Məhkəmə qərarları › İş №2-2(107)-158/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-158/2025

26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-158/2025 26.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “ borc” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alğı-satqı müqaviləsindən əmələ gələn öhdəliklər üzrə mübahisələr) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə, Cavabdeh iştirakları ilə, Şəki Kommersiya Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, e-2-2(117)-772/2025 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı MMC-nin iddiasına görə, Cavabdeh ona ödənilməmiş 11780.47 manat borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehdən 11780.47 manat məbləğində borcun və 126 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında A73/22 saylı 29 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Alğı-satqı müqaviləsinə əsasən cavabdehə spirtli içkilər satılmışdır. Göstərilən müqavilə üzrə cavabdehin iddiaçıya 11780,47 manat borcu vardır. Cavabdehə pretenziya göndərilməsinə baxmayaraq heç bir ödəniş edilməmişdir. İddiaçı iddia tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 385.1-ci, 389.1- ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələri ilə əsaslandırmışdır. İddiaçının nümayəndəsi 17 iyul 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdə müəyyən uyğunsuzluq vardır. Bundan əlavə iddia ərizəsində vəkil xərcini əlavə etməmişlər. Bu səbəbdən iddia tələbində dəyişiklik etmək istəyirlər. Eyni zamanda qarşı tərəflə danışıb razılığa gəlmək istəyirlər. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən vaxt verilməsini və buna görə də məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışında verdiyi izahatında bildirmişdir ki, əvvəlki məhkəmə iclasında da dediyi kimi, o, İddiaçı MMC-də əvvəllər işçi olmuşdur. Həmin şirkətdə bölgə müdiri işləmişdir. Hazırda isə həmin şirkətdə işləmir. Bu borcun ona aidiyyəti yoxdur. Ola bilsin ki, onun adından bu əməliyyatlar həyata keçirilib. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. İş materiallarına xx.xx.2022-ci il tarixli EBCC seriyalı 737302 nömrəli (11696.11 manat) və 730127 nömrəli (7070.37 manat) Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar əlavə edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, e-2-2(117)-772/2025 nömrəli qətnaməsi (hakim: M.Hüseynov) ilə, iddia tələbi təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəf cavabdehlə aralarında bağlanmış 29 avqust 2022-ci il tarixli A73/22 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehə spirtli içkilər satmış olduğunu, qeyd edilən halın xx.xx.2022-ci il tarixli EBCC seriyalı 737302 nömrəli və 730127 nömrəli elektron qaimə-fakturalarla təsdiqləndiyini, bundan sonra cavabdehin iddiaçıya 11780, 47 manat borcu qaldığını qeyd etmişdir. Lakin iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş materiallar araşdırıldıqda 29 avqust 2022-ci il tarixli A73/22 saylı alqı-satqı müqaviləsinin imzalanmadığı aşkar edilmiş, eyni zamanda iddiaçı tərəf əlavə olaraq elektron qaimə-fakturalar təqdim etmişdir ki, qeyd edilən materiallar sadəcə özlüyündə tərəflər arasında alqı-satqı münasibətinin yarandığını və borcun mövcudluğunu təsdiqləyən sübut kimi qəbul edilə bilməz. Bundan başqa iddiaçının nümayəndəsi hazırlıq iclasında iştirak edərək sənədlər arasında uyğunsuzluq olduğunu bildirərək ona vaxt verilməsini xahiş etmiş, lakin bundan sonrakı iki iclasda da iştirak etməmiş, məhkəmədən iclasın növbəti tarixə təxirə salınmasını xahiş etmiş, lakin qeyd edilən dövr ərzində iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etməsinə baxmayaraq, iddia tələbində qeyd edilən halları təsdiqləyən hər hansısa sübut təqdim etməmiş və qeyd edilən halla bağlı münasibət bildirməmişdir. Bundan əlavə olaraq cavabdeh tərəf məhkəmə iclaslarında verdiyi izahatında iddiaçı şirkətdə əvvəllər işçi olduğunu, aralarında heç bir müqavilənin bağlanmadığını və borcunun olmadığını bildirmişdir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 389, 407, 567, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin – 14, 77, 88, 119-cu maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ilə işgüzar münasibətlər olduğu üçün mütəmadi qaimələr göndərilmişvə ödənişlər edilmişdir. Bu səbəbdən məhzalqı-satqı müqaviləsinin imzalanmamasına istinad edilməsi yolverilməzdir. Belə ki, cavabdeh tərəfindən mütəmadi ödənişlərin edilməsi işgüzar münasibətlərin mövcud olmasını təsdiq edir. İddia ərizəsi əsaslı olmuş və İddiaçı MMC ilə CavabdehZakir oğlu arasında A73/22 saylı 29 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. A73/22 saylı 29 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh spirtli içkilər satılmışdır. Bununla bağlı cavabdehə xx.xx.2022-ci il tarixli EBCC seriyalı 737302 nömrəli və 730127 nömrəli elektron qaimə-fakturalar göndərilmişdir. Göstərilən müqavilə üzrə Cavabdeh İddiaçı MMC-yə 11780, 47 (on bir min yeddi yüzsəksən manat qırx yeddi qəpik) manat borcu vardır. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, hesabdan çıxarış birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Həmin hesabdan çıxarışlardan da cavabdeh tərəfin iddiaçıya üç dəfə ödəniş etməsi görünür. Bu səbəbdən ödənişlər barədə əlavə məlumatlar birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Lakin, gördükdəki birinci instansiya məhkəməsi iddia tələbini təmin etmir bu zaman həmin sənədlər yenidən apellyasiya məhkəməsinə təqdim edilmişdir. Ümumiyyətlə tərəflər həmişə bu qaydada işləmiş və mallar təhvil-təslim aktı olmadan təhvil verilmiş, qarşı tərəf isə qaimə-faktura verildikdən sonra borcu ödəmişdir. Hazırki elektron qaimə-fakturalar bugünədək ləğv edilməmişdir. Həmin qaimələr üzrə üç dəfə ödəniş edilmişdir. Borc olmadığı halda tərəf nə üçün üç dəfə ödəniş etmişdir, həmdə böyük məbləğlərdə. Ödənişlərin təyinatlarından da görünür ki, hər üç ödəniş qaimə və müqavilələr üzrə ödənilmişdir. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o heç bir ödəniş etməmiş və ödənişlərdən ümumiyyətlə məlumatsızdır. Ödənilsədə onun həmin ödəmələrdən xəbəri yoxdur. O iddiaçı tərəf ilə heç bir müqavilə bağlamamış və ona heç bir mal verilməmişdir. Ona göndərilmiş elektron qaimə-fakturalardanda xəbəri yoxdur. Odur ki, nəzərə alınmasını xahiş etdi. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmişdir. Bundan başqa, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.

Azərbaycan Respublikas Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. Belə ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehdən 11780.47 manat məbləğində borcun və 126 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini bütünlükdə yəni, iddia tələbinin rədd edilməsi hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edən zaman mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəf cavabdehlə aralarında bağlanmış 29 avqust 2022-ci il tarixli A73/22 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehə spirtli içkilər satmış olduğunu, qeyd edilən halın xx.xx.2022-ci il tarixli EBCC seriyalı 737302 nömrəli və 730127 nömrəli elektron qaimə-fakturalarla təsdiqləndiyini, bundan sonra cavabdehin iddiaçıya 11780, 47 manat borcu qaldığını qeyd etmişdir. Lakin iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş materiallar araşdırıldıqda 29 avqust 2022-ci il tarixli A73/22 saylı alqı-satqı müqaviləsinin imzalanmadığı aşkar edilmiş, eyni zamanda iddiaçı tərəf əlavə olaraq elektron qaimə-fakturalar təqdim etmişdir ki, qeyd edilən materiallar sadəcə özlüyündə tərəflər arasında alqı-satqı münasibətinin yarandığını və borcun mövcudluğunu təsdiqləyən sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşmayaraq ilkin olaraq qeyd edir ki, mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir. Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Kollegiya şikayətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi üçün mülki qanunvericiliyin alğı-satqı müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının əsaslarını müəyyən edən bəzi normalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Belə ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alğı-satqı müqaviləsi onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Məhkəmə kollegiyası alğı-satqı müqaviləsinin imzalanmaması ilə bağlı əlavə olaraq qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən bu tip alğı-satqı müqaviləsi həm yazılı həmdə şifahi qaydada bağlana bilər. Hazırki işdən də göründüyü kimi, tərəflər arasında şifahi alğı-satqı müqaviləsi bağlanmışdır. Kollegiya tərəflər arasında müqavilənin bağlanması qənaətinə o səbəbdən gəlmişdir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli EBCC seriyalı 737302 nömrəli (11696.11 manat) və 730127 nömrəli (7070.37 manat) Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar əlavə edilmişdir. Həmin elektron qaimə-fakturalar görünür ki, qaimələrin ümumi məbləği 18766,48 manat təşkil edir. Bundan başqa, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli əməliyyat üzrə məlumatlardan görünür ki, hazırki iş üzrə Cavabdeh ödəniş təyinatı EBCC737302 elektron qaimə-fakturası üzrə iddiaçıya 4901 manat ödəniş etmişdir. xx.xx.2022-ci il tarixli əməliyyat üzrə məlumatlardan eyni zamanda müəyyən edilir ki, EBCC737302 elektron qaimə-fakturası üzrə ödəniş qismən edilmişdir. Göründüyü kimi, cavabdeh tərəf ona göndərilmiş elektron qaimə-faktura üzrə ödənişi qismən etməklə faktiki olaraq iddiaçı tərəfə yenə borcunun qaldığını təsdiq etmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli əməliyyat üzrə məlumatlardan görünür ki, Cavabdeh ödəniş təyinatı xx.xx.2022-ci il tarixli A73/22 saylı müqaviləyə əsasən iddiaçıya 1495 manat ödəniş etmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli əməliyyat üzrə məlumatlardan görünür ki, Cavabdeh ödəniş təyinatı xx.xx.2022-ci il tarixli A73/22 saylı müqaviləyə əsasən iddiaçıya 590 manat ödəniş etmişdir. Göründüyü kimi, həm xx.xx.2023-cü il həm də xx.xx.2023-cü il tarixli ödənişlər bir daha onu təsdiq edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Yuxarıda sadalananlar konteksində kollegiya bildirir ki, birinci instansiya məhkəməsi sübutları qiymətləndirərkən onların növü ilə bağlı qaydaları nəzərə almamış və yalnızca müqavilənin yazılı bağlanmaması əsası ilə iddia tələbini təmin etməmişdir. Belə ki, sübutlar - tərəflərin tələbləri və etirazlarını əsaslandıran halların, eləcə də, işin düzgün həlli üçün əhəmiyyətə malik digər halların olması və ya olmamasını müəyyən edən məlumatlardır (MPM-in 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlar, ekspert rəyləri, yerində baxış, audio və videoyazılar, şahidlərin ifadələri, işdə iştirak edən şəxslərin izahatları əsasında müəyyən edilir (MPM-in 76.2-ci maddəsi). Mülki prosesdə sübutların bir neçə təsnifatı mövcuddur və onlardan birinin əsasını sübutla müəyyən edilməli olan fakt arasında olan əlaqə təşkil edir. Belə təsnifata əsasən sübutlar birbaşa və dolayı sübutlara bölünür. Birbaşa sübutlar – sübut edilən faktla birmənalı əlaqəyə malikdir, yəni, əminliklə onun mövcudluğu qənaətinə gəlməyə imkan verir (məsələn, tərəflər arasında imzalanmış təhviltəslim aktı əşyanın təhvil verilməsinin birbaşa sübutudur). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki proses işin hallarını birbaşa müəyyən edən sübutlarla yanaşı, dolayı və ya yanakı sübutlardan da istifadə olunmasını istisna etmir. İş materiallarında birbaşa sübutlar olmadıqda və ya belə sübutlar işin hallarını müəyyən etmək üçün yetərli olmadıqda məhkəmə dolayı sübutlardan istifadə edə bilər. Dolayı sübutlar - faktın mövcud olması haqqında bir neçə müxtəlif nəticə çıxarmağa imkan verir. Onlar yalnız faktın mövcud olmasını ehtimal etməyə əsas verirlər. Eyni zamanda, digər sübutlar olmadıqda məhkəmə yalnız aşağıdakı şərtlərə riayət etməklə dolayı sübutlar əsasında qənaətə gəlmək hüququna malikdir: 1) bir yox, bir neçə dolayı sübut olmalıdır; 2) onlardan heç birinin mötəbərliyi şübhə doğurmamalıdır; 3) sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; 4) sübutlara məcmu şəkildə qiymət verilməlidir; 5) sübutlar məcmu şəkildə sübut edilən faktın mövcud olması haqqında birmənalı nəticə çıxarmağa imkan verən sistem formalaşdırmalıdırlar. Bundan başqa, “Rəsul Cəfərov Azərbaycana qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2010-cu il 11 fevral tarixli qərarında da qeyd edilmişdir ki, “...məhkəmə tərəflərin təqdim etdikləri sübutları qiymətləndirərkən təkcə sübutun qəbuledilənliyi məsələsini və işə aidiyyətini deyil, həm də sübutedici dəyərini qiymətləndirməkdə sərbəstdir. Sübutedici dəyərinə görə sübutlar birbaşa və dolayı sübutlara bölünür. Dolayı sübutlar əsas faktlara, yaxud işin hallarına və ya hadisələrin gedişinə dair elə informasiyaları bildirir ki, onların əsasında əsas faktlar barəsində nəticə çıxarmaq mümkün olur. Birinci instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almamış və sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, hər üç ödəniş xx.xx.2022-ci il tarixli müqavilədən sonra edilmişdir. Həmçinin ödənişlərin hamısının təyinatı birbaşa xx.xx.2022ci il tarixli müqavilə və həmin müqaviləyə əsasən göndərilmiş elektron qaimə-fakturalar üzrə olmuşdur. Kollegiya əlavə olaraq bildirir ki, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışlarda da Cavabdeh tərəfindən ancaq üç ödənişin (cəmi 6986 manat) edildiyi və başqa heç bir ödənişin edilmədiyi müəyyən edilir. Həmçinin, cavabdeh tərəfin özüdə hər hansı ödənişin edilmədiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutların hamısı biribirini təsdiq etməklə heç birinin mötəbərliyi şübhə doğurmamaqdadır. Qeyd edilən sübutlara məcmu halında qiymət verildikdə isə müəyyən edilir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə şifahi alğı-satqı müqaviləsi əsasında Cavabdeh 18766,48 manatlıq mal verilmişdir. Bundan sonra iddiaçı tərəf xx.xx.2022-ci il tarixli cavabdehə elektron qaimə-fakturalar göndərmiş, cavabdeh həmin qaimə-fakturalar üzrə ümumilikdə 6986 manat ödəniş etmiş və ödənilməmiş 11780.47 manat borcu qalmışdır. İşdən eyni zamanda görünür ki, iddiaçı tərəfindən göndərilmiş elektron qaimə-fakturalar bugünədək ləğv edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında şifahi alğı-satqı müqaviləsi bağlanmasına baxmayaraq hər hansı öhdəliyinin olmadığını bildirən cavabdehin davranışına «estoppel» prinsipinin tələbləri baxımından da qiymət verilməlidir. Belə ki, «…vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi (Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 aprel tarixli qərarı). Hazırki işdəndə müəyyən edilir ki, cavabdeh tərəf ona göndərilmiş elektron qaiməfakturalar üzrə əvvəllər ödənişlər etmiş, daha sonra isə heç bir öhdəliyinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin ona heç bir mal verilməməsi, tərəflər arasında heç bir müqavilənin bağlanmaması ilə bağlı dəlilinə də münasibət bildirərək qeyd edir ki, cavabdehin həmin arqumenti inandırıcı deyildir. Belə ki, məhkəmə kollegiyası sübut etmə ilə bağlı bildirir ki, tərəf (və/və ya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Kollegiya bir məqamıda qeyd edir ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Kollegiya hesab edir ki, cavabdeh ona heç bir mal verilmədiyini, tərəflər arasında heç bir müqavilə bağlanmadığını bildirsədə, yenə onun özü tərəfindən edilmiş ödənişlərlə cavabdehin iddiaçıdan mal alması və borcunu tam olaraq ödəməməsi müəyyən edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli əməliyyat üzrə məlumatlardan görünür ki, hazırki iş üzrə Cavabdeh ödəniş təyinatı EBCC737302 elektron qaimə-fakturası üzrə iddiaçıya 4901 manat ödəniş etmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli əməliyyat üzrə məlumatlardan Cavabdeh tərəfindən ödəniş təyinatı xx.xx.2022-ci il tarixli A73/22 saylı müqaviləyə əsasən iddiaçıya 1495 manat, xx.xx.2023-cü il tarixli əməliyyat üzrə məlumatlardan isə 590 manat ödəniş etməsi müəyyən edilmişdir. Kollegiya daha sonra ilkin uçot sənədi olan elektron qaimə fakturaların kommersiya mübahisələrinin həlli zamanı sübuti əhəmiyyəti ilə bağlı bildirir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Hazırki işdən isə görünür ki, iddiaçı tərəfindən məhkəməyə sübut olaraq sadəcə elektron-qaimə fakturalar təqdim edilməmiş, həmçinin həmin qaimə fakturalar üzrə cavabdehin ödənişlərini təsdiq edən sübutlar təqdim edilmişdir. Məhkəmə kollegiyası eyni zamanda bildirir ki, əgər iddiaçı tərəfindən cavabdehə heç bir mal verilməmişsə nə üçün iddiaçı tərəfindən göndərilmiş elektron qaimə-fakturalar ləğv edilməmişdir. Həmçinin, əgər tərəflər arasında heç bir alğı-satqı olmamışsa onda cavabdeh tərəf nə üçün iddiaçıya üç dəfə ödəniş etmiş və ödənişlərin təyinatının hamısı xx.xx.2022-ci il tarixli müqavilə üzrə olmuşdur. Göründüyü kimi, cavabdeh tərəflər arasında müqavilənin bağlanmadığını və heç bir mal almadığını bildirməklə faktiki məsuliyyətdən yayınmaq istəməkdədir. Lakin, cavabdeh tərəf inkar etsədə iş materiallarından tərəflər arasında işgüzar münasibətlərin olması müəyyən edilməkdədir. Kollegiya xüsusilə bir məqamıda qeyd edir ki, əgər tərəfə ödəniş etməsi üçün elektron qaimə-faktura göndərilirsə, həmin qaimə faktura uzun müddət keçməsinə baxmayaraq ləğv edilməmişsə və ən önəmlisidə həmin qaimələr üzrə tərəf müəyyən ödənişlər etmişsə, buzaman tərəf malların ona təhvil verilmədiyinə istinad edə bilməz. Belə ki, bu halda o borcu qəbul etmiş sayılır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəf qeyd etdiyi mülahizələri əsaslandırmamış və heç bir sübut və ya dəlil təqdim etməmişlər. İş materiallarında da bununla bağlı heç bir sübut və ya dəlilə rast gəlinmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, malların cavabdehə verilməməsi və tərəflər arasında heç bir müqavilənin bağlanmaması ilə bağlı cavabdeh tərəfin qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyildir. Məhkəmə kollegiyası ödənişlərin sübut kimi qəbuledilənlik məsələsinə də münasibət bildirərək qeyd edir ki, həmin ödəniş məlumatları apellyasiya instansiyasında təqdim edilsə də, həqiqətin və işin faktiki hallarının müəyyən edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Cavabdeh tərəflər arasında heç bir münasibətin olmadığını, onun tərəfindən heç bir ödənişin edilmədiyini bildirsədə cavabdeh tərəfindən üç dəfə ödənişlərin edilməsi nəzərə alındıqda tam fərqi vəziyyətin baş verdiyi müəyyən edilir. Belə ki, cavabdeh tərəf ayrı-ayrı vaxtlarda borcundan üç dəfə ödəniş etməklə və elektrin qaimə-fakturanı ləğv etməməklə faktiki olaraq borcu etiraf etmişdir. Odur ki, həqiqətin müəyyən edilməsini prinsipinin tələbləri baxımından baxılan iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş həmin sənədlər qəbuledilən hesab edir. Məhkəmə kollegiyası cavabdeh tərəfin özünə məxsus VÖEN-i başqa şəxsə verməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, birincisi həmin hal iş materialları ilə öz təsdiqini tapmır. Həmçinin, tərəfin özünə məxsus olan VÖEN-i başqa şəxsə verməsi onu heç bir halda məsuliyyətdən azad edə bilməz. Belə ki, hazırki işdən görünür ki, VÖEN Cavabdeh məxsusdur. Belə olan halda isə cavabdeh edilmiş bütün hərəkətlər üzrə məsuliyyət daşımaqdadır. Məhkəmə kollegiyası cavabdeh tərəfin elektron qaimə-fakturalardan məlumatsız olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin qaimə-fakturadan məlumatsız olması iş materialları ilə öz təsdiqini tapmır. Əksinə xx.xx.2022-ci il tarixli əməliyyat üzrə məlumatlardan görünür ki, hazırki iş üzrə Cavabdeh ödəniş təyinatı EBCC737302 elektron qaimə-fakturası üzrə iddiaçıya 4901 manat ödəniş etmişdir. Yəni, cavabdeh tərəf faktiki olaraq qaimədə göstərilmiş borc məbləğini qəbul etmiş və həmin borc üzrədə ödənişlər etmişdir. Göründüyü kimi, cavabdeh tərəfin dəlili iş materialları ilə tamamilə təkzib edilməkdədir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hüquqi yardıma görə ödənilmiş 1000 manat pulun tutulması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayət həmin hissədə qismən təmin edilməlidir. Belə ki, nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin məhkəmə tərəfindən müəyyən edilən məbləği ağlabatan olmalıdır. Xərclərin ağlabatan məbləği anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məbləği müəyyən edilməlidir. Bir iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da həddən az məbləğ kimi qəbul edilə bilər. Nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin ağlabatan məbləğinin müəyyən edilməsində həmin bölgədə (ərazidə) həmin kateqoriyadan olan işlər üzrə hüquqi yardımın göstərilməsinə görə ödənilən, təcrübədə formalaşmış məbləğ, məhkəmədə baxılan işin mürəkkəblik səviyyəsi, nümayəndənin (vəkilin) iştirak etdiyi məhkəmə iclaslarının sayı və davam etmə müddəti, sərf olunan maddi vəsaitlərin həcmi və s. amillər nəzərə alına bilər. Məhkəmə nümayəndəyə (vəkilə) göstərdiyi hüquqi yardıma görə ödənilən xərclərin ağlabatan məbləğini müəyyən edən zaman bütün amilləri nəzərə almalı, həddindən artıq çox və ya az məbləği müəyyən etməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin hüquqi yardıma görə 1000 manat xərcin cavabdehdən tutulması hissəsi qismən təmin edilməli və cavabdehdən hüquqi yardıma görə 500 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 11780.47 manat məbləğində pul, 500 manat hüquqi xidmətə görə pul və 126 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, e-2-2(117)-772/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilsin. Cavabdeh 11780.47 manat məbləğində pul, 500 manat hüquqi xidmətə görə pul və 126 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar