Məhkəmə qərarları › İş №2-2(107)-14/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-14/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-14/2023 07.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: borcun tutulması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; İddiaçı MMC-nin cаvаbdeh Cavabdehnа qаrşı «2531,32 mаnаt borcun və ilkin mediаsiyа sessiyаsındа iştirаklа bаğlı ödənilən 60 mаnаt məbləğində pulun (45,31 mаnаtın dövlət rüsumunа аid etməklə) cаvаbdehdən tutulаrаq ödənilməsi» tələbinə dаir iş üzrə Şəki Kommersiyа Məhkəməsinin 23 noyаbr 2022-ci il tаrixli, e-2-2(117)-1649/2022 saylı qətnaməsindən İddiaçı MMC-nin tərəfindən verilmiş apellyasiya şikayətinə yаzılı icrааt qаydаsındа baxılmışdır. I.İşin halları

1. İş materiallarında olan “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 1 il müddətinə bağlanmış xx.xx.2018-ci il tarixli 82 və 82/1 nömrəli alqı-satqı müqavilələrinə əsasən fermer Cavabdeh ona məxsus Ağdaş rayonu Ərəb kəndində yerləşən 5 ha və 17 ha olmaqla ümumilikdə 22 ha torpaq sahəsində pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X1” MMC-yə satmağı, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərti ilə istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür.

2. Həmin Müqavilələrin 6.2-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 il müddətinə qüvvədədir.

3. Həmin Müqavilənin 2.4-cü bəndinin “c” yarımbəndinə əsasən, pambıq Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixindən gec olmamaq şərti ilə son məhsulunu yığıb “X1” MMC-yə təhvil verməlidir.

4. Həmin Müqavilələrin 2.4-cü bəndinin “e” yarımbəndinə əsasən Cavabdeh MMCdən aldığı borcu tam həcmdə 1 dekabr 2018-ci il tarixədək ödəyir.

5. İddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 5163,98 manat dəyərində mal verilmiş, işlər görülmüş və xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş və nəticədə 2513,32 manat ödənilməmiş borcu qalmışdır. Borcun olması iş və xidmətlərin görülməsi barədə akt və ödəniş qəbzləri ilə öz təsdiqini tapır.

6. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 2513,32 manat borcu qalmışdır.

7. İş materiallarına əlavə olunmuş maliyyə arayışından da görünür ki, cavabdeh tərəfindən 2560,66 manat məbləğində xam-pambıq təhvil verilmiş, 2513,32 manat ödənilməmiş borcu qalmışdır.

8. İş materiallarında olan Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC hüquqi şəxs olaraq xx.xx.2018-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmış, digər kənd təsərrüfatı müəsissələrinin, həmçinin “X1” MMC-nin qoşularaq yenidən təşkil edilməsi nəticəsində yaranmışdır.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı MMC cаvаbdeh Cavabdehnа qаrşı «2531,32 mаnаt borcun və ilkin mediаsiyа sessiyаsındа iştirаklа bаğlı ödənilən 60 mаnаt məbləğində pulun (45,31 mаnаtın dövlət rüsumunа аid etməklə) cаvаbdehdən tutulаrаq ödənilməsi» barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini qətnamənin §§ 1-8-də göstərilənlərlə əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 2560,66 manat məbləğində xam pambıq təhvil vermiş, bununla iddiaçıya 2513,32 manat borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, ödəmə tapşırıqları və üzləşmə aktı ilə təsdiq olunur. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzrsüz səbəblərdən yayınmşdır. Qeyd olunanlara əsasən iddianı təmin edilməsini xahiş etmişdir.

11. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, hazırki iddia üzrə 3 illik iddia müddəti ötürülmüşdür. Belə ki, müqavilə 1 il müddətinə bağlanmış və xx.xx.2019-cu il tarixdə müddəti bitmişdir. Həmin tarixdən isə 3 ildən çox müddət ötmüşdür. Odur ki, iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir.

12. Şəki Kommersiyа Məhkəməsinin (hakim Rüfət Məcidov) 23 noyabr 2023-cü il tаrixli, e-2-2(117)-1649/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 5163,98 manat dəyərində mal verilmiş, işlər görülmüş və xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş və nəticədə 2513,32 manat ödənilməmiş borcu qalmışdır. Borcun olması iş və xidmətlərin görülməsi barədə akt və ödəniş qəbzləri ilə öz təsdiqini tapır.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmənin yalnız pozulmuş hüquqları və qanuni maraqları qorumaq vəzifəsi olduğundan, iddiaçının tələbi tərəflər arasında bağlanmış müqavilə münasibətinə əsaslansa da, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim etdiyindən və hazırki iş üzrə iddia müddəti ötürüldüyündən iddia tələbi rədd edilməlidir.

16. İddiaçı həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Sübutlar məhkəmələrə təqdim olunmuşdur. Həmin sübutlara: iş və xidmətlərin görülməsi barədə akt, maliyyə arayışı, cavabdehin etirazı, ödəniş qəbzləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

18. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol verməklə, tərəflər arasında bağlanmış müqavilənin podrat müqaviləsi olması barədə qənaəti podrat müqaviləsinin anlayışı, predmeti, məzmunu, tərəfləri və bu müqavilənin tənzimlədiyi münasibətləri baxımından yanlış olmaqla, əsaslandırmamış,iddia müddətinin 1 illlik və müqavilədən irəli gələn tələb olaraq 3 illik iddia müddətinin tətbiq edilməsi baxımından mövqeyi isə əsassız olmuşdur. Məhkəmə müqavilənin əsasını təşkil edən öhdəlik münasibətlərinin tənzimlədiyi və həmin münasibətlərə əsaslanaraq tətbiq etməli olduğu maddi hüququn tətbiqində səhvə yol vermiş və qanunsuz qətnamə qəbul etmişdir. Müqavilənin predmetini xam pambığın alqısatqısı təşkil etmişdir ki, həmin müqavilə üzrə yaranan borc cavabdeh tərəfindən ödənilmədiyindən borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət edilmişdir. Eyni zamanda məhkəmə kollegiyasının diqqətinə çatdırılır ki, bağlanmış alqı-satqı müqaviləsində cavabdeh müqavilə müddəti bitdikdən sonra borcu yaranacağı təqdirdə öz üzərinə öhdəlik götürmüşdür ki, maliyyə öhdəlikləri ilə bağlı müddəalar həmin öhdəliklər tam icra edilənədək qüvvədə qalır. Həmin öhdəlik boclu tərəfindən mübahisələndirilməmiş, müqavilənin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırılmamışdır. Bununla bağlı cavabdehin üzərinə götürmüş olduğu öhdəlik qüvvədə olmaqla, icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üzrə faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və bilməli olduğu gündən başlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında formalaşmış hüquqi mövqeyinə görə iddia müddəti hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi ilə bağlı olan müddətdirsə, şərh olunan maddədə tələb üçün müəyyən edilmiş müddət, öhdəlik üzrə tələb hüququnun qüvvədə olduğu müddətdir ki, bu da öhdəliyin özünün mövcud olduğu müddət deməkdir. Bu baxımdan hesab edirik ki, tərəflər arasında öhdəlik münasibətləri üzrə tələb hüquqları icra müddətinin başlandığı vaxtdan davam etməklə buraxılmamışdır. Göstərilənlərə əsasən, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1649/2022 saylı xx.xx.2022 tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətıtamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

20. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 394-1.3-cü mаddəsinə əsаsən işə yаzılı icrааt qаydаsındа, yəni məhkəmə iclаsı keçirilmədən və tərəflər izаhаtlаrı dinlənilmək üçün çаğırılmаdаn, tərəflərin təqdim etdiyi iş mаteriаllаrındа olаn sənədlər əsаsındа bаxmışdır.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi

23. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

24. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.

27. Maddə 442. Öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür.

28. Maddə 445.2.1 Öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır.

29. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir.

30. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

31. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

32. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

33. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

34. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

35. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

36. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

37. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

38. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

39. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

40. Maddə 776.1. (podrat müqaviləsi üzrə iddia müddəti) Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

41. Maddə 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

42. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

48. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir.

49. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər.

50. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

51. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

52. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

53. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

54. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2-2(117)-1649/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında podrat, xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır.

57. "X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 82 və 82/1 nömrəli alqı-satqı müqaviləsinə əsasən fermer Cavabdeh ona məxsus Ağdaş rayonu Ərəb kəndində yerləşən 5 ha. və 17 ha. olmaqla ümumilikdə 22 ha torpaq sahəsində pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə "X1” MMC-yə satmağı, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərti ilə istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür.

58. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 5163,98 manat məbləğində vəsaiti avans olaraq götürmüş, lakin, müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, ümumi dəyəri 2650,66 manat olan xam-pambığı təhvil vermiş, bununla iddiaçıya 2513,32 manat məbləğində borcu qalmışdır.

59. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi, xam pambıq təhvil verməsi və qalan borcu aktlar və onlara əlavə edilmiş siyahılar, habelə maliyyə arayışı ilə öz təsdiqini tapır.

60. İş materiallarına əlavə olunmuş maliyyə arayışından da görünür ki, cavabdeh tərəfindən 2560,66 manat məbləğində xam-pambıq təhvil verilmiş, 2513,32 manat ödənilməmiş borcu qalmışdır.

61. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də cavabdeh öhdəliyini lazımınca yerinə yetirməmiş və onun iddiaçıya 2513,32 manat ödənilməmiş borcu qalmışdır. Göründüyü kimi iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmuşdur.

62. Lakin, cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən və iddiaçı qanunvericiliyin tələbinə görə birinci instansiya məhkəməsi hazırkı iddaya idiia müddətini tətbiq etmişdir.

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. Qərarlar).

64. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı).

65. Qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı müqavilənin müddətinin bitmə anı ilə müəyyən edilir ki, müqavilə xx.xx.2018-ci il tarixdə 1 il müddətinə bağlanmış və alqı-satqı müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir.

66. Sifarişçi xam pambığı qəbul etdiyi zaman xam pambığın dəyərinin onun tərəfindən verilmiş avansdan aşağı olmasını, pambığın dəyərinin cavabdehin borcunu tam ödəmədiyini pambığın təhvil verilməsi zamanı məlumatlı olmuşdur.

67. Xam pambığın iddiaçıya təhvil verildiyi tarix tam göstərilməyək mövsümün başa çatdığı dövrdə təhvil verilməsi göstərilsə də, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə ilə pambığın xx.xx.2018-ci il tarixdən gec olmayaraq təhvil verilməsi müəyyənləşdirildiyindən iddiaçı üçün müddət axımı həmin tarixdən başlanmışdır. Belə olan halda iddiaçı işi xx.xx.2018-ci il tarixdə qəbul etməsinə baxmayaraq 1 illik iddia müddətini ötürmüş və 3 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir.

68. İddia müdətinin başlanğıcını müqavilə müddətinin bitdiyi xx.xx.2019-cu il tarixdən hesablansa belə mülki qanunvericiliyin 776.1- ci maddəsi ilə müəyyən edilmiş 1 illik iddia müddəti ötürülmüşdür.

69. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilə avans qarşılığında xam pambığın təhvil verilməsi hissəsində podrat müqaviləsi olduğundan və podrat müqaviləsi üzrə iddia müddəti 1 il müəyyən edildiyindən həmin müddət tətbiq edilmişdir. Lakin müqavilə tələbləri üzrə müəyyən edilmiş 3 illik iddia müddəti nəzərə alındıqda belə, yenə də iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. ( bax § 32)

70. Belə ki, müqavilələr üzrə öhdəliklərin icrası müddəti xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarix müəyyən olunmasına baxmayaraq müqavilələrin 6.2-ci bəndinə əsasən bu müqavilələr 1 il müddətinə bağlanmışdır. Belə olan halda müqavilə müddəti xx.xx.2019-cu il tarixdə bitmiş, iddiaçı yenə də qanunvericiliklə müəyyən edilmiş 3 illik (xx.xx.2019-xx.xx.2022) müddətini ötürməklə hazırki iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

71. Göründüyü kimi iddiaçı iddiia müddətinin ötürdükdən sonra məhkəmədə iddia qaldırmışdır.

72. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə Mülki Məcəllənin 551.2.1ci maddəsinin müddəları tətbiq edilə bilməz. Çünki həmin maddədə söhbət kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblərdən gedir. Ona görə apellyasiya şikayətinin bu barədə dəlili əsassızdır.

73. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

74. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

75. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu müqavilənin müddəti başa çatdıqdan sonra maliyyə öhdəlikləri ilə bağlı müddəaların həmin öhdəliklər tam yerinə yetirilənədək qüvvədə qalmasına dair şərti ilə bağlı qeyd edir ki, həmin şərt Mülki Məcəllənin tələblərinə uyğun deyildir.

76. Mülki Məcəllənin iddia müddətləri və iddia müdətlərinin tətbiqi ilə bağlı normaları imperativ xarakterə malikdir.

77. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinin birinci cümləsinə istinad etməklə (bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 il müddətinə qüvvədədir) hazırkı mübahisəyə iddiia müddətini tətbiq etmişdir.

78. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.4.4-cü maddəsinin tələblərini pozması barədə dəlilini də əsassız sayaraq qeyd edir ki, hazırkı mübahisəyə iddia icraatında baxılmasına əsas verən hallar yaranmamışdır.

79. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

80. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

81. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

82. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir

83. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2-2(117)-1649/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

84. Hazırkı kommersiya mübahisəsi üzrə üzrə mübahisələndirilən məbləğ on min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

Nəticəvi hissə: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2-2(117)- 1649/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar