Məhkəmə qərarları › İş №2-2(107)-146/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-146/2024

20.11.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-146/2024 20.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında verilmiş Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəyə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tаrixli e-2- 2(117)-1382/2024 nömrəli qətnaməsindən Maraqlı şəxs təqdim etdiyi apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 avqust 2024-cü il tarixinə hesablanmış Dövlət Büdcəsinə olan 818876,78 manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 1420,08 manat məbləğində borcun, İcbari Tibbi Sığorta Fonduna olan 227,99 manat məbləğində borcun və İşsizlikdən Sığorta Fonduna olan 56,74 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri – xx xxxxxx 1964-cü il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tаrixli e-2-2(117)-1382/2024 nömrəli qətnaməsi ilə həmin ərizə təmin edilərək, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna olan 1420,08 manat, İcbari Tibbi Sığorta Fonduna olan 227,99 manat, Dövlət Büdcəsinə vergi üzrə olan 818876,78 manat və İşsizlikdən Sığorta Fonduna olan 56,74 manat borcu ödənilənədək Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (hakim M. Hüseynov). Maraqlı şəxs poçt vasitəsilə ünvanına göndərilmiş Şəki Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tаrixli e-2-2(117)-1382/2024 nömrəli qətnaməsinin surətini 16 oktyabr 2024-cü ildə rəsmi qaydada almış (iş vərəqi: 55) və 14 noyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti təqdim edərək, “Şəki Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli e-2-2(117)-1382/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini” xahiş etmişdir (i/v: 60-65). Birinci instansiya məhkəməsi Şəki Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tаrixli e-2-2(117)-1382/2024 nömrəli qətnaməsindən verilən həmin apellyasiya şikayətini işlə birlikdə baxılması üçün 19 noyabr 2024-cü ildə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olması daxildir (maddə 366.1), əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə 366.2), apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır (maddə 366.3) və apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər (maddə 366.4). Məhkəmə kollegiyası, Şəki Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tаrixli e-2-2(117)-1382/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini və iş materiallarını öyrənib, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən Maraqlı şəxs tərəfindən təqdim olunan hazırkı apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, Şəki Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tаrixli e-2-2(117)- 1382/2024 nömrəli qətnaməsindən verilən hazırkı apellyasiya şikayəti həmin iş üzrə maraqlı şəxs qismində proses iştirakçısı olan Maraqlı şəxs tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə imzalanaraq təqdim edilsə də, həmin şikayətin “Apellyasiya şikayəti verən şəxs” adlanan 1-ci bölməsində (hissəsində) apellyasiya şikayətinin hüquqi şəxs “Az-Caviar" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verildiyi qeyd olunmuşdur. Yəni, iş üzrə proses iştirakçısı olan Maraqlı şəxs Şəki Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tаrixli e-2-2(117)-1382/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətini öz adından deyil, həmin iş üzrə proses iştirakçısı (tərəf) olmayan hüquqi şəxsin adından vermişdir. Eləcə də, Maraqlı şəxs öz adını şikayətin “Apellyasiya şikayəti verən şəxsin qanuni nümayəndəsi və ya nümayəndəsi” adlanan 2-ci bölməsində qeyd etmiş və həmin şikayəti hüquqi şəxsin “nümayəndəsi” qismində imzalamışdır. Halbuki, e-2-2(117)-1382/2024 nömrəli kommersiya işi üzrə Maraqlı şəxs hər hansı bir proses iştirakçısının “nümayəndəsi” və yaxud “qanuni nümayəndəsi” deyil, bilavasitə onun özü ilə əlaqədar xüsusi icraat qaydasında olan kommersiya işində maraqlı şəxs, yəni tərəf (proses iştirakçısı) olmuş və onun icra orqanının rəhbəri olduğu “Az-Caviar" Məhdud Məsuliyyətli Cəmiyyəti isə bu iş üzrə proses iştirakçısı (tərəf) olmamışdır. Yəni, apellyasiya qaydasında mübahisələndirilən məhkəmə qətnaməsi ilə vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməyən vergi ödəyicisi “Az-Caviar" MMC-nin icra orqanının rəhbəri olduğuna görə Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsa da, adından hazırkı apellyasiya şikayətinin verildiyi həmin hüquqi şəxs xüsusi icraat qaydasında baxılan bu iş üzrə tərəf (proses iştirakçısı) olmamışdır. Belə olduğu halda isə, “Az-Caviar" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından verilən hazırkı apellyasiya şikayəti - apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti kimi də qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələblərinə uyğun olaraq, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində - şikayətin verildiyi məhkəmənin adı və ünvanı (maddə 361.1.1), şikayəti verən şəxsin soyadı, adı, atasının adı, şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti (maddə 361.1.2), barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı (maddə 361.1.3), şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi (maddə 361.1.4), şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar (maddə 361.1.5), şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar (maddə 361.1.6) və şikayətə əlavə edilən sənədlərin siyahısı (maddə 361.1.7) göstərilməlidir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin apellyasiya şikayətinin məzmununa dair ümumi tələbləri müəyyənləşdirən 361-ci maddəsi ilə yanaşı, Məcəlləyə “Əlavə 2”-də də apellyasiya şikayətinin forma və məzmunu ilə bağlı mühüm tələblər öz əksini tapmışdır. Ona görə də, qeyd olunan tələblərin düzgün və bir qaydada yerinə yetirilməsi üçün “Elektron məhkəmə” informasiya sistemində apellyasiya şikayətinin ümumi formasını müəyyən edən “Əlavə 2”-yə uyğun apellyasiya şikayətinin elektron nümunəsi hazırlanaraq, apellyasiya şikayəti verən proses iştirakçılarının istifadəsinə verilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində apellyasiya şikayətinin məzmununa aid tələblər konkret olaraq təsbit olunmuşdur və qətnamədən apellyasiya şikayətini verən proses iştirakçısı bu tələblərə riayət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə - apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bundan əlavə, həmin Məcəllənin 363.1.1-ci maddəsinin tələblərinə görə, apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən apellyasiya şikayəti verildiyi halda da apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsi ilə təminat verilən məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur və hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Ona görə də, məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün bir sıra mühüm prosessual qaydalar və məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, bu məhdudiyyətlərə - Mülki Prosessual Məcəllənin 361-ci, 363.1.1-ci və 363.1.1-1-ci maddələrində nəzərdə tutulan qaydalar da aiddir. Yəni, Mülki Prosessual Məcəllənin 361ci maddəsində apellyasiya şikayəti üçün zəruri olan məzmuna dair nəzərdə tutulan tələblər və eləcə də, həmin Məcəllənin 363.1.1-ci və 363.1.1-1-ci maddələrində nəzərdə tutulan tələblər - apellyasiya şikayəti verən şəxs tərəfindən yerinə yetirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 10-1-ci maddəsinin tələblərinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır (maddə 10-1.1), məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir (maddə 10-1.2) və kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir (maddə 10-1.3). Beləliklə də, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Şəki Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tаrixli e-2-2(117)-1382/2024 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən təqdim edilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyildir. Bu səbəbdən də, Maraqlı şəxs tərəfindən təqdim edilmiş hazırkı apellyasiya şikayəti qeyrimümkün hesab olunaraq, iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalı və birinci instansiya məhkəməsi isə hazırkı apellyasiya şikayətinə münasibətdə Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq sonrakı prosessual hərəkətləri etməlidir. Eyni zamanda, bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinin tələblərinə görə, birinci instansiya məhkəməsi - apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayətini ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərir. Həmin Məcəllənin 363-cü maddəsində isə prosessual tələblərə riayət edilmədən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasının əsasları təsbit olunmuşdur. Yəni, Mülki-Prosessual Məcəllədə apellyasiya şikayətlərinin qanunvericiliyin tələblərinə uyğun verilməsinin yoxlanılması və düzgün verilməyən apellyasiya şikayətlərinin geri qaytarılması vəzifəsi - imperativ qaydada birinci instansiya məhkəməsinə həvalə olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 361-366, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında verilmiş Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəyə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tаrixli e-2- 2(117)-1382/2024 nömrəli qətnaməsindən Maraqlı şəxs təqdim etdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti işlə birlikdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şəki Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar