Məhkəmə qərarları › İş №2-2(107)-145/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-145/2025

14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-145/2025 14.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – podra müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri X2 (direktor) və Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, e-2-2(117)-565/2025 saylı qətnaməsindən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 10/23 TLS nömrəli “Vergi Qanunvericiliyinə əməl edilməsinin təhlili üzrə xidmətlər göstərilməsi” barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, iddiaçı cavabdehə rüblük əsasda cavabdehin tədiyyəçisi olduğu aylıq və rüblük vergi bəyannamələrinin yoxlanılması və zərurət yarandığı təqdirdə dəqiqləşmələrin təklif edilməsi, o cümlədən müqavilənin qüvvədə olacağı müddət ərzində telefon və elektron poçt vasitəsi ilə yarana biləcək vergitutma ilə bağlı sualların cavablandırılması üzrə xidmətlər göstərməyi, cavabdeh də öz növbəsində iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə xidmət haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə tərəf olan hüquqi şəxslərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.

2. Həmin müqavilənin 1-ci bəndində iddiaçı tərəfindən cavabdehə göstərilməli olan xidmətlərin adları öz əksini tapmışdır. 2.1-ci bəndində isə müqavilə üzrə göstəriləcək xidmətlərin qiyməti öz əksini tapmış, həmin qiymət rüblük üzrə 7000 manat (ƏDV daxil) təşkil etmişdir.

3. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 10/23 TLS nömrəli “Vergi Qanunvericiliyinə əməl edilməsinin təhlili üzrə xidmətlər göstərilməsi”nə dair müqaviləyə 1 saylı əlavədən (xx.xx.2023-cü il tarixli) görünür ki, xx.xx.2023-cü il tarixli 10/23 TLS nömrəli müqaviləyə əlavə xidmət barədə müddəa əlavə edilmiş və həmin xidmətin dəyəri 3000 manat (ƏDV daxil) təşkil etmişdir. Qeyd olunan əlavə də tərəf olan hüquqi şəxslərin imza və möhürləri ilə təsdiq edilmişdir.

4. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 10/23 TLS nömrəli “Vergi Qanunvericiliyinə əməl edilməsinin təhlili üzrə xidmətlər göstərilməsi”nə dair müqaviləyə 2 saylı əlavədən (xx.xx.2024-cü il tarixli) görünür ki, xx.xx.2023-cü il tarixli 10/23 TLS nömrəli müqavilə üzrə rüblük xidmət haqqı dəyişdirilərək 6000 manat (ƏDV daxil) müəyyən edilmişdir.

5. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktında xx.xx.2023-cü il tarixli 10/23 TLS nömrəli “Vergi Qanunvericiliyinə əməl edilməsinin təhlili üzrə xidmətlər göstərilməsi” barədə müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərildiyi, cavabdehin bu xidmətləri qəbul etdiyi və bunun dəyəri olan 24780 manat pulun cavabdehin iddiaçıya qaytarma öhdəliyinin olduğu öz əksini tapmışdır. Həmin akt iddiaçı və cavabdeh şirkətin imza və möhürləri ilə təsdiq edilmişdir.

6. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xitama dair razılıqdan görünür ki, xx.xx.2023-cü il tarixli 10/23 TLS nömrəli müqaviləyə tərəflərin razılığı ilə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Həmin razılıq iddiaçı və cavabdeh şirkətin imza və möhürləri ilə təsdiq edilmişdir.

7. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 11596745 nömrəli xx.xx.2024-cü il tarixli, 10186540 nömrəli xx.xx.2024-cü il tarixli, 10233878 nömrəli xx.xx.2024-cü il tarixli, 12239163 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimələrdə cavabdehin iddiaçıya aralarında bağlanan müqavilə üzrə ödənilməli borc məbləğləri öz əksini tapmışdır.

8. İş materiallarında olan xx.xx.2025-ci il tarixli iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra- iddiaçı və ya "xxxx" QSC) Cavabdehnə (bundan sonra- cavabdeh və ya Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı QSC-nin xeyrinə 24780 manat (ƏDV daxil) məbləğində borc və 165 manat dövlət rüsumu olmaqla, cəmi 24945 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Azərbaycan Respublikasının qanunvericiliyi əsasında 7 noyabr 2005-ci il tarixində ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə qeydiyyatdan keçmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında 01 aprel 2023-cü il tarixli, 10/23TLS saylı vergi qanunvericiliyinə əməl edilməsinin təhlili üzrə xidmətlər göstərilməsinə dair Müqavilə (bundan sonra- “Müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı cavabdehə rüblük əsasda cavabdehin tədiyyəçisi olduğu aylıq və rüblük vergi bəyannamələrinin yoxlanılması və zərurət yarandığı təqdirdə dəqiqləşmələrin təklif edilməsi, o cümlədən müqavilənin qüvvədə olacağı müddət ərzində telefon və elektron poçt vasitəsi ilə yarana biləcək vergitutma ilə bağlı sualların cavablandırılması üzrə xidmətlər göstərməli, Cavabdeh də öz növbəsində iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə xidmət haqqını vaxtında ödəməli idi. Xidmətlərin yekun nəticələri olaraq, İddiaçı tərəfindən cavabdehə müvafiq xidmətlər göstərilmiş və xidmətlərin təhvil verildiyini təsdiq edən 29 dekabr 2024-cü il tarixli təhviltəslim aktı və həmin tarixli xitama dair Razılıq hər iki tərəf tərəfindən imzalanmışdır. Buna baxmayaraq, xidmətlər üzrə rüblük xidmət haqları ödənilməmişdir. Tərəflər arasında qarşılıqlı etimada söykənən biznes əlaqələri mövcud olduğundan yaranmış vəziyyətlə bağlı ilk öncə cavabdehin müvafiq nümayəndələrinə şifahi formada müraciətlər edilmişdir. Şifahi müraciətlərdən sonra kifayət qədər vaxtın keçməsini nəzərə alaraq, müxtəlif tarixlərdə elektron məktub formasında nümayəndələrinin rəsmi elektron poçt hesablarına yazılı müraciət olunmuşdur. Xidmət Müqavilələri üzrə görülmüş işlərin təhvil verilməsinə baxmayaraq, Cavabdeh öz üzərinə götürdüyü xidmət haqqını vaxtında ödəmə öhdəliyini icra etməmişdir. Xidmət haqlarının vaxtında ödənilməməsi ilə bağlı cavabdehə müraciətlər edilmiş, 03 aprel 2025-ci il tarixində elektron formada pretenziya məktubu təqdim edilmişdir. Lakin cavabdeh borcunu ödəməmişdir. İddiaçı tərəfindən lazımi qaydada icra olunmuş işlərə görə cavabdehə hesab-fakturalar (4 ədəd) təqdim olunmuşdur. Müqavilə üzrə İddiaçı QSC tərəfindən 24,780 manat (ƏDV daxil) məbləğində xidmətlər göstərilmiş, lakin həmin xidmət haqları ödənilməmişdir. Ümumi olaraq MT2406 11596745, MT2410 10186540, MT2410 10233878, MT2412 12239163 nömrəli qaimə-fakturalar ödənilməyib. İddiaçı cavabdehlə yaranmış bu mübahisənin məhkəmədənkənar həll edilməsinə çalışsa da, onun cavabdehə şifahi və yazılı müraciətləri müsbət nəticə verməmişdir. Cavabdeh öz öhdəliklərini könüllü şəkildə icra etmədiyi üçün İddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, cavabdehin Xidmət müqavilələri üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində iddiaçıya dəyən zərərin ödənilməsi məhkəmə qaydasında mövcud qanunvericiliyin tələblərinə əməl edilməklə təmin edilməlidir.

11. Şəki Kommersiyа Məhkəməsinin (hakim Elnarə Hüseynova) 14 avqust 2025-ci il tarixli, e-2-2(117)-565/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh MMC-dən 24780 manat məbləğdə borc və 165 manat məbləğdə ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

12. Məhkəmə müəyyən etmişdir ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış podrat müqaviləsindən irəli gəlir. İddiaçı podrat müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni cavabdehə müqavilədə qeyd olunan 24780 manat dəyərində iş və xidmətlər göstərmişdir. Cavabdeh isə öz üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və iddiaçıya ödənilməmiş borcu qalmışdır. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.

13. Məhkəmə hesab etmişdir ki, iddia əsaslıdır və xx.xx.2023-cü il tarixli 10/23 TLS nömrəli “Vergi Qanunvericiliyinə əməl edilməsinin təhlili üzrə xidmətlər göstərilməsi” barədə müqavilə üzrə 24780 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.2, 442, 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə, 448.1, 448.2, 752.1, 752.2, 769, 770-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1, 217.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 həmin qətnamədən apellyasiya şikаyəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin çıxarmış olduğu qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında 01 aprel 2023-cü il tarixli, 10/23TLS saylı vergi qanunvericiliyinə əməl edilməsinin təhlili üzrə xidmətlər göstərilməsinə dair Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı cavabdehə rüblük əsasda cavabdehin tədiyyəçisi olduğu aylıq və rüblük vergi bəyannamələrinin yoxlanılması və zərurət yarandığı təqdirdə dəqiqləşmələrin təklif edilməsi, o cümlədən müqavilənin qüvvədə olacağı müddət ərzində telefon və elektron poçt vasitəsi ilə yarana biləcək vergitutma ilə bağlı sualların cavablandırılması üzrə xidmətlər göstərməli, cavabdeh də öz növbəsində iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə xidmət haqqını vaxtında ödəməli idi. Lakin iddiaçı, yəni İddiaçı QSC müqavilə şərtləri üzrə öz öhdəliklərini yerinə yetirməmiş, əsaslandırılmayan keyfiyyətsiz xidmət nəticəsində müvafiq vergi qurumu tərəfindən Cavabdeh MMC müvafiq maliyyə sanksiyaları tətbiq edilmişdir. Halbuki, cavabdehlə bağlanmış müavilənin məqsədi belə sanksiyaların tətbiq olunmasına səbəb ola biləcək halların vaxtında aşkar edilməsi, buna dair əsaslandırılmış rəylərin onlara təqdim edilməsi idi. Lakin iddiaçı müqavilə üzrə müəyyən edilmiş öhdəliklərini icra etməmiş, bu da bizə maddi zərər vurmuşdur. Ona görə də Şəki Kommersiya Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, e-2-2(117)- 565/2025 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

18. Məhkəmə kollegiyasının iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri X2 (direktor) və Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, e-2-2(117)-565/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

19. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

23. İş üzrə cavabdeh tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi

24. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Maddə 445. Borclunun icranı gecikdirməsi - (...). - 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: - 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; - 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. (...).

28. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti - 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. - 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (...).

29. Maddə 752. Podrat müqaviləsi - 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

30. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

31. 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

38. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, e-2- 2(117)-565/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

44. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

45. Müəyyən edilmişdir ki, tərəflər arasında 01 aprel 2023-cü il tarixli, 10/23TLS saylı vergi qanunvericiliyinə əməl edilməsinin təhlili üzrə xidmətlər göstərilməsinə dair Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı cavabdehə rüblük əsasda cavabdehin tədiyyəçisi olduğu aylıq və rüblük vergi bəyannamələrinin yoxlanılması və zərurət yarandığı təqdirdə dəqiqləşmələrin təklif edilməsi, o cümlədən müqavilənin qüvvədə olacağı müddət ərzində telefon və elektron poçt vasitəsi ilə yarana biləcək vergitutma ilə bağlı sualların cavablandırılması üzrə xidmətlər göstərməli, Cavabdeh də öz növbəsində iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə xidmət haqqını vaxtında ödəməli idi. Xidmətlərin yekun nəticələri olaraq, iddiaçı tərəfindən cavabdehə müvafiq xidmətlər göstərilmiş və xidmətlərin təhvil verildiyini təsdiq edən 29 dekabr 2024-cü il tarixli təhviltəslim aktı və həmin tarixli xitama dair Razılıq hər iki tərəf tərəfindən imzalanmışdır. Müqavilə üzrə İddiaçı QSC tərəfindən 24,780 manat (ƏDV daxil) məbləğində xidmətlər göstərilmiş, lakin həmin xidmət haqları ödənilməmişdir. Cavabdeh öz öhdəliklərini könüllü şəkildə icra etmədiyi üçün iddiaçı hazırkı tələblərlə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan birinci Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.

46. Tərəflər arasında bağlanmış müqavilənin 1-ci bəndində iddiaçı tərəfindən cavabdehə göstərilməli olan xidmətlər öz əksini tapmışdır. Həmin müqavilənin 2.1-ci bəndində isə müqavilə üzrə göstəriləcək xidmətlərin qiyməti öz əksini tapmış, həmin qiymət rüblük üzrə 7000 manat (ƏDV daxil) təşkil etmişdir. Qeyd olunan müqavilə tərəf olan hüquqi şəxslərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və mübahisələndirilməmişdir.

47. Cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış podrat müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya podrat müqaviləsi və Mülki Məcəllənin müvafiq normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı podrat müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni cavabdehə müqavilədə qeyd olunan 24780 manat dəyərində iş və xidmətlər göstərmişdir. Bu hal iş materiallarında olan müqavilə, elektron qaimə, təhvil-təslim aktı və digər sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh isə öz üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və iddiaçıya ödənilməmiş borcu qalmışdır. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.

48. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən göstərilmiş xidmətlərin keyfiyyətini mübahisələndirir. Cavabdeh qeyd edir ki, onların şirkətində səyyar vergi yoxlaması keçirilmiş və nəticədə əlavə vergi məbləği hesablanmış və maliyyə sanksiyaları tətbiq olunmuşdur. Ona görə də iddiaçı tərəfindən göstərilən xidmətlərin aşağı keyfiyyətdə olduğunu hesab edirlər.

49. Kollegiya bununla bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin predmetinə uyğun olaraq iddiaçı tərəfindən göstərilən xidmətlərə aylıq və rüblük hesabatların yoxlanılması, zərurət olduqda dəqiqləşmələrin təklif olunması və cavabdeh tərəfin suallarının cavablandırılması daxildir. Nəzərə almaq lazımdır ki, tərəflər arasında həmin müqavilə xx.xx.2023-cü ildə bağlanmış, cavabdeh MMC-də isə səyyar vergi yoxlamasının nəticələrinə dair Akt isə xx.xx.2024-cü il tarixdə tərtib olunmuşdur. Həmin Aktın məzmunundan görünür ki, yoxlama 2020-ci ilin may ayından 2023-cü ilin aprel ayınadək olan dövrü əhatə etmişdir, lakin iddiaçının müqavilə əsasında xidmət göstərməsi yoxlamadan sonrakı dövrü əhatə edir. Beləliklə, SVY 2024-cü ildə aparılsa da, keçmiş dövrə aid olmuşdur.

50. Eyni zamanda qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə xx.xx.2024-cü il tarixdə xitam verilmiş və təhvil-təslim aktı tərtib olunmuşdur. Göründüyü kimi, səyyar vergi yoxlamasının nəticələrinə dair Aktın tərtib olunmasından (xx.xx.2024-cü il) sonra müqaviləyə xitam verilmişdir. Təhvil-təslim aktında da cavabdeh xidmətlərin qəbul olunduğunu, vaxtında və keyfiyyətli yerinə yetirilməsini və qalıq borcu etiraf etmişdir.

51. Bundan əlavə DVX tərəfindən müxtəlif inzibati qərarlara əsasən kameral qaydada cavabdehə əlavə vergi məbləğləri hesablanmış, iddiaçının xidmət göstərdiyi dövrdə həmin qərarların yuxarı vergi orqanında inzibati qaydada mübahisələndirilməsi nəticəsində ləğv olunmuşdur.

52. Qeyd olunanlar şikayətin iddiaçının müqavilə şərtləri üzrə öz öhdəliklərini yerinə yetirməməsi, keyfiyyətsiz xidmət göstərməsi barədə dəlilinin də əsassız olduğunu göstərir.

53. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

54. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutlar təqdim olunmamışdır.

55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11. 07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

56. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

57. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

58. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

59. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.

60. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, e-2-2(117)-565/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, e-2-2(117)- 565/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar