Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-163/2025 25.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X4 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı "xxxx" X1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, e-2-2(117)-661/2025 saylı qətnaməsindən iddiaçı "xxxx" X3 tərəfindən verilmiş apellyasiya şikayəti işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı "xxxx" X3 ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 21 fevral 2019-cu il tarixli, 04 saylı müqavilə bağlanmışdır. Bu müqavilənin predmentinə əsasən iddiaçı müqaviləyə 1 saylı əlavədə göstərilən dəyəri 39412 manat təşkil edən malları cavabdehə təhvil verməyi, cavabdeh isə öz nüvbəsində həmin malları qəbul edib dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.1-ci bəndinə əsasən alıcı aldığı malın dəyərini bir ay müddətində ödəyəcəyinə zəmanət verir. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.
2. İş materiallarında olan 21 fevral 2019-cu il tarixli, 04 nömrəli müqaviləyə 01 saylı əlavədə müqavilə üzrə cavabdehə satılan malların dəyəri və adı öz əksini tapmışdır. Həmin malların qiyməti ümumi 39412 manat təşkil etmişdir. Qeyd olunan əlavə iddiaçı və cavabdeh tərəfindən imza və möhürləri ilə təsdiq edilmişdir.
3. İş materiallarında olan 01 mart 2019-cu il tarixli, Seriya:EAAR 076703 nömrəli cavabdehə ünvanlanmış elektron qaimədə, cavabdehin iddiaçıya müqavilə üzrə ödəməli olduğu 39412 manat borc öz əksini tapmışdır. Qeyd olunan elektron qaimə iddiaçı və cavabdeh tərəfin imza və möhürləri ilə təsdiq edilmişdir.
4. İş materiallarında olan 01 mart 2019-cu il tarixli, Seriya: HY 288905 nömrəli X5fakturasından da iddiaçının cavabdehə 39412 manat məbləğində mal göndərdiyi məlum olur.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" X3 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X1 xeyrinə 39412 manat məbləğində pul vəsaitinin cavadeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" X3 (VÖEN**********) ilə "xxxx" kiçik Müəssisəsi (VÖEN**********) hal-hazırda "xxxx" adlanan Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 21 fevral 2019-cu il tarixdə 04 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1 saylı əlavəsinə görə, "xxxx" X3 65 ton qara metal (yararsız dirəklər), 10.5 ton əlvan metal (yararsız kabellər) "xxxx" kiçik müəssisəsinə təhvil vermək öhdəliyini, "xxxx" kiçik müəssisəsi isə bunun qarşılığında "xxxx" X2 bank hesabına 33 400,00 (otuz üç min dörd yüz) manat, depozit hesabına isə 6012,00 (altı min on iki) manat ümumilikdə 39 412,00 (otuz doqquz min dörd yüz on iki) məbləğində pul vəsaitini köçürmək öhdəliyini öz üzərinə götürmüşdür. "xxxx" X3 müqavilənin 4.1.-ci məddəsinə əsasən, 1 saylı əlavədə qeyd edilən 65 ton qara metalı (yararsız dirəkləri), 10.5 ton əlvan metalı (yararsız kabelləri) "xxxx" kiçik müəssisəsinə təhvil vermişdir. "xxxx" kiçik müəssisəsinin direktoru müqavilənin 4.2-ci məddəsinə uyğun olaraq, malın təhvil alınması faktını, EAAR serialı 076703 nömrəli, xx.xx.2019-cu il tarixli Elektron qaiməyə imza ataraq öz möhürü ilə təsdiq etmişdir. Pul vəsaitinin ödənilməsi məqsədi ilə "xxxx" X3 tərəfindən "xxxx" kiçik Müəssisəsinə“ HY serialı 288905 nömrəli, xx.xx.2019cu il tarixli X5-Fakturası göndərilmişdir. Lakin müqavilənin şərtləri "xxxx" kiçik müəssisəsi tərəfindən pozularaq müəssisənin bank hesabına 33 400,00 (otuz üç min dörd yüz) manat, depozit hesabına isə 6012,00 (altı min on iki) manat məbləğində pul vəsaiti borclu tərəfindən ödənilməmişdir. Bununla bağlı, müəssisə tərəfindən borcun ödənilməsi məqsədi ilə "xxxx" kiçik müəssisəsinə 42/083 saylı xx.xx.2020-ci il tarixli müraciət məktubu göndərilmişdir. Lakin "xxxx" kiçik müəssisəsi qeyd edilən məktuba cavab verməmiş və borcunu ödəməmişdir. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün, müqavilə bağlanan zaman "xxxx" kiçik Müəssisəsi halhazırda "xxxx" adlanan Məhdud Məsuliyyətli Cəmiyyətə 15 may 2025-ci il tarixli, 3-52- 5/2410/2025 saylı (pretenziya) məktub göndərilmiş lakin, buna baxmayaraq 39 412,00 (otuz doqquz min dörd yüz on iki) məbləğində pul vəsaiti "xxxx" MMC tərəfindən müəssisəyə ödənilməmişdir. Göründüyü kimi tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış lakin, bu danışıqlar (bildiriş, pretenziya və şifahi telefon danışıqları) heç bir fayda verməmişdir. Qeyd edilənlərə əsasən "xxxx" X3 öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə iddia ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Aşağıda göstərilənlərə əsasən, iddianı qanuni və əsaslı sayaraq hesab edir ki, "xxxx" kiçik müəssisəsi "xxxx" X2 bank hesabına 33 400,00 (otuz üç min dörd yüz) manat, depozit hesabına isə 6012,00 (altı min on iki) manat, ümumilikdə 39 412,00 (otuz doqquz min dörd yüz on iki) məbləğində pul vəsaiti ödəməlidir.
7. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-yə təqdim edilən iddia ərizəsi 6 il əvvəl – 01 mart 2019-cu il tarixində təhvil verilmiş materiallara görə pulun ödənilməsi tələbi ilə əlaqədardır. "xxxx" X3 ilə "xxxx" kiçik müəssisəsi (hazırda Hidroservis MMC) arasında xx.xx.2019-cu il tarixli 4 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq əlvan (yararsız kabeller) və qara metalın (yararsız dirəklər) "xxxx" kiçik müəssisəsinə təhvil verilməsi üçün sənədlər "xxxx" X1 həmin dövrdə rəhbərliyi tərəfindən imzalanmış sənədlər özünü "xxxx" X1 işçisi kimi təqdim etmiş Məhəmməd adlı şəxs tərəfindən təqdim olunmuşdur. Məhəmməd sənəddə göstərilən malları gətirmək üçün imzalanmış sənədləri özü ilə aparıb getmişdir. Lakin sənəddə göstərilmiş mallar müəssisənin anbarına gətirilməmişdir və təhvil-təslim aktı ilə imzalanmamışdır. Tərəflərindən həmin dövrdə, yəni 2019-cu il ərzində "xxxx" X3 rəhbərliyinə dəfələrlə müraciət olunsa da, malların hələ sahələrdən tam yığılmadığı adı ilə gözləməklərini xahiş etmişdilər. Bundan sonra əlaqələr tam kəsilmişdir və anbarlara o malları mədaxil etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373 və 375-ci maddələrinə əsasən, əgər müqavilədə başqa müddət müəyyən olunmayıbsa, iddia müddəti 3 (üç) il təşkil edir. Həmin müddət ərzində iddiaçı tərəfindən nə borcun tanınması ilə bağlı hər hansı sübut təqdim olunub, nə də öhdəlik yenilənib. Yuxarıdakıları əsas götürərək, iddia müddətini tətbiq edilməsi və iddiadan imtina barədə qərar çıxarılması xahiş edilmişdir.
8. Birinci instansiya məhkəməsi işə tərəflərin iştirakı olmadan baxmışdır.
9. Şəki Kommersiyа Məhkəməsinin (hakim Elnarə Hüseynova) 23 sentyabr 2025-ci il tarixli, e-2-2(117)-661/2025 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 39412 manat borcu qalmışdır. Bu səbəbdən iddia tələbi müqavilə üzrə borcun tələb edilməsində əsaslı olmuşdur.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçı "xxxx" X1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddiası iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilməlidir.
12. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.1, 375.2, 376, 377.1, 377.2, 377.3, 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 567, 568.1, 568.2, 600.1, 600.3, 600.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1, 217.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. İddiaçı həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, ...iddia üzrə araşdırma aparan Şəki Kommersiya Məhkəməsi işi qərəzli olaraq bir tərəfli araşdırmış və məsələyə düzgün hüquqi qiymət verməmişidir. Belə ki, cavabdeh vermiş olduğu vəsatətində müddətin keçməsini vurğulasada iddianı qəbul etməmiş, bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir. Lakin məhkəmə qeyd edilən faktı nəzərə almamış müddətin keçməsi ilə bağlı iddianı rədd etmişdir. Halbuki, məhkəmə cavdehin ərizəsinə əsasən işə mahiyyəti üzrə baxıb qərar qəbul etməli idi. Qeyd edilənlərə əsasən hesab edirlər ki, apellyasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Göstərilənlərə əsasən, Şəki Kommersiya Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, e-2-2(117)-661/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən yazılı etiraz verilərək iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Kommersiyа Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, e-2-2(117)-661/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
16. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
20. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi
21. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
22. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
23. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
24. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
25. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
26. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
27. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.
30. Maddə 442. Öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür.
31. Maddə 445.2.1 Öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır.
32. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir.
33. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
34. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
35. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
36. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
37. Maddə 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.
38. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
45. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
47. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, e-2-2(117)-661/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
51. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
52. Müəyyən edilmişdir ki, iddiaçı "xxxx" X3 ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" kiçik müəssisəsi) arasında xx.xx.2019-cu il tarixli 04 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilənin predmentinə əsasən iddiaçı müqaviləyə 1 saylı əlavədə göstərilən dəyəri 39412 manat təşkil edən malları cavabdehə təhvil verməyi, cavabdeh isə öz nüvbəsində həmin malları qəbul edib dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan alqı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 39412 manat borcu qalmışdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı apellyasiya vermişdir.
53. Tərəflər arasında bağlanmış 21 fevral 2019-cu il tarixli, 04 saylı müqavilənin 3.1ci bəndində göstərilmişdir ki, müqaviləni dəyəri tam həcmdə mal təvil alındıqdan sonra bank ödəniş yolu ilə həyata keçirilir.
54. Həmin müqavilənin 1-ci bəndində göstərilmiş (əlavə) miqdara əsasən alıcının ünvanına çatandan sonra satıcı tərəfindən təhvil verilmiş, alıcı tərəfindən qəbul edilmiş hesab olunur və qaimələrlə təsdiq edilir.
55. Həmin müqavilənin 6.1-ci maddəsində göstərilmişdir ki, alıcı aldığı malın dəyərini bir ay müddətində ödəyəcəyinə zəmanət verir.
56. İş mateiallarında olan 01 mart 2019-cu il tarixli, Seriya: EAAR 076703 nömrəli cavabdehə ünvanlanmış elektron qaimədən görünür ki, iddiaçı cavabdehə 30975 manat məbləğində 10,5 ton əlvan metal (yararsız kabellər) və 8437 manat məbləğində qara metal (yararsız dirəklər) vermişdir.
57. Həmin elektron qaiməni (kağız daşıyıcısında) iş üzrə tərəflər imzalamış və möhürlə təsdiq etmişlər. Qaimə əlavə olaraq iddiaçının baş mühasibi tərəfindən də imzalanmışdır.
58. İşdə olan 01 mart 2019-cu il tarixli, Seriya: HY 288905 nömrəli X5-fakturasından da iddiaçının qeyd olunan məbləğdə malı cavabdehə təhvil verdiyi təsdiq olunur.
59. Göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə öz öhdəliyini yerinə yetirməmişdir.
60. İşin bu faktiki halları baxımından iddia əsaslıdır. Lakin iddiaçı iddia tələbini irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür.
61. Cavabdeh isə iddia müddətinin tətbiqinə dair yazılı ərizə vermiş, birinci instansiya məhkəməsi mübahisəyə iddia müddəti tətbiq etmişdir.
62. İddia tələblərini rədd edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələbi baxımından tərəflər arasında müqavilədən irəli gələn hazırkı mübahisə icra müddəti müəyyənləşdirilmiş öhdəliklə bağlı olduğundan iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Belə ki, tərəflər arasında bağlanmış 21 fevral 2019-cu il tarixli 04 nömrəli müqavilənin 6.1-ci bəndinə əsasən alıcı aldığı malın dəyərini bir ay müddətində ödəyəcəyini öhdəsinə götürmüş, yəni həmin müqavilənin icra müddəti 21 mart 2019-cu il tarixdə bitmiş hesab olunur. Məhz bu baxımdan iddia müddətinin başlanğıcı üzrə 3 illik iddia müddəti müqavilə üzrə icra müddəti bitdikdə, yəni 21 mart 2019-cu il tarixdən hesablanmalıdır.
63. Göründüyü kimi, iddia müddətinin axımı 21 mart 2019-cu il tarixdən başlamış və üç illik iddia müddəti 21 mart 2022-ci il tarixdə bitmişdir. İddiaçı isə hazırkı iddia tələbi ilə 23 may 2025-ci il tarixdə məhkəməyə müraciət etmiş və bununla da qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
64. Kollegiya birinci instansiya məhkəməsinin həmin mövqeyini əsaslı sayır.
65. Kollegiya iddiaçı tərəfindən malın təhvil verilməməsinə dair cavabdehin bəyanını əsassız sayaraq qeyd edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməməsi mübahisəyə iddia müddətinin tətbiqini istisna etmir.
66. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir.
67. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı).
68. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı).
69. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. ... məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı).
70. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində haqlı olsa da, qanunla müəyyən edilmiş iddia müddətinin ötürdürdüyündən mübahisəyə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir.
71. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
72. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
73. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
74. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
75. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, e-2-2(117)-661/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı "xxxx" X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, e-2-2(117)- 661/2025 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov