Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-15/2024 23.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı (açar sözlər: Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “hüquqi şəxsin dövlət büdcəsinə olan vergi üzrə 217043,98 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2695 manat, İşsizlikdən Sığorta Fonduna olan 114,16 manat, İcbari Tibbi Sığorta Fonduna olan 263,56 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri xx.xx.1978-ci il təvəllüdlü, Türkmənistanda doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AZE - ********, FİN nömrəsi xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, e- 2-2(117)-673/2023 saylı qətnaməsindən Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə2 Zeynalabdin qızı tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. Vergi ödəyicisi olan hüquqi şəxs öhdəliklərini yerinə yetirmədiyindən "xxxx" MMCnin dövlət büdcəsinə vergi üzrə 217043,98 manat, Dövlət Sosial Müdafiə Fonduna 2695 manat, İşsizlikdən Sığorta Fonduna 114,16 manat, İcbari Tibbi Sığorta Fonduna 263,56 manat borcu yaranmışdır.
2. Cəmiyyətin qeydiyyat sənədlərinə əsasən Maraqlı şəxs "xxxx" MMC-nin rəhbəridir.
II. Birinci instansiya məhkəməsində icraat
3. Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı tələblə birinci instansiya məhkəməsinə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin dövlət büdcəsinə vergi üzrə 217043,98 manat, Dövlət Sosial Müdafiə Fonduna 2695 manat, İşsizlikdən Sığorta Fonduna 114,16 manat, İcbari Tibbi Sığorta Fonduna 263,56 manat borcu vardır. Bu səbəbdən qeyd olunan borc məbləğinin ödənilməsinin təmin edilməsi üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsində işə tərəflərin iştirakı olmadan baxılmışdır.
5. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 03 iyul 2023-cü il tarixli, e-2-2(117)-673/2023 saylı qətnaməsi ilə ərizə təmin edilərək xx.xx.1978-ci il təvəllüdlü, Türkmənistanda doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AZE – ********, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququ "xxxx" MMC-nin dövlət büdcəsinə olan vergi üzrə 217043,98 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2695 manat, İşsizlikdən Sığorta Fonduna olan 114,16 manat, İcbari Tibbi Sığorta Fonduna olan 263,56 manat məbləğində borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılması, Maraqlı şəxs 100 manat dövlət rüsumu dövlət gəlirinə tutulması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri, məcburi dövlət sosial sığorta haqqını, tibbi sosial sığorta və işsizlikdən sığorta haqqını ödəmək vəzifəsi qoyulduğundan və onun rəhbəri qeyd olunan öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə borc ödənilənədək maraqlı şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır.
7. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, 77.1, 78.1-ci, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.1-ci, “İşsizlikdən sığorta” haqqında Azərbaycan Respublikası Qanununun 6.2.2 və 6.2.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1, 355-5.2 və 355-7.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
8. Maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 Zeynalabdin qızı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Belə ki, Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olması və vergi borcunun yaranması səbəbindən ölkədən çıxışına məhdudiyyətin qoyulması barədə məlumatı cari ilin oktyabrın sonu icra orqanı tərəfindən əldə etmişdir. Cavabdehin həmin şirkətlə heç bir əlaqəsi yoxdur və onun şəxsi məlumatlarından və imzasından istifadə edərək kimin belə bir şirkət açması barədə məlumat ona məlum deyildir. Cavabdeh bundan sonra e-gov.az rəsmi portala daxil olaraq, eyni zamanda notorial orqana yaxınlaşaraq onun adından kiməsə etibarnamənin olub-olmamasını araşdırmış, lakin nə qüvvədə olan nə də qüvvədən düşmüş heç bir etibarnamə aşkar etməmişdir. Bundan əlavə cavabdeh ona məxsus asan imzanı heç kimə verməmişdir. Maraqlı şəxs tərəfindən qeyd olunan məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtida Araşdırılması Baş İdarəsinə müraciət edilmişdir və araşdırma davam etməkdədir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması zamanı cavabdehin hansı şəxsi məlumatlarından və imza növündən istifadə olunması barədə məhkəmə tərəfindən ekspertiza keçirilməli və aydınlaşdırılmalıdır. Ona görə də Şəki Kommersiya Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, e-2-2(117)- 673/2023 saylı qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
11. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Maraqlı şəxsin nümayəndəsi və vəkili Leqayeva X1 Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetindən ərizə ilə məhkəməyə müraciət edərək maraqlı şəxsin səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməməsini bildirmiş və Şəki Kommersiya Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, e-2-2(117)-673/2023 saylı qətnaməsinin ləğv edilərək ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
12. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
13. İş üzrə maraqlı şəxs birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
14. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəsməhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
15. Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
Azərbaycan Respublikası Vergi Məcəlləsi
16. Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.
17. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir.
18. Maddə 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır.
19. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.
20. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu
21. Maddə 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.
22. Maddə 11. ...Sosial sığorta haqqını vaxtında ödəmək məcburi dövlət sosial sığorta haqqları üzrə sığortaolunanın vəzifəsidir.
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu
23. Maddə 15-5.2.2. Sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək icbari tibbi sığorta üzrə sığortalıların vəzifəsidir.
24. “İşsizlikdən sığorta” haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 6. Sığortaedənin hüquq və vəzifələri 6.2. Sığortaedənin aşağıdakı vəzifələri vardır: (...) 6.2.2. işçilərini işsizlikdən sığorta etdirmək; 6.2.3. bu Qanunla müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəmək;
Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi
25. Maddə 9.1. Azərbaycan Respublikasının vətəndaşı (bundan sonra - vətəndaş) dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir.
26. Maddə 9.3. Vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: -9.3.6-1. vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Maddə 355-5. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir.
30. Maddə 355-7. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 Zeynalabdin qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, e-2-2(117)-673/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
34. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
35. Belə ki, işdə olan sənədlərdən görünür ki, vergi ödəyicisi olan hüquqi şəxs öhdəliklərini yerinə yetirmədiyindən "xxxx" MMC-nin dövlət büdcəsinə vergi üzrə 217043,98 manat, Dövlət Sosial Müdafiə Fonduna 2695 manat, İşsizlikdən Sığorta Fonduna 114,16 manat, İcbari Tibbi Sığorta Fonduna 263,56 manat borcu yaranmışdır.
36. Vergi orqanının müraciətlərinə baxmayaraq borc ödənilməmişdir ki, qanunla hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun borcun ödənilməsi məqsədi ilə məhdudlaşdırılması mümkündür.
37. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri, məcburi dövlət sosial sığorta haqqını, tibbi sosial sığorta və işsizlikdən sığorta haqqını ödəmək vəzifəsi qoyulduğundan və o, qeyd olunan öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə borc ödənilənədək maraqlı şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır.
38. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin maraqlı şəxsin həmin "xxxx" MMCheç bir əlaqəsinin olmaması və onun şəxsi məlumatlarından və imzasından istifadə edərək kimin belə bir şirkət açması barədə məlumatın ona məlum olmaması barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materialları ilə Maraqlı şəxs MMC-nin icra orqanının rəhbəri olması faktı tam təsdiq olunur. Nə qədər ki, bunun əksi sübut olunmayıb, Maraqlı şəxs icra orqanının rəhbəri kimi Azərbaycan respublikası MPM-in 355-5-ci maddəsinin təsiri altına düşür.
40. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması zamanı qanunvericiliyin tələblərinin pozulması və bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtida Araşdırılması Baş İdarəsində araşdırmanının aparılması hazırkı məhkəmə baxışının predmeti deyildir.
41. Bundan əlavə, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”nin 8.20, 8.20.2-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklər qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirilmədikdə hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün məhkəmənin qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda, məlumatların iaktiv statusunu dəyişmək vəzifəsi daşıyır.
42. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxs barəsində buna səbəb olan əsaslar aradan qalxdıqdan sonra “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilmiş məlumatların aktiv statusu məhkəmə qərarı olmadan dəyişdirilə bilər.
43. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
45. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
46. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
47. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.
49. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, e-2-2(117)-673/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403, 404-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə2 Zeynalabdin qızı tərəfindən tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, e-2-2(117)-673/2023 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov