarına yol verildiyindən 28.10.2021-ci il tarixli qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə iddia tələbinin qismən təmin edilməsinin əsası kimi göstərmişdir ki, cavabdehin əməkdaşları tərəfindən 03.06.2021-ci il tarixdə iddiaçının sahibkarlıqla məşğul olduğu qeyri- yaşayış sahəsində elektrik enerjisinin uçotu ilə bağlı yoxlama aparılmış lakin bu yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterinin forması və aparılması qaydası haqqında Əsasnamə” ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aprılan yoxlamaların vahid məlumat Reyesterində qeydiyyata alınmamış yoxlamanın aparılması haqqında hər hansı bir qərar mövcud olmamışdır. Qeyd etməyi zəruri hesab edirik ki, tərtib edilmiş (mübahisələndirilən) akt satılan elektrik enerjisinin istehlakçısı olan iddiaçı ilə bağlanmış və ya bağlanmalı olan müqavilədən irəli gəlmişdir ki, belə bir alqı-satqı müqaviləsinə əsasən malın (elektrik enerjisinin) satıcısı alıcının aldığı malın (istifadə etdiyi elektrik enerjisinin) dəyərinin tam ödənildiyindən əmin olmalıdır, bu halı araşdırmaq hüququna malik olmalıdır, və nəticədə əgər satılmış malın (elektrik enerjisinin) dəyəri tam ödənilməzsə, həmin (əlavə) sərfiyyatı hesablayıb alıcıdan tələb etməlidir. Eyni, zamanda bu müqaviləyə uyğun olaraq alıcı satıcıdan keyfiyyətli malın (elektrik enerjisinin) ona satılmasından əmin olmalı, bunu tələb etmək hüququna malik olmalı və aldığı malın (elektrik enerjisinin) dəyərini vaxtlı-vaxtında ödəməlidir. Bundan əlavə bildirmək istəyirik ki, eyni tərkibli başqa bir işlə bağlı "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Energetika Nazirliyinə müraciətlər olunmuşdur. Bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən rəy verilmişdir ki, sahibkarlıq sahəsində aprılan yoxlamaların vahid məlumat reyesterində qeydiyyata alınması barədə çıxarış sahibkara təqdim edilmədən sayğacın göstərişinin yazılması, sayğaca baxış keçirilməsi, nasazdısa təmir edilməsi, sayğacın sökülərək götürülməsi məqsədəuyğundur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. Həmçinin aktı tərtib edən əməkdaş məhkəmədə sahid qismində çıxış etmiş və məhkəmə prosesi zamanı akta qeyd olunanlar tam şəkildə sübut olunmuşdur. Məhkəmə iddia tələbinin qismən təmin edilməsinin digər bir əsası kimi göstrəmişdir ki, yaranmış qüsur iddiaçının təqsiri üzündən baş verməmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, sayğac uçot dəsdi qeyri yaşayış sahəsinin içərisində yerləşir və kənar şəxslərin ona müdaxilə etməsi qeyri mümkündür. Həmçinin uçot cihazlarının harada yerləşməsindən asılı olmayaraq abonentə təhvil verildikdən sonra ona cavabdehliyi abonent özü daşıyır. “EEİQ”-nın 7.7 bəndində göstərilir ki, 7.4-cü, 7.5-ci və 7.6 cı (məişət abonenti istisna olamaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun mülkiyyətçisinin üzərinə düşür. Məhkəmə hesablanmış 19066.32 manat borcun “X8” ASCnin hesabından silinməsini qət etmişdir. İlk öncə onu qeyd etmək istəyirik ki, iddiaçı aktla razılaşmış və akt əsasında hesablanmış 19066.32 manatı "xxxx" ASC-nin hesabına ödəmişdir. Digər tərəfdən məhkəməyə iddiaçının sonuncu 21.08.2015-22.09.2021 -ci illəri əhatə edən “abunə haqqında” məlumat cədvəli təqdim edilmiş və orada iddiaçının 3521,56 manat borcunun olduğu öz əksini tapmışdır. Göründüyü kimi iddiaçı 19066.32 manat borcun 15544.76 manatını cavabdehin hesabına ödəmiş və hala-hazırda 3521,56 manat borcu qalmışdır. Bu səbəbdən də mövcud olmayan 19066.32 manat borcun hansı formada silinəcəyi qeyri-müəyəndir. Qeyd olunanlar onu göstərir ki, iddia düzgün qaldırılmamış və qətnamə düzgün qəbul edilməmişdir. Ona görə də iddiaçı “X8” ASC-nin cavabdeh "xxxx" ASC-nə qarşı “yoxlmanın nəticələrinin ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsinə dair” iddia tələbi üzrə Şəki Kommersiya Məhkəməsinin 28.10.2021-ci il tarixli, e-2-2(117)-729/2021 saylı qətnaməsinin ləğv olunması, apellyasiya şikayətinin təmin olunması və iddia tələbinin tamamilə rədd olunması barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “X6” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini Şəki Kommersiya Məhkəməsinin 28.10.2021-ci il tarixli, e-2-2(117)-729/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının 13 yanvar 2022-ci il tarixli məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 izahat verərək Şəki Kommersiya Məhkəməsinin 28.10.2021-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının 13 yanvar 2022-ci il tarixli məhkəmə iclasında şahid X3 birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat verdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" ASC-nin nümayəndəsi hazırkı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Qeyd edilən qanunvericiliyin tələbinə görə cavabdehin apardığı yoxlama və ya baxış işıq sayğacına olan aylıq baxış olmamaqla müvafiq qanunvericiliyin təsir dairəsinə düşür və həmin orqanının hərəkətlərinin qanuniliyi qeyd edilən normalara uyğun fəaliyyət nəticəsində mümkün ola bilər. Qeyd edilən baxış keçirilən cərəyan transfarmatorunun yerləşdiyi ərazi iddiaçının inzibati ərazisinə aid olmasını tərəflər etiraf etmişlər. Ona görə də cavabdeh müəssisənin iddiaçının yerləşdiyi əraziyə daxil olub baxış keçirərkən mütləq yoxlamalar reyestrində qeydiyyata alınmalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra mətndə Qaydalar): 7.18. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 7.19. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Əslində qeyd edilən halın ortada olması cavabdehin hazırkı mübahisələndirilən məbləğin iddiaçının hesabına yazılması ilə bağlı fəaliyyətinin qanunsuzluğunu təsdiq edir. Həmin yoxlama qanunvericiliyin tələbləri pozulmaqla və reyestrdə qeydiyyat aparılmadan keçirilmişdir. Məhkəmə kollegiyası işin mahiyyəti ilə tərəflər üçün aydın olması üçün qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barədə akt tərtib edilərkən “Elektrik enerjisindən İstifadə Qaydalarının” pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntunun istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş işıq sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş elektrik enerjisindən dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Qaydaların: 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihaz-larından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Hazırkı mübahisənin mövzusu cərimənin hesablanması qaydası deyil, sayğacda mövcud olan qüsurlarla bağlı iddiaçının təqsirinin olub-olmamasıdır ki, hazırkı vəziyyətdə də iddiaçının təqsiri sübut olunmur. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən Şəki şəhəri, Şəki-Oğuz yolu şossesi 2 ünvanında yerləşən iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsində quraşdırılmış uçot dəstində yoxlama aparılmış, yoxlama zamanı sayğaclara müdaxilələr müəyyən edilərək, bununla bağlı 009718 nömrəli akt tərtib edilmişdir. Müəyyən edilmişdir ki, iddiaçı iki mənbədən elektrik enerji təchizatı həyata keçirilir (şəhər xətti və sənaye xətti). Tərəflər bunu etiraf edirlər. Belə ki, iddiaçıya iki sayğac vasitəsilə elektrik enerjisi ötürülür. Onların biri **********50 abonenet kodu altında olan **********M13048823 nömrəli sayğac, digəri isə **********9 nömrəli abonent kodu altında **********1M6013993 nömrəli sayğacdır. Günün müəyyən saatlarında (səhər və axşam) şəhər xəttində gərginlik az olduğundan tam elektrik enerjisi həyata keçirilə bilmədiyindən sənaye xəttinə qoşulma edilir. Bu isə xəsmi elektrik enerji təminatı mənbəyi olduğundan belə qoşulma qeyri-qanuni deyildir. Hazırkı akt isə **********9 nömrəli abonent kodu üzrə olan 6 kv-luq enerji xətti üzrə tərtib edilmişdir. Bundan əlavə, cavabdehin nümayəndəsi və məhkəmə iclasında cavabdeh tərəfindən şahid qismində dindirilmiş şəxs də etiraf etmişdir ki, cərəyan transfarmatoruna baxış (qapı) hissəsi plomblanıb və həmin plomb pozulmamışdır. Qeyd edilən transfarmatorun arxa hissəsindən daxil olmaqla açılma baş verdiyi qeyd edilir. Məhkəmə bu halla da razılaşmır, çünki qeyd edilən akt tərtib edilərkən ən azı iki bitərəf hal şahidi iştirak etməli və keçən elektrik enerjisinin həqiqətən sayğacda qeyd edilməməsi faktı təsdiq edilməlidir. Hər iki tərəf etiraf edir ki, bir elektrik xətt mənbəyindən digərinə qoşulma zamanı açılmanın olması mütləqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə görə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Həmin Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmin aktlar isə sayğaca müdaxilənin məhz iddiaçı tərəfindən edildiyini təsdiq etmir. Bundan əlavə iddiaçının tələbinin aktın ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən akt öhdəlik yaradan və hansısa məsuliyyət müəyyən edən sənəd olmadığından, yalnız hər hansı faktn baş verməsi ilə bağlı sənəd olduğundan bu tələbin təmin edilməsinin hər hansı bir hüquqi nəticəsi olmayacaqdır. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir. MPM-nin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-nin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, e-2-2(117)-729/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, e-2-2(117)- 729/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(107)-14/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-14/2022
10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver